Qədir Rüstəmovun hamıdan gizlətdiyi o sirr nə idi?

Qədir Rüstəmov, xanəndə, muğam ifaçısı

Qədir Rüstəmov, xanəndə, muğam ifaçısı

23 iyun 2022
# 17:10

Kulis.az Loğmanın “Qəm paytaxtımız" yazısını təqdim edir.

I

Keçən əsrin yetmişinci illərində Qədirin bir neçə lent yazısı çıxmışdı. Bu qeyri-adi, yanıqlı, bənzərsiz səs Azərbaycanda hadisəyə çevrilmişdi. Hər yerdə ondan danışırdılar. Qədirin səsini dərk etmək üçün bütün duyğu üzvləri səfərbər olmalıydı. Onunla görüşə əvvəlcədən hazırlaşmaq lazım gəlirdi. Bu səsin içində itməsən, onu duya bilməzsən. Onu dinləyən adamın içində zərrə qədər təmizlik, saflıq varsa, dəyişməli, yenidən doğulmalıydı. Bu səs artıq səs anlamından çıxmışdı, səs ölçülərini ötmüşdü. Bu səs adamın ruhuna işləyir, adamı yumaq kımı bükür, titrədirdi. Həyatda sevdiklərimizi, arzuladıqlarımızı Qədirin səsində tapırdıq. Qədir, əslində, ayrı-ayrı mahnılar, havalar oxusa da, mahiyyətcə tamam başqa bir dünyadan, başqa bir dərddən, başqa bir sevgidən danışırdı. Və həmişə də məni bir şey düşündürürdü ki, görəsən, bu səsin yiyəsi nə cür adamdır? Onu görmək, onunla dərdləşmək, iç dünyasına səyahət etməkdən maraqlı bir şey yox idi mənim üçün.

İş elə gətirdi ki, bu arada Qədir kəndimizə toya gəldi. Bu mənim üçün böyük bayram idi. Toyda Qədirin hər bir hərəkəti, davranışı, oxumağı, dediyi hər söz sehrli nağıla bənzəyirdi. Mən toyda Qədiri ikinci dəfə kəşf etdim. Onun toyda oxuduqları radioda səsləndirilən mahnılarından qat-qat ötə idi, heyrətamiz idi. Başqa sözlə, Qədir radioda oxuduqları ilə qurtarmırdı, daha sehrli səhifələr açılırdı. Qədiri canlı dinlədiyim bu görüş uzun illər yadımdan çıxmadı.

Tələbəydim, qanadlı vaxtlarım idi. O ilk görüşdən bir neçə il keçmişdi. Qədir yeni mahnılar səsləndirmiş, daha da məşhurlaşmış, onun haqqında çoxlu söz-söhbət də yayılmışdı. Qədirlə görüşmək arzum yerə-göyə sığmırdı.

...Ağdama getdim. Bir neçə yerdən soraqlayıb evini tapdım. Qapını döydüm, Qədir özü açdı, səmimi qarşıladı. Gəlişimin məqsədini biləndə heyrətlə üzümə baxdı. Elə bil inanmadı. Çünki bu işdən ötrü "Bakıdan vuruf Ağdama getmək" Qədir üçün çox təəccüblü görünürdü...

O vaxt Qədirin ərköyünlüyü, hər adamla görüşməməsi, hətta toyu belə yarımçıq qoyub getməsi barədə söz-söhbətlər gəzirdi. Mən də sıradan bir tələbə idim və düşünürdüm ki, yəqin o məni heç yaxına belə buraxmaz. Amma hər şey əksinə oldu.

Həyətə keçdik. Diqqətimi buradakı hovuz cəlb elədi. İçi balıqla dolu idi. Elə bil mənim marağımı hiss etdi, əlini hovuza tərəf uzadıb: "Balıq-zad yeyən dəyiləm, elə azarımdı, tutuf gətirirəm, qonşular aparır", – dedi. Həyətdə bir köhnə "Moskviç"i vardı, təriflədi: "Bunun hamısını onun hesabına gətirirəm", – dedi.

Oturduq hovuzun qırağında. Gözlədiyimin əksinə olaraq, tez dil tapdıq. Tələbə olduğumu, Bakıdan onunla görüşmək üçün gəldiyimi təkrar-təkrar dilə gətirir, "İndi sən Bakıdan duruf gəlmisən?!", – deyə heyrətini gizlətmir, fikrində, xəyalında olanı təsdiqləyirmiş kimi, tez-tez: "Həəə..." – deyirdi. Hər şeydən danışırdıq. Çox səmimi idi. Nə soruşsam, deyirdi. Arada özü də nəsə soruşurdu: "Sən Bakıdan gəlmisən də, yəqin, Aqil Abbası tanıyarsan..." Dedim ki, tanıyıram. "O da məni biabır eliyif". Dedim: "Niyə?" "Görmürsən, götürüf yazıf ki, böyrəyinin biri yoxdu, nə bilim nə... Adam həylə şey yazar. Yox bir, qaraciyəri yoxdu...Tay camaat hamısı bildi". İstədim ki, bu söhbətin üstündən tez keçək. Çünki qorxurdum acığı tutar, söhbətimiz yarımçıq qalar. Aqil Abbasın ünvanına özünəməxsus bir cümlə işlətdi... bir daha o mövzuya qayıtmadı.

Niyə az oxuduğunu, az yazdırdığını soruşdum. Dedi ki, otuzdan artıq xalq mahnısı bilirəm, hələ heç yerdə oxunmayıb. Soruşdum ki, bəs niyə oxumursan, niyə lentə yazdırmırsan, sonrakı nəsillər üçün, xalqımız üçün, axı bu çox gərəklidir. "Bilirsən, məni aparıllar nədi o Azneftin yanında var e..." "İnturist"ə? "Hə, ora. Yemək-içmək alıllar, yer alıllar. Mən orda darıxıram, qala bilmirəm. Mənimki odu ku, bir daxma ola, bir taxtdan-zaddan ola, işığı söndürüf uzanam ora, sonra da duruf gedəm oxumağa... Həəə... Düzü belədi e..." "Bir də bilirsən, mən oxuduğumu kəsillər. Öyün "Aman təklik əlinnən"i oxumuşam. Mahnının əvvəlində muğam oxudum, yazdılar. Gələndə də..." – tanınmışlardan birinin adını çəkib davam elədi: "...demişəm ki, sənə arxayın oluram, birdən kəsəllər haa, qoyma. İndi radioda qulaq asanda görürəm ki, kəsiflər. Soruşuram ki, bunu niyə kəsmisiniz? Deyillər ki, muğamı aydın oxumamısan. Guya ki, qəzəli aydın deməmişəm, vallah, lap aydın demişəm. Bunu kəsə bilməzsiniz ey, bunu mən oxumuşam…" Demək istəyirdi ki, bu, mənim yaradıcılığımdır, bu, mənə məxsus bir şeydir. Ora siz müdaxilə edə bilməzsiniz. Bir az ara verəndən sonra o tanınmış, adını çəkmədiyim adamın da ünvanına: "O da..." Aqil Abbasa dediyi sözdən dedi...

Evdən-eşikdən danışdıq, dolanışıqdan danışdıq, toylardan danışdıq. Toylarda bəzən narazılıqların olmasını da belə izah elədi: "Mənim yüngül adamdan zəhləm gedir. Toyda belə şeylər görəndə dözə bilmirəm. Düzü belədi e…" Toyların bayağılaşmasından gileyləndi. Və söhbətin bu yerində: "Səndən bir şey soruşajam. Əmbə düzünü de", – dedi. Nədənsə, mənə elə gəldi ki, o bunu lap söhbətimizin əvvəlindən soruşmaq istəyir. "Deyillər ki, mən oxuyanda Bakıda yataqxanada bir tələbə qız ağlıyırmış, düzdüü?..." Məni heyrət bürüdü. İlk dəfə Qədirdəki uşaq sadəlövhlüyünü gördüm, Qədirin uşaq heyrətini gördüm. Bəlkə də, belə bir şey olmuşdu. Amma Qədirin buna uşaqcasına inanmasına heyrətlənməmək mümkün deyildi. Bu, Qədirin təmizliyi idi. Sonralar həmişə Qədir oxuyanda, fəryad qoparanda dünyada ən kədərli və ən gözəl o xəyali qızın ağlamağı yadıma düşürdü. Elə bilirdim ki, Qədir o qızın ağlamağına görə o cür oxuyur. Elə o qızın dərdlərini oxuyur. Sonralar başa düşdüm ki, o qız elə ümumiləşmiş Azərbaycan xalqının obrazıdır.

Söhbətimizin sonunda tələbələrin onu çox sevdiyini, universitetdə onlarla Qədirin görüşünü keçirmək istədiyimizi bildirdim. Dedim ki, amma sevgimizdən başqa sənə veriləsi bir şeyimiz yoxdur. "Görüşə gələrsənmi?" "Pul-zad maa az tafout eliyir. O nə sözdü... Gələrəm" – dedi.

Bakıya qayıtdım. Vədələşdiyimiz vaxtda və ondan sonra da Qədir görüşə gəlmədi.

İllər keçdikcə bir şeyi anlayırdım ki, Qədirlə səsindəki adamın arasında xeyli məsafə var. Qədir o səsindəki adama gedib çatacaqmı, bilmirəm?

Haqqında çoxlu yazılar yazdılar – işindən-gücündən, qəlyanından, paltarından, böyrəyindən və s. Amma məni artıq yalnız onun səsi maraqlandırırdı. Çünki elə bilirdim ki, Qədirin oxumaqları onun səsindəki adamın etiraflarından başqa bir şey deyil və Qədirin də bunların heç birindən xəbəri yoxdur.

***

Qədir səsə heykəl qoyur, abidə ucaldır, səsdən məmləkət qurur. Onu dinlədikcə bu məmləkəti qarış-qarış gəzir və anlayırsan ki, bu məmləkətin öz qanunları, öz meyarları var.

Bu məmləkətdə hər şey qəmlə ölçülür – nə qəmlidirsə, o dəyərlidir.

Qəm – anlamaq, duymaq ölçüsüdür: qəmliyəm, çünki sənin dərdini anlayıram, çünki sənin dərdini özümünkü hesab edirəm...

Qədir qəmi dinləyiciyə anlada, sevdirə bilir.

Anlayırsan ki, bu qəmdən üz döndərmək, onu atmaq xəyanətdir. Qədirin səsi ağladan səsdir.

Ağlamaq "ağ olmaq" sözündəndir. Burada "ağ" işıq mənasındadır. Ona görə də bu səs insanı aydınladır. Ağlamaqla, göz yaşı ilə qəm belə əzizlənir. İnsan qəmə qarışır, qəmlə yoğrulur, qəmdən keçir, qəm qohumluğu, qəm məhrəmliyi yaranır.

Qədirin səsi həm də Qarabağın rəmzidir. Qarabağın ağrılarını, sızıltılarını Qədirin səsi qədər ifadə edən ikinci bir vasitə yoxdur. Elə bil ki, Qarabağın yüz illər bundan əvvəl və bundan sonrakı tarixinin sirri, şifri bu səsdədir. Bu səsi hələ çox tədqiq etməli, öyrənməliyik.

Bu səsin kodunu hələ tam bilmirik.

Bu səs yurd yeridir, yurd yerinin ağrılarıdır.

Bu ağrı müqəddəsdir dəniz fənəri kimi adamı çağırır, yol göstərir.

Bu ağrıya üz tutmaq olar.

Bu ağrıya çiçəkləmək olar.

Könül bu ağrıya köç eyləyər.

Ürək bu ağrıya baş qoyub bütün səhvlərini etiraf edər, bütün günahlarını boynuna alar.

Qədirin səsi nəhayətdə elə bizim taleyimizdir – fəryadla doludur. Amma bu fəryaddan qorxmaq, çəkinmək olmaz. Çünki insanlıq zirvəsinə aparan yolların hamısı kədər körpüsündən keçir. Kədər insanı kamillik taxtına çıxarır. Bu fəryadla dolu taleyimizdə kədərimizdən böyük zirvəmiz yoxdur. Çünki hər xalqın böyüklüyü çəkdiyi kədərin böyüklüyü ilə ölçülməlidir.

Anlayırsan ki, ağrılarımızdan gözəl baharımız yoxdur. Ağrıları olmayan xalq böyük tarix yarada bilməz.

Biz ağrılarımızdan çiçək açırıq.

Anlayırsan ki, əzablarımızdan böyük dəyərimiz yoxdur.

Nisgilimizdən böyük bayramımız yoxdur.

İnamımızdan böyük sabahımız yoxdur.

Əməlimizdən böyük Günəşimiz yoxdur.

Yükümüzdən böyük fərəhimiz yoxdur.

Yükümüz o qədər böyük, o qədər ağırdır ki, onunla fəxr etməyə dəyər. Axı hər xalqın çiyninə bu cür yük düşmür. Öyünməyə dəyər – seçilmişik, bənzərsizik...

II

Qədir Rüstəmovun qəmi Ali Qəmdir.

Ali Qəm hər ürəyin, hər talenin yükü deyil, seçilmişlərin qismətidir.

Çünki Ali Qəm adilərin qəddini əyir.

Qədirin qəmi vaxtı aşan, zamanaya sığmayan qəmdir.

Ömründə tək bircə dəfə dərdə mübtəla olan Qədirin qəminə biganə qala bilməz.

Torpaq kimi quzulayar.

Qar kimi xarlayar.

Nanə yarpağı kimi əsər, şam kimi əriyər.

Pərvanə kimi qəmə çırpar özünü...

Bu qəm ruh qəribliyindən, ruh uzaqlığından gəldiyi üçün çəkər adamları – qədimliyi, doğmalığı ilə...

Qəmliliyimiz qədər qədimliyimiz, qəmliliyimiz qədər özümlüyümüz yoxdur.

Qəm düşkünlük deyil, kefsizlik deyil, əhval deyil, güzəran əndişəsi deyil – həyatın fövqüdür.

Qəm biçimində ömür-gündür, amma qəmdən böyükdür.

Qədir oxuduğunu ömrə, taleyə döndərən fenomendir.

Qəm ömrün mənasına çevrildiyinə görə, ömrə fərəh gətirir.

Qəmdə fərəh tapmaq qəlbiliyi yaranır.

Qəmi fərəhə çevrilincəyə qədər sevmək fədakarlıqdır.

Qədir qəmi ölçüyəgəlməzdir, tükənməzdir. Çünki sərhədsiz ruhun səsidir.

Qədir ruhunu, genetik yaddaşını oxuyur, minilliklərin dərin qatlarından, laylarından qaynayıb gələn bulaq kimi çağlayır.

Xalis axır, saf axır, dupduru axır, şəffaf axır.

Ona görə də qəminin o biri üzü də görünür.

Ruhunda olan adamdır deyə, Qədirin qəminə ağılla yetmək, çatmaq olmur.

Dərkolunmazdır – elmin boyu çatmayan, ağıl qonmayan yerdir deyə.

Qədir qəm qədri biləndir.

O, qəmdən bezmədi, incimədi, küsmədi, əksinə, qəmi müqəddəsləşdirdi, hamıya sevdirə bildi.

Qəm qorxusu əvəzinə qəm doğmalığı, qəm dostluğu yaratdı.

Könlünü qəmin üzünə açdı taybatay.

Qəmə əl uzatmaq, qəmin əlindən tutmaq öyrətdi bizə.

Qəmdən fəryad düzəltdi, qəmi zirvələndirdi.

Qəmi ağırladı, urvata mindirdi.

Qəmin yaz mənasını anlatdı.

Onun qəmi də yaz kimi dolur könüllərə – ona necə çiçəkləməyəsən...

Qədirin qəminə qoşulan vətəni sevdi, insanı sevdi, qəmi sevdi.

Qəm qanadlıdır – insanlara qəmnən uçmağı öyrətdi Qədir.

Qəmdən qorxana Qədirin səsi yoxuş gələr.

Saflığın qəmdən böyük ayarı yoxdur.

Qəmdən üz döndərmək haqdan qaçmaqdır. Çünki qəm haqdan gəlir, həqiqidən gəlir.

Qədirin oxumağı bütövlükdə bir xalqın oxumağı, bir xalqın səsidir.

Bir xalqın tarixinin, taleyinin musiqi dilidir, səs kitabəsidir.

Ruhumuzun təskinlik, dinclik tapdığı yerdir – vətən torpağı kimidir Qədirin səsi...

Qədirin səs karvanı qəm daşıyır.

Qəmlə dərdimizi izhar edənlərimiz çox olub, amma Qədir xalqımızın qəm paytaxtıdır, baş kəndidir.

Məcnunla qardaşdır, hardasa Məcnun aqibətlidir Qədir.

Qədiri qəhr eyləyən milyonların yükünü daşımaq, milyonların dərdini oxşamaq, milyonları min il uzaqlıqdan çəkib sabaha qaldırmaq borcu, missiyasıdır.

Xalqı özünə qaytarmaqdır.

Ulusu uluya tapındırmaqdır.

Qədirin Məcnunluğu – sinə dağından məhəbbət məbədi hörməkdir.

Dağ ilə insan qəminin, fəryadının, sarsıntısının böyüklüyünü cızmaqdır.

Ağrıdan eşq libası biçməkdir.

Qədirin Məcnunluğu – dərdi dərmanından üstün tutmaqdır.

Dərdə məftunluqdur, dərdə könül verməkdir.

Dərdə bel bağlamaqdır, etibar eləməkdir.

Dərd əlindən çiçək açmaqdır, dərd heyranlığıdır.

Qədirin Məcnunluğu dərdin əlacını dərdin özündə axtarmaq və tapmaqdır.

Yaranın acısından məlhəm düzəltməkdir.

Yaranı ağrısı ilə sarımaqdır.

Elə sevməkdir ki, səhra göyərsin, ilğımlar oxusun.

Qədirin Məcnunluğu – eşqə bağlanıb "yolunu azmaqdır", yeni yol sevdasıdır.

Dərddən Leyli düzəltməkdir, dərdin bahar dəmidir.

Eşqi qanadlarla ölçməkdir, qanadlanmaq havasıdır.

Göyü Yerə sərməkdir.

Yerdən Göy qurmaqdır.

Yerdə Göy tapmaqdır.

Səhrada vahə qismətidir.

Yerdə Göy həsrəti çəkənlərin hayqırtısıdır – dolğun, bütöv, bitkin, sığmaz...

Qədirin hər oxumağı yüz yer ömrünə təndir.

Bu səs ana qucağına bənzəyir; o qədər doğma, o qədər isti, o qədər mehrlidir ki, orada dərd çəkən də bəxtiyardır.

Bu səs ilahi yolçuluqdur, müqəddəs yoldur.

Qədir oxuyanda adamlar özlərini qoyub onun səsinə düşüb gedirlər – yol gedən kimi.

Qədirin səsinə çıxıb gedirlər – səfərə çıxan kimi.

Qədirin səsinə qoşulub gedirlər – yoldaş kimi.

Qədirin səsinin ardınca gedirlər – uşaq kimi.

Qədirin səsinə uyub gedirlər.

Qədirin səsində hər kəs öz dünyasını tapa, öz dünyasına qovuşa bilir.

Yerdə dərk olunmayanlar yurduna aparır Qədirin səsi adamları.

Qədir insanları heyrətlə görüşə, müqəddəsliyə çağırır.

Qədirin oxumağı doğma dərd zəvvarlığıdır.

Dərdi ziyarətgaha döndərir Qədir.

Qədirin səsi havalı səsdi, havalanan səsdi, lələkləyən, pərvazlanan səsdur.

O səs havalı yerə aparır ki, hər şeyi unudasan, havaya düşəsən, havalanasan, görünməz olasan – ruh kimi.

Qədirin səsi çalarlı səsdir, içində hər rəngdən – hər qəmdən var.

Qəmin biri qurtarmamış yenisi başlayır – daha incə, daha yanıqlı, daha kövrək biçimdə.

Qədirin səsi dağlayan səsdir, dərdi dağlamaqla sağaldan səsdir.

Dağlamaqla insanı safa çıxarmaq loğmanlığıdır.

O, bənzərsiz dərd təbibidir.

Onun səsinə düşən yer xiffəti çəkməz.

Qədirin səsi zirvə səsdir – ucalığa haraylayan, azadlığa qovuşduran.

Qədir yerin göy sədasıydı.

Qədirin səsi kotan kimi sürürdü adamların içini. Kotan kimi çevirirdi...

Çevirirdi ki, torpaq kimi içi dönsün işığa.

Çəkirdi ki, üzü dönsün müqəddəsliyə.

Onun səsində adam içini görürdü, içi işıqlanırdı.

Qədirin səsi ali qəmlə əhd bağlayana muştuluqdur.

Qədirin səsi millətimizin himni, dərdimizin oxşaması, ruhumuzun laylasıdı.

Qədir özünü tapan, özündə olan nadirlərdən idi.

Qədirin özündə özündən özgəsi yox idi.

Yad heç nə yox idi. Ona görə bənzərsiz idi.

Qədirin səsi aparan, yetirən səsdir.

Qədirin səsi işıqlı səsdir.

Çünki Qədir ifaçı deyil, izharçıdır, ifadəçidir.

Çünki Qədir oxuduğunu yaşayır, oxuduğuna dönür.

Çünki Qədir qəm haqqında danışmır, qəmin özü olur.

Kədərin şəklini çəkmir, kədərin özü olur.

Amma o kədəri, qəmi sevməmək mümkün deyil.

Qədir mahiyyətə o qədər qovuşur ki, dərdlə o qədər eyniləşir ki, insanı dərddən azad edir.

Qədirin xarici görkəmindəki dəyişikliklər onun daxilindəki təlatümün, məna zənginliyinin ifadəsi kimi üzə çıxır.

Ölüm yerdə həyatın sonudur, amma ruhun ölümü yoxdur.

Ölümün yer mənası faciəvi görünür, ruh isə onu tanımır.

Ölüm yerdə ayrılıqdır, ruhu ilə qovuşanlar həmişə bir yerdədirlər.

Qədirin ölümü Qədir adlı hadisənin təsdiqidir.

Qədir özünü səsinə verdi ki, bizi yerdən qaldırsın.

Səsinə qoşulub getdi.

Səsini sevdiyimizdən səsinə bərabər ali qəmlə mükafatlandırdı bizi – daim bizimlə qalsın deyə...

Bir milyon yığıla, Qədir ağlartıya sığmaz.

Bir milyon gələ, Qədir ayrılığa sığmaz.

Ovcumuzda tutub saxlamaq istədiyimiz işıq kimidir, həmişə azaddır – heç nəyə sığmaz.

Qədir görünər, amma görüntüyə sığmaz.

Qədir Qəm Pünhanlığıdır.

Hər kəsi öz qəribliyinə, qəribəliyinə çəkib aparar...

# 16062 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #