Teatrlarımızı bağlı saxlayanların məqsədi

Teatrlarımızı bağlı saxlayanların məqsədi
27 avqust 2021
# 11:39

Bu yaxınlarda qarşıma Əfqanıstanın 60-70-ci illərini əks etdirən fotolar çıxdı. Şəhərin dəbdəbəsi, insanların azadlığı, dövrlə ayaqlaşması təəccübümə səbəb oldu. Bu cür təəccübü bir dəfə də İranla bağlı araşdırma aparanda yaşamışdım. Çadralı, örtülü İranın bir zamanlar bütün yeniliklərə açıq olmasını, Qərblə yanaşı addımlamasını bilmək və indiki İrana göz gəzdirmək məyus olmaq üçün kifayət etmişdi.

Əfqanıstanda isə vəziyyət daha acınacaqlıdır. Təsəvvür edin ki, bir vaxtlar küçələrdə sərbəst, rahat gəzən, modern düşüncəli insanlar sonradan harasa yoxa çıxdılar, nələrəsə məhkum edildilər, qaranlığa gömüldülər. Onları həsir çadralı qadınlar, uzun ətəkli, başı əmmaməli kişilər əvəz etdi.

Dünyanı istənilən ölkəsində baş verən bu kimi geriyə, zülmətə aparan dəyişikliklər məni hər zaman qorxudub. Ya bizdə də bunun eynisi baş verərsə?!

İlk baxışda inandırıcı gəlmir. Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Mirzə Cəlil, Qara Qarayev, Niyazi, Mehdi Məmmədov, Tofiq Kazımov, Vaqif Mustafazadə kimi sənətkarları olan ölkə basılarmı? Əsla!

Elə isə bu qorxunun mənbəyi hardan qaynaqlanır? Gəlin, sualımı elə özüm də cavablandırım. Məsələ burasındadır ki, heç nə birdən birə baş vermir. Xüsusi ilə böyük əhəmiyyətli hadisələr.

Bu günkü mədəniyyətimizi, oxumağımızı, yazmağımızı, dünyayla müəyyən mənada dil tapa bilməyimizi indicə yuxarıda adlarını çəkdiyimiz adamlara borcluyuq. Ötən əsrin əvvəllərində onlar və onların çiyindaşları bu məmləkətin işığa doğru çıxması üçün əllərindən gələni etdilər. Mirzə Cəlilin, Çəmənzəminlinin, Mirzə Ələkbər Sabirin və başqalarının həyatlarına, məişətlərinə nəzər salanda onlara qarşı minnətdarlıq hissi duymaqdan başqa heç nə edə bilmirik. Çəmənzəminlinin həyatının ən ağır günü qardaşını Parisdə kimsəsizlər məzarlığında basdırıldığı gün olmuşdu – 5 illik dəfn. Beş ildən sonra isə o, qardaşını məzardan çıxartdırıb başqa yerdə dəfn etdirə bilməmişdi. Əvvəlla ona görə ki, artıq məşəqqətli sürgün həyatı bitmiş, Çəmənzəminli Bakıya qayıtmışdı. Digər tərəfdən isə Çəmənzəminli yoxsulluqdan əziyyət çəkirdi. Zatən hədsiz məhəbbətlə sevdiyi qardaşı da pulsuzluq ucbatından vərəm xəstəliyinə məğlub olmuşdu. Son nəfəsinədək Çəmənzəminli qardaşının nəşinin fikrini çəkmiş, onun qəbirdən çıxarılıb kənara atılmasını özünə bağışlamamışdı. Ancaq bütün bunlar ona yazmağa, insanları savadlanmağa səsləməkdən daşındırmamışdı.

Məmləkətin bir əsr bundan əvvəl bu cür övladları olduğunu bilmək, duymaq əlbəttə ki, qürurvericidir. Lakin ötən əsrdən uzaqlaşıb indiki, 21-ci əsrin məmləkətinə nəzər salanda qurmaq-yaratmaq eşqi ilə dünyadan köçən insanlarımızdan utanmalı oluruq.

Ədəbiyyatın, teatrın, kinonun yox yerdən yarandığı ölkədə indi sanki hər şey bunların məhvinə yönəlib.

Artıq bir ildən çoxdur ki, teatrlar məlum pandemiya səbəbi ilə qapadılıb. Bir ildən çoxdur ki, aktyorlar səhnədən, sənətdən və yaradıcılıqdan uzaq atmosferdədirlər. Bəzi aktyorlarla şəxsi münasibətlərim olduğuna görə onlarla əlaqə saxlayanda hamısı eyni sözü deyir, narazılıq edir, depressiyadan şikayətlənirlər.

Axı aktyor adi insan deyil. O, səhnədə olmalı, yaradıcılıqla iç-içə yaşamalıdır. Bu, onun alın yazısıdır.

Doxsanıncı illərin ağır dövrlərindən sonra indi-indi özünə gələn teatrların qapadılması, toy evlərinin, ticarət mərkəzlərinin, kafe və restoranların açıldığı, insanların avtobusda, metroda ət-ətə yapışdığı zaman teatrlarda sən demə virus tüğyan edirmiş.

Yadıma gəlir, altı, yeddi il əvvəl şəhərin mərkəzində bir neçə kitab mağazası fəaliyyət göstərirdi. Onların fəaliyyəti ədəbi mühitin canlanmasına xeyli təsir göstərə bilmişdi. Ard-arda yerli müəlliflərin kitabları çap olunur, hər həftə bu kitab mağazalarında açıq havada təqdimatlar keçirilir, müzakirələr aparılır, kitablar satılırdı. Əməlli-başlı ədəbi mühit yaranırdı. Sonra hər şey bir-bir, asta-asta sıxışdırılıb aradan çıxarıldı. İndi ədəbiyyat haqqında hansısa mağazanın qarşısında, dəyirmi masa arxasında ciddi söhbətlər ancaq yuxularda mümkünə çevrilib.

Bəlkə teatrlarımızı da eyni aqibət gözləyir?

Teatrlar açılmasın, açılsa nə olacaq deyən insanlar nə dediklərinin fərqindədirlərmi?

Üstəlik, bu kimi fikirləri bir aktyor səsləndirirsə, faciəmizin hansı mərhələdə olduğunu dərk edə bilirikmi?

Eybi yox, fərz edək ki, teatrlarımızda vəziyyət onlar deyən kimi acınacaqlıdır, dişə dəyəsi bircə səhnə əsəri də yoxdur.

Ancaq insanlar doğrudan da düşünmürlər ki, teatr indiki dövrdə artıq elitar sənət növünə çevrilir. Teatra ən maraqsız tamaşaya gedib baxmaq belə insanın özünü tərbiyəsinə, ifadə etməsinə şərait yaradır. İnsanlar teatra getməklə heç olmasa, teatrın necə bir məkan olmasını qəzetdən, jurnaldan, kinodan yox, canlı şəkildə öyrənirlər. Teatr pərdələrinin, lojalarının, çilçıraqlarının nə işə yaradıqlarını bilirlər. İnsanlar teatrda sakit əyləşməyi, bir-birinə mane olmamağı, səhnədə baş verənlərə hakim kəsilməyi, səhnə ilə aktyor arasındakı məsafəni anlayırlar. Pərəstiş etdikləri aktyorları canlı görürlər. Bu onların dünyagörüşünə müsbət təsir edirsə, niyə bu cür halların qarşısı süni yolla alınır? Bəlkə də qəribə səslənə bilər. Amma mən bəzən ən maraqsız tamaşaya belə sırf teatr mühitində olum deyə baxmışam. İnsanları bir neçə saatlıq da olsa, rahat olacaqları yerlərin bu qədər uzun müddətlik qapadılması nə qədər doğrudur?

Bütün bunların özü mədəniyyətin əsas təməllərini təşkil etmirmi?

Elə isə niyə hər yer açıldığı təqdirdə, teatrlara qarşı belə sərt qadağalar aradan götürülmür?

Teatr aləmindəki bu ümidsiz səssizliyin səbəbini bilən varmı?

Bəlkə Mədəniyyət Nazirliyi illərdir bu cür qulaqbatırıcı sakitliyə öyrəşib. Mədəniyyət Nazirliyinin incəsənət şöbəsinin müdiri həmyaşıdım Fərəh Acalova haqqında yüngülvari araşdırma aparanda məlum olur ki, xanımın uzaqdan və ya yaxından mədəniyyət sahəsinə, hələ Mədəniyyət nazirliyinə heç bir adiyyatı yoxdur.

Bəlkə elə səhv burdadır?

Əlbəttə Abdulla Şaiqin nəvəsi olduğu üçün biz Fərəh xanıma dərin hörmət hissi ilə yanaşırıq. Abdulla Şaiqin ruhu qarşısında baş əyirik. Amma məsələ burasındadır ki, Abdulla Şaiq son nəfəsinə qədər bu ölkənin insanlarının işıqlı gələcəyə çıxması üçün çalışan aydınlarımızdan olub. İndi onun və nəsildaşlarının min bir əziyyətlə qurub yaratdığı mədəniyyəti səssizliyə qərq etmək nə dərəcədə doğrudur?

Bəlkə teatrlarımızı da kinoteatrlarımız kimi söküb yerinə kababxanalar, restoranlar, çayxanalar tikək. Nə məsləhət görürsünüz?

Bəlkə teatrlarımız hələ daha bir neçə il belə səssizliyə məhkum edilsin?

Əlimizdə, ovcumuzda olan beş, on sənət adamı da dünyasını dəyişsin.

Əlaqədar qurumlar teatrlarımızın, həm də bizi işığa çıxaracaq mədəniyyətimizin taleyi barədə bir də dərindən düşünsünlər. Həm də dünyada baş verən, Şərqi zülmətə sürükləyən hadisələrin fonunda...

# 4043 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #