Ədəbiyyatı öldürmək istəyənlər

Ədəbiyyatı öldürmək istəyənlər
30 mart 2021
# 16:39

Dünyada elə şayiələr var ki, səndən olsa, əsla və əsla inanmazsan. Bir şeyin ki, adı şayiədir, onda niyə qızıl vaxtını ona xərcləyib dincliyini pozasan? Amma şayiənin təbiətindəki bədxahlıq da burda gizlənib: o yayılmağa, tirajlanmağa və sonda həqiqətdən seçilməz olmaqla yuxuları qaçırmağa hesablanıb.

Son zamanlarda ən çox yayılan şayiələrdən də biri budur ki, guya bədii ədəbiyyat ölüm ayağındadır. Guya elmin, internetin, texnologiyanın tərəqqisi nəticəsində bədii ədəbiyyat artıq öz funksionallığını itirib və əgər bizim bəsirətimiz, fərasətimiz, cəsarətimiz varsa, keçmişin bu qalığından tez-tələsik canımızı qurtarmalıyıq.

Niyə belə şayiələr yayılır?

Nədir məqsəd?

Bəlkə elm, akademizm ədəbiyyatın populyarlığını fəth etməklə ərazilərini genişləndirməyə çalışır; bəlkə səbəb bəsit qısqanclıqdadır; bəlkə əsassız narahatlıqda; bəlkə bu sadəcə öldürməkdən alınan həzdən irəli gəlir?

Bunlar öz yerində, bir də zəmanə adamı pozası alaraq, “Mən ümumiyyətlə, bədii ədəbiyyata yaxın durmuram, ancaq elmi kitablar oxuyuram!” deyən sadəlövhlər qoşunu var. Belələri qabağında ədəbiyyat oxumamaqlarıyla öyünəndə, “Bəlkə sadəcə küyə getmisən?” demək istəyirsən. Amma demirsən. Çünki hər şeyi adamların üzünə vurmaq olmaz, inciyərlər...

Dürüstlüyə qalsaydı, öldürmək qəsdi digər sahələrə də yönəlməliydi, amma nədənsə bu baş vermir, hədəfdə əsasən ədəbiyyatdır.

Götürək şahmatı.

Müasir qrossmeysterlər kompüterlərlə bacarmırlar. IBM şirkətinin hazırladığı “Deep Blue” superkompüteri 1996-cı ildə tarixin ən yüksək reytinqli şahmatçısı (həmin dövrdə) Qarri Kasparovu məğlub etdi. Bu, elm sahəsində dönüş nöqtəsi mahiyyəti daşıyan anlardan biriydi, çünki onilliklər ərzində kompüterlər qrossmeysterləri məğlub edə bilmirdilər.

Növbəti ildə həlledici matçda “Deep Blue”yə məğlub olandan sonra Kasparov nə qədər hay-küy salsa da, nə qədər IBM-i hiylədə ittiham etsə də, xeyri olmadı. Artıq gec idi: süni intellektin insan zəkası üzərindəki qələbəsi inkaredilməz fakt kimi təsdiqlənmişdi.

2004-2005-ci illərdə insan və superkompüterlər arasında şahmat üzrə iki dünya çempionatı keçirildi. Superkompüterlər beşi dünya çempionu olmaqla, altı qrossmeysteri elə asanlıqla darmadağın etdi ki, insan və maşın arasında növbəti dünya çempionatı keçirməyin bir mənası qalmadı.

Bu günün qrosmeystləri daha kompüterlərlə oynamağa maraq göstərmirlər. Hətta tarixin ən yüksək reytinqli şahmatçısı ünvanını Kasparovun əlindən alan Maqnus Karlsen də. Bircə qələbə belə qazanmadan bütün oyunları dalbadal uduzmaqdan üzücü nə ola bilər? Ona görə də hazırkı dünya çempionu kompüterindən ancaq məşq etmək üçün yararlanır.

Günümüzdə adi mobil proqramlar belə qrossmeysterləri məğlub etmək iqtidarındadır, amma yenə nədənsə heç kim şahmatçılara “Cənablar, daşları düzün, dağılışın!” deməyə tələsmir. Əksinə, şahmat indi heç vaxt olmadığı qədər populyardır və ulduz şahmatçılar indi heç vaxt qazanmadıqları qədər çox qazanırlar (Maqnus Karlsenin illik qazancı milyon dollarlar həcmində qiymətləndirilir).

Təkcə qrossmeysterlərə deyil, şahmat həvəskarlarına da kompüterlərin güclü, amma quru, sənətdən və estetikadan uzaq oyunları maraqlı gəlmir. Maqnus Karlsenin hər rəqibini incəliklə qurduğu strategiya əsasında səbirlə, yavaş-yavaş boğması; Şəhriyar Məmmədyarovun bir cangəvar kimi oyuna atılıb amansız darmadağınlar törətməsi; Teymur Rəcəbovun pusquda dayanıb gözləməsi və xırda bir səhv görəndə, əks hücuma keçib rəqibini haqlaması; Levon Aronyanın sənətkarlığı; Sergey Karyakinin polad müdafiəsi; Fabiano Karuananın universallığıdır maraqlı olan. Bunların arxasında ruh, emosiya, xarakter, mübarizə, yaradıcılıq, sənətkarlıq, estetika və gözəllik dayanır.

Ədəbiyyatın qətlinə fərman verənlərin nəzərə almadıqları da bu amillərdir.

Anlamırlar ki, nə qədər ki, bu hisslər və anlayışlar var, necə ki, şahmat aktualdır, ədəbiyyat da aktual olaraq qalacaq.

Elm, akademizm, texnologiya adına ədəbiyyatı öldürməyə tələsənlər ən azı sənəti və gözəlliyi dərk etməyən kəslərdir. Alqoritm ürəklilərin sükanı ələ keçirib meydan sulamasına isə heç bir halda icazə vermək olmaz. İnsanlıq və onun gələcəyi naminə.

Cavid Ramazanov

# 3546 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #