Saxta mükafatlar alan yazıçılarımız

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

27 yanvar 2022
# 11:00

Kulis.az Ulucay Akifin “Dostumun yalanı” yazısını təqdim edir.

İndi oxuyacağınız bu yazını dostum Vüqar Babazadəyə ithaf edirəm.

Əslində, yazını Vüqara ithaf etməyimin heç bir xüsusi səbəbi yoxdur. Sadəcə ürəyim belə istəyir.

Baş redaktor olmağın ən yaxşı tərəfi də elə bu imiş: ürəyin istəyən şeyi yazırsan, eləyirsən, heç kim də işinə qarışa bilmir. Bunu təzə kəşf eləmişəm.

Yazıya başlamadan əvvəl fürsətdən istifadə edib Zamin Hacıya atəşli salamlarımı göndərirəm və demək istəyirəm ki, yazılarını çox böyük maraqla oxuyuram, xoşuma gəlir, yazmağa davam eləsin. Amma bu ay qonorar olmayacaq, çünki Vüqara Zamin Hacının adından qonaqlıq verəcəm.

Ümid edirəm ki, Zamin bəyin buna etirazı yoxdur. Varsa da apelyasiya məhkəməsinə müraciət edə bilər.

Keçək yazıya...

Sosial şəbəkələrdən uzaqlaşmağımın (oxuyun: Budda kimi dağlara çəkilərək ilahi həqiqəti axtarmağımın) onuncu gününün axşamında qarşıma bir xəbər çıxdı.

Sən demə, BMT-nin adından azərbaycanlılara verilən mükafat saxta imiş. Bunu BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəsmisi Rəşad Hüseynov öz Feysbuk səhifəsində yazıb.

Mükafatı verən də Elçin İsgəndərzadə adında keçəlbaş bir kişidir. Qətiyyən onun keçəlbaş olmağına lağ etdiyimi düşünməyin. Mənim bəs qədər hörmət etdiyim keçəlbaş adamlar var ki, onların dahi olduğunu düşünürəm. Məsələn, Mahatma Qandi, Zinəddin Zidan. Siyahını uzatmağa ehtiyac duymuram.

Elçin İsgəndərzadənin keçəlbaş olmağını vurğulamağımın tək səbəbi isə odur ki, vurğulamağa başqa bir xüsusiyyət, ya da keyfiyyət tapa bilmədim. Hə, bir də, deyəsən, professor imiş. Bu adı ona kim, neçəyə verib, bilmirəm. Yəqin ki, bu ad da elə verdiyi diplomlar kimi saxtadır.

Mənim Elçin İsgəndərzadə haqqında bildiyim tək şey budur ki, adam “həftə səkkiz mən doqquz” insanlara mükafatlar paylayır. Vallah ciddi deyirəm.

Hər dəfə kimsə diplom, ya medal şəkli paylaşıb Elçin İsgəndərzadəyə təşəkkürünü bildirir. Təşəkkürün biri bir qəpikdən.

Əla işdir!

Maaşından cüzi bir məbləği ayırırsan diplom və sertifikatlara, medallara, sonra da paylayırsan camaata, olursan ziyalı. Hamı da sənin necə ədəbiyyatsevər, insanların əməyinə qiymət verən biri olduğundan danışır.

Diplomları da eləcə öz adından vermirsən ha! Birini BMT-nin, o birini MTN-nin, digərini də AŞ... ə, yox, AŞ döyül!..

Gələn ay mən də bir mükafat təsis edəcəm. İlk medalı da çağırıb Zamin Hacının sinəsindən asacam: "Kulis-ə və yumora xidmətlərinə görə" medalı. Adı da indi fikirləşdim. Necədi?

Medalı da elə Zamin Hacının gələnaykı qonorarının pulu ilə hazırladacam.

Hə, Vüqar, nədən danışırdım? Bu saxta mükafat məsələsini görəndə yadıma bir hadisə düşdü. Ümid edirəm ki, yazını bura kimi sən və Zamin Hacıdan başqa heç kim oxumağa davam eləməyib, çünki bu hadisə özümlə illərdi daşıdığım sirdir.

Birdən elə bilərsən ki, zarafat eləyirəm, amma Allah haqqı zarafat eləmirəm.

Bu danışacağım hadisə uzun illər öncə baş vermişdi. Yəqin sən onda hələ əlində bank testləri ilə hazırlıqlara qaçan bir abituriyent idin. Mən də birinci kurs tələbəsi idim. Ya da iki...

İndi çox tanınan gənc yazıçı dostlarımdan birinin şeirlərinin saytlarda, qəzetlərdə təzəcə yayımlandığı vaxtlar idi. Dostumun adını çəkmirəm ki, sirri faş olmasın.

İkimiz də yeni-yeni çap olunmağa başlamışdıq. İddiamız özümüzdən böyük olsa da, şöhrətimiz bir xeyli balaca, hətta, demək olar ki, heç yox idi.

Günlərin bir günü həmin dostumla ucuz kafelərin birində pivə içirdik. Dostum qəfil yumruğunu masaya vurub mənə dedi:

- Bezmişəm şöhrətimə "20 Yanvar" metrosundan Sumqayıta gedən manatlıq taksilərin sürücüləri kimi bir-bir adam yığmaqdan! Nəsə eləməliyəm ki, hamı məni tanısın! Belə olmaz!

Ona verə biləcəyim məsləhət yox idi, çünki mən də nə etməli olduğumuzu bilmirdim. Üç-dörd bakal pivəmizi içib kafedən qalxanda gözləri vaşaq gözləri kimi parıldayan dostum qəfil dedi:

- Mən bilirəm neyləyəcəm!

Onun bu sözlərinə bəlkə də içkili olduğumuzdan elə də fikir vermədim. Dostumla sağollaşıb hərəmiz Bakının başqa bir döngəsində gözdən itdik.

Həmin günün səhərisi Feysbuka girəndə, dostumun paylaşımını gördüm:

“Çox xoşbəxtəm! Bu gün şeirim Türkiyədə keçirilən müsabiqədə birinci yerə layiq görüldü!”

Tam xatırlamıram, amma müsabiqənin adını, harada keçirildiyini, neçə şeir arasından birinci yerə çıxdığını, hətta diplomunun şəklini də paylaşmışdı.

İndiyə kimi paylaşımlarına 20-30 layk gələn dostumun həmin paylaşımına 1000-dən çox layk gəlmişdi, yüzlərlə adam təbrik şərhi yazırdı. Təbrikin biri bir qəpikdən.

Nə yalan deyim, mən də dostumun adına sevinib bir yağlı şərh yazmışdım ki, sənin şeirlərinin əla olduğunu deyirdim də!

Tez özünə zəng elədim ki, canlı da təbrik edim. Elə zəngimi açan kimi dedi:

- Ulucay, heç yerdə yer tutmamışam! Yalandan yazmışam, amma özüm ölüm kiməsə desən, mənlə salam-sağ olu da kəs.

Bu elədiyi şeyin axmaqlıq olduğunu, tez həmin statusu silməsini desəm də, razılaşmadı, onsuz da artıq gec idi.

Saytların əksəriyyəti dostumun bu “uğurunu” artıq işıqlandırmış, manşetlərində şəklini paylaşmışdılar. “Copy-paste” saytlarımız xəbəri fərqli başlıqlarla tirajlamaqda idi.

Elə səhərisi gün dostum çox populyar saytlardan birinə ilk müsahibəsini də vermişdi. Növbə ilə bütün saytlara müsahibə verir, telekanalların verilişlərinə qonaq kimi dəvət olunurdu.

Dostum qısa müddətdə şöhrət zirvəsinə qalxa bilmişdi. İndi də çox tanınan və sevilən gənc şairlərimizdən biridir. Adamın üstündə Allah var, çox da istedadlıdır. Yəni şöhrəti anasının ağ südü kimi halalıdır.

Təzəlikcə yenə kafelərdən birində pivə içirdik. Dəm o dəm idi ki, artıq dəm idik. Qəfil məndən soruşdu:

- Düzünü de, mənim şeirlərimi bəyənirsən, yoxsa dostuq deyə tərifləyirsən?

- Dəlisən, a kişi? Sən əla şairsən! – deyib baş barmağımı tapdım və havaya qaldırdım.

- Ağzın nədi bəyənməyəsən?! O boyda Türkiyədə birinci yer olub e şeirim! – dedi.

İllər öncə baş vermiş həmin hadisə yadıma düşdü və ürəkdən güldüm, amma dostumun üzündə heç bir tərpənişin olmadığını gördüm. Deyəsən, zarafat eləmirdi, çox ciddi görünürdü.

Bəlkə də bu illər ərzində yalanını unudub və artıq o yalan onun üçün həqiqətə çevrilib deyə düşündüm.

İndi sözüm keçəlbaş professordan saxta mükafat alanlaradır. Eybi yox, Elçin İsgəndərzadənin verdiyi yalançı mükafata aldanmaq olar, əsas odur, öz yalanlarınıza aldanmayın. Çünki ən dəhşətlisi də elə budur.

# 3691 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #