Serrozdan ölən, söyülən, həbsə düşən müasir Azərbaycan yazıçıları

Müasir Azərbaycan yazıçıları

Müasir Azərbaycan yazıçıları

3 mart 2022
# 11:30

Kulis.az Rəvan Cavidin “Müasir Azərbaycan yazıçıları” yazısını təqdim edir.

Bu gün Beynəlxalq Yazıçılar Günüdür.

Azərbaycan xalqının doxsan beş faizi şeir yazsa da, çox az qismi şairdir, nasir isə təkəm-tükəm tapılır.

Dünyadan yarımadığı kimi, öz camaatından da yarımayan yazıçılarımızın sosial-ictimai, maddi-mənəvi problemləri o qədər çoxdur ki, bu müqəddəs istedadları ilə fəxr edib, sinələrini qabartmağa, başqa ölkələrin yazıçıları kimi rahat, eyni zamanda fərqli yaşamağa vaxtları və gücləri çatmır.

Azərbaycan bir yazıçı üçün çox unikal yerdir. Bu qədər absurd hadisələrin bol olduğu ikinci bir ölkə tapmaq çətindir. Fəhləsindən nazirinə kimi hamı maraqlıdır.

Məsələn, bizim ölkədə bir yazıçının mövzu tapmağı iki vur ikidir. Növbədə dayanan iki nəfərin söhbəti də mövzudur, Millət vəkilinin səmimi olmaq üçün candan-qandan keçib özünü biabır etməsi də. Fəhlənin ölkənin qlobal problemlərinə alternativlər tapması da, məmurların bu problemləri gözardı etməsi də maraqlı hadisələrdir.

Bizim yazıçıların xalq məclisində yeri də başqadır. Sənətinə qiymət verməsələr də, yaxşı araq içməklərinə həmişə dəyər verilən yazıçılarımız çoxu ya serrozdan ölür, ya da... eləcə ölür.

Bizim küt olan toplumda yadda qalmaq üçün mütləq ya tez ölməlisən, ya da hamının səni söyəcəyi, döyəcəyi, hirsi soyumasa, öldürəcəyi situasiyaları yaşamalısan.

Kitab çıxarmaq üçün mütləq borca girməlidir Azərbaycan yazıçısı. Sonra üç-beş tanışa verib, qalanını da evə gətirib qonaqlara imzalamalıdır.

Dilimiz o qədər koloritlidir ki, ya mütləq uzun-uzun bürkülü cümlələr qurmalısan, ya da dilimizi yola verməlisən.

Bir sözlə, yazıçı olmaq üçün nə lazımdırsa, bizdə hamısı yarımçıqdır, lokaldır, bir az da səthidir.

Azərbaycan xalqı yazıçını qəhrəman kimi görür, istəyir ki, həmişə onun yanında olsun, həmişə onun demək istəyib demədiklərini yazsın, o yazıçını həbs etsinlər, öldürsünlər və həmin xalqda çayxanada rəhmətliyin böyük istedadından danışsın.

Yazıçılarımız xalqımızın sevgisində şairlərə həmişə uduzurlar. Çünki şairlər daha operativ əhval yarada bilir, yemək-içmək məclislərini daha tez alovlandırır. Heç kim oturub bir nasirin hansısa mövzu ilə bağlı yekə-yekə danışıqlarına qulaq asa bilməz axı.

Kitabı, oxucusu olmayan Azərbaycan yazıçılarının hamısı, məncə, bu tale ilə gec-tez barışır.

Nə qədər beynəlxalq müstəvilərə çıxmasaq da, iri mükafatların listinə düşməsək də, bizi dünyada heç kim tanımasa da, hələ də Nizami ilə fəxr eləsək də, bir-birimizin ətini yeyib, sümüyünü çölə atmasaq da, həmişə kimlərinsə ürəyində balaca bir ümid işığı yandırdığımız üçün xoşbəxt ola bilirik.

“Dünya gözəl olsa idi, sənət yaratmağa ehtiyac qalmayacaqdı”.

Dünya isə günü-gündən daha pis bir yerə çevrildiyi üçün, tək ümid sənətə qalır.

Gənc yazıçıların tez-tez tənqid etdiyi və heç vaxt cavab verə bilməyəcəyi Mirzə Cəlilin Nehrəmdən Bakıya qədər çəkib gətirdiyi problemlər var olduqca, Azərbaycan yazıçısı da var, həmişə ona nəsə demək şansı veriləcək.

Yeri gəlmişkən, gənc yazıçıların vəziyyəti daha ağırdı. Daha çətindi. Çünki bir-iki yekə yazıçı xaric ədəbi mühitdən dəstəkləri yoxdur. Oxucuları azdır. Uğur qazanmaq üçün ya axıra kimi təmiz qalmalısan, ya da yaltaqlanıb özünə bir künc tapmalısan.

Min ildi həllini tapmayan industriya məsələsi, xarici əlaqələr məsələsi, ümid edək ki, min birinci ildə öz həllini tapacaq. Ümid edirəm, ümid edirik, ümid etməliyik...

Ümid edirəm, hər gün tənqid olunan bu cəmiyyətdə özünüzə bir yön verəcək, yazıçılar da pul qazanmaq üçün deyil, ədəbiyyat tarixində qalmaq üçün nələrsə yazacaqlar.

Yazıçı peşə adıdır. Yəni, əqli məhsulun əmtəəyə çevrilməsidir. Bizim ölkədə isə bunu yalnız ictimai sektorda vəzifəsi olan yazıçılarımız edə bilir. Ona görə də, əvvəlcə vəzifədə olan yazıçılarımızı təbrik edirəm. Siz bu camaatın da, bu ölkənin də çəmini tapmısınız.

Oxucusu və mövzusu ağır tonnajlı olan, maklatura ilə məşğul olmayan yazıçılar ucu-bucağı görünməyən azlığa bənzəyir və dünyanın hər yerində belədir.

Bir də bu coğrafiyada yazıçılar da, şairlər də bədbəxtdir. Bədbəxt olmalıdır. Bədbəxt olacaqlar (söhbət həyatın maddi tərəfindən getmir).

Gününüzü təbrik edirəm!

# 6225 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #