Varlığı brendlərdən asılı olan qadınlar

Varlığı brendlərdən asılı olan qadınlar
7 dekabr 2021
# 11:03

Ara-sıra müxtəlif internet platformalarında məşhur moda şirkətlərinin istehsal etdiyi məhsulları qarşıma çıxır. Orta statistik şəxs üçün qiymətləri həddən ziyadə baha olan qiyafətlər estetika anlayışının, zövqün kobud təhrifidir. Misalçün, yaxınlarda italyan geyim brendi Bottega Venetadan bir köynək fotosu gördüm. Ora-burası cırıq, anlaşılmaz modeli olan köynəyin qiyməti 1000 avronu aşırdı. Və ya Venesiya festivalına qatılan aktrisa Kristen Stüart, hansısa tanınmış firmanın pijama üslubunda qeyri-estetik qiyafətini bəh-bəhlə nümayiş etdirirdi. Nüfuzlu kinofestivallardan və aktrisaların şöhrətindən istifadə edən məşhur moda evlərinin hər cür zir-zibili dəb adıyla sırıması artıq normadır.

Bu cür qiyafətlər yəqin ona görə meydana çıxır ki, fərqli görünmək istəyən, özünüifadə problemi yaşayan adamlardan ötrü, moda evləri daha necə qeyri adi məhsul istehsal edəcəklərini bilmədiklərindən yaradıcı, zövq böhranı yaşayırlar. Və nəticədə bayağı, zövqsüz məhsullarla milyonlarla insanı manipulyasya edərək ələ salırlar. Beləcə, dünya güman ki, fərq etmədən moda imperiyasının əsarətində yaşayır.

Yaxud, hər il bütün mövsümlərin kişi və qadın geyim trendləri müəyyənləşdirilərək geniş satışa çıxarılır. İnsanlar, trenddir deyə, qiyafətin onlara yaraşıb yaraşmadığını düşünmədən istehlak edirlər. Moda tələsinə düşənlərin əksəri individuallıqdan uzaqdır, konkretləşmiş, məxsusi obrazları yoxdur, birinin digərinə bənzəməsi imitasiya təəssüratı buraxır. Məntiq etibarilə, çox məhsul fərqlilik meydana gətirməliydi, amma nəticədə niyəsə eyniliyə, oxşarlığa səbəb olur. Fərdi özünəməxsusluqdan məhrum edən başqa tələ, dəbdə olan estetik əməliyyatlardır. Təsadüfdən təsadüfə telekanallara baxanda estetik əməliyyatlar üzündən biri birinin oxşarı olan şou biznes nümayəndələrinin kimliyini ayırmaqda çətinlik çəkirəm...

Mirmehdi Ağaoğlu Teleram kanalında britaniyalı qrafitiçi-rəssam Benksinin bir rəsmini paylaşmışdı. Bu minimalist əsərdə bizim istehlakçı təbiətimiz dəqiq açıqlanıb: insan ibtidai dövrdə mamont ovlayırdısa, indi marketdə ərzaq dolu araba sürür. Yəni dəyişən ancaq formadır.

Lakin ibtidai insan ac qalmamaq üçün mamont istehlakıyla kifayətlənirdisə, müasir insan hər şey istehlak edir, yemək, içmək, qiyafətlər... Hətta kitab, teatr tamaşasına və ya kinoteatra bilet almaq belə istehlaka daxildir. Əlbəttə ki, gündəlik həyatımızın zəruri, qaçılmaz tələbatları var. Lakin izafi tələbat yaratmaq nəhəng şirkətlərin düşünülmüş siyasətidir. Onlar fərdin istehlakçılıq instinkti üzərində forma oyunları qurur, məsələn, funksiyası eyni olan bir qabın min cürə modelini yaradır. Ticarət mərkəzlərinin tikilməsində də məqsəd insanda izafi tələbat ehtiyacını yaratmaq idi. 1970-ci illərdə aparılmış hesablamalara görə, ticarət mərkəzlərinin sayəsində amerikalılar dörd dəfə çox alış-veriş edirdilər. Hətta öncəki illərdə bazar günü alış veriş etməyən amerikalıları, ticarət mərkəzləri istirahət günləri də bazarlığa təhrik etməyə başladı.

İstehlakçılıq həm də xüsusi bacarığı, istedadı olmayan adamların işinə yarayır. Müasir dövrdə bunun ən bariz nümunələrindən biri Acun Ilıcalının keçmiş arvadı Şeyma Subaşıdır. “Marka, brend” Şeymanın var olmasının vacib şərtidir, sosial statusudur, özünüifadəsinin tək formasıdır və əgər bunlar olmasa, onun da varlığına son qoyulacaq, yaddaşlardan silinib gedəcək. Bu cür insanlar ona görə geyimləri, avtomobilləri, “zerkalnı” nömrələri ilə gündəmə gəlirlər.


Nəfsimizə çəki düzən verməyəndə istehlakçılıq tamahkarlığa, xəstəliyə çevrilir ki, elmdə bunun adı oniomaniyadır. Alış-verişə aşırı düşkünlük mənasını verən oniomaniyanı tibbi termin kimi ilk dəfə XIX əsrin sonunda alman psixiatrı Emil Krepelin işlədib. Ki, onun əlamətləri mağazaları məqsədsiz gəzmək, bütün məhsullara baxmaq, dəb jurnallarına aludə, əmtəəni səbəbsiz almaqdır.

Uzun illərdir ki, qərb filosofları, sosioloqları istehlak problemini ən müxtəlif tərəflərdən araşdırır, fransız filosofu, sosioloqu Jan Bodriyardan tutmuş britanliyalı sosioloq Ziqmunt Baumana qədər. Onlara görə, istehlak cəmiyyəti özünü aldadır, illüziyaya qapılır və burda gerçək duyğular, xoşbəxtlik mümkün deyil. Müasir insan mənəvi boşluqdan müxtəlif, rəngarəng əşyalara ehtiyac hiss edir. Ümumən, gəlinən nəticə odur ki, istehlakçılıq, izafi tələbat duyğusu əslində əsarətin, müstəmləkəçiliyin modern formasıdır və istehlak cəmiyyəti fərdi manqurtlaşdırır. Bu tələyə düşməməyin əsas şərtləri ayıq düşüncə, nəfsi cilovlamaq, özünü minimalist yaşam şərtlərinə alışdırmaqdır.

# 3511 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #