Xanımlar, bu taksilərə minməyin!

Xanımlar, bu taksilərə minməyin!
11 avqust 2022
# 15:40

Kulis.az Ruzbeh Məmmədin “Xanımlar, taksiyə minməyin” yazısını təqdim edir.

Qadının taksi ilə gedə bilmədiyi dövr. Tarixdə daş dövrü var, tunc dövrü var. Amma bunlar eradan əvvəlki dövrlərdir. İndi isə başqa və qəribə dövr başlayıb: qadının taksi ilə gedə bilmədiyi dövr... İlk növbədə xanımlara səslənirəm ki, avtobusla şəhərdə hərəkət etməyin, metro ilə də getməyin, taksi ilə də hələ heç hərəkət etməyin. Sizə məsləhətim: yaxşı olardı ki, uça-uça gedəsiniz.

Deməli, gün o gün oldu ki, Bakıda da taksi şirkətləri yarandı. Zəng edirdin, olduğun yerdən getmək istədiyin yeri deyirdin, qiymət deyilirdi, sərf etsə gedirdin, etməsə də, getmirdin. Bu, işi asanlaşdırmışdı. Ona görə ki, daha hansısa taksi sürücüsü ilə höcətləşmirdin ki, bu yol 6 manat yox, 5 manatlıqdı. Sonra iş bir az da rahatlaşdı, artıq mobil cihaza taksi şirkətlərinin proqramını yükləyirsən. Çox rahat və şəffaf formada o proqramla gedəcəyin yeri, hətta, maşının rəngi, nömrəsinə qədər görə bilirsən. Gediş başa çatandan sonra da nəsə maşında unutmusansa, asanlıqla əlaqə yarada bilirsən. Nə gözəl, necə də pakizə! Amma problem bundan sonradı. Deməli, əgər bir xanım proqramla taksi sifariş veribsə, onun nömrəsi artıq şoferin də görə biləcəyi şəklə gəlib. Bu, artıq bir ova çevrilib. Gediş bitib, amma narahatlıq bitməyib. Mütləq taksi şoferi yığıb, yazıb o xanımı bezdirəcək. Allah var, hamısına şamil etməyək.

Növbəti biabırçı məsələ taksi şoferlərinin qabaq güzgüdən xanımı izləmələridir. Bu, həm təhlükə, həm də ədəbsizlikdir. Əgər taksinin gözü elə o güzgüdə qalacaqsa, mütləq qəza törədəcək. Yox, törətməyəcəksə də, artıq o bir ədəbsizliyin başlanğıcına qədəm qoymuşdur. Çox təəssüf ki, taksi şoferlərinin əlli faizdən çoxu belə ədəbsizliyi edirlər. Həm də çox rahatlıqla. Belə olan halda heç kim ailəni tək taksiyə oturdub harasa yola sala bilmir.

Bəs bu problem necə həll olunsun? Taksi şirkətləri niyə zəhmət çəkib onlardan qeydiyyatdan keçən şoferlərinin maşınlarında videokamera tələb etmirlər? Tutaq ki, sifariş verdiyimiz taksidə video-müşahidə mümkündür. Sən də öz ailəni bu taksi ilə harasa göndərirsən. Belə olan halda problem də olmayacaq. Taksi şoferləri də ədəblərinə qısılacaqlar. Hətta problem olsa belə, artıq hüquq-mühafizə orqanlarına nəsə təqdim etmək mümkün olacaq.

Bəs niyə bu praktika tətbiq olunmur? Mən bilmirəm, bunun tətbiq olunması yüksək xərc tələb edir, ya yox. Onu bilirəm ki, bu, lazımlıdır. Bu, güvəndir, bu, yaxşı xidmətdir. Bu, insanların, əsasən də, xanımların rahatlığıdır.

Bilirəm ki, feministlər burada qınaq obyektinə də çevirə bilərlər. Ki, qadın yetkin fərddirsə, onu izləməyə nə gərək? Mən qadının izlənilməsini istəmirəm, sadəcə qadının hansısa ədəbsizin narahat etməsinin qarşısını alınmasını istəyirəm.

Yox, əgər belə tədbirlər olmasa, azyaşlı qızlarımızın da başına min oyunlar gələcək. Axı onlar hələ safdırlar, hər şeyə inana bilərlər. Onlar tez tora düşə bilər, tez aldana bilərlər. Onların tez aldanmasının qarşısını niyə almayaq ki? Biz onların travma almasının qarşısını rahat üsullarla almalıyıq. Əlbəttə, avtobuslarda, metrolarda da belə neqativ hallar yarana bilər. Amma avtobus, metro ictimaiyyətin nəqliyyat vasitəsidir. Orada neqativ hallar göz qabağında baş verə bilər. Bu da tez ictimailəşəcək, tez prosesin qarşısı alınacaq.

Nə edirsinizsə edin, amma biz ailəmizi – anamızı, bacımızı, qızımızı güvənli şəkildə mənzil başına çatdırmaq istəyirik. Onları hava ilə tullaya bilmərik. Bir də məscidin qapısı açıq olanda, it gedib girməli deyil. Ailə institutlarının kökündə qadın dayanır. Biz qadınları qorumaq yerinə, əxlaqsızlıq etməli deyilik. Həm də heç vaxt!

# 5402 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #