Qardaşının arvadını sevən kişi

Sevda Sultanova, kino-tənqdiçi

Sevda Sultanova, kino-tənqdiçi

21 oktyabr 2022
# 09:00

Kulis.az Sevda Sultanovanın yeni yazısını təqdim edir.

Yeni Zellandiyalı rejissor Ceyn Kempionun iki nüfuzlu mükafat almış (2021-ci ildə Gümüş Şir və 2022-ci ildə Oskar) “İtin caynağında” vestern-dramı daha çox feminizmin təzahürü kimi meydana çıxır. "Me too" hərəkatının ab-havasıyla rejissor, kişinin qadına psixoloji təzyiq və nifrətini, eyni zamanda, homoseksuallığı mərkəzi motivlərdən birinə çevirməklə filmini festival konyunkturasına uyğunlaşdırır.

Halbuki, Kempionun “Piano” (1993) filmi müasir dövrümüzdə melodram janrının ən maraqlı, dərin ekran əsərlərindən biridir.

“İtin caynağında” amerikalı yazıçı Tomas Sevicin eyniadlı romanı əsasında çəkilib. 1967-ci ilə çapdan çıxan roman zamanında ədəbiyyat mütəxəssislərinin diqqətini cəlb etməyib. Oxucular arasında da populyarlıq qazanmadan, tezliklə unudulan roman yalnız 2001-ci ildə klassik əsər kimi dəyərləndirilib.

Filmin süjetinə görə, hadisələr 1920-ci illərdə baş verir, rançoya sahib olan iki qardaş Fillə (Benedikt Kamberbetç) Corcun (Cessi Plemons) həyatına Rouz (Kirsten Danst) adlı dul qadın daxil olur. Alicənab, həssas Corcun evlənməsini brutal, kobud Fil qəbul eləmir.

Süjet qardaşların, Rouzla Filin mürəkkəb münasibətlərini, amma əsasən Filin daxili cəhənnəmini araşdırır. Brutal, sərt görkəmin arxasında, əslində, yaralı bir ürəyin dayandığını rejissor onun intim, cinsi kimliyinə nüfuz etməklə göstərir.

Ümumən isə filmdə baş qəhrəmanın Filin, yoxsa Rouzun olduğunu müəyyənləşdirmək çətindir. Film kadrarxasından Rouzun birinci ərindən olan yeniyetmə oğulu Piterin (Kodi Smit Makfi) “Mən heç nəyi anamın xoşbəxt olması qədər istəməmişəm. Onu xilas etməyəcəkdimsə, onda nə kişi idim ki” cümləsi ilə başlayanda bir qadın hekayəsinə baxacağını düşünürsən.

Hadisələr inkişaf etdikcə (əslində, süjetdə doğru-dürüst inkişaf da nəzərə çarpmır), fokus gah Filin üzərində, gah Rouzun əri və oğluyla münasibətində dayanır. Sonra Corc niyəsə uzun müddət yoxa çıxır və kamera yenə də Filin daxli yaşantılarını izləyir. Birtəhər anlayırsan ki, deyəsən, qəhrəman Fildir. Bütün hallarda rejissorun əsas məqsədi çağdaş liberal dünyanın aktuallaşdırdığı prioritetləri hədəfləməkdir. Bir tərəfdən, o, patriarxal dünyada əzilən qadını, onun iztirabalarını, digər tərəfdən isə Filin qadınlara nifrətinin kökündə həmin illərdə tabu olan homoseksual kimliyinin dayandığını və bu səbəblə yaşanan tənhalığını göstərir.

Kempion vestern janrını macəra diskursundan çıxararaq ekzistensial ovqatda işləyən ilk rejissor deyil. Bundan öncə, Enq Li 2005-ci ildə iki kovboyun sevgi münasibətinə görə kino tarixində ilk gey-vestern adlandırılan “Donqar dağ” filmini çəkmişdi. Ortabab melodram olsa da, homoseksual münasibətlərin toplum tərəfindən qəbuledilməzliyin çətinliyini, qəhrəmanların ağrısını, təcrid olunma məcburiyyətini diqqətə çatdırdığından, film bu mövzuda çəkilən ekran işlərindən fərqlənir.

Yeri gəlmişkən, deyim ki, “Donqar dağ” hekayəsinin müəllifi Enni Pruya “İtin caynağında” romanı təsir edib. Və Tomas Sevic özü biseksual idi.

Kino kontektsində isə “Donqar dağ” “İtin caynağında”dan yaxşıdır, heç olmasa personajları daha dərin qatlarda göstərə bildiyinə görə.

Filin homoseksuallığı açıq vurğulamasa da, keçmiş dostunu tez-tez xatırlaması, xiffəti və üstəlik, onun yaylığı ilə sevişməsi sayəsində bu, eyhamlaşır. Ümumiyyətlə, Kempion filmində kişi bədənlərinə, kişi naturasına çox diqqət ayırır və Filin tənhalığını bədəninin aclığında, seksual ehtiyaclarında ifadə edir.

Bir epizodda təbiət qoynunda çimən, bədənini günəverən kişilər görünür, sonra Fil meşədə yaylıqla masturbasiya edir, qardaşının arvadı ilə sevişmə səslərini dinləyəndə isə qəzəblənir və tövlədə atı sığallaması erotik, heyvanları axtalaması isə sərt pornoqrafik intonasiyada göstərilir. Rejissor bədəndən ruha keçə, təsirli ifadə vasitələri tapa bilmir.

Başqa bir məqam, kişi obrazlarını müəyyən kadrlarda qadın zərafəti ilə təsviridir. Sanki qəsdən elə rakurslar seçilir ki, Filin bədəni qadın bədəni ilə assosiasiya olunsun. Fakturaca “Venesiyada ölüm” filmindəki gənc Tadzionu xatırladan Piterin femina tərəfi güclüdür (yəqin ki, onun da homoseksual olduğuna eyham edir). Kempion göstərir ki, zahirən brutal, zəifliyə nifrət edən Filin əslində incə tərəfi və gizlədiyi zəifliyi var. Səbəb onun sevgisizlilkdən əzab çəkməsi, tənhalığa məhkumluğudur.

Filin depressiyasının bir səbəbi də patriarxal dünyanın süqutudur. Hadisənin baş verdiyi 20-ci illərdə Amerikada sənayeləşmə, urbanik mədəniyyət güclənirdi. Atlar yerini avtomobillərə, kəndlər şəhərlərə verir, yeni infrastruktur formalaşır və Filin tutunduğu dəyərlər köhnəlirdi. Bu detallar ətraflı işlənməsə də, müəyyən səhnələrdə vestern janrının xüsusiyyətlərindən biri - novator həyatla köhnəliyin toqquşması filmdə sezilir.

Kişilərdə hər hansı incə davranışı, münasibəti qəbul etməyən Fil Piterin çiçəklə, böcəklə əlləşməsinə dözümsüz yanaşır: “Anana de ki, səndən incə-mincə kişi düzəltməsin”. O, Piterə at çapmağı, ov ovlamağı, kişilik fəlsəfəsini öytərmək üçün özüylə dərəyə, dağa meşəyə aparır (Burda Tofiq Tağızadənin “Dədə Qoqrud” filmində Qazan xanın Turalı ova apararaq, kişi sənətini öyrətmək səhnəsi yada düşür).

Rouz isə öncəki (keçmiş əri tərəfindən) və indiki həyatında (Fil tərəfindən) aqressiv kişi münasibətinin qurbanı kimi göstərilir, hətta içkiyə qurşanır.

Final Piterin Zəburdan 21-ci psalmı (xristinalıqda və yəhudilikdə ruhani nəğmə, məzmur)oxumasıyla bitir. Mətndə Tanrı köməyə çağrılır, bəndə Tanrıdan onu tərk etməməsini, itin caynağından qurtarması üçün yalvarır. Və Fil xəstəlikdən ölərək, canını bu qəddra dünyadan qurtarır.

Sərt təbiət təsvirləri, interyerlərdəki duman qatı personajların intim aləmini ifadə edir. Pol Tomas Andersonla (xüsusən,“Neft” filmində) uğurla əməkdaşlıq edən Conni Qrinvudun musiqisi “İtin caynağında”da təsvirlərlə uyğunlaşmır və məzmunu ifadə etmir.


# 3511 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #