Kosmopolit ideologiyanın qurbanı

Orxan Saffari, yazar

Orxan Saffari, yazar

22 noyabr 2021
# 09:35

Kulis.az hazırda Laçında hərbi xidmətdə olan gənc yazar Orxan Saffarinin "Vətən haqqında pafossuz esse" adlı yazısını təqdim edir.

İndi həyatım iki hissəyə bölünüb; hərbi günlərim, mülki günlərim. Mülki həyat məlum meyxanada deyildiyi kimi məndən çox-çox uzaq görsənir;

"Hara baxıram zirvəli dağ görsənir,
Mülki həyat məndən uzaq görsənir".

Ordan baxanda qısa görsənsə də, burda günü günə, saatı saata calayırsan. Ordan baxanda bir şey qalmasa da, burdan baxanda hələ çox şey var. Deyə bildiklərin, bir də bilmədiklərin. Burda, vətənin göbəyində hər şey yaşayırsan; peşmanlıq da, sevinc də, ağrı-acı da. Hər şey, hər şey bir ovuc xatirəyə dönür.

Elə bu qafiyədən haşiyəyə çıxıb onu deyə bilərəm ki, həqiqətən də hara baxırsan zirvəli dağ görsənir. İçimdən üzü dağlara bir səs ucalır; Bura vətəndir! Bura Laçındır!

Vətən...

Hərbi xidmətə gəlməzdən əvvəl vətən haqqında bir xeyli pafoslu yazılarım olmuşdu. Söz yox, mən yenə eyni fikirdəyəm ki, vətən haqqında söz-söhbət pafossuz olmur. Amma vətənin düz göbəyindən hər şey başqa cürdür, hər şey başqa cür olur.

Məsələn, burda vətən mənim üçün ana yox, elə özüməm, əsgərlərdir, xidmət edənlərdir.

Burda anladım ki, Laçın günlər nə deməkmiş...

Üzü dağlara, içi kədərə tərəf çox düşünmüşlüyüm var. Üstündə oturub düşündüyüm bu daş da, qarşımdakı sıldırım qayalar da, dağlar da, dağlardakı mağaralar da, dağılmış evlər də, gecələr gələn canavar, çaqqal səsləri də, hələ bir dəfə yolumu azıb başqa istiqamətə gedəndə qarşıma çıxan o ceyran da vətəndir, vətənindir.

Əzələn bizim olan bu el-obadan niyə də imtina etməliyik? Belə baxanda, bəlkə də demək olar ki, əşşi, quruca dağlardı, dərənin dibindən axan çaydı, burda nə var ki? Amma o deyil. Belə demək bir az insafsızlıq, imansızlıq, torpaqsızlıqdır. Torpaq onun olmaya-olmaya davasını edən düşmənə bir ovuc dağ torpağı da çoxdur. Buranın havasını da bizim adamlar udmalı, buz kimi suyunu bizim adamlar içib boğazı gəlməlidir. Soyuqdan da özümüz donmalı, xəstələnməliyik.

Axı, bura da, uğrunda qanlar tökülən, ölən günahsız insanlar da vətəndir.

Xidmətdə olan adam üçün adətən çox şey quru görsənir. Düzü, bəzi şeylər məndə də elədir, amma görünür, içimə dolmuş vətən sevgisi, orijinal pafos heç vaxt çıxası deyil.

Bəlkə bir qarabağlı olaraq heç vaxt görmədiyim Qarabağ torpağında birdən birə əsgərliyə gəlməyimdir, bəlkə elə qanımdadır, hər nədirsə, bura vətəndir, mən də, biz də bu vətənin adamlarıyıq.

İndən belə də uğrunda qanlar tökülsə, müharibə başlasa, günahsız insanlar qurban olsa, bu vətən bizimdir, torpaq bizim torpaqdır. Bəlkə də bu, bir eqodur. Mənə görə sənin olan sənindir. Onu səndən zorla almaq istəyirlərsə, sən ölməyi də bacarmalısan. Qərbin bir qarış torpağından keçməyəcəyi halda Şərqə ötürdüyü "torpaq boş şeydir" kosmopolit ideologiyasının qurbanı olmaqdansa, bu dağ-dərənin, meşələrin uğrunda qurban olmaq lazımdır.

# 3729 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #