Vüqar Biləcərinin meyxanası bizə lazımdır?

Vüqar Biləcəri, Məhəmməd Füzuli

Vüqar Biləcəri, Məhəmməd Füzuli

16 avqust 2022
# 14:55

Kulis.az Mehdi Dostəlizadənin “Füzuli və səfsətəçilik” adlı yazısını təqdim edir.

Dünən bir status yazmışdım – məramı Vüqar Biləcəri olmasa da, insanlar sırf onun adına görə məni təhqir edirdi.

İlk növbədə onu qeyd etmək istəyirəm ki, kiminsə ədəbi fəaliyyətini bəyənməmək təhqir edilmək üçün səbəb olmamalıdır. Bunu edən insanları yaxşı başa düşürəm. Onlar həyatda heç bir ciddi fikrə, düşüncəyə malik olmayan, ömürlərini öz bütlərini, allahlarını, hüdudlarını qorumaqla keçirən şəxslərdir. Onlar haqda geniş danışmağa dəyməz. Onlar günahsızdır, amma bütün günah onlardadır.

Haqqında danışmaq istədiyim ikinci kəsim isə, hər şeyi ironiya kimi qəbul edən təbəqədir. Bu problem digər problem qədər ciddidir. İndiki vəziyyətin yaranmasında Mirzə Ələkbər Sabir kimi oyunbazların müstəsna xidmətləri var. Heykəlinin qabağında səcdə etdiyimiz Sabir və onun kimi bir çoxları bütün ciddi məsələləri maarifçilik adı ilə təlxəkliyə çevirib. Əgər həqiqi maarifçi olsaydılar, xalqlarının hansı düşüncə tərzində olduğunu bilərdilər və gördükləri işlərin hansı nəticələrə gətirib çıxaracağından xəbərdar olardılar.

İndi isə keçək yazının əsas mövzusuna – Vüqar Biləcəri və ümumiyyətlə, qəzəl anlayışı.

Vüqar Biləcəri bir meyxanaçı kimi xiridarların ürəyində taxt qurmuş şəxsdir. Əlbəttə, onun meyxana demək istedadını danmaq vicdansızlıq olar. Bir çox meyxanaçının meyxana demək istedadı ilə problemimiz yoxdur, onlar həqiqətən də öz işlərinin öhdəsindən məharətlə gəlirlər.

Amma kiminsə meyxana demək qabiliyyəti bizə lazımdırmı? Düşünməkdə fayda var.

Meyxana söz performansıdır, insanların bədahətən öz fikirlərini əruz vəznində demək qabiliyyətidir. Bu kimi qabiliyyətin bir mədəniyyətə, sivilizasiyaya hansı faydası var? Bədəninə çəngəl-qaşıq yapışan adamların, şüşə yeyə bilənlərin, kamazı dişləri ilə dartan pəhləvanların nə qədər faydası varsa, o qədər.

Bu şüur prosesi deyil, bəzən fitrət, bəzən də davamlılıqdır, vərdişdir. Fikir versəniz, meyxanaçılar ard-arda 5-6 bənd də deyə bilirlər. Amma nəqli cümlə olaraq o qədər fikri bir-birinin ardınca gətirməkdə çətinlik çəkirlər.

Haqqında bəhs etdiyimiz vərdiş təkcə meyxana deməklə məhdudlaşmır. Əruz ölçüsü daxilində olan qəzəllərin (heca vəznində də qəzəl yazmaq mümkündür) mövzuları vəznin ahənginə uyğun olaraq əsrlərdir eyni çevrədə fırlanır. Bünövrə kimi istifadə etdikləri vasitələr “Leyli və Məcnun” dastanı, Mənsurun dara çəkilməsi, Fərhadın dağı dəlməsi və bu kimi digər bənzər mövzulardır.

İmadəddin Nəsiminin hürufi ideologiyasından çıxış edərək yazdığı qəzəllər belə panteist prizmadan yazılmış olsalar da, bu kimi mövzulardan xali deyillər.

Meyxana-qəzəl təfəkkürünün bu qədər güclənməsinə səbəb olan şəxs isə məhz Məhəmməd Füzulidir. Bu gün bir mədəniyyət deqradasiyaya uğrayırsa, günahkar məhz Məhəmməd Füzulidir. Əgər öz istedad seli ilə bütün zamanlardakı cahil qövmlərin beynini ələ keçirib həyatlarına istiqamət veribsə, günahkar yenə Məhəmməd Füzulidir. Mazoxizmi, dayaz melanxoliyanı, boynubüküklüyü neçə-neçə nəsilə aşılayıbsa, günahkar yenə də Məhəmməd Füzulidir.

Gəlin onun günahlarını bağışlayaq və deyək ki, o bu səfsətəçiliyi məhz XVI əsrdə edib. Bəs XXI əsrdə bu cəfəngiyatı, yersiz əzabı, damar doğrayan poeziya ənənələrini yaşatmaq nəyə lazımdır? Düşünməkdə fayda var.

Məhəmməd Füzuli ilə müqayisəyə belə gəlməsə də, bu gün Vüqar Biləcərinin adı onunla qoşa çəkilir. Gəlin Vüqar Biləcərinin və Füzulinin beytlərini qarşılaşdıraq, görək ki, boşboğazlıq beş əsr ərzində hansı şəkildə təkmilləşib.

Küfri-zülfün salalı raxnələr imanimizə,
Kafər ağlar bizim əhvali-pərişanimizə.

Məhəmməd Füzuli

Ay cəmalın görüb imana yaxınlaşmışdım,
Küfri-zülfün görüb ayrılmışam imanımdan.

Vüqar Biləcəri


Deyil bihudə gər yağsa fələkdən başimə daşlar,
Binasın tişeyi-ahimlə viran etdiyimdəndir.

Məhəmməd Füzuli


Ah qılsam, yanar əflakidə göy cismləri,
Ağlasam, sel dağılar dideyi-giryanımdan.

Vüqar Biləcəri

Biz bunu fikir oğurluğu adlandıraq, başqaları isə varislik. Əslində, varislik adı daha uyğundur. Çünki qəzəl elə bir sistemdir ki, o şairi hər vəchlə eyni dairədə fırlanmağa məcbur edir. Bəs görəsən, bizim ədəbiyyat aşiqlərimiz hətta sərbəst şeirin belə geridə qaldığı dövrdə nə üçün hansısa dairənin ətrafında fırlanmaqdan əl çəkmir?

Bu qatı irtica ilə, geriçiliklə əlaqəlidir. Reaktsionistlər həddindən artıq mühafizəkar olan kəsimdir və onlar istənilən yeniliyə, mütərəqqiliyə qarşıdır.

Yekun

Dünya öz məntiqi sonuna doğru irəliləməkdədir. Biz öz sonumuza yüksələn, yoxsa, enən xətlə gedəcəyik, əsas seçim budur.

# 7470 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #