Anamın qucağı

Vüqar Babazədə, yazar

Vüqar Babazədə, yazar

4 iyun 2022
# 10:00

Kulis.az Vüqar Babazadənin “Həyati” adlı yazısını təqdim edir.

Adamı keçmişə apara bilən çox az şeylər olur. Bu şeylərdən biri də musiqidir. Yalnız bəzi musiqilər var ki, ona kiminlə, harada və nə zaman qulaq asdığını xatırlamaq olur. Bu musiqiləri xüsusi edən şey ya dinlədiyin adam, ya dinlədiyin yer, ya da dinlədiyin vaxt olur.

Aslan İlyasovun “Həyati” (Aslani) rəqsi də mənim üçün bu musiqilərdən biridir. Uşaqlığımdan bəri bütün həyatım boyu parça-parça, qırıq-qırıq eşitdiyim bir neçə musiqidən biridir “Həyati”. Hər dəfə dinləyəndə, ya da haradasa eşidəndə “gələcək həyatım qabaqdadır” düşüncəsi ilə yaşamadığım, aydın, işıqlı günlərim, uşaqlığın xoş bikarlığı yadıma düşür.

Payız aylarından biri idi. 12-13 yaşlarımda Lənkərandan göz həkimindən qayıdırdıq. Ağ “Niva”nın içində həm yer olmadığı üçün, həm də az pul verək deyə anamın qucağında oturmuşdum. Başım maşının tavanına dəyirdi. Lerikin sərt döngələrini burulduqca ürəyim ağzıma gəlir, başım pəncərəyə tərəf sıxılırdı. Yağış da yağa-yağa torpaq yolları palçıq etmişdi. Üstəlik, atam da bir müddət əvvəl ölmüşdü. Ağlamağım gəlirdi. Bu hissələri oxuyanda Ayxan Ayvazın “çox pafosludur, qaqa” deməyinə baxmayacam. Doğrudan da, ağlamağım gəlirdi. Heç nə başa düşmürdüm. Yollarda yorulmuşdum. İndi də Lerikin bozluğu, həmin “Niva”nın görünüşü, anamın qucağı yadıma düşəndə ağlamağım gəlir.

Birdən sürücü bir mahnı qoşdu. Nəfəsimi tutub, mahnıya diqqətlə qulaq asmağa başladım. Hər şeyi unutmuşdum. Hər notdan sonra içimdə ümidin kökləri cücərir, anamın yorğun nəfəsini boynumda hiss edir, qırmızılaşmış meşələrə heç nə hiss etmədən baxır, bundan sonra eynəklə yaşayacağımı düşünürdüm.

Sintezator yavaş-yavaş ritmi başladır. Bir neçə dəqiqədən sonra anidən qarmonun qanadları açılır. Havalanmağa başlayırıq. Sonsuz fəzada qaz tükü kimi hərəkətsiz, çəkisiz, nəfəssiz, cansız o tərəf-bu tərəfə gedirik. Yerə enərək hər kəsin arxasınca düşür, hər şeyi yuxarıdan izləyir, hər bir hadisənin içinə girirdik. Qarmon arada qanad saxlayanda, dənizdən balıq götürüb uçan quşlar kimi yenidən havaya yüksəlirdik.

Bəmdən yavaş-yavaş zilə düşdükcə elə bil bədənimi sıxıb, suyunu çıxarır, ətimi tökürdülər. Büzüşür, tüklərim biz-biz olurdu. Elə hiss edirdim ki, beynimi drellə deşirlər. Hər dəfə “bu sonuncu oktavadır” deyə fikirləşir, hər dəfə də bir oktava daha aşağı düşürdük. Ürəyimi qəribə bir sevinc bürüyürdü. Bu anı əlimlə tutub saxlamağı, bu dəqiqələrin getməməyini arzulayırdım. Hər oktava aşağı düşdükcə, beynimin içi qurdalanır, zildən yavaş-yavaş bəmə qalxdıqca yağışdan sonra açan payız günəşi hisslərimi isidirdi.

Bir dəfə də çox sevdiyim bir tanışımın, deyəsən, nənəsi ölmüşdü. Yası birtəhər yola vermişdilər. Mərasim bitəndən sonra yas palatkasını sökürdülər. Axşamüstü idi. İlıq may havası vardı. Tanışım dəmir bir vedrəni tərsinə çevirib oturmuşdu. Mən də onu görüb, yanına getdim. Hardansa bir vedrə tapıb yanına qoyub oturdum. Fəhlələr palatkanın bir-birinin içinə keçirilmiş dəmirlərini çıxarırdılar. Qəribə bir mənzərə vardı. O, birdən siqaret yandırıb, telefonunda “Həyati”ni qoşdu. Bir müddət ikimizdə susub, “Həyati”yə qulaq asa-asa çadırın sökülməyinə tamaşa etdik.

Aslan İlyasovun “Həyati”si nə qədər kədərli və qəmgin bir musiqi olsa da, mənim üçün həmişə aydın günlərin carçısı kimi yadımda qalıb. İndi də “Həyati”yə qulaq asanda canlanıram. Yazmaq, yaşamaq, yemək, sevmək, gülmək istəyirəm. Ürəyim açılır. Gözlərim daha yaxşı görür, gülüşüm canlanır. İçimdə böyük bir enerji meydana çıxır.

Musiqinin çox mistik bir aurası var. İnsanı qaldırıb göyə çıxarır. Və birdən aşağı buraxır. Kədərli anında səni oynada, şən anında səni ağlada bilər. Hər kəs “Həyati”yə bir neçə dəqiqəlik astral səyahət yaşayaraq dinləyir. Qarmonun hər bir dilinin çıxardığı səslə yaddaş fişəng kimi partlayır, hər bir düşüncə saf, bərraq şəkildə ortaya tökülür, xatirələr canlanıb, adama şirin gəlməyə başlayır.

“Həyati” musiqi deyil, həyat tərzidir. “Həyati”ni ifa edərkən Aslan İlyasovun bədənini, sifətini, dodaqlarını, gözlərini çox müşahidə etmişəm. Sanki özü də belə bir əsər dünyaya gətirdiyi üçün əzab çəkir. Altında qalıb əzilir, musiqinin gücü onu ağuşuna alır. Qıvraq, bədəninə yaraşmayan hərəkətlərini görəndə, adama elə gəlir ki, həyat onun üçün həmin an dayanıb. Simurq quşunun qanadları üstündə dünyanı dövrə vurur. Pislik məhv olur, şər məğlubiyyətə uğrayır, qaranlıq yox olur. Günəş doğur, xeyir və yaxşılıqla dünyada həyat sürməyə başlayırıq.

Aslan İlyasov can verən anda kameralara baxıb demişdi ki, “yaşamaq istəyirəm, məni ölməyə qoymayın”. “Həyati” kimi bir musiqi bəstələyən, onu tarixi möhtəşəmliklə ifa edən bir sənətkar yaşaya bilmədi. Hər dəfə “Həyati”ni eşidəndə Aslan İlyasov cavan, gümrah, canlı halda gəlib önümdə dayanır. Və biz 3-5 dəqiqəlik yaşamağa başlayırıq.

Aslan əmi, bilirəm ki, hardasa yuxarılardasan və bizi müşahidə edirsən. Narahat olma, yaşayırsan. Sənə sonsuz təşəkkürlərimi göndərirəm.

# 4606 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #