Siz bu mahnını başa düşməmisiniz!

Siz bu mahnını başa düşməmisiniz!
18 may 2022
# 18:05

Kulis Ayxan Ayvazın "Rəisim mahnısındakı bədii-fəlsəfi aspekt" yazısını təqdim edir.

Bayağı mətnləri daha çox sevirəm. Bayağı mətnlər mənə həyat eşqi verir. Əslində, dünyada bayağılıq daha çox ilham mənbəyi yaradır. Fikir versəniz, bayağı mətnlər üzərində fundamental, dəyərli əsərlər ortaya çıxıb.

Bu yaxınlarda gənc müğənni Müjgan Ayxanın “Rəisim” mahnısına qulaq asdım. Sözün açığı, mahnı məni çox tutdu. O qədər çox tutdu ki, onu telefonumdakı pley-listə əlavə etdim və yol gedəndə də dinləməyə başladım.

“Mən sənə aşiq rəisim, sən mənə aşiq
Daim olaq biz, əzizim, qal mənə sadiq”.

Fikir verin, qafiyələr yerli-yerindədir, mövzu, dövrün reallığı dəqiq şəkildə göstərilib. Özü də klipdə bu yeri oxuyanda xanım müğənni telefonda ya özünə baxıb güzgülənir, ya da şəklini çəkib həmin rəisə göndərir. Bu yerdə mahnının ritminə görə də bəstəkara xüsusi təşəkkür etmək lazımdır. Müjgan xanımın bu ritmə uyğun mimikaları, jestləri, əllərini oynatması dahiyanədir. Xanım mahnını içdən hiss edib, onu həzmi-rabedən keçirib və o cür də oxuyub. Bu mənada səslə artistizmin mükəmməl sintezi ortaya çıxıb.

Klip sözün həqiqi mənasında dünya səviyyəlidir. Kimsə elə bilər ki, bunu zarafata yazıram. Elə bilməsin. Heyf ki, adım çıxıb. Nəyi tərifləyirəmsə, məzələndiyimi düşünürlər. Elə bilirlər, Ayxan adamları barmağına dolayır. İnanın ki, bu mahnı ilə bağlı fikirlərim tamamilə səmimidir. Heç bir qram da zarafat yoxdur.

Hə, klip superdir. Niyə? Çünki “Rəisim” oxuyan xanım müğənni son model maşında oturub və əlində bahalı telefon (çox güman Ayfon) tutub öz şəkillərini çəkir. Mahnı mətni ilə bu cür ülvi bağlılığı tutmaq hər kəsin başı üçün deyil. Bu klipin rejissorunda Əmir Kusturitsadan daha uzaqgörən bir nəsnə gördüm. Lakin o nəsnənin adını tapa bilmədim. Rejissor detalları o qədər ustalıqla işləyib ki, heç nəyi artıq görmürsən. “Rəisim” oxuyan və əslində, bütün rəislərin gizli sevgisinə intertekstuallıq edən bu mahnının klipində maşın, Ayfon, dəbdəbəli pilləkən, qızın dairəvi tanaları ümumi konteksti tamamlamaq üçün zərgər dəqiqliyi ilə işlənilib.

“Dövlətin keşiyində, qoruyursan milləti,
Qazanmısan hörməti
Sənə heyran, rəisim”

Fikir verin, necə dəqiq, əsl reallığı əks etdirən misralardır. Dövlətin keşiyində dururlarmı? Dururlar. Dəqiqdir. Milləti qoruyur? Qoruyur. Qazanmısan hörməti yeri isə, ümumiyyətlə, tapıntıdır. Kim deyə bilər ki, rəislərə hörmət yoxdur? Heç kim. Hara gedirsən get, mədəni tədbirlər, yas, toy məclisləri, nə bilim, qonaqlıqlar və s. Rəisin hər yerdə hörməti var, onu həmişə başa çəkirlər, yeməyin ən yaxşısını onun qabağına qoyurlar. Ona görə də növbəti misrada “Sənə heyran, rəisim” düz onluqdan vurur. Elə bil Messi paslaşa-paslaşa gəlir, axırda qapıçının yanından İnestaya pas ötürür, İniesta da hoqqabazlıq eləyib yerə uzanır və o topu boş qapıya başı ilə vurur.

Klipdə rənglərin uyğunluğu da yerində və gözəl işlənib. Biz müğənnini gah yaşıl, futbolkaya bənzər formada görürük, gah ağ-qara paltarda. Maşının rəngi də qırmızı. Siz klipə elə-belə baxmısınız. Dərinliyini tuta bilməmisiniz. İndi qardaşınız sizə izah eləsin. Deməli, getdik. Qədim antik fəlsəfəsindən çıxış edib deyirəm: qırmızı qadağadır, yaşıl icazədir, ağ işıqdır, qara zülmət. Bütün rənglər mətndəki sözləri bir-bir təqib edir. Diqqətlə izləsəniz, xanım müğənninin hansı yerdə hansı misranı dediyinə fikir versəniz, söhbətin nədən getdiyini özünüz də başa düşəcəksiniz.

“Sənə mən qovuşandan,
Öyrəşib alışandan
Sevgimdən danışandan
Aşiqəm o an rəisim”

Bu axırıncı misranı deyəndə xanımın reaksiyasına fikir verin, şəhadət barmağı ilə yuxarını göstərir. Aristotelin tezisini xatırlayaq. Deyir ki, bir sənət əsərində üç əsas şey olmalıdır: etos, logos, pafos. Etos auditoriyanı nəzərə almaq və kimə xitab etdiyini dəqiq bilməkdir. Bu mahnıda etosu görürük? Görürük. Logos nədir? Logos məzmundakı məntiqdir. Məntiq yoxdursa, o məzmunun heç kimə gərəyi yoxdur. Məntiqin olmağı o məzmuna bütövlük qatır. Müjgan xanımın oxuduğu mahnıda məntiq o qədər çoxdur ki, yığıb-yığışdırmaq olmur. Məsələn, mahnının bu anında hətta sözlər sənə o qədər təsir edir ki, istəyirsən, rəis olasan. Rəis olasan və bu sözlər sənə yazılmış olsun. O qədər gözəl duyğular yaşayarsan ki, sözlə ifadə etməyin mümkünsüz olar. Hə, harda qalmışdıq. Pafosda. Pafos nədir? Pafos Kipr adasının cənub-qərb hissəsində yerləşən bir şəhərdir. Yox, səhv saldım. Pafos yunancadan tərcümədə ehtiraslı ruh yüksəkliyi, təmtəraq deməkdir. Bu mahnıda ehtiraslı ruh yüksəkliyi yoxdur? Var, özü də lap yaxşısından. Keyfiyyətli və uzunmüddətli.

Hər bir sənət əsəri öz coğrafiyasından doğulur. Bu mahnının bizim coğrafiyada ortaya çıxması və tezliklə milyonlarla baxış qazanması heç kimdə şübhə doğurmamalıdır. Çünki reallığı dərk etmək, reallığı öz içindən keçirib onun bədii, estetik cəhətdən həllini vermək qələbənin yarısıdır.

Yazının sonunda Müjgan Ayxanın “Rəisim” klipini müstəqillik dönəminin 10 ən yaxşı mahnısından biri hesab edərək mənə ayrılan efir vaxtını sona çatdırıram. Hər şeyə dodaq büzüb, bayağı deməklə intellektual olunmur – bunu da qulağınıza sırğa eləyin.


# 4969 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #