Amerikalılar həqiqətən Aya uçublarmı?

Amerikalılar həqiqətən Aya uçublarmı?
20 iyul 2022
# 10:40

Kulis.az Vüsal Bağırlının "Gülümsəyən Ayı seyr edərkən..." yazısını təqdim edir.

Yanımdan adamlar keçir,
Ay işığı nə vecinə?
Burax məni, Ay işığı,
Gedim işimə-gücümə.

Ramiz Rövşən

Biz gecələr buludsuz aydın səmalarda aşağı, qabağa və üfüqə yönəlməkdən bezmiş başımızı, usanmış nəzərlərimizi hərdən, qəfil yuxarı qaldırırıq. Qaranlıq göyə baxırıq. Bu zaman səmaya səpələnmiş qəribə, parlaq şeylər müşahidə edirik və nə qədər möhtəşəm, əsrarəngiz, sirli bir aləmdə yaşadığımızın fərqinə varırıq.

Göy cisimləri, böyük planetlər. Süd Yolu. Kəhkəşan. Kainat. Amma onlar bizdən çox uzaqdadırlar. Lap çox. Hətta Günəşdən dəfələrlə böyük nəhəng ulduzlar belə işığın min, milyon ilə dəf edə, qət oluna biləcəyi məsafədə yerləşirlər. Onlar bizə sadəcə sayrışan kiçik işıq zərrəcikləri şəklində görünürlər.

Amma bir göy cismi də var ki, həmin planetlərlə, ulduzlarla müqayisədə hədsiz kiçik olsa da, bizə həm məsafə sarıdan, həm də mənəvi cəhətdən olduqca yaxın və doğmadır. Hətta o dərəcədə ki, Yer kürəsini onsuz, onu da Yersiz təsəvvür etmirik.

O, biz insanlara yaşadığımız planetlə birlikdə təsir göstərir. Həmçinin Yer planeti də ona qarşı biganə deyil. O, da səma cismini öz əsarətinə alıb, öz başına fırlanmağa sövq edir. Həmin göy cismi Yerə o qədər yaxında yerləşir ki, diqqətlə baxdıqda hətta üzərindəki relyefi, dağ və hündürlükləri ləkələr şəklində müşahidə edə bilirik. Bu mistik, azca qorxulu, sirli və olduqca maraqlı səma obyekti Aydır.

Ay niyə bu qədər cazibədardır? Axı o niyə bizi bu dərəcədə heyran edir? Nəyə görə Aya vurğunuq, şeir və mahnılarla onu vəsf edirik?

Həqiqətən, bu vurğunluq, aşırı məftunluq bir müəmmadır.

Gündüzlər heç fikir vermisiniz Ay səmada necə görünür? Ağ, şəffaf ləkə kimi. İlğım kimi, röya kimi. Öz guşəsinə çəkilmiş, qalasına sığınmış, yaxud cəzalanaraq küncə qoyulmuş xırda, tənha bulud kimi.

Sanki xal olub göyün üzünə yapışıb. Qaşısan qopacaq.

Gecələr Ay nə qədər parlaq və əzəmətlidirsə, gündüzlər bir o qədər solğun, kədərli və bikef təsir bağışlayır. Adama elə gəlir, onu ora Poseydon kimi zəncirləyiblər, zorla tutub saxlayıblar və “qəti heç yerə tərpənmə, mütləq burda durmalısan!” deyirlər.

***
Uşaq vaxtı (təxminən 7-8 yaşımda) sinfimizdə sorğu keçirilirdi: “Böyüyəndə hansı peşəni seçəcəksən?”.

Sinfin bir yarısı sualı “icra hakimi”, digər yarısı isə “prokuror olacam” deyə cavablandırdı. Yalnız sinif yoldaşım Mehman bir xeyli tərəddüddən sonra, “atam kimi taksi sürəcəm” dedi. Növbə gəlib mənə çatdıqda, düşünmədən, qətiyyətlə “kosmonavt olmaq istəyirəm” söylədim və cavabım ətrafdakıların gülüşünə səbəb oldu.

Kosmonavt ola bilmədim, fəqət, astronavtlar, qalaktikalar, kosmik ənginliklərlə bağlı filmlər, mütaliə süzgəcindən keçirdiyim yazılar, məqalələr məndə həmişə kosmik aləmə ölçüyəgəlməz maraq hissi yaratdı.

Mövzu ilə əlaqədar son dövrlərdə oxuduğum yazıları (Herbert Uells, Ayzek Əzimov, Rey Bredberi), baxmaq imkanı əldə etdiyim bəzi kinofilmləri xatırlayıram: “İnterstellar”, “Marslı”, “Qravitasiya”, “Oblivion”.

O gün bir filmə baxdım. Baş rolunda Rayan Qoslinqin çəkildiyi, rejissor Demyen Şazelin “İlk İnsan” filmi. Film əfsanəvi astronavt Nil Armstronqun həyatından, onun Aya qeyri-adi səyahətindən bəhs edirdi.

Filmdəki epizodlardan, süjet xəttindən, obrazlardan ətraflı bəhs edib marağınızı azaltmaq fikrim yoxdur. Özünüz baxsanız hər şeyi anlayacaqsınız. Yalnız mövzu ilə əlaqədar bəzi əlavələrim var.

Bildiyiniz kimi, kosmik fəzanı ilk dəfə Sovet Birliyi fəth etdi. Yuri Qaqarin fantastik ideyaların, ağlasığmaz xəyalların gerçəkləşə bilmə simvoluna çevrildi.
Dünya intizar içərisində idi. SSRİ-nin əsas rəqibi ABŞ görəsən buna nə ilə cavab verəcək?!

Ayın Yerlə etdiyi gizli söhbətlər, onun qabarma-çəkilmələri, uzunsov, bananvari yarımdairəsi həmişə qəribə, sirli təsəvvürlər yaradıb. Təbii peykin yuyucu toza oxşayan narın qumu, suçiçəyindən yenicə qurtulmuş bənizi xatırladan çopur, kələ-kötür kraterli səthi, cansız boz relyefi insanlarda hədsiz maraq doğurub.

Beləcə Ayı fəth etmək istəyən NASA yerinə yetirilməsi ilk baxışda mümkünsüz görünən işə girişdi. Milyardlarla dollar pul vəsaiti xərcləndi, Alimlər, mühəndislər, astronavtlar qol çırmadı və düz əlli iki il bundan əvvəl, 1969-cu ilin 20 iyulunda, insanoğlu, bəni-Adəm övladı nəhayət başqa bir fəza cisminin üzərinə eniş edə bildi. “Apollon 11” kosmik gəmisinin ekipaj komandiri Nil Armstronq, digər astronavtlar Bazz Oldrin və Maykl Kolinzlə birgə Ayın səthinə ayaq basdılar.

Bəs amerikalılar həqiqətənmi Ayda olublar? Bu bir çox mübahisələr doğurur.

Əvvəla, Aydakı ağırlıq qüvvəsi yerdən 6 dəfə azdır. İkincisi Ay orbitinə iki astronavt endirmək, sonra onları gəmiyə, ən sonda isə Yerə qaytarmaq o dövr üçün çox çətin (demək olar, mümkünsüz) iş sayılırdı. Bu isə istər-istəməz bəzi şübhələrə, suallara yol açır.

Missiyanı baş tutmuş hesab edənlərin, yəni amerikalılraın dəlillərinə görə:

Bu cür nəhəng saxtakarlığın gizli saxlanılması mümkünsüzdür.

Saxtakarlığın aşkar olunması, sonradan ABŞ-ın nüfuzuna ciddi zərbə endirə bilərdi.

Ay səthinə o vaxt edilən səfərlərin izləri, atmosferin olmaması səbəbindən indiyədək silinməyib və hələ də peykin səthi üzərində qalmaqdadır.

Ən ciddi rəqib, Sovet İttifaqı belə, bu enişin baş tutması faktını qəbul edib.

Fəqət, əks arqumentlər də kifayət qədər tutarlı görünür:

Amerika bayrağını külək sanki dalğalandırır, amma fiziki amilləri və atmosferin yoxluğunu nəzərə aldıqda bu mümkünsüz görünür.

Bəzi fotoşəkillərdə şübhəli kölgələr müşahidə olunur. Bunun süni olaraq yaradılması, montaj edilməsi təəssüratı yaranır.

Ay missiyası zamanı gətirilmiş qrunt nümunələri sonradan, sirli şəkildə yoxa çıxır.

Əlbəttə, hər iki tərəfin dəlillərini bir xeyli artırmaq, mövzunu saqqız kimi dartıb uzatmaq da olar. Amma mən bu yazıda mübahisələri və şübhələri bir kənara qoyuram. Çünki özüm səfərin baş tutmasına, amerikalıların möhtəşəm uğuruna qəti şəkildə inanıram.

Beləcə, mürəkkəb təkamül prosesinin bəlli həddinə çatmış, şüur, təfəkkür əldə etmiş, ətdən, qandan, toxumadan ibarət ikiayaqlı canlı varlığın başqa bir göy cismində addımlaması, insanda həyəcan, ruh yüksəkliyi və ümid yaratdı. Skafandr geyinmiş astronavtlar kraterli boz düzənlikdə kenquru kimi atılıb-düşürdülər. Bu həqiqətən də, sivilizasiya, bəşəriyyət üçün inanılmaz uğur sayılırdı.

Burada, mövzunu yuxarıda bəhs etdiyim “İlk İnsan” filminə yönəltmək istəyirəm. Filmin ən təsirli anlarından biri, Ay səthində dayanmış Nilin dünyasını dəyişmiş balaca qızını qucağında tutaraq, ona səmadakı təbii peyki göstərməsi epizodudur. Sonradan o, Aya uçarkən artıq dünyadan köçmüş qızının kiçik qolbağını əbədi xatirə olaraq peykin səthinə buraxır. Qolbaq indi də oradadır.

Nil Armstronq 2012-ci ildə vəfat edir. Onun ailəsi tərəfindən nekroloq kimi dərc edilmiş bəyanatda deyilir:

“Armstronq öz ölkəsinə qürur və vicdanla xidmət etmiş, tədqiqatçı, qırıcı-təyyarəçi və astronavtdır. O, bir qəhrəmandır. Axşamlar küçəyə çıxıb gülümsəyən Ayı seyr edərkən, siz həm də Nil Armstronqu düşünür və ona göz vurursunuz”.

Yazımı Armstronqun aforizm kimi yaddaşlara həkk olunmuş bir sözü ilə bitirirəm:

“Bizim Aya uçuşumuz ola bilsin insan üçün kiçik addım sayıla bilər, sivilizasiya üçün isə nəhəng sıçrayışdır”


# 2925 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #