Məni bağışladın, Seymur?

Orxan Həsəni, yazar

Orxan Həsəni, yazar

26 yanvar 2022
# 17:40

Kulis.az Orxan Həsəninin “İnzibati xəyallar məcəlləsi” essesini təqdim edir.

Fəqət şeir (həqiqi şeir) bax belədir: gəlişini xəbər verir, özünü məkanın ab-havasında sezdirir, lap zəlzələnin öz gəlişini bəzi heyvanlara hiss etdirdiyi kimi.

Roberto Bolanyo, Vəhşi xəfiyyələr

I maddə

1.1. Təkəm.

1.2. Qar yağır.

1.3. “Delikates”ə buruluram.

1.4. Üç pilləkən düşüb beş mərtəbənin sinəsinə düzbucaqlı genişlənən kafeni salamlayıram. İsti hənir üzümə çırpılır. Kirpiyimin qarı əriyir. Sağ küncdə ürkək-ürkək gözləyən masanı yanlayıb ağırlığımı stola yıxıram. Masanın dəmir ayaqları pas tutub. Plastik süfrənin altına atılan menyuda əl yazısı parlayır. Pivədən özgə bütün qiymətlər pozulub, yenidən yazılıb. Qaralama dəftəri. Pivənin səliqəli, sabit cazibəsi məni tezliklə götürür.

-Bir pivə. Yanında ürəyin nə istəyir o.

1.5. Adamda ürək lazımdı, ürək. Dirsəklərimi bir-birinə vursam, canımdan elektrik çıxacaq. Kafenin işığı ürəyimcədir. Yorğunam və qışdır. Soyuq adamların paltosunda yuxulayıb. Şüşəli qapıdan keçib gedənlərdə tanış üzlər axtarmaq köhnə vərdişimdir. Həyatdan və adamlardan, sevincdən və qüssədən, işıqlı kafelərdən və qaranlıq pablardan, yorğun şəhər qələbəliyindən və əyalət qüssəsindən, taleyin silləsindən, pul qazanmaq, ömrü kirayə yaşamaq məcburiyyətindən, şansın sığalından, eşqin atəşindən başımı götürüb ayaqdan saldığım şəhər həmişəki ünvanda bitdi. “Delikates” – kövrək oyunların meydançası, məğlub karvansarası, bahalı kafelərin nəfəsliyi.

1.6. Ovcumda sıxdığım pivə bakalından canıma istilik yağır. Kafenin qatı, iki əlin barmaqları kimi bir-birinə girən səs-küyü tənhalıq hissini kəsib doğrayır. Təkdən bir yüksəlib tavana yığılan sağlıqlardan hamıya pay düşür, elə mənə də və arı kimi vızhavız uçuşan mutluluq sifarişlərindən, gələcək vədlərindən, keçmiş rahatlığından birini qapmaq üçün ikinci bakalın ilk yarısını başıma çəkirəm. Daşan maye çənəmdən sinəmə axır. Qorxu və titrəmə.

1.7. Bu vaxt Seymur Su kafenin şüşəli qapısı önündə dayanır. O, içərini görmür, mən bayırı görürəm. Düşünür və içəri keçir. Sərxoşluğun kövrəkliyi işə düşür. Düz keçmək istəyir, qolundan yapışıram, paltosunun soyuğunu duyuram və onu qarşımda dipdiri görəndə məmnun-məmnun gülümsəyirəm.

-Qar yaman yağır – mən deyirəm.
-Qardır da, yağar da, əriyər də. – üzünü umursamazca əyir.
-Birdən əriməsə?
-Onda qar deyil.
-Necə ki?
-Qar öz ürəyində ərimək eşqi ilə yağır.
-Pivə yoxsa, araq?
-İçmirəm.
-İçirsən.
-Çay.
-Yaxşı, pivə deyirəm. Yanında nə olsun?
-Ürəyin nə istəyir o.

1.8. Adamda ürək lazımdır.

II maddə

Qar
Qara fikirli şəhər indi ağ qar içində
bütün əyləncə dolu fikirlər xaricində.
Gecə saat 12, avtobus dolu adam
Nazik köynəkli adam, qalın paltolu adam…
Adamlar harda qalır? Adamlar hara gedir?
Adamın evi adam, adamın yolu adam…
Adamlar nəyi sevir? Adamlar kimi didir?
Adamın şahı adam, adamın qulu adam
Adamlar nə itirir? Adamlar nə qazanır?
adamın borcu adam, adamın pulu adam
Bəs adam dediyin nə? Bəs adam dediyin kim?
Adam – qorxulu adam, adam – yuxulu adam…

2.1. Yarım saat sonra ikimiz də araq içirik. Yorğun adamların üzündə qırışlar qıvrılır. Qısa qış günü tezliklə yanağını binalara yaslayır. Kafedə adamlar çoxalır. Soyuğu soyunanlar ordusu toyuq kababını məhəbbətlə öpürlər. Seymurun şeirləri haqqında düşünürəm. Onunla üzbəüz. Düz üç ildir danışmırıq. Qar yağır.

Qara fikirli şəhər indi ağ qar içində
bütün əyləncə dolu fikirlər xaricində.

2.2. Təbiət və insan arasındakı münasibətlər həmişə diqqətimi oxşayıb. Seymurun şeirlərində təbiət şəhərlə qol-boyun olur. Onun gücünü şair ürəyindən götürən intuisiyaları yeni dünya yaradır. Orada insan qələbəliyi çiyinlərini bir-birinə sürtə-sürtə harasa tələsir, tələsir və həmişə gecikir. Qaranlığın, səs-küyün, maşın motorlarının, metro taqqadakının, parlaq reklam işıqlarının, darıxmaqdan yol soruşan adamların səsi bu şeirlərdə nəfəs alır. Seymur Su şeirləri şəhərin ruhunu, buğlu enerjisini sinəsində şəstlə daşıyır.

2.3. Urbanistika nizamlı şəhərsalma, sosial rifahın memarlıqda özünü ifadəsi ilə birlikdə fəlsəfi mənada dəyərlərin, adətlərin, rənglərin birləşməsidir. Yadlaşma qazanıdır. Fərqli insan xarakterləri fərqli məhəllələrdə, fərqli küçələrdə, fərqli evlərdə həyat sürür, ömrü başa vurur. Demək, fərqli məhəllələrdə, fərqli küçələrdə, fərqli evlərdə fərqli adamlar ola bilərik. Kimlik tarixin hələ heç bir dövründə belə elastiki olmamışdı.

2.4. Seymur Su şeirləri müxtəlifliyə ən yuxarıdan baxır və hər şeyi şahin baxışlarla süzür. Rənglərin qarışığından alınan qatı rəng onun eynəkli gözlərində qaranlığın sözçüsü olur. Və birdən qar yağır, qara fikirli şəhər ağ qar içində üzür. Əbədi və əzəli təbiət insan əməyinin, inkişafının, rifahının üzünə maska kimi çəkilir, onu qapayır. Rənglərin birdən dəyişib bəyaza dönməsi, öz ilkinə qayıtması nə böyük qüssə mənbəyidir!
2.5. Keçmiş haqqında düşünməyin kədəri bizi itkin cənnət hekayəsinə aparmazdan öncə, həm də büllur kimi təmiz, qar kimi bəyaz kimliyə büründüyümüz günləri xatırladır. Qarın həssas qəlblərdən kədərlə süzülməsini nəyə yozmalıyıq?

2.6. Gecə 12. Dolu avtobusda hamı qüssəlidir. Bir-birinə sıxılan çiyinlər, sanasan, nəfəsini tutub. Və hərəsi bir rəngdə döyükən adamlar. Bu adamlar hara gedir, nəyi sevir, kimi didir? Bu ilahi və təkəbbürlü birliyin yapışqanı nədir? Bəlkə, insan özünü yalnız başqa simalarda çözə, kimlik düyününü, həyat məramını, məqsədini, başqa sifətləri, başqa həyatları öyrənə-öyrənə tapar? Bəs bu sifətlər, bu simalar kimə məxsusdur? Kimin qapısını döyməli, əl açıb ondan hikmət dilənməliyik?

2.7. Yuxarıda, dilimdən asta-asta araq rumkasına oxunan şeirdə Seymurun itkin kimliyinin axtarışını duyduğumu özünə demədim.

III maddə

3.1. İlk rumka – ilk atəş sinəmdə göynədi. Görnərti meyxoş axına çevrilib mədəmə yığıldı və sərin-sərin əsərləndim. Bayırda qar güclənmiş, küçə boyu gedib-gələn adamlar seyrəlmişdi. Köhnə-kürüş, plastik qapının azacıq açıq ağzından içəri dolan ayaz ayaqlarımıza çəkilirdi.

3.2. Çənəmi ovuclarıma yığıb düşündüm: Seymurla düz üç ildir danışmırıq.

3.3. Qapının kandarında ağ bir pişik pivə aparatına sürtünürdü.

-Piş-piş! – deyə Seymur pişiyi çağırdı.

Ofisiant:

-Eşitmir, – dedi – kar olub.

-Nədən kar olub?

-Elə-belə. Çox döyüblər.

3.4. İkimiz də pərt olduq və ikinci rumkanı mən süzdüm.

IV maddə

Diana
Bir də mənə yazma ki:
– Bəs sən özün necəsən?
– Zəlzələsiz dağılmış bir ev kimi, Diana…
Göndərdiyim zərflərə qoymaq istəmirəm heç,
nə kin-küdurətimi, nə sevgimi, Diana

4.1. Sevgi hisləri şeirin xalçasına ilmə-ilmə toxunur və ona forma, biçim verir. Tanış ritm, tanış texnika gülümsəyir, ancaq Seymurun ənənəvi üslubu ilə. “Zəlzələsiz dağılmış bir ev kimi, Diana”. Hərdən belə də olur. Evlər dağılır, körpülər uçulur, bulaqlar quruyur və buna səbəb kənar təsirlər olmur. İnsan da belədir, bəzən səbəbsiz dayanır, duruxur, bezir, ölür. Yaşamaq ağırlığı çiyinlərə qonur və öz qurbanını asta-asta çökdürür. Seymurun soyuq və abstrakt təsəvvürlərinin suyu şeir xəmirinə qarışanda təkrarsız resept yaranır.

4.2. Roma mifologiyasında ayın və ovçuluğun bakirə ilahəsi olan Diana Yunan mifologiyasında Artemidaya paraleldir. Diananın şəxsiyyəti mürəkkəbdir. Xeyli arxaik xüsusiyyətləri özündə birləşdirir. Erkən Roma materialları onu ilk növbədə ovçu və ovçuların himayədarı kimi qəbul etsə də, ellinistik dövrdə Diana vəhşi meşəlik ərazinin deyil, əhli şəhərin ilahəsi və ya Yunan poeziyasında sivilizasiya ilahəsi kimi görünür. Həm sivilizasiya həm də vəhşi təbiət. Seymurun Dianası onun yaratdığı qurama və özünəməxsus dünyanın şahzadəsidir. Bu dünya paqan tanrılarının ona bəxşişi deyil. O, öz gücünü və enerjisini Bakıdan, bu yorğun və nizamsız, xəstə və qoca, ənənələrin, rənglərin sinəsindən külək kimi keçib getdiyi şəhərdən götürür. Bu şəhərdə sevir, bu şəhərdə darıxır, illüziyaları bu şəhərin küçələrindən qoparır, həyatı, alternativ reallığı, stimulu parça-parça Bakıdan yığır və əsrarəngiz krallığın başında Diananın üzü gülür. Bakı – Delos adası.

4.3. Şeir davam edir:

Gah dizimi yığıram, gah başımı əyirəm
Bakı boyda şəhərə sığışmıram, Diana…
Bir buluda çevrilib, qaçmıram siz tərəfə,
küləkmirəm, Diana…
yağışmıram, Diana…

4.4. Sözlərin bitdiyi yerdə sözsüzlük başlayır. Sözsüzlük özü də sözdür, ancaq məna çaları, ifadə zənginliyindən yetimdir. “Gah dizimi yığıram, gah başımı əyirəm” – misrası tərəddüd, həyəcan fırçası ilə çəkilmiş, divara dirənmiş insan situasiyasının rəsmidir. Gərgin hislər özünü fiziki hərəkətlərdə ifadə edir. Ağıl hislərin önündə perik düşür. Şair özünə sığmır. Hislərin fiziki hərəkətlərə rəvac verməsi, aktlarla müşayiət olunması emosiya məşəllərinin yalnız şəxsin daxilində fitillənib daxilində sönməməsindən xəbər verir. Yəni, bulaq kimi ruhunda nə varsa, özünü bayıra çıxarmaq, ifadə etmək istəyir.

4.5. Bakı boyda şəhərə sığışmıram, Diana… – müəllif həm özünə sığışmır, həm də Bakıya. Şəhər və insan ikiləşməsi. Hər insan bir şəhərdir, hər şəhər bir insandır! – Bodler nəfəsi.

Bir buluda çevrilib, qaçmıram siz tərəfə/ küləkmirəm, Diana… / yağışmıram, Diana…

4.6. Sonuncu misralar Seymur Su şeirlərinin yüksəldiyi ən böyük zirvədir. Bu zirvədən dünya və insanlar olduqca şəffaf, munis görünür. Həyat, insan və ədəbiyyat münasibətlərini realist, elm lupasının təpəgözü ilə görməyə çalışsam da, hərdən-hərdən sənətin mücərrədliyinə soyunuram. Bu zəmi anlayışların toxumunu götürmür. “Küləkmirəm, Diana… / yağışmıram, Diana…” zirvəsinə qalxmaq hər şairə qismət olmur. Tezliklə potensial enerji kinetik enerjiyə çevrilir. Ətalət ruhu bürüyür. O situasiyada qalmaq, yaşamaq, evlənmək, övlad sahibi olmaq, nəvə başına sığal çəkmək mümkün deyil. O situasiya sadəcə insanı dəli edə bilər. Böyük şairlər həmin məqamla ikili vətəndaşlığı olanlardır. Bəziləri barmağının ucu ilə toxunur, bəziləri ovcunun içi ilə, bəziləri isə sadəcə uzaqdan görürlər və cazibə onları əbədi izləyir.

4.7. İnsan bütün hislərini sözlərə çevirə bilməz. Sözlər insan hislərinin və təsəvvürlərinin pis kopyasıdır. Həyatın ən uc məqamında heç vaxt istədiyimiz sözü deyə bilmirik. Çünki demək istədiyimiz ilə istifadə etdiyimiz materialın ağzı bir-birinə tən gəlmir. Məhz buna görə mənəvi əzabı və kədəri lap dərindən duyanda sözlər yox, göz yaşları danışmağa başlayır, fiziki əzab çəkəndə sakitliyimizi itirir, əzabı unutmaq və ya onu təxirə salmaq üçün qışqırırıq. Qışqırmaq və ağlamaq söz deyil, ancaq sözlərin əvəzedicisidir. “Bir buluda çevrilib, qaçmıram siz tərəfə/ küləkmirəm, Diana… / yağışmıram, Diana…”

4.8. Şairin “küləkmirəm” və “yağışmıram” sözlərini bu mənada üstsöz adlandıra bilərik. İfadə muncuğuna gəlməyən hislərə bədən verən, həyat bəxş edən sözlər Seymurun şəxsiyyəti ilə də birləşir. Məsələn, ququl axtarışda “küləkmirəm” yazanda Seymurun fotoları çıxır.

4.9. Əlbəttə, Seymura bu barədə heç nə demədim.

V maddə

5.1. Ofisiant yeni gələn müştərilərlə öpüşüb görüşürdü. Adamlardan biri ciblərinə, boynuna, boğazına qar dolmuş paltosunu çırpa-çırpa dedi:

-Bayaq vağzalda yaşlı bir kişi qatarın altına düşdü. Sol ayağı qopdu. Onu qatarın altından çıxartdıq. Həkim çağırmaq üçün qaçanlar buzda sürüşüb yıxıldılar. Kişinin halı özündə idi. Tez-tez deyirdi ki, qopan ayağını gətirsinlər. Çünki cibində pul var, axşam qalacağı yataqxananın pulunu ödəməlidir.

VI maddə

6.1. Ədəbiyyat, xüsusilə, onun şeir qolu digər özünü ifadə vasitələrindən öz universallığı ilə seçilir. Belə ki, müəllif bəzən böyük çoxluğun duyğu və düşüncələrini öz sinəsində daşıya, kirtik məqamlarda kütlənin əzablarını, sevinclərini, ona toxunan və emosiyalarını işə salan nüansları sənət hadisəsinə çevirə bilər. Tarixə, müəyyən bir zaman məsafəsinə sənətin güzgüsündən baxmağı çox sevirəm. Böyük hadisələrin kontekstində nəfəs alan, sevən, üzülən, əzab çəkən canlı-qanlı görüntülü insan məni həmişə özünə cəzb edib. Məsələn, XIX əsr alman ailəsinin yüksəlişindən və çöküşündən bəhs edən, çox sevdiyim məşhur romançı Tomas Mannın “Buddenburoklar ailəsi” romanı dövrün antropoloqları üçün ən ciddi mənbələrdən biri hesab olunur. Romanın əvvəlinci hisslərində oxuduğum bir səhnəni heç vaxt unutmadım. Tarix kitablarında qarşımıza tez-tez çıxan, Avropanın Roma təntənəsinə qayıdışı kimi qiymətləndirilən və Balzak kimi nəhəng yazıçının mənəvi atası olan Napoleon dövrü bircə hissədə bütün çılpaqlığı ilə açılır. Evə talana gələn fransız əsgərlərinin təsviri təsəvvürümüzdəki ehtişamlı, qələbə arxasınca qaçan ordunu məhv edir. Dünyanın hər yerində müharibələr eyni mexanizmlə işləyir.

6.2. Keçmiş isə sehrli və vahiməlidir. Onun maddi faktlarla bəzənmiş forması nə qədər quru və hissizdirsə, sənətlə şaxlanmış, emosiyalarla çələnglənmiş halı isti, dolğun və doğmadır. Sənətkar eyni zamanda fərdi iztirabları və sevinclərini ədəbiyyat təsəvvürləri və nəzəri bazası ilə birləşdirib xammalı məhsula çevrə bilər. Bu mənada sənət həm ictimai həm də tam fərdi hadisədir.

6.3. Seymurun şeirlərində tez-tez gördüyümüz sol düşüncə onun şeirlərinə siyasi toxumlar səpir. Şeirlərin əndərununda gizlənən və yalnız iti semiotika naqqaşları ilə çıxarılan qırmızı rənglər nə modern sola, nə də ortodoksal sola söykənir. O, öz stimulunu yalnız şair qəlbindən doğan barışmaz ədalət və bərabərlik hisslərindən götürür. Yəni, Seymurun şeirləri quru nəzəriyyələrlə ləkələnmir. Beləliklə, fərdi təsəvvürlər ictimai təsəvvürlər ilə qovuşur. Çünki dialektika tutarlı dəyişiklik üçün kütləvi şəkildə baş verməlidir.

Bir əsrlik şeir yaz, bitsin bu səsləyişlər,
Vurub qırsın beynimin öləziyən lampasın.
Bitsin bu insan ömrü, başlasın başqa biri
Tam başqa biri olsun, bizim kimi olmasın…

6.4. Qılınclar həm özünə çəklib, həm də özünün simasında hamıya. Seymurun bu şeirdə ucadan eşidilən iç səsi onun yalnız özü ilə davası deyil. Ruhundakı pessimizm coşqun solun dəstəyi ilə yerini optimizmə verir. Modernizm parlayır. Özünü soyunur. O, sanki, öz varlığını soyunmaq, Hegel Dialektikanın üç əsas prinsipindən biri olan inkarı inkar qanunun işığında varlığını təzələmək istəyir. “Bitsin bu insan ömrü, başlasın başqa biri”.

6.5. Əlbəttə, ikinci həyat arzusu bizi həmişə izləyir. İnsan və ədəbiyyat arasındakı qopmaz bağlar da ədəbiyyatın alternativ reallıq təqdim etməsində gizlənir. İnsanın alternativ reallığa ehtiyacı var. Həm özünə bənzəyən, həm də yad insanların varlığına inanmaq insan ruhunda və təsəvvürlərində sonsuz genişlik qapısı açır. “Tam başqa biri olsun, bizim kimi olmasın…”

Bir əsrlik şeir yaz, bir əsrlik şeir yaz.
Küləklərin əlindən qılınc-qalxanın alaq
Nəyə lazımdı o? Kəsmirsə qarşısını
hardasa bir qadını edirlərsə daş-qalaq

6.6. Ədalətsizliyə, zülmə barışmaz münasibət yenidən parlayır. Seymur şüar estetikasını şeirdə yumşaldır. Mücərrəd bədii ifadə vasitələrini acı gerçəkliyin açılması üçün xərcləyir. Küləklərin əlindən qılınc qalxanını, yəni onun təsir vasitəsini almaq lazımdır, çünki hardasa bir qadının daş-qalaq olunmasının qarşısını ala bilmirik. Əgər həyatda əzab çəkən insanlar varsa, onda bütün güclər saxta və boşdur. Çünki insanı rifaha, onun sağlamlığına və xoşbəxtliyinə xərclənməyən güc şərə xidmət edir. Şər isə məhv olmalı, sıradan çıxmalıdır.

VII maddə

7.1. Üçüncü rumkanı başıma çəkib kafenin şüşəli qapısından Səməd Vurğun parkına baxan hündür mərtəbələri gördüm. Şüşəni masada sabitləyib açıq və cazibəli, sakit və qüssəli, çirkli və bakirə mənzərəyə bütün vücudumla kilidləndim. İndi gələnlərin sayı azalmış, çökdüyü stola xəmir kimi yayılan kök müştərilər söhbətlərini kəsib xəbərlər proqramına zillənmişdilər. Kafenin televizoru o qədər balaca, rəngləri o qədər solğun idi ki, adamlar diktorun üzünü görmür, onu yalnız təsəvvür edirdilər.

7.2. Asılqandakı yaş paltolar damıb kafenin küncündə kiçik gölməçə yaratmışdı. Nisbətən gənc ofisiant paspasın üzünü gölməçəyə tutub onu qurudur, çox keçmədən gölməçə yenidən peyda olurdu. Şüşəli qapının arxasında qar durmadan yağırdı. Pəncərələrin bəzilərindən işıq süzülürdü. İşıq sakit-sakit, kimsəni incitmədən, ürəyinə toxunmadan yağan qarı aydın göstərirdi. Birdən mənə elə gəldi ki, kilidlənib baxdığım, işıqları yanan evlərin hamısında adamlar xoşbəxtdir.

-Məni bağışladın? – Seymur dedi.
-Üç ildir görüşmürük. Heç nəyi xatırlamıram.

7.3. Bayıra çıxdıq. Ayazlı külək üzümdən öpdü. Qəfil hara gedəcəyimi unutdum. Bu şəhərin sakini deyildim. Küçələrin əzbərini itirmiş, yaddaşımı soyunub tökmüşdüm. Röya kimi əyilib bükülən yollar qaranlığa açılırdı. Soyuq yüyrək-yüyrək bədənimi götürürdü. Küçələr boş və qaranlıqdı.

-Hara gedək? – mən dedim.
-Bilmirəm.

7.4. Addımlarımızı irilədik və birdən xoşbəxt olduğumu duydum. Həyat həmişə gözəl olmur. Hərəkət bədənimizi isitmiş, gözlərimə işıq gəlmişdi. Elə Seymur da sarı paltosunun içində qaynar gülümsəyirdi.

-Qar da xoşbəxtdir – o dedi.
-Niyə?
-Niyə? Çünki haradan gəlib hara gedəcəyini bilir. Yağır, əriyir, buxarlanır, yağır, əriyir, buxarlanır. Sabit nizam. Bədbəxt olan insandır. İndi hara gedəcəyik? Bizi nə gözləyir?
-Bilmirəm.
-Delikates şəhərin bitdiyi yer imiş. Burdan o tərəfə yol yoxdur. Hər tərəf qaranlıqdır.
-Qaranlıq özündən başqa bütün rəngləri gizləyir.

7.5. Biz naməlum, vahiməli bir yolda addımlayırdıq və hara getdiyimizi bilmirdik. Gəldiyimlə qayıtdığım eyni yol deyildi. Hərdən-hərdən ara küçələrə burulur, məhəllələrdən keçir, çiynimizi dar keçidlərə sürtə-sürtə şəhər cəngəlliyinin dərinliyində azırdıq, bağlı qapıları döyüb cavab gözləyirdik. Nəticəsiz cəhdlər uzandıqca uzanırdı.

7.6. Nəhayət göz-gözü görməyən duman və qarın arasında işıqlı pəncərə gördük və ona doğru addımladıq.

7.7. Qapını döydük. Yüngül toxunuşla aralandı. İçəridən bayıra süzülən işıq içimi istidi. İçəri keçdik və bizi saçları pırpız bir oğlan qarşıladı. Dəhlizi burulanda evin hostel olduğu gün kimi doğdu. Sol tərəfdəki otaqda mərtəbəli çarpayılar gözə deyirdi. Sağdakı otaq isə salon idi. Divanda oturub isti çay qurtumlayan adamlar yuxuluydular. Koridordan asılan paltolar burda da damırdı, ancaq altına vanna qoymuşdular.

-Bir çarpayı 8 manat. İkisi 15. Cəmi bir yerimiz boş idi. Qonaqlardan birinin başına bədbəxt hadisə gəlib – o dedi – bir ayağı qatarında altında qalıb kəsilib. Eşitdik, əhvalımız təlx oldu. Biriniz onun yerində gecələyə bilərsiniz.

7.8. Mən ayağı kəsilən adamın yerində, Seymur üst mərtəbədə uzandı. Birdən onun pıçıltıya bənzər səsini eşitdim.

-Sevirəm səni, rəzil paytaxt. Sevirəm səni, rəzil paytaxt!

7.9. Elə həmin məqamda bu yazını yazmaq üçün səbirsizləndim.

/sim-sim.az/

# 3389 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #