Kürəkəninin öldürmək istədiyi şair...

Cavid Zeynallı, yazıçı

Cavid Zeynallı, yazıçı

30 may 2022
# 16:40

Kulis.az yazıçı Cavid Zeynallının Mirzə Ələkbər Sabir haqqında “Səbrin atası” essesini təqdim edir.

Qatar Tiflisdən çıxıb səmt tutmuşdu Bakıya. Amma əvvəlcə dərin nəfəs almışdı, sonra ələmli fit verib hirslə tərpənmişdi yerindən. Şairin dərdinə əlac olmamışdı; üçüncü zəng vurulan kimi Məmmədəli Sidqi öpüb qucaqlamışdı onu. Gözdən itəndə isə şairin Tiflis xəstəxanasındakı zarafatını xatirinə gətirib təbəssüm göstərmişdi. Ki, qərar belə idi: həkimlər əməliyyati-cərrahiyyə yapıb Sabirin qara ciyərinə baxmalıydılar. Buna razı olmamışdı:

– Dəlləkliyi mənim başımda öyrənmək istəyirsiniz? Mənim qarnım ilanoynadan sandığı deyil ki, açıb içinə baxıb örtəsiniz.

* * *

Qızı Səkinənin birinci əri Həsən Hacı Əhmədoğlu tündxasiyyət adam idi. O qədər ki, hətta öz doğma atasına da güllə atmışdı. Və bunun üstündə həbs cəzasına məhkum edilmişdi. Sonra gülləsini tuşlamışdı Sabirin ürəyinə.

Əhvalat belə nəql olunur. “Molla Nəsrəddin” jurnalında Hacı Seyidəlinin qəbri üzərində əyləşmiş bir qadın rəsmi çıxır. Altında isə bu beyt:

Qurban olum qəbir sənə,
Bizə də bir uşaq versənə!

Şamaxı əhli günahı Sabirdə görür. Həsən Hacı Əhmədoğlu isə tapançanı əlinə alıb atılır şairin üzərinə. Araya girən olur, güllə yayınır. Sabirin ailəsinə yaxın olan Məmmədəli Veyisov deyirmiş:

– Sabir əfəndi qorxudan bihuş olub yerə düşdü. Huşa gəldikdən sonra neçə gün yataqda yatıb özünü düzəltdi. Özü söyləyirdi ki, böyük xiffətdən dolayı batində bir vərəm əmələ gəldi. Axırda da qara ciyər naxoşluğuna giriftar oldu.

…Küçədə qoyulan mafənin qarşısında xeyli adam var. Cənazə dəfnə hazırdır. Ziyalı cavanlar mafəni əlləri üstündə qaldırıb Qalabazar məscidinin qarşısında – küçə ayrıcında yerə qoyurlar. Məhəllə axundu Ağa Mir Mehdi şairin namazını qılmalı idi. Ağanın evi məscid ilə qapı-qapı olduğundan, camaat gözünü oraya zilləyib onun təşrifini gözləyir. Amma onun “isbati-vücudi” çox uzun çəkir. Adamlar bir-biri ilə pıçıldaşıb himləşir. Və məlum olur ki, Ağa Mir Mehdi Sabirin namazını qılmaq istəmir. Ziyalı gənclər səslərini ucaldıb üsyan edirlər. Axund məcbur qalıb evdən çıxır, “dinsiz” şairin namazını qılır.

* * *

Şamaxı zəlzələsi… Sabirin ailəsi onun necə səbirli, qıvraq olduğunu onda görür. Bunu 1936-cı ildə “Şərq qadını”nda qızı yazır – Səriyyə. Yazır ki, atam uçmuş evin taxtalarını, palaz-həsiri yığdı, keçdi qonşu həyətinə. Təkbaşına gecələmək üçün daxma tikdi. Həmin daxmada təkcə onlar gecələməyib. Kişisi şəhərdə olan ailələr də sığınacaq tapıblar.

“Anaşım” dediyi Səriyyəyə oxuyardı ilk şeirlərini. Səriyyə də onu Əlidadaş çağırardı. Əvvəl təkcə qızına savad öyrətmirdi. Arvadını da qoşmuşdu ona. Sonra arvadı buraxdı savad almağın başını. Ki, qocalıqda iməkləmək kimə lazımdır? Günah görmədi. Balaları yoxsulluq ucbatından ölürdü, sabun bişirməkdə ərinə əl tuturdu. Hələ ev-eşik işi, biş-düş… Hələ ölən balalarının qüssəsi, dərdi, ələmi… Yeddi övlad e, İlahi!

Ceyran – iki yaşında xəstələnib vəfat etmişdi.
Səadət – üç yaşında…
Məhəmməd Bağır – beş yaşında…
Zinyət – on bir yaşında…
Rüxsarə – on yaşında…
Məşədi Tamam – üç yaş yarımında…
Həcər – bir yaş yarımında xəstələnib… vəfat etmişdi.


Sonra Səriyyə yazırdı: “…Həyatın ağırlığına, yoxsulluğa baxmayaraq, bütün ömrü uzunu bizi xoş üzlə, zarafat və şuxluqla qarşılardı. Əlidadaş Bakıda ikən hər kəsin hücumundan ziyadə bizi incidən, əqrəbamızın təzyiqi idi. Bir gün nənəm (atamın doğma anası) anamın yanına gəlib: “Niyə oturmusan, sən şərən azadsan, o babıdır, get boşan, mən də südümü ona halal etməyəcəm” dedi. Belə sözlərə anam öyrəşmiş olduğu üçün əhəmiyyət vermədisə də, mən əhvalatı atama yazdım, cavabında isə atam, belə şeylərdən narahat olmamağımızı məsləhət edərdi”.

Bu, həmin Səriyyədir ki, “Hophopnamə”nin xilaskarı sayılır. Necə? Sabir ölən günü əsərlərinin bir hissəsi evdən yox olur. Sonra mollalar qohum-əqraba vasitəsi ilə xəbər göndərib tələb edirlər ki, “molla və dinə toxunan parçaları” çıxarsınlar. Abbas Səhhətin göstərişi ilə nə Səriyyə buna razılıq verir, nə əri. Kitabı gizlədirlər. Sonradan Sabirin “üzüyü zinətləndirən qaş-daş” dediyi ömür-gün yoldaşı Billurnisə kitabı nəşr etdirir.

* * *

1910-cu il. Mirzə Cəlil qələm dostunun xəstələndiyini eşidir və məktub yazıb Tiflisə gəlməsini rica edir. 1911-ci ilin yazında Sabir Tiflisə yola düşür. Qəmgin idi, fikirli idi. Həmidə xanım onu söhbətə tutardı. Ən çox anasından danışardı Sabir. Deyərdi ki, anasını çox sevir. Neçə dəfə Məşhədə, Kərbəlaya gedib. Hər dəfə də niyyət edərdi ki, ya uca Allah, Ələkbər Zeynalabdin oğluna oğul əta elə.

– Anamın əvvəllər böyük bir dərdi vardı. Demək olar ki, hər il ramazan ayında bizim arvad bir qız doğardı. Səkkiz qızımız olduğu halda, oğlumuz heç yox idi. Odur ki, anam hər dəfə qız doğulanda qara geyər, yasa batardı. Buna görə də anam nəzir edib tez-tez Kərbəlaya gedərdi ki, mənim oğlum olsun. Axır ki, yenə ramazan ayında bizim bir oğlumuz oldu. Anam sevincindən yerə-göyə sığmadı. Yetim-yesirləri sevindirdi. Çox fikirdən sonra onun adını da Məmmədsəlim qoydu.

…Səmədov Şamaxı tacirlərindən biri idi. Sabir nə qədər ki “Molla Nəsrəddin” üçün yazırdı, Mirzə Cəlil həmin bu tacir Səmədovdan hər ay ona 25-30 manat pul göndərirdi. Di gəl, pulu açıq-açığına Sabirin üstünə göndərə bilməzdi. Şamaxı camaatı onun “Molla Nəsrəddin”ə şeir yazdığını bilsəydi, Sabirin fəlakəti çəkilməz olardı.

* * *

Əliskəndər Cəfərzadə – müəllim, mühərrir, “Hophopnamənin” ilk mükəmməl nəşrinin tərtibçisi. 1910-cu ildə Sabirin Balaxanıdakı oğlan məktəbinə işə düzəlməyinə vəsatət edir və onun köməkliyi ilə şair Azərbaycan dili müəllimi vəzifəsinə təyin olunur. Həmin məktəbin direktoru “məşhur” Əhməd Kamal idi. O, Sabirin şeirlərinə “ləğləğiyyət” deyə durardı. Hətta “İrşad”ın 5 yanvar, 1908-ci il 3-cü nömrəsində yazdığı məqalədə Sabirin “Məktəb şərqisi” şeiri haqqında yazırdı:

“…Hələ minlərcə dəfələr söylənmiş, qoqumuş, çürümüş köhnə laf oyuncağı olan “Məktəb” sərlövhəli mənzumələrə isə, xüsusilə cocuqlara məxsus qəzetlərdə heç yer verilməz!”.

– Nədənsə bu Balaxanı məktəbi də yazıq Sabirə bir zindan kəsilmiş oldu. Məktəbin müdiri Əhməd Kamal adəti üzrə raqi içib məst olanda Sabiri öz otağına çağırıb “ləğləğiyyatından oxu, dinləyəlim” deyərdi. Bu kimi sözlər və hərəkətlər həyalı və məhcub Sabirə əziyyətdən başqa bir şey deyildi.

Və Sabir Əhməd Kamalın özbaşınalığına çox dözmür. Günlərin birində Əliskəndər Cəfərzadə şairdən məktub alır: “Bəradəri-mehribanım Əliiskəndər! Müdirimizin məst olub məni təhqir etdiyindən cana gəlmişəm. Onun bəd rəftarlığı Şamaxıda başıma gələnləri yadımdan çıxarmışdır. Bundan başqa Balaxanının ab-havası mənə düşməyir, özünüz xəstə olduğumu bilirsiniz. Artıq əziyyət vermək istəməyirəm. Ricam budur ki, məni bu cəhənnəmdən qurtar!. Müxlisiniz – Ə. Sabir”.

Çox sonralar – 1936-cı ildə Xudaverdi Mahmudov adlı tələbəsi “Ədəbiyyat qəzeti”nin 1936-cı il 28 dekabr sayında müəllimini belə xatırlayırdı:

– Sabir bizə fars və Azərbaycan dilindən dərs verirdi. Cildsiz kitablarımızı aparıb şəhərə cild çəkdirib gətirərdi. Cümə və bayram günlərində Sabir bizi çölə gəzməyə aparırdı. Əhməd Kamal məktub müdiri idi. Ondan hamımız qorxardıq, amma Sabirdən yox. Çünki Sabiri mehriban ata kimi tanıyırdıq, onun ehtiramını saxlayırdıq. Sabir çox fağır bir adam idi.

Gəlin bunu da oxuyaq, sonra yolçuluğumuz yenə Tiflisə olacaq. Sabirin Balaxanı məktəbindəki aylıq maaşı 30 manat idi. Bu maaşla həm özü dolanırdı, həm də Şamaxıda qoyub gəldiyi ailəsini saxlayırdı. Evi məktəbin həyətində idi. Müəllim yoldaşlarının dediyinə görə, naharını ocaqda özü hazırlayır, iki yumurtanı yağda bişirib yeyirdi. Camaat onun dolanışığının ağırlığını bildiyindən ayrı-ayrı evlərdən ona nahar göndərərdilər. Amma o… bundan inadla imtina edərdi.

* * *

Tiflisdə müalicə aldığı günlərdə “Molla Nəsrəddin”in işçiləri ona bir ata kimi məhəbbət bəsləyirdilər. Sabir nə vaxt ki şəhərə çıxmaq istəyirdi, hamısı onun paltosunu, əl ağacını tutmaq üçün bir-biri ilə çəkişirdilər. Axırda qayda qoyulur: hər gün biri onun paltosunu tutub, ağacını hazırlayacaq.

Bir neçə gün şair “Molla Nəsrəddin”in redaksiyasında qalır. Həmin günlərdə mətbəə mürəttibi İsmayıl Həqqi evə getməyib Sabirin qaldığı otaqda stol üstündə yatırdı. Sabir təkliyi sevmirdi. Bir dəfə İsmayıl Həqqi hazırlaşıb evə getmək istəyəndə onu qoymur.

– Adə, hara gedirsən? Evlisən?

– Nişanlıyam. Hələ evimizə gətirməmişəm.

– Onda evinizə getməyin heç bir mənası yoxdur. Nişanlıbazlığa da getsən, vurarlar, əngin əzilər. Yaxşısı budur ki, nə get, nə də başın qalmaqala düşsün. Bax, mən də indi subayam. Nişanlımı Şamaxıda buraxıb buraları gəzirəm.

Tiflisdə müalicə aldığı günlərdə Həmidə Cavanşirin qızı Mina xanımın toy mərasimi keçirilir. Toyda ümumi bir stol açılmışdı. Mirzə Cəlil özü həmin stolda oturmayıb bir tərəfdə başqa stol qoydurmuşdu. Sabir, Məmmədəli Sidqi, Əziz Şərif, İsmayıl Həqqi və başqaları həmin stolun başında oturur. Mirzə Cəlilin ayrıca stol açdırmağa səbəbi vardı: çünki məclisdəkilərin çoxu əyan-əşrəf idi. Bunu zarafatla da olsa, deyir:

“Bizimlə sizinki tutmaz, yolumuz ayrıdır. Siz ağ adamlarsınız, biz qara adamlarıq. Onun üçün də iki cəbhəyə ayrılırıq.

“Molla Nəsrəddin” idarəsindəki samovar çox balaca idi. Suyu da axıdırdı. Sabir çayı çox içirdi, amma samovarın suyu çatmadığına görə adama bir stəkan içib samovara təzədən su tökürdülər. Axır ki, samovarın bu halından təngə gəlib, deyir:

Mirzə, samavarından dərda, həzar dərda,
Bir istəkanı indi, bir istəkanı fərda!

Günlərin birində Abdulla Şaiq, Abbas Səhhət və Əlicabbar Orucəliyev Sabirin sabun satdığı dükanına gedirlər. Bir saat söhbət edirlər və bu bir saat ərzində dükana bir nəfər də olsun alıcı gəlmir. Abdulla Şaiq üzünü tutur Sabirə:

– Bizim ayağımız uğursuzdur Bir saatdan bəri söhbət edirik, dükana bir nəfər də müştəri gəlməyib.

Sabir gülür:

– O sizin ayağınızdan deyil! Bu avam camaatın içini təmizləmək əlimdən gəlmir, heç olmasa, üst-başını təmizləyim, zahirini təmizləyim deyə, bu sabun dükanını açdım. Neyləyim ki, zalım uşaqları bu təmizlikdən də qaçırlar.

* * *

Mustafa Mərdanov Tiflisdə Botanika bağında dostları ilə gəzəndə Mirzə Cəlillə Sabiri görürlər. Əşrəf Yüzbaşev onları tanış edir və gənc Mustafa fürsəti əldən verməyib Sabiri tamaşaya dəvət edir. Bir neçə gün sonra “Gürcü Dvoryan Teatrı” yeni premyera təqdim edir: “Otello”.

Mirzə Ələkbər gənc artistin dəvəti ilə teatra gəlmişdi. Tamaşa vaxtı salonda olanlardan bəziləri özlərini yaxşı aparmır, artistlərə ehtiram göstərmirdilər. Xəstə Sabir bundan inciyib əsəbiləşir. Mustafa Mərdanov onu aparıb səhnə arxasında əyləşdirir. Sabir tamaşaya axıra qədər baxır. Aktyorları qucaqlayıb öpür, onları təbrik edir. Amma tamaşadan nə qədər razı qalırsa, tərcümə onu o qədər narazı salır. Sonra “Molla Nəsrəddin”də onun taziyanəsi çıxır:

“Öylə bir tərcümə kim, ruhi-Şekspir görcək,
Ağladı ruhi-Otelloyla bərabər özünə.
“Ax, mütərcim” deyə bir odlu tüfürcək atdı,
Şübhəsiz düşdü o da tərcüməkarın gözünə.

* * *

Əlyazmalarını bir yerə toplayıb taxçaya qoymuşdu. Həsrətin, arzunun bir adı, bir ünvanı vardı: kitab. Xəstə yatanda tez-tez həmin taxçaya boylanar, deyərdi ki, “onlardan muğayat olun”.

Ölümündən bir neçə dəqiqə əvvəl qardaşı oğlu Zeynalabdin Tahirzadəni yanına çağırır. Ona nəsə demək istəyir, amma dili dönmür, bacarmır. Və Sabir kitabını görmədən öldü.

Yay idi. Eşidib-bilən hamı Şamaxıya axışmışdı. Bütün məktəblər bağlanmışdı. Və Hacı Şeyx Həbib demişdi ki, kim Sabirin ölüsünün üstünə getsə, kafirdir.

sim-sim.az

# 6111 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #