Tanıdığım ən cəsur rüşvətxor

Tanıdığım ən cəsur rüşvətxor
26 avqust 2021
# 09:01

Dünya ədəbiyyatında satqınlıq, insanın mənəviyyatını, prinsiplərini itirməsi, öz yolundan dönməsi əbədi mövzulardan biridir. Burada böyük Qoqolun “Taras Bulba”sındakı Andriy-dən belarus xalqının dahi yazıçısı Vasil Bıkovun “Sotnikov” romanının qəhrəmanlarından Rıbaka qədər hər cür tiplərə, personajlara rast gəlmək mümkündür. Sözgəlişi, “Sotnikov” romanı əsasında rejissor Larisa Şepitko 1976-cı ildə “Dırmanış” adlı film çəkib. Birmənalı olaraq sənət əsəridir, hər kəsə baxmağı tövsiyyə edərdim.

Satqınçılıq dini kitablarda da qınanır. Yada salın, son görüşdə İsa peyğəmbərin ən sadiq tərəfdarlarından Pyotr onunla ölümə getməyə hazır olduğunu söyləyir, lakin peyğəmbər deyir: “Pyotr, bu gün xoruzlar banlayana qədər sən məndən üç dəfə imtina eləyəcəksən”.

Xəyanət teması mərhum şairimiz Xəlil Rzanı necə düşündürübsə “Satqın kimə deyilir” adlı bir şeirini azı 3 versiyada qələmə alıb. Daha doğrusu, mən bu şeirin üç versiyasına rast gəlmişəm. Belə görünür şair bu şeirini hələ SSRİ dönəmində yazmağa başlayıb. Həmin şeir bir az ekoloji-mənəvi problemlər qaldırırdı:

“Hökmdar çinarları şah təxtindən endirən,
Qırqovulu, ceyranı o dünyaya göndərən
Min illik abidəni ilim-ilim itirən,
Yerində kəfən kimi şöhrət kolu bitirən
Satqınlar görmüşəm mən”.

Şeirin dərc olunma tarixi 12 dekabr 1980-ci ildir. Ay ötür, il dolanır, SSRİ dağılmağa başlayır. Və o qanlı-qadalı, xaotik illərdə Meydan hərəkatının gur səsinə çevrilən Xəlil Rza bu dəfə “Satqın kimə deyilir” şeirinin yeni versiyasını ortaya çıxarır:

“Satqın kimə deyilir?
Elə yalnız cəbhədə əlini qaldırana?
Bəli, yalnız cəbhədə əlini qaldırana!
Cahan - vuruş meydanı, biz əbədi cəbhədə,
Göz-gözədir cəbhədə, qeyrətli də, qəhbə də”.

Təsəvvür edirəm bunu yazanda Xəlil Rza necə qəzəblənibmiş...

Uzun sözün qısası, “insan niyə öz dəyərlərini satır, bu dəyişiklik nə cür baş verir” teması üzərində daim düşündüyüm halda birdən qarşıma görkəmli alimimiz, filoloji, tarixi araşdırmalarını, ingiliscədən tərcümələrini hər zaman böyük maraqla oxuduğum Vilayət Quliyevin Kulis.az-da filosof Heydər Hüseynovun dəhşətli həyatı haqda məqaləsi qarşıma çıxdı. Mircəfər Bağırovun bir alimi öz kitabı ilə döyməsi kimi əcaib faktın qarşısında donub qaldım. Ancaq sən demə tale əsas sürprizi mənə Vilayət bəyin məqaləsinin axırında hazırlayırmış!

Söhbətdən xəbərsizlər üçün qısa arayış verim. 1940-cı illərin sonunda filosof Heydər Hüseynov Bağırovun nahaq qəzəbinə tuş gəlir. Rəhbərin göstərişiylə bütün idarə və müəssisələrdə Hüseynov haqda ağlasığmaz böhtanlar, çıxışlar hazırlanır. Alimi ingilis, türk şpionu, xalqa zidd ünsür, əksinqilabçı və sair elan edirlər. Nəhayət buna dözməyən Heydər Hüseynov intihar edir.

Vilayət bəy əziyyət çəkib, həmin o xatalı 1949-50-ci illərdə Heydər Hüseynov haqda donos yazan, haqsız tənqidə, böhtana məruz qoyanların çıxışlarından sitatlar tapıb verib. Ancaq repressiya maşınından qorxmayan, Hüseynovu aşkar-gizli müdafiə edən, necə deyərlər, qeyrətli insanlarımız da olubmuş. (bax: “Bağırov monoqrafiyasını onun başına çırpdı, təhqirə dözməyərək damarlarını doğradı – Görkəmli alimimizin dəhşətli intiharı” yazısı, kulis.az, 21 avqust, 2021). Vilayət bəy Heydər Hüseynovu satanların adını yazısında çəkmir, lakin onu müdafiə edən həmin cəsurları bizə tanıdır. Məsələn, onlardan biri Əbdürrəhim bəy Haqverdiyevin bacısı oğlu, kənd təsərrüfatı mütəxəssisi Hüseyn Mamayev imiş.

Mən isə indi bunu edə bilməyəcəyəm, yəni, Vilayət bəyin adını yazdığı qəhrəmanlardan birinin adını burada çəkməyəcəyəm. Çünki mən onu şəxsən və özü də pis mənada tanımışam!

Əvvəlcə gəlin Vilayət bəyin yazısından o son sitatı qəhrəmanımızın ad-soyadının yalnız baş hərflərini yazaraq burada təzədən oxuyaq: “ÜİK(b)P üzvü, Azərbaycan Pedaqoji İnstitutunun SSRİ tarixi kafedrasının asistenti Ə.D. də akademik H.Hüseynova qarşı kampaniyaya kəskin etirazını bildirmiş, ziyalılara münasibətdə “terrora” qayıdış təhlükəsinin baş qaldırdığından danışmışdı:

“Bizdə indi nə isə ağlasığmaz işlər baş verir. 1937-ci ilin qaydalarını bərpa ediblər və yenidən ziyalılara qarşı terrora əl atıblar. Heydər Hüseynov Ümumittifaq miqyaslı böyük alimdir. Amma onu elə vəziyyətə gətiriblər ki, intihara cəhd edib”.

Sitatın sonu. Sizə asan gəlməsin, ancaq arxivdən məlum olur ki, bu, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi naziri A.Yemelyanovun M.C.Bağırova 24 may 1950-ci il tarixli “tam məxfi” məktubundandır.

O illərdə bircə belə məktub adamı yox eləməyə bəs edərdi. Adam isə yox olmamışdı və... 1989-cu ildə mən Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitunun Bakı filialına (Narxoz) qəbul olanda orada bizə tarixdən dərs deyirdi!

Ən pisi isə, bu adam həmin illərdə Narxoz-un ən rüşvətxor müəllimlərindən sayılırdı. Məsələn, təsəvvür edin, ilk dərsində bizim hamımızdan atamızın iş yerini, peşəsini öyrənib dəftərinə yazmışdı ki, imtahanda hərədən nə qədər vəsait almağın mümkünlüyünü öyrənsin.

Dəhşətli hisslər keçirdim. Vilayət bəyin bu araşdırması məndə mədəni şoka səbəb oldu. Axı necə ola bilər ki, 23-24 yaşlı gənc alimkən (Vikipediyadan dəqiqləşdirmişəm, müəllimim 1926-cı il doğumlu imiş) Sovetin repressiya maşınından qorxmayıb günahsızı müdafiə edəsən, lakin ömrünün yetkin çağlarında bir korrupsionerə dönəsən? Bəlkə onu elə həmin günlərdə qorxudub, həyatını başqa yola döndəriblər?

Hər halda, bu, bizim üçün yəqin açılmaz sirr olaraq qalacaq, çünki adam 2003-cü ildə, 77 yaşında ölüb. Mən həm də buna görə onun adını çəkmədim.

Ölülərin nə özlərini müdafiə eləməyə, nə də bir zaman göstərdikləri şücaətə görə öyünməyə imkanları olmur.

Bəlkə bu mövzu satqınlıqla da o qədər bağlı deyildi, ancaq insan özü özünü bəzən daha pis şəkildə sata bilər, nəinki başqasını, əmin olun.


# 5433 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #