Məzarlıqda sevişən cütlüklər – Orxan Həsəni yazır...

Orxan Həsəni, yazar

Orxan Həsəni, yazar

6 fevral 2022
# 13:30

Kulis.az Orxan Həsəninin “Məzarlıqda itmək” yazısını təqdim edir.

Məzarlıqda azmaq kabusda gəzişmək kimidir.

O.H.

Uşaq idim. Babam öldü.

Məzarlıqla tanış olmaq üçün mütləq ona kimisə bağışlamalısan.

Babamı hərdən-hərdən ziyarət etmək üçün kərpic və qamışlardan yığılan, kiçik qaçqın evimizdən nəşəylə çıxır, nənəmin qucağında hazır duran yerimi tanıyıb Cərcis peyğəmbər ziyarətgahınacan çala-çökəkdə atlana-atlana darıxırdım. Beyləqanda yerləşən bu ziyarətgah, deyilənə görə, İsa peyğəmbərin həvarilərindən birinin şagirdi olan Georgesin adını daşıyırdı. Pravoslav ruslar onu Məğlubedilməz Georgi, katolik Avropa isə Müqəddəs Corcius kimi tanıyırdı.

Xalq arasında Cərcis peyğəmbər haqqında müxtəlif rəvayətlər, əfsanələr dolaşır, adamlar bu rəvayətləri, əfsanələri dodaqları əsə-əsə, gözləri böyüyüb yuvasından çıxa-çıxa bir-birinə danışıb ilahi qat, mənəvi aləmlə əlaqəyə çıxırdılar. Bu əhvalatlar həqiqətdən qaçmağa deyil, gerçəyi axtarmağa, xaosdan məna çıxarmaq üçün sapa düzülürdü, bilirdim. Mənim canıma hər dəfə üşütmə salan, qorxudan rəvayətlərin, əfsanələrin əslində insanların alternativ reallıq yaratmaq, əski dövrlərin, zamanların nəfəsini daşıyıb bu günə gətirmək ehtirasından doğduğunu, ətə, qana yığıldığını antropologiya və mifologiyaya aid kitablar oxuduqca aydın dərk edəcəkdim.

Rəvayətlərdən birində Cərcis peyğəmbərin Suriyadan təbliğat səfərinə çıxaraq Mil torpağına gəldiyi deyilirdi. Atəşpərəstlər isə onun tək olan Allaha itaət etmək çağırışını rədd edib və təqib ediblər. Qaçıb indiki ziyarətgah yerinə gələn Cərcis Allahın mərhəməti ilə atılan oxlardan qorunsa da, quyuya düşüb. Fürsəti əldən verməyən atəşpərəstlər onun üstünü torpaqlayıblar. Beləcə, bu türbə bina olub.

Quyuya düşən insanın üstünü torpaqlamaq mənə nə qədər vahiməli görünürdüsə, özümü o quyunun içində bilmək, təsəvvürlərimin pasını tökürdü. Bəzən özümü yuxularda dərin bir quyunun içində görür, sifətinə qaranlıq çökən adamlar quyunun başından üstümə torpaq aşırırdılar. Torpaq gözlərimə dolur, ayağımın altına yığılır, sonra dizləriməcən qalxırdı, ayağım, bədənim ağırlaşırdı, sanki suyun içində qaçmaq istəyirmişəm kimi əziyyət çəkib bədənimi gücə salırdım. Vahimə yuxudan oyanıb baş ucumda nənəmi görüncə çəkilib itirdi.

Nənəmin əhvalatları isə bitmirdi.

Cərcis Peyğəmbərin Beyləqan torpağına gəldiyi dövrdə bu yerlərdə Dərziyanə adlı zalım bir şah hökmranlıq edirmiş. Cərcis peyğəmbər tək allahlığı təbliğ etməyə başlayır və qısa zamanda onun gətirdiyi dini qəbul edən insanların sayı 33 min nəfəri aşır. Dərziyanə şah Cərcis peyğəmbərin gəlişindən sonra nüfuzunu itirməyə başlayır. Buna görə də Cərcis peyğəmbəri həbs edib doğratdırır və quyuya tökdürür. Lakin peyğəmbər Allahın əmri ilə yenidən dirilib, quyudan çıxır. Bu hadisə düz üç dəfə təkrarlanır. Nəhayət, dördüncü dəfə doğranılıb quyuya tökülən peyğəmbər Allahdan onu bir daha həyata qaytarmamağı xahiş edir.

Cərcis adının farsca “cahar” və “cur” sözlərindən əmələ gəldiyini və “dörd dəfə ölüb-dirilən” mənasını verdiyini oxuculara xatırlatmağı özümə borc bilirəm.

Bunları mənə dodaqları qocalıqdan və danışmaqdan büzüşüb ağzının içinə bükülən nənəm arxayınca nəql edirdi və mənim gözlərim onun çıraq işığından rəng almış, qırış basmış üzündə ehtiyatla gəzişincə təsəvvürlərimin odu qalanırdı.

Nənəm ayin proseduralarında diqqətcil və ehtiyatkar olsa da, din onun üçün mənəvi yox, ictimai məsələydi. Beləcə kütləvi ayinlərdə tələblərə yerli-yataqlı əməl etməsinə baxmayaraq, heç vaxt namaz qılmamış, yeri gələndə namaz qılanları, oruc tutanları məzhəkəyə çəkmişdi. Cavan vaxtlarında ailə məclislərində, toy-nişanlarda araq içdiyi, çaxırdan zövq aldığını bilirdim. Bunu babam danışmışdı. İndi məzarda yatan babam.

Məzarlıq Cərcis peyğəmbər türbəsinin alaçığına dən-dən səpələnmişdi deyə ziyarətə əvvəl türbədən başlamaq məqbuldu. Ayinə binanı üç dəfə dövrə vurmaqla girişirdik. Nənəm metr yarım boyu, qalın hörmə corabları, bəyaz bənizi ilə əlimdən tutur, nazilib az qala yoxa çıxmış dodaqlarını məhəbbətlə daşlara sıxırdı. Mən onun hərəkətlərini birə-bir təkrarlayır və çəhrayı, uşaq dodaqlarımın soyuq, sarı və çirkli daşlara toxunmasından müdhiş zövq alırdım. Həyat uzunu bir də heç vaxt rastıma çıxmayan, yalnız həmin məqamlarda burnuma dolub bütün ruhumu ələ keçirən qəribə qoxunu orada duymuşdum. Adam qatarları dairəvi, sarı kərpiclə hörülmüş binanı öpə-öpə dövrələyərkən mən yanağımı sarı kərpiclərə söykəyir, ruhumdan süzülüb axmaq istəyən qədim nəğmələrə qulaq kəsilirdim. Heç nə eşitmirdim.

Yanağım söykəli ikən sarı kərpiclərin üzərindəki qələmlə, karandaşla yazılan səliqəsiz cümlələri aydın görürdüm. Hərdən-hərdən şəkillər də gözə dəyirdi. Cümlələr, şəkillər insan arzuları, niyyətləri, duaları idi. İnsanlar arzularını sarı kərpicin üzərinə yazmaqla yerinə yetəcəyinə inanır, niyyət tuturdular. Gözəgörünməz qüvvə bu səliqəsiz yazıları bircə anda oxuyub onu yerinə yetirir, qaynar qəlblərə su çiləyirdi, xəstə ruhlara, xəstə bədənlərə şəfa bağışlayırdı.

Əlifbanı yenicə öyrənmişdim. Min əziyyətlə oxuduğum yazılı arzularla öz, şifahi arzularımı yanaşı qoyub onları heyrətlə izləyirdim. Tezliklə içimə təəccüb toxumları səpilirdi. Xəstələr şəfa arzulayırdı, gənc qızlar xoşbəxt ailə həyatı diləyirdi, zalımlara cəza, özünə son model maşın istəyənlərin sayı da az deyildi. Mənimsə arzumun adı birdi – dost. Çünki qaçqın daxmamızda və ətraf meşəlik ərazilərdə yaşı yaşıma tən gələn bircə uşaq da yoxdu. “UNİCEF”-in hədiyyə etdiyi oyuncaqlarla darıxırdım. Oyuncaqları burnuma tutub qoxulayır, itlərlə, pişiklərlə oynayırdım. Təkdən bir meşəlik ərazidən keçən qaraçı dəstələrindəki uşaqların isə dilini bilmirdim. Yalnız uzaqdan bir-birimizə baxır, əl yelləyirdik. Belə zamanlarda mənə elə gəlirdi ki, onlar da darıxır.

Arzumun içində eşələndikcə fikirlərin axınına düşüb sürüklənir, bir dəm nənəmin kürəyimə dəyən əlini duyurdum. Üçüncü dövrədən sonra növbəti ayin türbənin içindəki zəncirə yaylıq atmaq idi. Türbənin minbərindən uzun bir zəncir asılmışdı.

Mil düzü, xüsusən, Beyləqan ərazisi susuz, quru səhra olduğundan dərin quyular qazılırmış. Deyilənə görə, Cərcis türbənin minbərindən asılan zəncirlə quyudan su çıxarıb. Başqa bir əhvalat isə daha real görünürdü; türbənin tikintisi zamanı tarazlığı qorumaq üçün bu zəncirdən istifadə edilibmiş.

Lakin ora niyyət tutub, kişilər papaq, qadınlar isə dəsmal atırdılar. Papaq və ya dəsmal atılan zaman zəncir yellənməyə başlayır. Əgər papaq və ya dəsmal zəncir yellənən zaman düşməsə, niyyətin qəbul idi, düşərsə, səbir etməliydin.

Nənəmin atdığı yaylıqların heç biri düşmürdü. Gizlin-gizlin yaylığın cırıq hissəsini zəncirin ucuna keçirib məmnun yellənməyini izləyirdi. Bir dağla qalxıb minbərə dırmaşır, enerjiylə, eşqlə geri qayıdıb yaylığı tərpədirdi. Çifayda.

Babamı Cərcis peyğəmbər türbəsinin alaçığına dən-dən səpələnmiş məzarlıqda dəfn etmişdik. Qəbrin yaxınlığından kanal keçirdi. Qısa məsafədə axan kanaldan hasarlanmış məzara su çəkmiş, ətrafında çiçəklər əkmişdik. Mənə elə gəlmişdi ki, bu çiçəklərdən babamın ətri gəlir.

Yəqin, çiçəklərin ətrini təkcə mən duymurdum. Hər dördüncü gün (Adna günü) bütün ailə yığışıb dayımın “Kamaz”ına doluşurdu. Yaşlılar kabinədə sıxlaşır, tərli çiyinlər bir-birini öpürdü, cavanlar və nisbətən orta yaşlılar isə “Kamaz”ın yük yerinə atlanıb minirdilər. Yolu və ayinləri başa gətirib məzara çatanda arvadlar ağlayırdı və mən onların göz yaşını görürdüm.

Babamın ölümü birinci müharibədən sonra ilk itkimiz idi.

Əmilərim isə ağ mərmərlə götürülmüş qəbirüstünə su töküb təmizləyər, çiçəkləri sulayardılar. Hər dəfə yola düşəndə “Kamaz”ın yük yerində getmək istəsəm də, nənəm icazə vermir, məni öz yanında əyləşdirirdi. Ancaq həmin gün...

Qəbir üstünə yük yerində getmək üçün nənəmi əməllicə bezdirdim. Onu incidir, barmaqlarını dişləyir, qulağına üfürürdüm, yaylığını alıb qaçırdım. Arzum ondan xilas olmaq, cavanların, orta yaşlıların yığışdıqları üstü açıq yük yerinə çıxmaq idi. Bəd əməllərim işə yaradı, beləcə köməkləşə “Kamaz”ın yük yerinə qalxa bildim. Burdan açılan mənzərə cazibəli görünürdü. Günəş yaxınlıqdan axan Qarabağ kanalının səthində əks olunurdu. Mat qalmışdım. Motor işə düşəndə və maşın hərəkətə gələndə isə az qala ürəyim sevincdən göyərçin olub pırr eləsin. Külək üzümü yalayır, qulaqlarıma dolur, ağzımın qıraqlarına toxunub içimdə xoş, şirin qıdıq yaradırdı. Axan asfaltı tuta bilmirdim deyə başım hərlənirdi, ancaq dəmir tutacaqdan möhkəm yapışmışdım. Həyat həmişəkindən gözəl idi. Başqa uşaqları görürdüm. Başqa həyatlara şahidlik edirdim. Və gördüyüm hər şey tezliklə əvəzlənirdi, mənzərələr lent-lent ötürdü.

Qəbir üstünə gəldik və ənənəvi mərasim başladı. Ağlayanlar ağladı, dərdini danışanlar danışdı. Nənəmdən uzaq düşmüşdüm deyə ətrafa boylanır, yeni oyunlar tapmaq, yeni məkanlar kəşf etmək istəyirdim. Atam və əmim kanala enib, ağzına yosun ilişən su motorunu söküb yenidən yığırdılar. Ətrafdakı qəbir daşları ilk dəfə belə yaxın görününcə məni ölü və vəhşi təsirinə aldı. Məzarların üzündəki simalarla oxşar donuqluqla baxışırdıq. Həyatdan şəkillərə köçən insan simalarının arxasındakı nəhəng həqiqətin – ölümün cazibəsi asanca duyulurdu.

Soyuq daşlardan baxan simalar bir-birini elə hey əvəzləyirdi. Ağ mərmərlər, qara mərmərlərlə qovuşur, arxa-arxaya, yan-yana sıralanırdı. Şəkillərin, şeirlərin, baş daşının üzərindəki rəqəmlərin ipindən tutub yolun seyrək yerinə düşdüm. Addımlarım çaparaq əvəzlənir, qanqal tikanlarından çılpaq ayaqlarımı qoruya bilmirdim. Kolların arasından keçib o gözəl qadına yaxından baxmalıydım. Bax, elə burdan sola dönməli, cəftəli həyətə keçib yaşlı və dolu kişinin sinəsindəki sazı, başındakı buxara papağı diqqətlə nəzərdən keçirməliydim. Sinəsində saz, başında buxara papaq olan kişinin solunda ay parçası kimi gözəl, saçları sinəsinə dağılmış bir qadının sifəti parlayırdı. Doğum və ölüm tarixinə diqqət kəsildim və düz 85 yaşında vəfat etdiyini gördüm. Belə görünür, saz çalan kişinin anası idi. Vəfat tarixlərinin arasında bircə ay fərq vardı. Şəkildəki qadın 85 yaşında ölənə qəti oxşamırdı. Yəqin, foto mərmərə həkk olunanda ustaya gənclik fotolarından birini vermişdilər. Birdən fikirləşdim ki, insan həyat uzunu müxtəlif görünüşlərdə olur. İnsanların təsəvvüründəki kimliyimiz fiziki görünüşümüzdən rəng alır. Bəzən özümüz də görünüşümüzə görə vərdişlər tapır, həyatımızı və xarakterimizi formalaşdırırıq. İnsan öldükcə onun yalnız son halı yox, həyat uzunu formasına düşdüyü bütün görünüşləri ölür. Məsələn, iyimi beş yaşında uzun saqqal, uzun saç saxlayan insan yetmiş yaşında həyatdan keçəl köçürsə, demək, o məzarda həm də iyirmi beş yaşında uzun saqqal, uzun saç adam uyuyur. Axı nə üçün baş daşında yalnız bir foto var?

Düşüncələr məni hərəkətə gətirirdi. Budur, yaşı mənim yaşıma tən uşaq. İri, kövrək gözləri utancaq-utancaq yerə dikilib. Onun simasındakı küskün ifadəni ancaq ölümü dadan adam daşıya bilərdi. Bu baxışlara həyatdan tez köçməyin incikliyi həkk olunmuşdu.

O uşağın üzündəki öz sifətimi gördüm və silkələndim. İlk dəfə ölümdən qorxdum. Çevrilib arxaya baxanda azdığımı hiss etdim. Azmaq bizi ona görə qorxutmur ki, gəldiyimiz yeri bilmirik, ona görə qorxudur ki, hara gedəcəyimiz haqqında heç bir fikrimiz yoxdur.

Şəkillər, şeirlər, rəqəmlər ayağıma, gözümə dolaşmış, məni azdırmışdı.

Bəli, yay idi. Sarı samanların, qurumuş qanqalların arasında xoşbəxt-xoşbəxt oxuyan çəyirtkələr cütləşirdilər. Qarışqalar yuvalarına çəyirtkə budu daşıyırdılar. Qorxu bədənimi qızdırmışdı. Birdən məni tər basmışdı. Xeyli gəzişdikdən sonra yorulduğumu, çıxmaq istəyərkən daha dərin bataqlığa batdığımı duymuşdum. İçimdəki çarəsizlik hissinə ad verə bilmirdim. Bütün fotolar məni izləyir, əlacsız tövşüməyimdən zövq alırdılar. Uşaq şəkilləri gülür, yaşlı şəkillər isə gözlərini bərəldirdilər. Bir məqamdan sonra çəyirtkələrin səsini adam səsi kimi eşitməyə başladım. Bədənimi bürüyən qorxu və narahatlıq məni müdafiəsiz olduğuma inandırmış, təsəvvürlərimi ovxalayıb tökmüşdü. İndi babamı daha çox sevdiyimi xatırladım. Onun məzarını tapsam, məni bu yad üzlərdən, yad baxışlardan yalnız o qoruyardı. Bu ölülər şəhərində yalnız onun məzarından qorxmur, yalnız onun soyuq, ağ mərmərini qucaqlayıb yuxulaya biləcəyimi düşünürdüm.

Gəlib qamışlığa çıxdım. Görünür, qəbiristanlıq burada bitirdi. Qamışlığın arasında təkdən bir unudulmuş məzarlar gözə dəyirdi. Bu məzarların üzərində şəkillər yox idi və tarixlər əski yazı ilə yonulmuşdu. İndi qorxmurdum. Yad və vahiməli baxışlar məni izləmirdi.

Geri qayıdan ürəyin yiyəsi deyildim. İrəlidə qamışlıq qalınlaşırdı. Mən birdən özümü tamam tənha hiss etdim. Başımın üstünü götürən məzarların və qamışlığın kölgəsində nəfəs-nəfəs qalmışdım. Qəfilcən qamışlığın arasından səs gəlməyə başladı. Dilim qatlanacaqdı ki, canımdakı son taqətlə qışqırdım:

- Kim var orda?

Qamışlığın bir ucu tərpəşdi. Qadın səsi gəldi:

- O kimdir elə?

- Fikir vermə, işini gör – kişi səsi onun səsini batırdı.

- Yox, dəqiq ordan səs gəldi. Bir dayan. – təlaşla.

Qamışlığın arasından çıxan kişini görəndə özümü bircə an xoşbəxt hiss etdim. İlahi, xilas oldum. Mənə baxan yüzlərlə yad baxışdan yalnız bu baxış canlı idi, hərəkətdə idi, ürəyi döyünür, nəfəsi gəlirdi.

- Kimsən, a bala? – kişi səsi şalvarının düyməsini bağlaya-bağlaya yaxınlaşdı.

- Mənəm.

- Sən kimsən? Kimin oğlusan?

- Babam öldü.

- Baban kimdir?

- O burdadır. Bilmirəm harda.

Sifətim qorxudan ağappaq ağarmışdı. Bunu görən kişi səsi yenidən geri qayıdıb qadına dedi:

- Sən get maşına, məni gözlə. Uşaq azıb.

Qolumdan yapışan kişi ilə məzarların kölgəsi ilə xeyli yol getdik. Mən onun addımlarına çatmaq istəyirdim, ancaq alınmırdı, geri qalırdım.

- De görüm, bura necə gəlib çıxmısan?

- Bilmirəm.

- Bəlkə, məni izləyirdin, hə?

- Heç kimi izləmirdim. Azmışdım.

- Bayaq nə gördün orda?

- Heç nə.

- Kişi kimi düzünü de. Nə gördün?

- Heç nə görmədim.

- Birdən gördüyünü kiməsə deyərsən ha. – dayanıb bir dizini yerə qoydu. – Kişi kimi söz ver mənə. Heç kimə heç nə deməyəcəksən. Oldu? – susub məndən cavab gözlədi. Mən başımı təsdiq halında qaldırıb endirdim.

- Mənim onsuz da bəxtim yoxdu. De görüm adın nədir?

- Orxan.

- Hə, Orxan, de görüm, bura necə gəlib çıxmısan?

Birdən Cərcis peyğəmbər türbəsinin damı göründü və içimə sonsuz fərəh, xoş genişlik havası doldu. Qanqalların arasından keçib açıqlığa çıxdıq. Qohumlarım ağaclığın altında səpələnmişdilər. Kişilər gözə dəymirdi, görünür, axtarış üçün qəbiristanlığa tökülmüşdülər. Nənəm məni uzaqdan görüncə tanıdı və əllərini dizinə çırpıb, üzünə şırım atdı. Qaçıb onu qucaqladım və çatan kimi nənəmin üzü qanadı. Yad adam tezliklə aradan çıxdı. Ona təbəssüm vidası yolladım.

Atam və əmilərim özgə istiqamətdən gəlirdilər. Məzarlığı ayaqdan salıb əldən düşmüşdülər. Atam yaxınlaşırdı, yaxınlaşırdı, ilğım kimi, röya kimi, sehr kimi fiziki kütləsi böyüyürdü, əvvəl-əvvəl parlaq günəş altında forması biçimsiz idisə, yaxınlaşdıqca ətə, qana yığılırdı, forma qazanırdı və mən onu gördüyüm üçün xoşbəxt, təsadüfi və qısa ayrılıq üçün üzgündüm. Həyatımı bir neçə hissəyə ayırsam və onların hərəsinə bir xoşbəxtlik anı seçsəm, uşaqlığımın ən xoşxət anı bu olardı. Atamın qızmar günəş altında tərini silə-silə addımlarını irilətməsi, bəyaz qapı kimi üzümə açılması.

Və həmin an.

O çatan kimi mənə sərt bir sillə çəkdi. Burnum qanadı. Nənəmi qucaqlayıb ağladım.

Qayıdanda kabinədə əyləmişdim. Nənəmin üzündəki şırımların qırmızı xətti qurumuşdu, mənim burnumun qanı kəsmişdi. “Kamaz”ın pəncərəsindən ötüb gedən mənzərələrə baxırdım. Gördüyüm uşaqlar mənə əl yelləyirdilər.

# 4106 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #