Nə geniş fon, nə dəqiq təsvirlər, nə də ki, dərin hisslər vardı

Seymur Baycan, yazıçı

Seymur Baycan, yazıçı

9 iyun 2022
# 15:00

Kulis.az Seymur Baycanın Murad Muradovun "Merlin" hekayəsi haqqında yazdığı yazısını təqdim edir.

Müəllifin hekayə janrı haqqında təsəvvürləri çox ənənəvidir. Üstəlik, hekayədə hisslərin ucuz istismarının əlamətləri açıq-aşkar görünürdü. Əgər hekayə itin döyülməsi üzərində qurulubsa, mövzuya başqa tərəflərdən girmək olardı.

Məsələn, iti feministlər döysəydi hekayə daha maraqlı alına bilərdi. Feministlərin biçarə bir iti döyməsini belə əsaslandırmaq mümkün idi.

Tutalım polis onların aksiya keçirməsinə icazə vermir. Əsəbiləşən feministlər də acıqlarını qarşılarına çıxan küçə itdən çıxırlar. Yığışıb iti amansızcasına döyürlər. İti təpikləyirlər. Üstünə benzin töküb yandırırlar. Boğazına ip keçirib sürüyürlər. Qarnını ülgüclə kəsib bağırsaqlarını çölə tökürlər. İtin gözlərini çıxarırlar...

Yaxud bir gənc öz sevgilisindən ayrılır. Ayrılıq dərdinə dözməyərək küçə itin döyür. Nə qədər qəribə görünsə də, həyatda belə hallar olur.

Mən bir şəxs tanıyırdım. O sevgilisindən ayrılanda tutub anasını, bacısını, hətta bəzən qoca nənəsini döyürdü. Yəni variantlar çoxdur. Nə qədər istəsən, variantlar axtarıb tapmaq, bu variantları müxtəlif formalarda əsaslandırmaq olardı.

İti döyməyin, itə əzab verməyin səbəbləri müxtəlif ola bilər. İti döyən, iti öldürən adamın mütləq şəkildə çox pis adam olması da vacib şərt deyil. Gerasim təbiət etibarı ilə yaxşı insan idi. Amma Gerasimin təbiət etibarı ilə yaxşı insan olmağı "Mumu"nu suda boğmağına mane ola bilmədi.

Mən müəlliflərin adından geniş danışmağı, əsərdə mütləq alt qatlar axtarmağı sevmirəm. Lakin bir çox ədəbiyyat tənqidçiləri qətiyyətlə iddia edirlər ki, əslində, Turgenev "Mumu" hekayəsində Gerasimin sevimli itini boğmasını təsvir etməklə çox ciddi mətləblərə toxunub. Mumu Gerasimi malikanəyə bağlayan yeganə canlı idi. Gerasim Mumuya görə malikanənin ağır ab-havasına dözürdü. Bu ağır ab-havadan uzaqlaşmaq üçün Gerasim mumunu mütləq suda boğmalı idi. Əks halda Gerasim malikanədən uzaqlaşa bilməyəcəkdi.

Bir çox ədəbiyyat tənqidçilərinin fikrincə Turgenev hekayədə demək istəyib ki, hansısa bir yolda addımlayan, hansısa bir ideyaya qulluq edən adam hətta onun üçün doğma olan istənilən canlını boğmağa, yolundan kənara itələməyə daima hazır olmalıdır. Əgər doğmaları qurban verməyə hazır olmasan bu doğmalar günün birində sənin əlinə bu və ya digər formada qandallar vurub qarşı tərəfə təhvil verəcəklər. İdeya və doğmalar dilemması qarşısında qalan adam Gerasim kimi hərəkət etməlidir, doğmalarını suda boğmağa özündə güc tapmalıdır. Bu problem müəyyən mənada Çexovun "Albalı bağı"nda da qabardılıb. Dəmiryolu – tərəqqi və albalı bağı – sənin üçün əziz olan xatirələr... Nə qədər ağır olsa da, ikisindən birini seçməlisən.

Xülaseyi-kəlam, sözümün canı ondan ibarətdir ki, bir canlı başqa bir canlıya əzab verirsə, bunun kökündə mütləq nifrət axtarıb tapmaq lazım deyil.

Bir neçə ay bundan əvvəl Azərbaycanın rayonlarından birində at asmışdılar. Hələ də o xəbərin təsirindən çıxa bilməmişəm. Hələ də atın asılması haqqında düşünməkdəyəm. Razılaşaq ki, atın asılması çox qəribə hadisədir. Atı asan adamı qınamaq, ona lənətlər yağdırmaq işin asan tərəfidir. Axtarıb tapmaq, araşdırmaq lazımdır ki, bir insan axı niyə atı asıb? Atı asmaq hardan onun ağlına gəlib? Bəlkə də, o adam arvadını asmaq istəyirmiş, gedib arvadının əvəzinə atı asıb. Nə bilək, bəlkə də, atı heç sahibi asmayıb? Atı başqa bir at asıb. Ya da hansısa bir səbəbə görə elə at özü özünü asıb. Hər bir canlının bu dünyadan könüllü getmək hüququ var. O cümlədən atların da.

Hekayə janrı haqqında dəfələrlə dediyim fikri bir daha təkrarlamaq istərdim. Hekayədə geniş fon, çoxlu dəqiq təsvirlər, ya da çox dərin, oxucunun yeddi qatından keçən hisslər olmalıdır. İkisi bir yerdə olsa, lap gözəl. Xoş o müəlliflərin halına ki, hekayədə həm geniş fon verməyi, həm də dərin hissləri ifadə etməyi bacarırlar. Geniş fon, dəqiq təsvirlər əhvalatın oxucuya təsir etməsini şərtləndirir. Dərin hisslər isə oxucunu düşündürür, oxucunu hansısa bir hadisəni xatırlamağa vadar edir.

Muradın hekayəsində isə nə geniş fon, nə dəqiq təsvirlər, nə də ki, dərin hisslər vardı. Bu isə o deməkdir ki, hekayə alınmayıb.

Cavanşir müəllimlə tam razıyam. Murad çox oxumalıdır. Özü də xarici ədəbiyyatdan daha çox, yerli ədəbiyyatı oxumağa üstünlük verməlidir. Kimin xarici ədəbiyyat haqqında azdan-çoxdan təsəvvürü varsa, xarici ədəbiyyatı oxumağı dayandırıb, ancaq yerli ədəbiyyatı oxumalıdır. Hekayədə kolorit çatışmırdı. Bu da yerli ədəbiyyatı az oxumağın fəsadlarından biridir.

Sonda xoş, sevindirici, ümidverici, vacib bir məqama toxunmaq istərdim. Hekayədə intellektual pafos yox idi. Bu çox yaxşıdır. Hətta əladır. Deməli, inkişaf etmək, təcrübə qazanmaq, ortaya yaxşı mətnlər qoymaq mümkündür. Bütün bunlar sırf müəllifin özündən, nə qədər zəhmət çəkəcəyindən asılı olan məsələlərdir. Əsas odur ki, intellektual pafos yoxdur.

Uzun ömür, can sağlığı arzulayıram.

# 3558 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #