"Qəzada ölənlərdən biri danışdı"

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

26 dekabr 2024
# 13:15

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Ümumiyyətlə, dünənki qəzadan sonra onu başa düşdüm ki, ölkədə məndən başqa hamının təyyarələrdən başı çıxır.

Qəza şəraitində təyyarəni necə idarə etməkdən tutmuş, suya, yoxsa quruya eniş eləməyin daha məntiqli olmağına kimi.

Hamı hər şeyi bilir.

Təyyarə modellərinə kimi.

Mənim təyyarələrə aid bildiyim şeylər isə bunlardı: uçur, qanadları var.

Bu qədər.

Təyyarə haqqında başqa heç nə bilmirəm.

"Oba" marketdə işləyən bir dostum var, dünən Tiktokda canlı yayım açıb təyyarənin mühərrikinin hissələri haqqında məlumat verirdi. Qəzanın baş vermə ehtimallarını təhlil edirdi.

Siz də məni bağışlayın, dostumdu, ərkim çatır, yazdım ki, ay xiyar, bütün bu şeyləri bilirsənsə, "Oba" marketdə nə itin azıb, get elə pilot ol da, heç NASA-dakılar bu qədər şey bilmir təyyarə haqqında.

İşə keçmişik, vallah.

Ölkədə hamının hər şeydən başı çıxır.

Qəzanı siyasi tərəfdən analiz eləyənlər də var. Dünən qələt eləyib Tarqovıdakı o kofeşoplardan birində oturdum. Yan masada oturan iki qaqaşın söhbətini eşitdim. Biri o birinə dedi ki, "Ukrayna ilə münasibətlərimizi korlamaq üçün eləyiblər".

Hamı geo-siyasi vəziyyəti analiz edir, hamı Pentaqonda oturub, hamı hər şeyi bilir.

"Qardaşım, latteni, kapuçinonu, vayt çoklat mokanı iç də, başına dönüm, niyə özünü yorursan axı belə şeylərlə?" - deməmək üçün özümü güclə saxladım.

Ya da yazırlar ki, "quru yolları açıq olsa, bu qəza olmazdı!".

Necə olmazdı?

Quru yolları açıq olanda Qroznıya təyyarə uçmurdu, ya boş uçurdu?

Hərə bir şey deyir. Hamının nəsə fikri var.

Bu bir yana...

Hər xəbəri status kimi paylaşan adamların məqsədi nədir bəs?

"Qəzada ölənlərin sayı 65-ə çatdı".

Tamam, dostum, bildim, məlumat üçün çox sağ ol, amma sən kimsən?

Bir azdan yenə paylaşır:

"Qəzada ölənlərdən biri danışdı".

Ayə, nə deyirsən?

"Qəzada ölənlərdən biri danışdı" nə deməkdi?

Nağayrırsan?

Dayan bir görək!

O biri yazır ki, "Qazaxıstan xəstəxanasındakı dostlarım siyahı göndərdi, ölənlərin adları..."

Ay qardaş, sən hardan çıxdın, sən kimsən?

Sənin niyə Qazaxıstan xəstəxanasında dostların var?

Sən niyə ölənlərin adlarının dəqiq siyahısını öyrənməyə çalışırsan?

Jurnalistsən sən?

Kim səndən informasiya gözləyir axı?

Nə əl qatmısan özünə?

Hamı informasiya verir, hamı hər şeyin xəbərini ilk paylaşmaq istəyir.

Niyə?

Mən nə bilim niyə? Dəlidilər də.

Həə... Ayrı vaxt yazıçılarla, şairlərlə məzələnirsiniz, amma belə başa düşürəm ki, ölkədə ən adekvat adamlar elə yenə də yazıçılardı.

Gör bir yazıçı bilmədiyi məsələ haqqında fikir bildirir?

Vallah, biz yazıçılar bir dənə hekayə, ya roman yazırıq, heç onun janrını düz-əməlli müəyyənləşdirə bilmirik, yığışıb müzakirə eləyirik, dalaşırıq, axırda İlham Əziz deyir ki, məni qatmayın, mən yaşlı adamam.

# 4160 dəfə oxunub

Oxşar xəbərlər

Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
# # #