Taleh Yüzbəyovun yeni filmində gözdən qaçanlar

Taleh Yüzbəyovun yeni filmində gözdən qaçanlar
23 dekabr 2019
# 11:09

"Axır ki, neçə vaxtdan sonra əmələ gətirə bildik. Bu video o birilərindən daha çətin oldu. Başımıza gəlməyən qalmadı."

Bu sözləri Taleh Yüzbəyov sonuncu ekran işi "Ortastatistik Rasim: Parklar və parkdakılar" haqda danışarkən söyləyib.

Həqiqətən də əziyyət göz qabağındadır. Hətta sanki bu əziyyət Talehin obrazına da sirayət edib: film boyu onu yorğun-əzgin, bitkin və kədərli görürük.

Düzü, "Ortastatistik Rasim"i film adlandırmaqda çətinlik çəkirəm. Janrı təyin etmək çətindir. Film kimidir, filmə oxşayır, amma film deyil sanki. Elə bil video filmə təkamül edə bilməyib. Kino dilindən uzaq göründü mənə.

Ancaq yazımızda Talehin təqdimatı kimi buna film deyəcəyik.

Getdik...

Rasim jurnalistdi. Oğlunun ad günündə saytlarının bağlanması xəbərini eşidir. Maaş verilmir və işsiz qalır. Dünyanı tanımayan oğlu isə ondan seqvey almağını istəyib (Rasim bu texnoloji yeniliyi velosipedin başıbəlalı forması adlandırır).

İşini itirən və cibində 17 manat qalan Rasim Babayev... Hə, atası Rasim Balayevin məşhur olduğu vaxtlar uşaqlarına Rasim adı qoyublar. Və Rasim də bir gün məşhur adaşı kimi ölkə ilə bir olmaq, tanınmaq arzusuyla yaşayır. Ssenari yazmağı planlaşdırır, özü kinoşünaslığı bitirsə də, jurnalist işləyir. Hamımızın həyatına bənzəyir, elə deyilmi?

Rasim o filmdə öz həyatını çəkmək istəyir. Amma öz həyatı kimi boz yox, çılğın və rəngarəng. Özü də xəyalında qurduğu bu filmdə onu Hikmət Rəhimov oynayır. Özü də gülməli pariklə...

Həyatı filmdəki kimi olmur, təbii. Qayğılar və maddi çətinliklər Rasimin yaradıcı ruhunu başqa səmtə çəkir. Sanki biz onun yazmaq istəyib də ekranlaşdıra bilmədiyi ssenarini oxuyuruq. Paralel film kimi. Biri onun hazırkı həyatı, o biri də xəyalındakı alınmayan film kadrları...

Rasim oğlunun istədiyi seqvetin baha olduğunu öyrənəndə pəjmürdə halda pul axtarmağa başlayır. Anası ona tapacağını deyir, 50 manat verir, lakin o pul həmin an qapını döyən işıq pulu yığana qismət olur. Dostlar da, banklar da, hətta üzü gəlmədiyi varlı dayısı oğlu da onun yarasına məlhəm ola bilmir.

Ümidsiz halda parkda qara-qara düşünəndə seqveylə ora-bura gedən uşaqları görür. Bu yeri, məncə, yaxşı işlənməmişdi. Çiy təsir bağışladı. Çox rahatca seqvet Rasimin qabağında durdu, o da “başıbəlalı velosiped”i götürüb əkildi.

Bura qədər yaxşı idi. Ancaq Taleh Yüzbəyov filmi sirli saxlaya bilmir. Uşaqların dialoqunu verir və biz bu dialoqda gələcəkdə nə baş verəcəyini təxmin edə bilirik.

Sən demə, uşaqlar Rasimi tanıyır.

Növbəti səhnəni təsəvvürünüzə gətirdiniz? Çox asan. Həmin uşağın atası gəlib Rasimin ağzının payını verəcək.

Elə də olur. Əvvəlcədən bizə məlum olduğu üçün bu səhnə, mənə görə, istənilən effekti vermir.

Sonluq da, hesab edirəm, uğurlu işlənməmişdi.

Rasimin içindəki ümidsizlik və ziddiyyət ekran həllini tapmır.

Və sanki Taleh də bunu hiss edir: filmin sonunda ilk seriyanın bitdiyini yazır.

Mən qəhrəman kimi kinoşünas deyiləm və təəssüf ki, geniş izah verməkdə acizəm. Sadəcə kino həvəskarı kimi öz fikirlərimi yazdım. Bu xırda-para qüsurlara baxmayaraq, filmi bəyəndim və hesab edirəm ki, Taleh hər videoda daha da peşəkarlaşır.

# 5541 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #