Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə
26 avqust 2024
# 15:00

Kulis.az Eminquey Akifin "Qaranlıqdakı işıq" adlı yeni köşəsini təqdim edir.

“Qızın iki adaxlısı var”.

Bazar camaatı


Məmləkəti farağatda saxlayan iki mövzu var ki, bu iki mövzu arasındakı uçurumdan yıxılan da elə bu məmləkətin ağlı başında olanlarıdır.

Əgər A nöqtəsindən B nöqtəsinə yola çıxsaq, məntiqlə bir yerə, xəyalla bir ayrı yerə getmiş olarıq. Məntiqlə yola çıxsaq, bizi məmləkətin A nöqtəsində oğrular, "bariqalar", "vorzakonlar", B nöqtəsində geylər, transseksuallar, fahişələr qarşılayacaq. İşıq gələn tərəf yoxdur, ancaq və ancaq it hürən tərəf var, yəni qaranlıq. Məmləkətin A nöqtəsindəki oğruları, "bariqaları", "vorzakonları" meyxanaçılar, blogerlər; B nöqtəsindəki geyləri, transseksualları və fahişələri TV-lər, şou aləmi və sosial şəbəkələr məşhurlaşdırır, gözümüzə soxur.

A nöqtəsində də xeyli adam var, B nöqtəsində də.

Qəribəsi budur ki, oğlunun oğru, "bariqa", "vorzakon" olmağını gey, transseksual, fahişə olmasından daha yaxşı hal hesab edənlər də az deyil. Ciddi sözümdür, Rəşad Dağlı həbs olunanda bir video-köşə çəkmişdim, bir nəfər rəy yazmışdı ki, zor eləyib öldürüb, gedib baboşluq eləməyib, samiraldoluq eləməyib ki. Bax, bu monitora kor baxım, beləcə də yazmışdı.

Təsəvvür edirsiniz, insanlar qaranı ağdan-zaddan yox, artıq qaranı qaradan seçirlər. Bu qara daha yaxşı qaradır. Bu qaranlıq daha işıqlı qaranlıqdır. Və bu A nöqtəsindən B nöqtəsinəcən uzanan uçurum ki var, o uçurumda gündə nə qədər adam məhv olur.

Bəli, məmləkətin iki adaxlısı var: Biri oğrular, "bariqalar", "vorzakonlar", o birisi geylər, transseksuallar və fahişələr.
Rüstəm bəy oğruya söz verib, amma geyi də əldən buraxmaq istəmir.

O uçurum ki, bu yaxınlarda oradan bir alim tapdılar – Fazil Qaraoğlu. Kirayə pulunu verə bilmirdi deyə kitabları ilə birgə çöldə qalmışdı. O uçurum ki, orada addımbaşı bir yazıçıya rast gələrsən, əlində yazdığı kitab, hələ də öz oxucusunu axtarır. O uçurum ki, orada addımbaşı əsərlərinə müştəri axtara-axtara ömür sürüyür. O uçurum ki, orada ən yaxşı bəstələrini özündən başqa heç kim eşitməyən bir bəstəkar son nəfəsində ən kədərli mahnısını zümzümə eləyir. O uçurum ki, orada dörd, bəlkə də, səkkiz ilini universitet oxumağa sərf edib, axırda da 500 manatlıq işə düzələn, ömrünü bu 500 manat maaşın qaranlığında keçirən nə qədər gənc var. O uçurum ki, oradakı işığı heç kim görmür.

Albert Eynşteyn deyirdi ki, məntiq sizi A nöqtəsindən B nöqtəsinə götürər, xəyal gücü isə hər yerə. Qaragüruhun qaranlıq eşqilə uçurumun hər iki başındakı qaranlıq insanların artıq məntiqi seçiminə çevrilib. Baxırlar ki, hər iki halda hörmət qoyulan, yeri gəlsə, yaxşı pul vəd edən ya A nöqtəsidir, ya da B nöqtəsi. İndi kim desə ki, mən rəssam olacağam, deyərlər, başın xarabdır? İndi kim desə ki, mən alim olmaq istəyirəm, deyərlər, get, özünə sənət tap. Çünki işıq artıq bu cəmiyyətin xəyal gücünün məhsulu ola bilər. Biz isə nə qərib-qərib xəyallara dalasıyıq, nə də Makedonu dərdə-qəmə salası. Bizə nə xəyal lazımdır, nə də işıq.

Bizə lazımdır ki, transseksual biri öz cinsi təkamülündən danışsın. Hansısa narkomanın keçdiyi yolu göstərsinlər. Hansısa fahişənin bu yola necə düşməsi, nə qədər pul qazanması daha maraqlıdır. Alimin yaşayışını da bilirlər, aqibətini də. Rəssamın yaşayışını da bilirlər, aqibətini də. Yazıçının yaşayışını da bilirlər, aqibətini də. Heç bir ümid yoxdur bu adamlarda. Heç bir şey vəd etmir bu cəmiyyətin alimi olmaq. Heç bir ümid vəd etmir bu cəmiyyətin yazıçısı olmaq. Heç bir ümid vəd etmir bu cəmiyyətin işığı olmaq.

Əslində, siz bunları məndən də yaxşı bilirsiniz.

Yaxşı bilirsiniz ki, bu A nöqtəsindən B nöqtəsinəcən olan bu cəmiyyətdə ən yaxşı halda Nail Kəmərli olmaq olar. Ən yaxşı və ən ağıllı seçim budur. Yaxşı başa düşürsən ki, yalnız və yalnız belə sağ qalmaq olar. Hər iki qaranlıq arasında seçim etməli və o qaranlıqların qaragüruhundan faydalanmalısan. Onsuz da kimisə xilas edə bilməyəcəksən. Xilas edə bilmirsənsə, hərədən bir tük də qənimətdir. Tap, göstər, pul qazan, reytinq qazan, qalanı cəhənnəmə. A nöqtəsinindəki qaranlığı seçənlər sənə işləyəcəklər.

Xumarit, brat, xumarit!

Fərqindəsən, bilirsən ki, sənin göstərdiyin hansısa narkomanın veriliş yayımlanandan sonra telefonları susmur. Yazıb, zəng edib soruşurlar ki, sən Allah, bizə də de, o malı haradan alırdın?

Fərqindəsən ki, sənin “xilas olunmuş” obrazının dediyi bütün jarqonlar, bütün narkotik ifadələr güllə kimi yayılır qaranlıqlarda. Qaranlıqdakı itlər də qayıdıb bir-birinə “xumarit, brat” deyirlər.

Fərqindəsən...

Amma...

Məcbursan!

Sağ qalmaq eşqinə!

Qaranlığa güzgü tutanda ancaq qaranlığı görə bilərsən, başqa heç nə. Bəli, qaranlığa güzgü tutmaq puçdur. İşığa güzgü tutmaq isə... Lazımdır ki, işığın güzgüdəki əksi A və B nöqtəsi arasındakı məsafəni get-gedə daraltsın, daraltdıqca, o uçurum qapansın, qapandıqca o uçurumdakı işıqlı adamlar yaşasın, çoxalsın...

Çox təəssüf ki, mənim də bu yazım qaranlığa güzgü tutmaqdan başqa bir şey deyil.

Nail, hələ ki sən haqlısan...

Hələ ki sənin qaranlığın haqlıdır.

Mütləq ki o gün gələcək, bir nəfər də ortaya çıxıb o uçurumdakı insanları xilas edəcək. Bu missiyanı öz üstünə götürəcək. Alimi kirayə evlərdən xilas edəcək, yazıçını oxucuya, rəssamı seyirciyə, ali diplomlunu da yaxşı maaşa, hörmətə qovuşduracaq. Buna ümid etməkdən başqa əlacımız yoxdur.

Bir gün alimin lüks yaşayışı təmin olunanda, cəmiyyət alim olmaq istəyəcək. Bir gün yazıçı öz əsərlərindən yaxşı pul qazananda, cəmiyyət yazıçıya hörmət qoyacaq. Bir gün ali təhsilli bir gənc xaricdə yox, məhz öz vətənində uğur qazananda, cəmiyyət təhsilə meyl edəcək.

İndilik isə Nail haqlıdır, Nailin qaranlığı daha işıqlıdır.

İndilik isə baboşların, nil menzoların qaranlığı daha işıqlıdır.

İndilik ən yaxşı halda Nail Kəmərli olmaq istəyir cəmiyyət.

Qaranlıqlardan özünə işıq düzəltmək üçün.

Özünə GÜN ağlamaq üçün...

# 4299 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #