Şeir yazmaq ədəbiyyat deyil

Vüqar Babazadə, yazıçı

Vüqar Babazadə, yazıçı

21 iyul 2022
# 12:40

Kulis.az Vüqar Babazadənin “Lirika fabulası ətrafında” adlı yazısını təqdim edir.

Dünən hava küləkli idi. İşdən çıxıb birbaşa dəniz qırağına getmişdim. Xəfifcə əsən meh saçlarıma sığal çəkir, dənizin suları kimi saçlarımı dalğalandırır, bədənimdə nazlı-nazlı oynayırdı. Külək balaca uşaq kimi fit çaldıqca, yaddaşım canlanır, xatirələr qatar-qatar gəlib qarşımda dayanırdı. Hətta o qədər cuşa gəlmişdim ki, istədim götürüb feysbukda yazam ki:

“Dənizin sahilə çırpılan 52-ci dalğasının yuduğu qumlar üstünə yazdım adını, nə vaxtsa tapıb oxusan qağayılara baxıb gülümsə, əmin ol ki, küləklər mənə gətirəcək təbəssümünü...”

Yaxud da:

“Sahilə çırpılan dalğalar mənim darıxmış və sarsılmış ruhumun sevgi zümzüməsi deyilmi?”

Elə bir romantik əhvalda idim ki, özümü unutmuşdum. Səma ilə dənizin kəsişdiyi nöqtəyə gözlərimi zilləyib dayanmışdım. Birdən ağlıma və ürəyimə bir neçə misra gəldi. Telefonumun “zaryadkası” bitmişdi. Ağ vərəq yox idi. Bircə qələmim vardı. Necəsə bu şeirlərin üzünü köçürməsəydim, yaddan çıxıb gedəcək, ilham pərisi məni həmişəlik tərk edəcəkdi. Ağ şortik geynimişdim, ağlıma gəldi ki, şortikimin üstünə yazsam pis olmaz.

Qərəz oturub şortikin üstünə ağlıma gələn şeirləri yazdım. Doğrudan da, qəribə bir aurası var lirikanın. Vəhy kimi bir şey oldu. Özümü tamamilə unutmuşdum. Həqiqətən də, nəsr insanın Allaha demək istədiləri, poeziya isə Allahın insana demək istədikləridir. Çox sevinirdim. Mən dünyanı həmişə nasir kimi qavramışam, nə yaxşı ki, bu yaşdan sonra mənə də şeir yazmaq qismət oldu, Allah mənə də nəsə dedi.

Şeir tamam başqa bir şey imiş. İndiyə qədər yazdıqlarım o şeirlərin yanında bir heçdir. Doğrudan, deyirəm. Deyəsən, Folkner deyirmiş ki, yazıçılar uğursuz şairlərdir. Haqlıdır. Şeir ilahi faktdır, buna görə də, şeir ədəbiyyat deyil, şeir ayrı ölçüdür. Mübahisəli olsa da, belə bir bölgü var dünya ədəbiyyatşünaslığında – şairlər və ədəbiyyatçılar. Hətta beynəlxalq festivallar var, məhz belə adlanır – Poeziya və ədəbiyyat festivalı. Şair şairdir, ruhla sözün qovşağındakı adam. Ədəbiyyatçılar isə digərləridir – yazıçılar, esseistlər, tədqiqatçılar və s.

İndisə gəlin dünən yazdığım şeirlərimi sizə təqdim edim, sonradan davam edərik. Qeyd etdiyim kimi, bu mənim ilk nəzm təcrübəmdir. Şeirdən elə də yaxşı başım çıxmır. Amma di gəl, yazmağına yazıram. Diqqət. Yeni şeirlərimi təqdim edirəm:

“Darıxmağın adı”

Sən axı bilmirsən
üzünnən irağ –
it kimi darıxmağ nə təhər olur...
sən axı bilmirsən
sənin yoxluğun
hamıdan, hər şeydən
beş-betər olur.

sən axı bilmirsən
əlim qurusun –
sənə açmadığım zəng zəhər olur...
günəş zəhər olur
gün zəhər olur,
yağış zəhər olur
yol zəhər olur,
bir qurtum araqla
bir siqaretlə
uzanır gecələr
taa... səhər olur...

sən axı bilmirsən
hardan biləsən?
üzünnən irağ –
it kimi darıxmağ nə təhər olur...


“Yol”

Gər çi gör üzüüü...m üstə yağışları,
diziii..m üstə gəlib sənə bağışlanam.
Gər bilmənəm savabı nəydi, suçları –
düzüb gedib gözü...m üstə baxışların,
Ömür keçir səni itirməəəəy ilən...

Elə tutardım əllərin,
əllərin elə yoxdu ki.
Elə öpərdim saçların,
saçların elə yoxdu ki.
Gözümü yumub sayıram gizlənəsən laaa...p uzağda,
Dil gəl, gedən ömürdəndi, Allahda elə gün yoxdu
Ki, ömürdən sayılmasın...

Gər çi gör necə çevrilir yağış dəniz üzünə,
Ay bu gözəlim yağışda balıqlar da islanar.
Sən – bu yağışlı gecədə yuxusuna girdiyim qız
yuxunu suya düz danış, sular yalan götürməz!
İlahi, heç bir balıq tilovuna yubanmasın...


Yubanmasın balıqdısa, uşaqdı,
qaçıb gəlib ayağına, uşaqdı
dizin bilib al qoynuna, uşaqdı
süd dişinə sap bağlayan uşaqdı
qorxur ağrısınnan səni itirməyinin...

Qamışınnan ayrı düşən ney ahım,
Balıqların duasıdı sabahım.
Məni elə bağışla ki, bilinməsin günahım,
Ay sənə and verirəm
alnımın açıq yerinnən, üzümün ağ yerinnən...


“Gecəniz xeyirə”

Sən üşüməyəli ikinci qışdı,
ay Allah, kəs görüm bu nə yağışdı?!
Yığışdım özümə, elə yığışdım
para buğdasına söykənib yatan
qarışqa misali elə yorğunam...
Soruşma neçənci qərib soyuğun,
neçənci dostumun uzaqlığıyam.
Həminki qayğıdı bu tifil qayğı,
kipriyimə qədər yorğunam, anam...
Bir pişiyim də yox qucaqlayası,
qucağım sinəmdə bayquş yuvası,
barı dost da ölmür yas saxlayasan,
hamı salamatdı, hamı yaxşıdı.
Di gəl, darvazanı külək açdımı,
Bu "darıxmaq” ki var, itin balası!
Hər gün qapımızda gəlib ulayır.
Yox əşi, nə külək... nə bilsin külək?

Belə, əziz dostlar. Yəqin, xoşunuza gəldi. Bunlar ilk qələm təcrübələrimdir, ağlımda daha yaxşı şeirlər var. Onları da qələmə alacağam. Mütləq və mütləq sizinlə bölüşəcəyəm.

Şeir sanki döyüş meydanından evə qayıdan bir sərkərdənin evdə saxladığı ailəsidir. Çox yəqin şeir oxucuları mənimlə razılaşar ki, şeir ilahi faktdır. Onu axtarmaqla deyil, gəlib səni özü tapmalıdır. Bu, həqiqətən də, belədir. Niyə belədir? Daha orasını bilmirəm. Bildiyim şey budur ki, belədir...

# 3066 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #