Tualetə kitab atan qohumlarım

Tualetə kitab atan qohumlarım
23 iyun 2020
# 11:27

Kənd tualetlərinin necə ağrılı məsələ olduğunu yalnız kənddə yaşayanlar anlaya bilər.

Gecə, siz də bağışlayın, böyük bayırın gəlir, qalxırsan ki, gedəsən, yadına düşür, tualetə çatmaq üçün bir stansiya yol qət etməlisən. Əlində fanar, düşürsən aşağı, itlərin hürüşünün müşayiəti ilə bağa girirsən, gedirsən, gedirsən... Yol isə bitmək bilmir, üfiqdə tualet, zad görünmür.

Bizim Gürcüstandakı kəndimizdə də tualetin uzaqlığı adamın əsəblərini relsdən çıxarırdı. Gəlin, lap əvvəldən danışım.

Əsgərlikdən təzəcə qayıtmışdım, dedim, başımı dincəldim, kənd havası udum, yolu əlimə alıb uşaqlığımın keçdiyi kəndimizə yollanım. Onda baba evimizdə bircə bibim qalırdı.

Gecənin bir vaxtı idi, o andıra qalmış tutma tutdu, qarnıma qurğuşun doldu elə bil, yerimdən durub qaça-qaça tualetə sarı götürüldüm. Tualet də uzaqdan az-maz görünür, ha deyirəm, çatacam, sevinirəm, görürəm, heç yolu yarılamamışam. O gün yalan olmasın, o tualetə gedən yol mənim üçün ən uzaq yol kimi göründü. Qaça-qaça bunu düşünürdüm özü də: niyə həmişə tualeti uzaqlarda tikiblər? Bu nə qəsdi-qərəzdi axı? Əsgərlikdə də eləydi, burda da belə. Evin içində tualet tikmək kimi böyük kəşfə imza atan o adsız qəhrəmanlara içimdə dua edə-edə həm də deyirdim ki, ay bibi, illərdir tək başına bu evdə yaşayırsan, adam evin içinə tualet tikdirməzmi?

Şükür, tualetimizin finiş xəttinə çatıb nəfəs dərdim, içəri keçdim və... İşimi qurtarandan sonra əl atdım kağızlara. Nəsə kağızda yazılanlar mənə tanış gəldi. Hansısa kitabdan qoparılmışdı. Kənd tualetlərində bizimkilər həmişə kitabları tualet kağızı kimi istifadə edirlər. Artıq buna alışmışdım. Ancaq bu kitab səhifələri mənə tanış gəlirdi. Rusca idi, ərinmədim, əlimdəki vərəqi tez-bazar oxudum. Kim olsa yaxşıdır? Tolstoy. Özü də “İvan İliçin ölümü” əsəri. Heç insafdandır? Mən indi tualetimi edib, dünyanın ən möhtəşəm yazıçısının ən möhtəşəm əsərinin ən möhtəşəm səhifəsi ilə necə... Yaman yerdə axşamladım. Yaxşı ki o gün imdadıma aftafadakı su çatdı, bir də quru otlar.

Evə qayıdıb hələ də yatmayan və nəsə toxuyan bibimə bütün əsəbimi tökdüm:

- Tolstoyun kitabını tualetə qoymaq nə deməkdir? Utanmırsan? Ayıb deyil? Dünyada 5 yazıçı varsa, biri Tolstoydur. Başa düşürəm, tualetə kağız qoymalısan. Heç olmasa o qədər mənasız kitabı çıxan adam var, onlarınkını qoy. Tolstoy da yox da. Beynimə qan sızacaq e. Ay insan, niyə Tolstoyun kitabını ora qoymusan? Bir açıb baxardın da. Özü də “İvan İliçin ölümü” əsəri e...

Əməlli-başlı dastan açdım, bibimi yaş yuyub quru sərdim, dedim, atam ona görə əlinizdən qaçıb şəhərə gedib, siz Tolstoyu tualetə qoyan insanlarsınız, sizdən hər cür xəta gözləmək olar.

Bibim, sakitcə mənə qulaq asdı, asdı, sonra da məsumca dilini sürüdü:

- Vallah, ən qalını o idi...

Bunun kitaba münasibətinə bax. Ən qalını o imiş. Daha burda sözüm yoxdur. Təcili keçək o biri abzasa.

Ötənlərdə, kəndçimiz, gənc şair Coşqun Cəfərə votsapda bu əhvalatı danışmışam, ölüb gülməkdən. Deyirəm, ay Coşqun, vallah, Saltıkov-Şedrin filan olsa, məni yandırmazdı. Tolstoy e, Tolstoy.

O da mənə qəmli bir əhvalat danışdı. Dedi ki, tanınmayan şairlərimizdən biri bir gün damağında siqaret üz tutub tualetə. Yol uzun, qərq olub fikirlərə, öz gəncliyini yadına salıb, sevdiyi qızları, onu atıb gedən dostlarını. Bütün xatirələrini ələk-vələk eləyib, bir-bir yada salıb, amma gəlib tualetə çata bilməyib. Sonra öz şeirlərini oxumağa başlayıb, biri qurtarıb keçib o birisinə, o da qurtarıb, keçib növbətisinə. Axırı poemasından bir parçanı öz-özünə deyə-deyə gəlib çatıb tualetə. Və həyatının ən böyük zərbəsini də elə orda alıb. İşini qurtarmaq üçün əlini kağızlara uzadanda... yox, Tolstoy deyil bu dəfə. Öz kitabları gəlib əlinə. Özü də nazik-nazik kitablar olduğu üçün uşaqları 20-sini birdən qoyublarmış. Şair bikef-bikef gəlib çıxıb evinə və uşaqları başına yığıb, deyib ki, başa düşürəm, mən sizə gün-güzəran yarada bilmədim, ev tikə bilmədim, əyin-başınız yaxşı olmadı... Bu yerdə sükutla öz uşaqlarının üzünə baxıb və qəfil əsəbləşib: “Amma belə olmaz axı... Kitablarımı niyə tualetə qoyubsunuz, hə? Ayıb deyilmi? Atanıza belə hörmət qoyarlar?”

Kənd tualetlərinə qoyulan kitablar qədər mənə təsir edən ikinci şey olmayıb bu həyatda. Zibillikdə görsəm, heç, deyərəm, ağılsızın biri atıb, cəhənnəm. Küçədə, nə bilim çarpayının ayaqlığında... Onlar da tamam. Amma tualetə kitab qoymaq nə deməkdir? Görəsən, dünyada başqa hansı xalq tualetə kitab qoyur? Ayıb deyilmi, ay camaat? Tualetə kitab qoymaq ənənəsi hardan yarandı sizdə?

Mən kənd tualetlərindən “Kapital”dan tutmuş, rus gümüş dövrü yazıçılarının kitablarına qədər saysız-hesabsız kitab tapmışam. Kitabxanamın çoxusunu tualetdən tapdığım kitablarla qurmuşam.

Kitabları atırıq, kitabları yandırırıq, kitabları tualet kağızı kimi istifadə edirik. Heç utanırsız? Bir anlıq təsəvvürünüzə gətirin, biz sizinlə necə bir yerdə yaşayaq? Özünüzdən diksinmirsinizmi? Nöqtə, nöqtə və nöqtə...

# 5518 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #