Məmurlar tənqidə açıq deyillər

Sevda Sultanova, kinoşünas

Sevda Sultanova, kinoşünas

23 may 2022
# 17:00

Ötən həftələrdə Mədəniyyət Nazirliyinin mətbuat xidməti “Qarın qulu” tammetrajlı animasiya filminin qalmaqalı ilə bağlı açıqlama yaydı ki, layihənin icrası qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Sadə dillə desək, bir layihənin dövlət studiyalarına müsabiqəsiz verilməsinə qanun imkan verir. Məsələyə növbəti yazılarda qayıdacağam. Təkcə bunu qeyd edim ki, əksər hissəsi yerinə yetirilməyən “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın bəndlərdən biri beləydi: sahə üzrə özəl sektorun, o cümlədən, kino istehsalı müəssisələrinin, prodüser mərkəzlərinin, kinoteatrların və kinoprokat şirkətlərinin işləmə mexanizminin qurulmasına şərait yaradılması.

Yəni söhbət dövlət studiyalarının monopoliyasına imkan verməməkdən və dövlət büdcəsindən ayrılan vəsaitlə özəl sektorun da fəaliyyətinə şəraitin yaradılmasından gedir. Son bir neçə ildə, adı dəyişdirilmiş kino şöbəsi, yəni Audiovizual və interaktiv media şöbəsi istehsalına dəstək verdiyi üç tammetrajlı bədii filmin tendersiz “Azərbaycanfilm” kinostudiyasına həvalə edilməsi, həmçinin, yenə də tendersiz animasiya filminin “Salnamə” studiyasına verilməsi monopolik təfəkkürün bariz nümunəsidir.

Açıqlamada daha sonra deyilir: “Salnaməfilm” studiyasında dövlət sifarişi ilə istehsal olunan “Qarın qulu” tammetrajlı animasiya filmi layihəsi ilə bağlı bir sıra KİV-lərdə həqiqəti əks etdirməyən qərəzli yazılar dərc olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə bu kimi məlumatlar ictimaiyyətə təqdim olunarkən müvafiq araşdırma aparıldıqdan sonra dərc olunmasını tövsiyə edirik”.

Tutalım, razılaşdıq ki, tammetrajlı animasiyanın “Salnamə”yə verilməsi əsaslıdır. O zaman başqa suallar yaranır. Və Nazirliyin tövsiyəsini nəzərə alaraq, məsul şöbəyə beş sual ünvanladım.

1. Tammetrajlı "Qarın qulu" animasiya filmi üçün ssenari müsabiqəsi keçirilibmi? Keçirilməyibsə səbəbi nədir?

2. Bu animasiya filminin ssenarisi hansı ekspert rəyləri əsasında təsdiq olunub?

3.Tammetraglı animasiya filminin çəkilməsini necə əsaslandıra bilərsiniz?

4. Bu filmin “Azanfilm”ə verilməməsinin səbəbləri nədir?

5. Filmin büdcəsi nə qədərdir?

Sualların heç biri cavablandırılmadı. Əvəzində nazirlik bundan öncə yayımlandığı açıqlamanı yenidən göndərməklə kifayətləndi. Beləcə, Audiovizual və inetarktiv media şöbəsi, bir daha mətbuatla ünsiyyətə maraqlı olmadığını, etinasız yanaşdığını, öz işinin məsuliyyətini dərk etmədiyini göstərdi.

Məsələ ilə bağlı “Azanfilm” studiyasının direktoru Mansur Şəfiyevə ünvanladığım suallar da cavabsız qaldı.

Bu qalmaqaldan sonra isə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor, prodüser, animator Rəşid Ağamalıyev Rüfət Həsənovun müdafiəsinə qalxaraq sosial şəbəkədə yekə bir status paylaşdı. Rəşidlə şəxsi tanışlığımız var. Bakıya gələndə təsadüfdən təsadüfə görüşürük. Bu status Rəşidin səmimiyyətinə dərin şübhələr oyatdı. Misalçün, əvvəldə o, nazirliklə işləmədiyini desə də, növbəti fikriylə bunu təkzib eləyir: ”Rüfət nazirliyə gələndə isə festivalımıza, nəhayət ki, maddi dəstək verildi. Üstəlik, Şəkidə də festival təşkil etdik”.

Kimisə müdafiə etmək, tərifləmək istəyində olmadığını desə belə, Rəşidin bütün statusu məxsusi Rüfət Həsənovun şərəfinə deyilmiş manipulyativ tərif tostuna oxşayır. Məhz buna görə də onun qeyri-ciddi statusunu tamlıqla şərh etmək istəmirəm. Bir neçə epzioddan başqa.

Sitat: “İndiki rəhbərlik çoxlu yeniliklər etdi: rüşvətxorluq aradan qaldırıldı, ilk şəffaf müsabiqələr keçirildi (həmçinin, animasiya üçün)”.

Animasiya üçün indiyədək ayrıca müsabiqə keçirilməyib. “Böyük qayıdış” müsabiqəsi nəzərdə tutulursa, bu, kinonun digər sahələrini də əhatə edirdi. Yəni məxsusi animasiyaya aid deyildi.

Sitat: “İddia olunur ki, “Qarın qulu” layihəsi tendersiz (yəni müsabiqəsiz) reallaşır. Bu doğru məlumatdır. Amma, nəzərə almaq lazımdır ki, onlarla başqa bədii sənədli və animasiya filmlər də tendersiz çəkilir olmaması ARKA-nın olmamasıdır. Rüfət özü bu barədə dəfələrlə demişdir – balaca kino şöbəsi bu boyda sənayenin bütün məsələləriylə məşğul ola bilməz. Şöbənin hər film üçün tender-müsabiqə təşkil etməyə, sadəcə, imkan və resursları yoxdur. Məhz buna görə ARKA yaradılır”.

Azərbaycan kinosunun idarəsində sistem dəyişikliklərinə sözsüz ki, ehtiyac var. Amma bu, ötən illərdə və bu gün də dövlətən ayrılmış milyonlarla vəsaitin keyfiyyətli xərclənməməsinə əsas vermir, məmurları məsuliyyətdən azad eləmir. Tender, müsabiqə təşkil etmək məmurdan fövqəlinsan olmağı, Hörümcək adam çevikliyi tələb eləmir. Problem ondadır ki, media ilə münasibət qurmağı bacarmayan, nəyi necə şərh etməkdə çətinlik çəkən, izolyasiyada yaşayan kino məmurları digər sahələrdə də insan resursları ilə işləməyi bacarmırlar, tənqidə açıq deyillər, problemləri vurğulayan suallar onlara qərəz donunda görünür. Rəşid özü də əla bilir ki, Kinematoqrafçılar İttfaqının işçi qüvvəsi azdır, amma müxtəlif layihələr həyata keçirir və bunun üçün qanun çərçivəsindən kənar insan resurslarıyla işləyir. Hətta ittifaq Animafilm festivalının partnyoru, təşkilati və maliyyə dəstəkçisidir. Demək ki, istəyəndə müsabiqə də, tender də, hətta festival da təşkil etmək olar. Yəni bütün hallarda keçmişdə və hazırda kino şöbəsi kinomuz üçün əhəmiyyətli işlər görə bilərdi. Həm də bu, o vaxt mümkün olardı ki, kino icitmaiyyəti zamanında problemləri müzakirə etməyə özündə cəsarət tapa bilsəydi. Çünki Azərbaycan kinosu inkişafdan, eyni zamanda o səbəbdən qalır ki, kino adamları polemikaya, dialoqa hazır deyillər. Onlara elə gəlir ki, problemdən danışan adam qərəzlidir. Onlara elə gəlir ki, problemdən danışanda onları ittiham edirik. Ümumiyyətlə, Azərbaycan kinosunda “problem”i dəhşətli söz kimi anlayırlar.

Ötən həftə İTV-in “Sabaha saxlamayaq” verilişində ölkədə uşaq və cizgi filmlərinin çəkilməməsiylə bağlı mövzunun müzakirəsi zamanı, qocaman rejissorumuz Hüseyn Mehdiyevin timsalında bir daha əksər kinematoqrafçılar üçün “problem” sözünün diskomfort yaratdığının şahidi oldum.

Lüğətdə isə yazılır: “Problem həlli və öyrənilməsi tələb olunan mürəkkəb, vacib məsələdir”. Kino ictimaiyyəti üçün bu sözün dəhşətini azaltmaq, fobiyasını yumşaltmaq məqsədilə onlara affirmasiya metodundan istifadə etməyi məsləhət görürəm. Affirmasiya hansısa qısa ifadələrin dəfələrlə təkrarlanması yolu ilə təhtəlşüurda fikrin möhkəmləndirilməsi, psixoemosional fonun yaxşılaşdırılması və müsbət dəyişikliklərin stimullaşdırılması vasitəsidir. Misalçün, hər gün bu sözləri təkrarlaya bilərsiniz: “Problem qorxulu söz deyil”, “Problemsiz həyat yoxdur”, “Dünyada kinonun problemləri mövzusunda onlarla məqalə var” və s.

# 3194 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #