Şəhid bacısı niyə qardaşının maketi ilə oynadı?

Şəhid bacısı niyə qardaşının maketi ilə oynadı?
18 mart 2022
# 12:40

Çoxdandır düşünürəm ki, mən kimin üçün yazıram? Bu yazını kimlər oxuyur, bizim auditoriyamız kimdir? Onlar nə düşünür, hansı beynin, təfəkkürün yiyələridir? Ona görə də bütün Kulis oxucularından xahiş edirəm ki, bu yazını oxumamış rəy yazmayın. Bu yazını oxumadan rəy yazan adamlar cəhənnəm odunda yanacaqlar. Ona görə də bu yazını oxumadan rəy yazmaq təhlükəlidir. Oxuyanlar da, zəhmət olmasa, rəyə yazsınlar. Mən işimi bilim ki, bizi kim oxuyur.

Yazını bilmirəm harda oxuyursunuz. Kimi avtobusda, kimi metroda, kimi taksidə, kimi “kravat”da, yorğan-döşəkdə. Kimi evdə çay içə-içə, kimi işdə və s. Bu yazını harda oxumağınızın çox böyük fərqi olacaq.

Mən qız bürcüyəm. Bu gün öz ulduz falıma baxdım. Proqnoz belədir:

“Cinsi istəklərinizi cazibədarlığınızla balanslaşdırmaq lazımdır. Bu gün eşqlə əlaqədar müsbət yeniliklərə açıq bir gündür. Yaradıcı səylər və satışlar da yaxşı gedəcək”.

Cinsi istəkləri cazibədarlıqla balanslaşdırmaq nə deməkdir, başa düşmədim açığı. Amma eşqlə əlaqədar müsbət yenilikləri gözləyirəm. Görək necə olacaq...

Bakıya yağış yağır. Erkən yaz küləkləri dağlardan əsərək, qurumuş yarpaqları tutqun havada fırladıb, nəhəng şam ağaclarını bərkdən uğuldamağa məcbur edərkən, mən içimdə məskunlaşan və 22 ildir mənimlə bir yerdə yaşayan yad adamla birlikdə işə gəlirdim.

Heç nə, işə gəlirdim. Burda böyüdüləsi, dramatik bir məqam yoxdur, səhər durub işə gəlirdim. Yağış yağırdı. Bütün üst-başım islanmışdı.

Kiçik bir haşiyə çıxmaq istəyirəm. Bu abzas heç kimə lazım deyil, dəyərli oxucularımız bu abzası oxumasa da olar. Burdan bildirmək istəyirəm ki, Rəvan Cavid və Nihat Pir tükəniblər. Heç nə yaza bilmirlər. Rəvan cəhənnəm, həyatda ən böyük uğuru Aqşin Yeniseyin “Tarix və Tale” kitabını tənqid etmək olan bu cavan oğlan yaradıcılığını elə o tənqid yazısı ilə də yekunlaşdırıb. Bəs bu Nihat Pir nə üçün yazır? Kimdir? Nəyə xidmət edir? Bu uşaqlar özlərini ədəbiyyata soxuşdurmağa çalışan, donosbaz adamlardır. Mən onlarla bir nəsildən olduğum üçün bəzən xəcalət çəkirəm. Rəvan yenə də arada şeirdən, essedən filan yazıb püləyir. Bəs bu Nihat Pir nə yazıb? “Bir kəndin manifesti” hekayəsi var, onun da adını Mir Cəlaldan oğurlayıb. Belə adamlara demək lazımdır ki, yalandan “yazıçı, şair” obrazı yaradıb, özlərini aldatmasınlar. Onların istedadsızlığı məndə ikrah hissi oyadır.

Hə, indi isə sizə danışmaq istəyirəm Elon Maskdan. Elon Mask dünyada üçüncü sənaye çevrilişini edənlərdən biridir. Axırıncı dəfə onun nə qədər pulu olduğunu araşdıranda, 335 milyard dollar pulu var idi. İndi açığı bilmirəm nə qədər qalıb, yəqin ki, elə aşağı-yuxarı elə bir rəqəm olar. Onun həyat və fəaliyyəti barədə burda dastan açmaq istəmirəm. Məncə, hamı onu azdan-çoxdan tanıyır.

Son zamanlar isə bütün dünya ilə məzələnməyə başlayıb. Gah öz “Twitter” hesabından Ukrayna uğrunda Putini təkbətək döyüşə çağırır, gah Ramzan Kadırov onu “Elona” adlandırandan sonra “Twitter”də adını dəyişib “Elona” qoyur. Bir sözlə, dolayıb camaatı barmağının ucuna. Avaranın biridir.

Pul adamı in də edir, cin də edir. Adam milyarderdir deyə, nə etsə üstünə yapışır, hamı tərifləyir, gülür, alqışlayır. Deyirlər ki, Elon fərqlilik edir. Daha fərqlilik edər də. Mən də milyarder olsam, camaatla məzələnməkdən başqa heç nə etmərəm.

Yoxsa ki, mən yazıq... Bu yaxınlarda gedib saçımı sarı rəngə boyamışam. Məhəllədəki dükanın satıcısından tutmuş, küçədə dilənən dilənçiyə qədər, hamı qəribə baxışlarla süzüb, məni diskomfort zonaya salırlar. Həddini bilməyən, özlərini aparmaq iqtidarında olmayan bəzi səviyyəsiz adamlar zarafatlaşırlar. Hamını gülüb, yola verirəm. Şübhəsiz ki, o insanları yola verməkdən başqa adam özünə heç bir yaxşılıq edə bilməz.

Təsəvvür edin ki, Elon Mask saçını sarı rəng edib. Sizcə, ona nəsə deyərlər? Lap Elonu qoyaq bir qırağa, başqa coğrafiyada, başqa şərtlər altında yaşayır. Mənim saçıma pis baxan adamlara səslənirəm ki, təsəvvür edin, müdirinizin 20-21 yaşlı oğlu saçını sarı rəngləyib. Sizcə, sizin ona pis baxmaq haqqınız ola bilər? Ona nəsə deyə bilərsiniz? Cəsarətiniz çatar? Və yaxud sizin fikrinizi kimsə gəlib soruşacaq? Əlbəttə ki, yox.

Yaxşı deyiblər, yetim əlində qoğal da əcaib görünər.

***

Dünən sosial şəbəkələrdə qarşıma bir video çıxdı. Gəlin toyda şəhid olmuş qardaşının maketi ilə rəqs edirdi.

Xahiş edirəm sizdən, belə şeylər lazım deyil. Yaxşı olar ki, toydan qabaq gedib qəbrini ziyarət edəsiz, məzarının önündə onunla bir az dərdləşəsiz. Yoxsa adam özünə niyə belə əzab versin ki? Maketini düzəldib, onunla oynayanda nə olur?

Nə üçün bir adam durub demir ki, ay qardaş, ay bacı, bəsdirin, siz Allah, bu nə hərəkətdir edirsiniz? Rəylərə baxıram, hamı yazır ki, çox təsirlidir, kövrəldim, ağladım, zırıldadım və s. Əks fikirli adamların da bəziləri rəy yazıb, bu hərəkətin düzgün olmadığını bildirir. Onları da bir ağızdan söyürlər.

Ümumiyyətlə, qəribə bir nüans var. Şəhid haqqında başqaları artıq nəsə deyəndə, hansısa bir hörmətsizlik edəndə onu az qala öldürələr. Həqiqətən, şəhid haqqında nəsə artıq bir şey desən, nağdı bil ki, döyüləcəksən, ən yaxşı variant isə bütün sülaləni söyəcəklər.

Amma şəhidin ailəsi bu cür şeylər edəndə, yazırlar ki, siz onların dərdini bilməzsiniz. Başa düşməzsiniz nə çəkiblər. Bilirsiniz necədir, hər kəsin dərdi özünə görə böyükdür. Bu, dərd söhbəti deyil.

Vallah, mənə görə ən böyük hörmətsizliklərdən biri də budur. Nə olsun, bu adamlar onların ailəsidir? İnsan niyə şəhidin maketini çıxarıb, onunla rəqs etsin axı? Bu hərəkəti, sizcə, onun özü qəbul edərdimi? Ümumiyyətlə, bunu heç kimə başa salmaq olmaz, heç bir təfəkkürə sığışmayan bir şeydir. Birmənalı olaraq, bu cür şeylər cəmiyyət tərəfindən qınanmalı və yığışdırılmalıdır. Elə oğlanları, o cür qəhrəmanları bu formaya salmaq düzgün deyil.

***

Xülaseyi-kəlam, mənim əzizlərim. Ümid edirəm ki, tezliklə... (Bu yeri yazmaq yadımdan çıxdı, siz Allah, üzrlü bilin).

# 10321 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #