Şəhid anasının baş altında saxladığı yadigar

Şəhid anasının baş altında saxladığı yadigar
16 dekabr 2020
# 15:14

8 noyabr - Zəfər Günündə TV kanallarında Vətən müharibəsi uğrunda canından keçən oğullarımızın şəkilləri sıralanırdı. Hər şəkilin yayımlanma müddəti təxminən iki-üç saniyə idi.

Sosial şəbəkədə yaxın qohumu şəhid olan yazar xanımlardan biri onun şəkli gedən saniyələri dondurmuş və feysbukda paylaşmışdı...

2783 adın içində öz doğmanı axtarmaq, onun adını gözləmək heç kimə asan gəlməsin. Bunu özünün, yaxınının, doğmasının qapısına şəhid tabutu gələn insanlar daha yaxşı anlaya bilir.

Əminəm, həmin məqamda bir çox insan ekran qarşısında məhz öz doğmalarının şəkillərini görə bilmək üçün oturub, saatlarla gözləyib.

Bu da bir təsəllidir axı...

Candan can gedir, ana baladan ayrılır, bala atadan...

Geriyə iki cüt əsgər ayaqqabısı, əsgər çantası, əsgər libası qalır.

Bir də xatirələr...

Qalan nə varsa, bütün istiliyi, hərarəti və məhəbbəti ilə soyuq məzarın altına köçür.

Dörd divar arasında qalan analar, qadınlar, kişilər göz yaşlarına, xatirələrə sığınırlar.

Şəhidin təsəllisi, ondan geriyə qalan dillərdə gəzən qəhrəmanlıqdır, addır.

Bir də uğrunda canından keçdiyi vətənin ona diqqəti...

Ötən gün ordumuzun hərbi qulluqçuları “Vətən uğrunda” medalı ilə təltif olundu. 2 min 756 nəfər ölümündən sonra bu medala layiq görüldü.

Tez-tez şəhid ailələrində olduğum üçün kiçicik bir diqqətin, qayğının bu ailələr üçün nə demək olduğunu çox gözəl bilirəm.

Ötən ilin yayında bir şəhid ailəsi ilə görüşə getmişdim. Evə çatanda bildim ki, şəhidimizin anası ağır xəstədir, ölüm ayağındadır. Ailə üzvləri ilə danışıb çıxmaq istəyirdim ki, ana səssiz baxışlarla məni çağırdı. O, danışa bilmirdi, nitqi tutulmuşdu. Əli ilə mənə xeyir-dua verir, şəhid balasını xatırladığımız üçün təşəkkür edirdi.

Birdən gözü ilə oğluna işarə edib, yastığının altını göstərdi. Oğlu ona yaxınlşadı. Ana oğlunun köməyi ilə ordan məxmər kisə çıxardı. İçərisindən 1993-cü ildə oğluna verilən medal vardı. Dodaqlarına yaxınlaşdırdı, sonra mənə uzatdı ki, şəklini çəkim.

Sonra medalı əlləri əsə-əsə məndən aldı, canlıymış kimi diqqətlə baxdı, bir neçə dəfə doya-doya öpdü. Səliqə ilə büküb başının altına qoydu. Toxtaq, təmkinli və sakitcə...

“Vətən uğrunda” medalı da İkinci Qarabağ müharibəsində şəhid olan soydaşlarımızın, sağ gələn qazilərimizin fəxr, qürur və təsəlli yeri olacaqdır.

Allah şəhidlərimizə rəhmət eləsin.

# 4111 dəfə oxunub

Oxşar xəbərlər

Adam öz ölkəsinin millisinin uduzmasına gülməməlidir

Adam öz ölkəsinin millisinin uduzmasına gülməməlidir

13:26 26 mart 2025
İndiki şeirimizdə uğultu var

İndiki şeirimizdə uğultu var

12:40 22 mart 2025
Azərbaycanlılar heç vaxt müsəlman olmayıb

Azərbaycanlılar heç vaxt müsəlman olmayıb

10:00 21 mart 2025
Qələbəmizi urvatdan salan qazilər

Qələbəmizi urvatdan salan qazilər

15:00 11 mart 2025
Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

15:49 7 mart 2025
Xalq artistinin saxtakarlığı

Xalq artistinin saxtakarlığı

14:25 6 mart 2025
# # #