Çap olunmayan romanım

Ayxan Ayvaz, yazar

Ayxan Ayvaz, yazar

18 fevral 2022
# 09:42

Kulis.az Ayxan Ayvazın “Roman. İntihar” yazısını təqdim edir.

“Pəncərəsiz” adlı yeni romanımı çap etdirmək üçün “Teas Press” Nəşriyyatına göndərmişdim. Ona görə ki, “Teas Press” həm keyfiyyətli iş görür, həm də müəllifə qonorar ödəyir. İndiki zamanda romandan qazanc əldə etmək xəyal məhsulu kimi göründüyündən Azərbaycanda bu cür nəşriyyatın olmağı çox müsbət hadisədir.

Mən də artıq yaşımın elə bir vədəsindəyəm ki, istəyirəm, üç il yazdığım və əziyyət çəkdiyim romanın bəhrəsini görüm. Böyük məbləğlərdən söhbət açmıram burda. Minimum haqq. Heç olmasa o minimum məbləğ mənə stimul verəcək və yazmaq üçün önümdə üfüqlər açacaq.

Romanı rayonda yazıb bitirəndə də bu haqda düşünürdüm. Hətta bir ara romanı xarici dildə çap etdirməyi də planlaşdırmışdım. Sonradan düşündüm ki, buna çox xərcim çıxacaq və açığı, bu xərci qarşılayacaq pulum da yoxdur. Ona görə də nəşrlərini çox sevdiyim, keyfiyyətinə inandığım və eləcə də qonorar ödəyəcək bir nəşriyyata müraciət etməliydim. Bu cür nəşriyyat da bircə “Teas Press” idi.

Həvəslə romanı nəşriyyata göndərdim və gözlədim ki, çap olunacaq. Lakin olmadı. Səbəb? Nəşriyyat dedi, roman intiharı təbliğ etdiyi üçün bizim onu çap etməyimiz mümkün deyil. Bu haqda status da yazdım. Və gözlədiyim kimi, insanlar bu qərara qeyri-adi yanaşdılar. Necə yəni roman intiharı təbliğ edir? Axı müəllifin özü də bu bəlanı yaşayıb və bundan ağrı duyub. Hətta mən romanı “Anamın əziz xatirəsinə” ithaf etmişdim. Bütün bunlar haqlı olaraq sual doğururdu: gerçəkdən, Ayxanın romanı intiharı təbliğ edirmi? Bir sıra oxucular Dostoyevskini misal çəkdilər, əsasən də, onun “Şeytanlar” romanı. Yaxud “Anna Karenina”nı. Eləcə də Hötenin “Gənc Verterin iztirabları” romanını. Belə baxanda klassikanın bir çoxunda intihara təbliğ notları var. Lakin onlar durmadan tirajlanır, satılır, oxunur və əl-əl gəzir.

Mənim romanım əslində intihar əleyhinədir. Daha doğrusu, roman intihardan deyil. “Pəncərəsiz” romanı qeyri-adi bir tələbənin dörd kurs dövründəki dəyişiklikdən bəhs edir. O qəhrəman gah dindar olur, gah yas biznesini idarə edən, gah da sensasion fikirlər səsləndirən adam. Əslində roman dövrümüzün xaotik mənzərəsini bu qəhrəmanın üzərindən təsvir edir. Və romanın bir yerində ölkədə intiharlar qadağan olunur, yaşadığımız pandemiya dövrünə oxşar olan hadisələr cərəyan edir. Bu yerdə İntihara azadlıq istəyən bir təşkilat ortaya çıxır və onlar düşünür ki, intihar etmək də insanların haqqıdır. Bütün romanı danışmayacam. Təkcə onu deyim ki, roman qeyri-adi bir sonluqla başa çatır və müəllifin əsas məğzi intiharı deyil, mətni qabartmaq olduğu üzə çıxır.

Belə, əziz oxucular (yəni əgər belə bir şey mövcuddursa), bu romanın intiharı təbliğ etmədiyi açıq-aşkar ortadadır. Romanı oxusanız (təbii ki, hansısa nəşriyyat çapını öhdəsinə götürsə və mənə də müəyyən miqdarda qonorar ödəsə) özünüz hər şeyi görəcəksiniz. Bilmirəm, bəlkə heç sizə lazım da deyil bu. Həqiqətən maraqlıdır mənə: romanı oxumaq istəyərsiniz, yoxsa yox? Çünki mən bayaqdan özümü boş-boş danışmış kimi hiss edirəm.

# 3012 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #