Biz nə etmişik ki, Damlanı bəyənmirik?

Damla, müğənni

Damla, müğənni

14 iyun 2022
# 15:00

Xətrini istədiyim Vüqar Babazadənin “Damla adında sənətçi ola biməz” yazısı vaxtaşırı aktuallaşan tendensiyanı yenidən xatırlatdı: müəyyən kəsimin cəmiyyəti öz təsəvvürlərində formalaşdıqları standart bir zövqə, biçimə salmaq cəhdini. Bu uğursuz cəhdlər, bir az da, vaxtilə Mao Tszedunun Çində mədəni inqilab çərçivəsində həyata keçirilən köhnə mədəniyyətin ləğviylə cəmiyyəti məcburən eyni zövqün, qəlibin içinə salması ilə analoji xarakter daşıyır.

Müşahidələrimə görə, Damla formatında oxuyan müğənniləri aşağılamaq (tənqid yox, məhz aşağılamaq) intellektual görünmək kompleksinin təzahürü kimi də ortaya çıxır. Facebook səhifəsində Üzeyir Mehdizadəni dinləyənləri aşağılayan tarixçi professor Altay Göyüşov Aydın Saninin mahnısını paylaşanda, özünü ələ verdi. Ki, əslində, onun musiqi zövqü Müslüm Maqomayev yox, Üzeyirdən fərqlənməyən Aydın Sani imiş.

Vüqarın yazısına gəlincə, bu, daha çox nifrət nitqidir, nəinki arqumentlərə söykənən məqalə...

Nə qədər banal və klişe səslənsə də, incəsənət, kitab zövqü, qiyafət, ağız dadı individual məsələdir. Bu faktı heç nə dəyişə bilməz. Və dünyanın heç yerində cəmiyyətin zövqü elitar deyil.

Yaxınlarda “Fokus” kinojurnalı üçün müasir Amerika rejissoru Pol Tomas Anderson haqda portret yazı işləyirdim. Anderson müəllif kinosunun əhəmiyyətli simasıdır, amma onun filmləri qərb standartları ilə götürəndə böyük gəlir gətirmir, kommersiya uğuru qazana bilmir. “Hörümçək adam”, “Forsaj” kimi yüngül filmlər isə xərclədikləri büdcədən qat-qat çox gəlir gətirirlər. Meynstirimin sənəti yenməməsi üçün nəhəng studiyalar müəllif kinosuna dəstək olmağa çalışırlar.

Yaxud Tokionun küçələrində sorğu keçirsəniz, yaponlar Kurosavanı, Odzunu yox, populyar serial qəhrəmanlarını tanıyacaqlar.

Belə yanlış təsəvvür də var ki, guya zövqlü musiqi dinləmək, sanballı bədii əsər oxumaq insani keyfiyyətlərə təsir göstərir, onu aliləşdirir. Həyat həqiqətləri isə əksini göstərir. Stalin Motsartın, Mussolini Cüzeppe Verdinin, Hitler Bethoven və Vaqnerin pərəstişkarı olub...

Damlanı tanımaq üçün bir neçə müsahibəsinə baxdım. Rastıma Kəramət Böyükçölün onunla söhbəti çıxdı. Aparıcı, qarşısında kim olursa-olsun ona hörmət etməyi bacarmalıdır. Bunun ən uyğun nümunəsi İTV-də yayımlanan “Fatehin divanı”nda aparıcının Damla ilə sayğıyla davranaraq söhbəti peşəkarcasına qurmasıydı. Kəramətin isə intonasiyası, baxışı, oturuşu belə qeyri-etik idi, aparıcı kimi davranışında problemlər var və müsahibə almaq texnikası primitivdir. Damlaya ünvanladığı “Cəmiyyətin ictimai siyasi proseslərin maariflənməsində hansısa rolunuz ola bilməzdi ki” sualı isə bisavadlıqdır, bolşevik düşüncəsidir. Müğənninin, aktyorun, yazıçının belə bir funksiyası, məcburiyyəti yoxdur. Üstəlik, hər cürə informasiyanın, kontentin əlçatan olduğu indiki dönəmdə, bu nə maarifbazlıq azarıdır?

...Vüqarın məqaləsi həm ona görə arqumentsizdir ki, o, sadəcə, görünənləri sorğulayır, mühakimə edir. Halbuki yazı o zaman məzmunca əhəmiyyət daşıyardı ki, müəllif, məsələn, Damlanı dinləyən insanlarla söhbətləşəydi, onları bu mahnıları dinləməyə, ağlamağa vadar edən, sevdirən səbəbləri araşdıraydı. Problemimiz ondadır ki, cəmiyyəti, xalqı öyrənmədən, araşdırmadan qınayırıq, necəsə təhqiramiz münasibət göstərməyə çalışırıq. Biz özümüz nəsə əhəmiyyətli iş görməmişik, amma xalqın boğazından yapışmışıq ki, sən niyə Damlanı dinləyirsən? Xalq həmişə haqlıdır. Onun musiqi zövqünu cilalamaq kimi bir öhdəliyi yoxdur.

Bu öhdəlik qurumların üzərinə düşür. Ona görə əzizim Vüqara təklif edirəm ki, Damlanı sorğulamaq əvəzinə daha mühüm mövzulardan yazsın. Bu il Fikrət Əmirovun və Rauf Hacıyevin 100 illik yubileyidir. Mədəniyyət Nazirliyinin, digər əlaqədar qurumların bu iki böyük bəstəkarın yaradıcılığının yüksək səviyyədə təbliği məqsədilə nə kimi planları var, nə kimi orijinal, yaradıcı, fərqli tədbirlər həyata keçirəcək? Yoxsa adda-budda nəsə edib, sovetdənqalma ənənəvi yanaşmayla kifayətlənəcəklər?

# 5489 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #