#

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
23 sentyabr 2024
# 11:30

Kulis.az Vüqar Vanın Elza Seyidcahana açıq məktubunu təqdim edir.

Hörmətli Elza xanım,

Əvvəla, özümü sizə təqdim edim. Mənim adım Vüqardır. Yazıçı işləyirəm. Bir neçə il bundan əvvəl sizdən müsahibə də almışam. Yəqin ki, məni xatırlamazsınız. Amma mən həmin müsahibəni yaxşı xatırlayıram. Konsertdən arğın-yorğun gəlmişdiniz. Mən sizi gözləyirdim. Bir az keçəndən sonra gəlib çıxdınız, məni evinizə dəvət etdiniz və dediniz ki, “müsahibəni iş otağımda edək”. Yarı yolda, əliniz dolu idi deyə, mənə maşınınızın açarını verib dediniz ki, “zəhmət olmasa, get maşının baqajından mənim dikdabanlarımı gətir”. Mən də gedib sizin dikdabanlarınızı gətirdim. Bu mənim üçün unudulmaz dəqiqələrdən biri idi. Amma axıra qədər daşımağa qoymadınız, təşəkkür edib, onları mənim əlimdən aldınız. Belə bir kiçik xatirəmi istədim sizinlə bölüşüm.

Bir neçə gündür haqqınızda gedən söz-söhbətlər istəmədən də olsa, rastıma çıxır. Nə qədər düşük saytlardakı xəbərlərə, aşağı əyarlı jurnalistlərin provokasiyalarına, sizin emosional açıqlamalarınıza baxmamağa çalışsam da, necəsə qarşıma çıxır və etiraf edim, mətbuatda gedən xəbərləri oxuduqca həm bir az məyus olur, həm də əsəbiləşirəm. Niyə məyus olur və əsəbiləşirəm, indi sizə izah edəcəm.

Bir gün Braziliya futbol yığması dünya turuna çıxır. Qayıdanda federasiya rəhbərliyi soruşur ki, oyunlar necə oldu? Braziliya yığmasının baş məşqçisi cavab verir ki, “hamını udduq, təkcə Azərbaycan yığmasından başqa”. Təbii, belə olan halda federasiya rəhbəri əsəbiləşir. Almaniya, İspaniya, Argentina və digər dünya nəhənglərini sıradan çıxaran yığmanın millimizi necə uda bilməməsinin səbəbini soruşur. Baş məşqçinin cavabı isə belə olur: “Onları da udduq, amma boyunlarına qoya bilmədik”.

Bu ibrətamiz məsəli elə-belə yazmadım. Birincisi, birmənalı olaraq başa düşməlisiniz ki, sizi söyən, şeirlərinizlə məzələnən adamların boynuna heç nə qoya bilməyəcəksiniz. Təəssüf ki, bu belədir. Onların boyunlarına nəsə qoymaq mümkün deyil. Ona görə reallıqla barışın və şeirlərinizlə məzələnən insanlara bir qram da hirslənməyin. Çətin həyat şərtləri altında qalıb əzilən, daima kin, nifrət püskürən, heç bir faydalı iş əmsalı olmayan bu adamlar axı içəridə yığılıb qalan qəzəbi, nifrəti harasa qusmalıdırlar. Əgər onlar məzələnməyə, söyməyə bir adam tapa bilməsələr, çox güman ki, içəridə yığılıb qalan kindən, küdurətdən ürəkləri partlayıb ölərlər. Yaxşısı budur, onlara heç baş qoşmayın.

İkincisi, mən heç cür başa düşə bilmirəm ki, siz AYB-də nə görmüsünüz? Ümumiyyətlə, niyə ora üzv olmusunuz? Ordan nə gözləyirsiniz? Ora üzv olmaqla nəyi sübut etmək istəyirsiniz? Axı siz azad, tamamilə modern, ənənələri inkar edən, orijinal, yeniliklərə açıq bir sənətçisiniz. Bunu sizin geyiminizdən tutmuş sənətinizə qədər – hər şeydə çox asanlıqla müşahidə etmək olar. Hər kəs öz yerində olmalıdır. Müşahidələrimə əsaslanıb mərdi-mərdanə deyə bilərəm ki, sizin yeriniz AYB deyil. AYB klassik bir qurumdur, siz isə müasir bir sənətçi. Özünüzü nə üçün çərçivəyə salırsınız?

Fikir versəniz, hazırda mətbuatda gedən söz-söhbətlər əsasən bundan ibarətdir: Görəsən, Elza Seyidcahanı AYB-dən çıxaracaqlarmı? Heç cür başa düşə bilmirəm, bu qədər baş ağrısı sizin nəyinizə lazımdır? Şöhrətiniz də, peşəkarlığınız da, sənətiniz də oradan yuxarıdır. Ora üzv olmaqla, siz heç nə əldə etməyəcək, əksinə, tənqid atəşinə tuş gələcəksiniz. İcazə verin Həmid Herisçi, Azad Yaşar və digər şair-yazıçılar gedib AYB-ə üzv olsunlar.

Üçüncüsü, diletant, qeyri-peşəkar, ömründə beş kitab oxumamış jurnalistlər sizdən nə istəyirlər? Sizin şeirlərinizin AYB-ə nə dəxli var? Yoxsa bu qeyri-peşəkar jurnalistlər elə bilirlər ki, AYB-ə girmək üçün mütləq Nobel mükafatı almalısan? Oranın iki mindən çox üzvü var və əksəriyyəti də əlini çənəsinə qoyub uzaqlara baxan, badam ağacının altında dayanıb dərin düşüncələrə dalan əyalət şair-yazıçılarıdır. Sizi əmin edirəm ki, ordakıların 99%-dən istedadlı və yaxşı yazırsınız. Sadəcə, bir daha xatırladıram, ora sizin yeriniz deyil.

Dördüncüsü, mən bir gənc yazıçı olaraq sizin inqilabi şeirlərinizi bəyənir və təqdir edirəm. Sadəcə, bir-iki xırda problem var. Poeziyanızın əsas xüsusiyyəti söz və forma oyunlarıdır. Sanki şeirlərinizin bədəni var, amma içi boşdur. Yəni ruhu yoxdur. Forma və üslub oyunlarına çox aludə olmusunuz deyə, belə bir problem yaranıb. Ona görə bu şeyə diqqət etsəniz, yaxşı olar.

Və artıq dərəcədə xahiş edirəm, dünya və Azərbaycan poeziyasıyla tanış olun. Görün, sizdən əvvəl nə yazıblar və sizinlə eyni dövrdə yaşayan şairlər hazırda nə yazırlar. Sizi söyən, şeirlərinizlə məzələnən insanlara ən yaxşı cavab kitabla silahlanmaqdır. Onlar onsuz da sizi başa düşməyəcəklər, boyunlarına heç nə qoya bilməyəcəksiniz. Siz özünüzü inkişaf etdirin.

Təzə kitabınızı səbirsizliklə gözləyirəm və sizə yaradıcılıq uğurları arzulayıram.

# 1661 dəfə oxunub

Oxşar xəbərlər

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
Vida məktubu

Vida məktubu

16:30 25 iyul 2024
# # #