Sabiri sabunla çimizdirənlər

Sabiri sabunla çimizdirənlər
2 iyun 2021
# 11:15

Bu, arabir baş verir – bəlkə də ildə iki dəfə. Ola bilsin, daha tez-tez. Bir dəfə şahidi olmuşam. Sabir bağında Sabirin heykəlini yuyurdular... Çox səliqəylə... Əvvəlcə köpük vurdular, sonra su şırnağı ilə ölkəmizin ən qədim heykəlini bədənnüma yudular...

Yaxşı xatırlayıram, harasa gecikirdim, amma hara gecikdiyimi xatırlamıram, mən ordan keçəndə işə təzəcə başlamışdılar... Bədəni ağ sabun köpüyündə, üzünə baxdım.

Ordan uzaqlaşdıqca mənə elə gəldi ki, Sabir gülümsəyirdi.

Elə xoş idi, elə xoş idi, gedəcəyim yeri boş verdim, tələskənliyimi yad çərpələng kimi əlimdən buraxdım. Mən geri dönəndə harasa tələsən insanlarla üz-üzə gəlirdim. Ürəyimdən keçdi ki, onları da özümlə geri çevirim, mənim duyduğumla tanış edim...

Sabir bağına çatanda şair artıq ağappaq köpüyün içində idi. Gedib bir skamyada oturdum. Ətrafda qaçışan uşaqların çığırtıları, bir az o yanda sevgili cütlüklər, dincələn qocalar...

Mən Sabirin ağ köpük altından doğan üzünə baxanda bütün olub-keçənlərə rəğmən ölkəmlə qüdsi bir fəxarət yaşadım.

Gözəl insanların, şimşək kimi ideyaların sağlığına!

Əgər, dünya bir kitabdırsa, Sabirin Şamaxıda illərlə sabun bişirməsi Tanrının onun amalına etdiyi metaforadır. Kirin, pasın bağrına qonub qar bəyazı misralar yazan bu adam, üstəlik sabun bişirirdi.

Sabirin heykəlinə vurulan sabun sinəsi aşağı axır, su şırnağının qabağına qatdığı toz, pas yaralı ilan kimi uzaqlaşırdı...

Mən bu cümlələri çox sevirəm: “Bu gündən etibarən bütün gücümü romanlarıma sərf edəcəm. Artıq romanlarımın taleyimi dəyişəcək gücdə olduğuna əminəm”.

Bunu Markes jurnalistika fəaliyyəti ilə vidalaşanda demişdi. Dostoyevski isə ordudan istefa qərarına gələndə və qardaşı buna qarşı çıxanda ona belə bir məktub yazmışdı:

"Əsgərliyə kartofa nifrət etdiyim qədər nifrət edirəm. Heç peşman deyiləm. Bir ümidim var. Romanımı bitirmək üzrəyəm. Orijinal bir əsər olacaq".

İnsanların sevdiyi ideyaya söykənmək cəsarətini tapa bilməsi gözəl nemətdir. Sevdiyin yerdən qazanmaq, dolanmaq elə xoşbəxtliyin digər adıdır.

1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmağı dayandıraraq, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəldi. Ancaq heç nə dəyişmədi. O, yenə də sabun hazırlayırdı. Onu hər an öldürməyə hazır olan qaragüruhun körpə balaları qoturdan, bitdən xilas olsun deyə.

Bir vaxtlar zəlzələdə tozun torpağın içində qalan, Balaxanıda acqarına, ölümə qənşər dərs deyən Sabiri bu gün dalaşdığı, üz-göz olduğu, təhdid aldığı – amma yorulmadan doğru yola çəkdiyi kişilərin nəticələri şəhərin gül yerində, ağappaq sabun köpüyü ilə çimizdirir...

Narıncı kombenzon geyinən işçi əlindəki su şırnağının krantını bağlayır. Yoldaşına nəsə deyib, heykəlin arxasına keçir. Bir daha Sabirin hər yönünə baxır, təmizliyinə əmin olduqdan sonra şlanqı qoluna bükə-bükə ordan uzaqlaşır.

Günəş öncə heykəlin başını, sonra bədənini asta-asta qurudur.

Tələsmədən bağdan uzaqlaşdım.

Gözümün önünə bir daha Sabirin çöhrəsi gəldi, həqiqətən də gülümsəyirdi.

# 3482 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #