Sezen Aksu ağrıdan uçmaq sənətidir

Loğman, yazar

Loğman, yazar

14 yanvar 2022
# 12:40

Kulis.az Loğmanın “Ətirli kədər mövsümü və ya mələk qanadlı nisgil” yazısını təqdim edir.

Sezen Aksu estradaya sığmır, janra, üsluba sığmır.

Ölçülərə sığmır, qəliblərə sığmır.

Dünyaya sığmır – “dar gəlir” dünya ona.

Sezen Aksu estrada qəlibinə içini – sevgisini, ağrı-acılarını, fərəhini qoyur, ondan şedevr kərpiclər çıxarır.

Sonra bu kərpiclərdən dünyanın ən zərif gözəllik saraylarını, qəsrlərini ucaldır.

Bu saraylara daxil olan heyrətdən incəlib iynə ildızından keçir, durulur.

Hissin, duyğunun izharı sənət anlayışını, sərhədlərini aşır, hadisəyə çevrilir.

Hisslər, duyğular çeşməsi bütün şərqilərdə çağlayır.

Sezen Aksu fərəhi kədərdən çiçək açmaq, ağrıdan uçmaq sənətidir.

Dərdi oxşayıb gülümsətməkdir.

Dərdin təbəssüm tökməyidir.

Dərdi ipək yaylıq kimi əlindən sürüşüb düşüncəyə qədər tumarlamaqdır.

Qüssədən kəpənək düzəldib çiçək könüllərə uçurtmaqdır.

Bir çiçək ömrünü, bir kəpənək ömrünü – bir göz yumunu sonsuza çəkmək, əbədiyyətə uzatmaqdır.

İtirdiklərini axtarmaq, tapmadıqca sevinməkdir, tapmadıqca inanmaqdır.

İtirdiklərində itməkdir.

İtirdiklərində unudulmaqdır.

İtirdiklərindən tapılmaqdır.

Sezen Aksu sənəti qüssədən cövhər almaq, sıxıb nəşə çıxarmaqdır.

Qüssədən utanmaq, həyalanmaq, onu əzizlik taxtına çıxarmaqdır.

Qəmdən “sərxoş” olmaqdır.

Sezen Aksu şərqilərində qüssə yollar kimi uzanıb gedir, səhər kimi ümidlidir – doğacaq Günəşdən xəbər verir.

Qar kimi təmizdir, safdır, ayıldandır.

Ağdır, ağappaqdır, ağladandır – nura qərq edəndir.

Mələk qanadlıdır.

Həyatın görünməyən üzüdür, əsil üzüdür.

Çünki həyatın özündən xəbər verir.

Sezen Aksu sənəti kədəri yonmaq, pardaqlamaq, safa çıxarmaq ustadlığıdır.

Gülü tikandan qurtarmaqdır.

Qəlbləri ümidlə suvarmaqdır.

Nisgilin ahla şəklini çəkməkdir.

Yaraları göynərtisi ilə sağaltmaqdır.

Sevmək – şərqilərdən bulaq kimi çağlamaqdır.

Aşiqlik – qürbətdən vətənə dönmək kimi.

Günəbaxan təki Günəşdən gözünü çəkməməkdir.

İşığa ovunmaqdır.

Əllərini xatirələrə tutub qızınmaqdır.

Əzizləri vətənləşdirməkdir.

Həsrətdən qarlamaqdır – tel-tel, bəyaz-bəyaz...

Küçələri, ağacları rüzgarcasına yalamaqdır.

Sevdiyini kitab kimi oxumaq, məktub kimi yazmaqdır...

Ayrılıq – budaqdan qopub küləklərə qoşulmaqdır.

Rüzgar taleyidir, yellərə yoldaş olmaqdır.

Xəzanla əl-ələ tutuşub sübhəcən kimsəsiz küçələri dolaşmaqdır.

Dünyanı çəpərlərindən aşıb keçməkdir.

Xəzəlləşmək, küləklərlə sovrulmaq divanəliyidir.

Azadlıq tamarzılığıdır.

Adsız, ünvansız yaşamaqdır.

Çiçəkdən qopan ləçək kimi əlini dünyadan üzməkdir.

Həyatın üstündən bulud kimi süzüb keçməkdir.

Ürəkdəkini gözlərdən sıxıb yanaqlara yazmaqdır.

Sezen Aksu sözünə nənnidir, beşikdir.

Sözü kiməsə qıymamaq, kiməsə umud olmamaq baxımından bircədir, əvəzsizdir.

Sevinci – dalğa ömründə dənizi sevməkdir.

Dalğalara qoşulub dənizləşməkdir.

Üz-üzəlikdə ayrılıqdır.

Qütblər qədər uzaq, əl-ələ tutuşacaq qədər yaxın olmaq təzadıdır.

Ayrılığın o biri sahilindən boylanmaq, sevmək üçün yenidən puçurlamaq, göz qoymaqdır.

Üzüldükcə usanmamaq, incəlmək, arınmaq, saflaşmaqdır.

Üzüldükcə gözəlləşməkdir.

Həsrəti qovuşmaqdan üstün tutmaqdır.

Görünməyənə muştaqlıq, pünhana tutuşmaqdır.

Sezen Aksunun səsində zaman xatirədir.

Keçmiş də, bu gün də, gələcək də bir tablo, bir mənzərə, bir şəkil kimi...

Vaxtdan əsər-əlamət yoxdur.

O xatirə həmişə bizimlədir.

O xatirə ömrün ətirli kədər mövsümüdür.

Çiçəkli qüssə fəslidir.

Nisgildən bahar kimi gülümsəməkdir.

Sezen Aksunun tənhalığı tək qalmaq dəhşəti deyil, əzab deyil, bənzərsizlik ölçüsüdür.

Heç kimə bənzəməmək yalnızlığıdır.

Bircəlikdir.

Bənzəmək – köləlikdir.

Bənzəmək – özündən əl çəkmək, özünü bənzədiyində itirmək, bənzədiyinə təslim olmaqdır.

Sezen Aksu bənzərsizlikdə tapır özünü, dünya ilə tək qalmaqdan qorxmur.

Sezen Aksunun tənhalığı dərdinin, fəryadının, həyatının, duyğularının, səsinin təkcəliyidir.

Tənhalıq onun ən etibarlı həmdəmi, ən sadiq dostu, ilham pərisidir.

Tənhalıq şərqilərin anasıdır.

# 27079 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #