Meyxananı məhv edən Baləli necə məşhurlaşdı?

Baləli Maştağalı

Baləli Maştağalı

6 fevral 2023
# 15:00

Kulis.az Vüqar Vanın “Baləlinin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Dənniyərəm bunları, quşlar üçün dən olsa,
Tək diyərəm sözümü mən, əlli dənə sən olsa,
Əgər Rəşad sənətdə tərpənə-tərpən olsa,
Meyxananın taleyi qeyri-müəyyəndədi.

Rəşad Dağlı

Çoxdandır Baləli haqqında yazmaq istəyirdim. Baləliyə yeni baxış bucağından baxmaq, onu yenidən dəyərləndirmək, sosial-fəlsəfi-kulturoloji sima kimi tədqiq etmək istəyirdim. Amma buna hələ tam hazır deyildim, yazı yubandıqca-yubanırdı.

Dünən isə bir şəkil sosial şəbəkələrdə gündəm oldu. Baləligil meyxana deyir və restoran ağzına qədər qarakurtkalı adamlarla doludur.

Doğrudan da, ilk dəfə idi o qədər xiridar görürdüm. Bu şəklə baxıb dərin düşüncələr daldım və özümə dedim:

“Artıq vaxtdır. Yaraqlan, yasaqlan. İgid ağzını açmaz, əlini açar. Dur və Baləli haqqında yazını yaz”.

1-ci hissə

Özümün meyxana ilə münasibətlərimi çoxdan aydınlaşdırmışam. Məncə, hər kəs meyxana ilə münasibətlərini aydınlaşdırmalıdır. Meyxananı dinləmirəm, meyxanaya baxıram. İnternetdə olan məşhur meyxana videolarının çoxuna baxmışam. Orda adamlar nə edirlər, meyxanaçılar necə davranırlar, söz deməmişdən əvvəl hansı halda olurlar, nə qədər siqaret çəkirlər, nə qədər çay içirlər, nə geyinirlər, yaxşı söz deyiləndə necə reaksiya verirlər, üzərlik gətirən ofisianta nə qədər bəxşiş verirlər, sintezator çalanla necə əlaqəyə keçirlər, bir-birlərinin növbəsinə girəndə nə edirlər, istedadsız, təzə başlayan biri mənasız söz deyəndə köhnələr necə davranırlar, bir-birinə atmaca atan meyxanaçıların reaksiyaları necə olur, zarafatlaşanda necə zarafatlaşırlar, xiridarlar özlərini necə aparırlar, şabaşı necə verirlər, nə qədər şabaş atırlar stolun üstünə, hansı mövzulara daha çox reaksiya gəlir, kimi daha çox sevirlər, bir-birlərindən “filan söz deyilib?!”i necə soruşurlar, təkrar edəndə nə olur, gülməli söz deyəndə nə edirlər, yeni bənd uzananda sintezator öz məharətini necə göstərir və s. Maraqlıdır. Meyxanaya baxmaq lazımdır. Onlar nə deyirlər, elə də fikir vermirəm.

2-ci hissə

Baləlinin arxetipi necədir? Gəlin, Baləlini təsvir edək.

Arıq və uzundur. Ovurdları batıq, gözləri domba, burnu şiş, çənəsi yekə, dodaqları nazik, qulaqları xaricə doğru çoxçıxıntılıdır. Saçları alnına yapışmış şəkildə sola, bəzən sağa daranmış olur. Alnı, demək olar ki, görünmür. Saçları bir ara ağarmışdı, son vaxtlar qaralıb. Deyəsən, rəngləyir. (Özü bilər, kimin nəyinə lazım?). Dişlərini təzəliklə düzəltdirib.

Əsasən, qara gödəkcə, qara cins şalvar və qara corab geyinir. Əgər toydadırsa, əynində qara “vadalaska”, qara sviter, qara köynək olur. Yox, əgər efirdədirsə, göy “vadalaska”, göy sviter, göy köynək geyinir. Aksessuar olaraq boyunbağı, saat və üzük taxır. İnstaqramda paylaşdığı şəkillərdə şəhadət barmağını göyə tutur. Qap-qara “Geländewagen‎” sürür. Ayaqqabı seçimi də qara makasindir.

Qaranın müxtəlif çalarlarına üstünlük verən Baləlinin təkcə stili yox, həm də taleyi qaradır. Taleyi qara olmasa, olmazdı. Hər bir azərbaycanlı “mujikin” taleyi qap-qara olmalıdır. Əgər taleyin qara deyilsə, heç vaxt əsl oğlanlıqdan söhbət gedə bilməz. Taleyin qaralığı, geyimə, danışığa, hərəkətlərə də yansıyır, onları da qara edir. Məsələn, mənim taleyim qırmızı, sarı və çəhrayıdır deyə, geyimimə, davranışlarıma, fikirlərimə də onlar yansıyır. Amma mən hara, Baləli hara? Adicə, talelərimizi götürsək, mən dərhal uduzuram. Bir var çəhrayı taleyi olan oğlan, bir var qap-qara, zil qara taleyi olan oğlan. Qara taleyi olan oğlanlara atəşin salamlar.

Lotu və oğru şairdir. Sözümü qəribçiliyə salmayın. Meyxana dinləyənsinizsə, bilərsiz ki, Baləlinin hər üç qafiyəsindən beşi “lotu şairəm mən”lə başlayır, “oğru şairəm mən”lə bitir. Düzü, bu yarlıkların nə demək olduğunu tam dərk edə bilmirəm. Lotu şairi hardasa başa düşmək olar, hardasa lotu şairi başa düşə bilərəm. Amma “oğru şair” dedikdə, nə deyilmək istəyir, mənə aydın olmur. Şair hara, oğurluq hara? Bildiyim qədərilə kriminal dünyada “oğru” bir addır. Müəyyən bir qəhrəmanlığa görə onu verirlər. Hər halda, özü bilər. Əgər elə deyirsə, deməli, bir bildiyi var.


3-cü hissə

Baləli necə meyxanaçıdır? Necə oldu, birdən-birə belə məşhurlaşdı?

Baləli gənc yaşlarından Pərvizin, Aydının, Vüqarın, Rəşadın, Bayramın, Kərimin yanında meyxana deyir. Onu lap köhnə toylarda da görmək olar. Cavan, arıq, sısqa bir oğlandır. Bəli, ta ovaxtdan var. Ayağa durub, deyəcəyi bəndi yüksək səslə təkrarlayan, fikirləşəndə səsli fikirləşən, bəzən əsəbi, bəzən gülməli, bəzən mənasız, bəzən mənalı, çox siqaret çəkən, bəzi bəndləri ölçüyə uyğun gəlməyən, ikinci-üçüncü misrada çaşan, deyişmələrdə sintezatorun sürətinə çatdırmayıb pörtən, qışqıran, qollarını ölçə-ölçə danışan, heç kimin fikir vermədiyi cavan bir oğlan idi.

Bəs nə oldu, necə oldu ki, Baləli hazırda ən məşhur meyxanaçılardan biridir? Ən çox sevilən, ən çox arzulanan sənətkardır.

Baləli son dövrlər, xüsusən, 2 ildir məşhurlaşmağa başlayıb. Əvvəlcə, Rəşadın ən yaxın dostu, “lotu, oğru şair” olaraq, sonradan “muzikalni trend qafiyələr” açaraq. İndi hamı Baləlinin “trend qafiyələrini” gözləyir. Toylarda o mikrofonu əlinə götürəndə, xiridarlar “trend olsun Baləli, trend olsun” deyərək qışqırırlar. Bilməyənlər üçün qeyd edək ki, “trend video” Yutubda ölkə daxilində ən çox baxılanlar siyahısına düşən video deməkdir. Doğrudan da, Baləlinin açdığı “muzikalni qafiyələr”in çoxu trend olur. Bir günə yüz minlərlə baxılır.

Rəşad Dağlı tutulandan sonra Baləli daha da məşhurlaşdı. Rəşadın ən yaxın dostu olaraq, sanki meyxana məşəlini daşıyan o oldu. Hər məclisdə mütləq Rəşad haqqında bir bənd deyərək də, onu yada salır, özünü sədaqət simvolu, əsl dost olaraq göstərir.

4-cü hissə

Baləliyə qədər olan meyxana, belə demək olarsa, modernist meyxana idi. Ritm vardı və əsasən sözə, deyişməyə, bacarığa, çevikliyə, zəkaya, hazırcavablılığa, yumora fikir verilirdi. Meyxana birxətli idi. A-da başlayıb, Z-də bitirdi. Meyxanaçının avazına, səsinə yox, dediyi sözə, “peçat atvetinə” reaksiya gəlirdi. Həyat, sevgi və vətən haqqında deyilən bəndlərdə, aqressiya, narkomaniyanın təbliği, kriminal həyat, demək olar ki, təbliğ olunmurdu. Bakı kəndlərinin koloriti, təbiiliyi özünü qədimyanə meyxanalarda göstərirdi. Kültəyə hesablanan fikirlər az idi. Heç bir meyxanaçı ayağa duranda “necə deyim ki, trend olsun” deyə fikirləşmirdi. Bir sözlə, meyxana şou yox, iş idi.

Baləli bir mərhələ oldu. Sanki meyxana yeniləndikcə, öz-özünü yox etməyə başladı. Baləli modernist meyxananı rədd etdi, beləcə meyxana post-modernist mərhələyə adladı. Baləli də ilk reformistlərdən, ilk post-modernist meyxanaçılardan biri, hətta birincisi oldu. Baləlidən əvvəl ta ovaxtlar bunu Bayram Kürdəxanlı etmişdi. Necə istəyirdi, elə də deyirdi. Amma tək və yeyib-içən oğlan idi deyə, heç kim Bayrama dəymirdi, əksinə, onun elədiyi xoş qarşılanırdı, adama şirin gəlirdi. Baləli isə bunu sistemli şəkildə eləməyə başladı. Məzmunun yerini forma tutdu. Əcaib, qəraib qafiyələr deyilməyə başladı. Çətin əruz bəhrləri, yerini get-gedə “yüngül muzikalniyə” verdi. İşin içinə kütlə sevgisi, kütləyə hesablanmış məsələlər girdikcə, vəziyyət dəyişdi, kristal meyxana eroziyaya uğramağa başladı.

Əsl meyxana xiridarları bu haldan narahatdır. Hazırkı meyxananın musiqisini ondan ayır, yerdə heç nə qalmır. Ancaq yüngül diringi, şit sözlər, bayağı ifadələr, saxta patriotizm, əttökən sevgi, yalançı dramaturgiya, yaxşı oğlanlar və dünyasını dəyişən meyxanaçılara süni hörmət qalır. Halbuki, belə olmamalı idi. Bilmirəm, doğrudan da, Aydın, Vüqar, ən sonda da Rəşad gedəndən sonra bu hal yaranmağa başladı, ya meyxanaçılar da bir yenilik istəyirdilər. Bircə onu bilirəm ki, vəziyyət getdikcə faciəli hal almağa başlayır. Həqiqi sözün, həqiqi meyxananın dəyəri sıfırın ətrafında hərlənir. Post-modernist meyxana bizə yaxşı heç nə vəd etmir. Yutubda son vaxtlar deyilmiş ciddi meyxanaya rast gəlmək mümkün deyil. Hamısı ya “muzikalni”dir, ya da “remix”.

Bəlkə də, ən yaxşısı budur. Bir sənət inkişaf edərək daha da pisləşirsə, zamanın sınağından çıxmırsa, müasir tendensiyalara yaxış cavab vermirsə, köhnəlibsə, məhv olmağa məhkumdur. Gözləyək, görək.

# 52376 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #