Vilyam Şekspirdən Vilyam Hacıyevə: İnadkarın ram edilməsi

Vilyam Şekspirdən Vilyam Hacıyevə: İnadkarın ram edilməsi
6 may 2020
# 12:50

Adlar həyatımızı az-çox şəkilləndirir. Bəzən yön verir, bəzən qarşımızı kəsir, bəzən də nələrsə qazandırır.

Müqəddəslərin adı qoyulan şəxslərin sırf adlarına görə pis əməllərdən çəkindiyini görəndə, bizmi adlarımızın sahibiyik, adlarmı bizim sahibimizdir, deyə düşünürəm.

Məsələn, “Qaryağdı”... Ad feildir. Çox güman ki, adın ilk daşıyıcısı doğulduğu gün qar yağıb. Bu adı qoyan o gözəl qəlbli müəllif də təbiətin bəyaz anını övladının adında əbədiləşdirib. Məncə ilk Qaryağdı aranda yaşayıbsa belə, onun ətrafında bir ömür sərin, təmiz halə dolaşıb.

Vilyam! İlk dəfə bu adı bir azərbaycanlıda eşidəndə üzüm gülmüşdü, düşünmüşdüm ki, belə bir adamın vəzifədə olması, xoş reallıqdır. Azından onun valideynləri ziyalı adamdır. Hər halda övladlarına bu adı dahi Vilyam Şekspirə olan sevgidən qoyublar. Belə işıqlı ailədə tərbiyə alan şəxs çalışsa belə, betər adam ola bilməz.

Şekspirin dilimizə yatmayan adını övladına qoyan ailənin ictimai cəsarəti, işığı övladından yan keçməz.

Bir insan 62 ilə Vilyam Şekspirin haləsini başından tamamilə qovacaq qədər kirlənə bilərmi?

Rəzil şəkildə vəzifəsindən alınan İmişli rayonunun sabiq icra başçısı bu taleyi yaşayan nə ilk, nə də son adamdı! Hələ İcra Hakimiyyəti başçılarının səmasında hərlənən qara bulud çəkilməyib. Ona görə, biz deyə bilmərik ki, ədaləti fərdi mənafeyinə qurban verən, xalqı barmağına dolamaq istəyən son məmur Vilyam Hacıyevdir və yerdə qalanların hər biri süddən çıxmış ağ qaşıqdır.

Dünya dramaturgiyasının nəhənginin adını Aran lıqqasına buladığına görə Vilyam Hacıyevin haqq-hesabı daha çox diqqətçəkəndir. Məncə Hacıyevin ruhunda qalan son Şekspir zərrəciyi də məşhur kirayə yalanında ərşə çəkildi. Çünki, belə yalan danışmaq olmazdı. Hörmətli adam yalan danışmaq zərurətini duyduqda belə reallıq hissini unutmur.

Yalanın dramaturgiyası, emosiyası, inandırıcılıq səviyyəsi onu danışdığın ünvana olan hörmətinlə düz mütənasibdir. Adam gərək yalanının da üzərində tər tökə, əziyyət çəkə, insafını itirməyə! Yox bir, Azərbaycanda İcra Başçısı yataqxanada kirayədə qalırmış. Mən, kasıb şair belə yataqxanada kirayədə qalmıram, “Xruşovka” binada aylıq 250 manat ödəyirəm.

20 ildən çox vəzifədə olmuş şəxsin toplumu, cəmiyyəti tanımaması bağışlanmır. Milyonlarla dollarlıq mülk siyahısı olduğu deyilən şəxsin nəinki özü, ailəsi - adı belə kirayədə qala bilməz!

Bu tip bağlılıqlarda şair Həmid Herisçinin ad uyğunlaşdırmaları, simvolik yozumları barədə düşünürəm. İlk baxışdan fantastik görünən bu yozumlara səbrlə diqqət etdikdə vaqiənin içində tükürpədən bir uyğunluq boy verir.

Vilyam Hacıyevin 8 illik kreslosundan alınmasının adaşı Vilyam Şekspirin ölüm gününə təsadüf etdiyi kimi...

Bir də dəxilsiz yerə Şekspirin “İnadkarın ram edilməsi” əsərini xatırladım. O əsərdə də hadisələr belə xoş yaz günlərində baş verir.

# 5160 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #