Kulis.az Sevda Sultanovanın “Günümüzün rus dili qovğası” yazısını təqdim edir.
“Rus dilində təhsil lazımdırmı, rus bölmələri bağlansınmı, bağlanmasınmı?” müzakirəsi yenə gündəmdədir. Əgər sözügedən məsələ zaman-zaman diskussiyaya səbəb olursa, deməli, bu, cəmiyyətin aktual problemlərindən və əsəb nöqtələrindən biri sayılmalıdır.
Müxtəlif dil bilgilərinin cəmiyyət, dövlət üçün önəmindən danışmaq artıqdır. Sadəcə bizim situasiyada məsələ bir az başqadır: cəmiyyət rus dilinə (əcnəbi dilə) hansı baxış bucağından yanaşır? Yəni onun rus dili ilə bağlı mövqeyinin mahiyyətini təyin etmək məqsədilə geniş araşdırmalar, təhlillər aparılmalıdır.
Ən azı heç olmasa, statistik məlumatlar ortaya çıxmalıdır ki, məsələn, ölkə əhalisinin neçə faizi rus dilində təhsil alır, ailələrin neçə faizinin məişət dili ruscadır, ümumiyyətlə əcnəbi dillərdə təhsil almaqda məqsəd və gözləntilər nədir: yalnız keyfiyyətli təhsilmi, uğurlu karyera qurmaqmı, gələcəyini Qərbə bağlamaqmı, Azərbaycan dilinin perspektivsizliyi gümanımı, doğma dillə bağlı natamamlıq kompleksimi?
Obyektiv araşdırma nəticəsində dilimizlə bağlı aydın mənzərəni, onun yerini və nüfuzunu təyin edə bilərik.
Ona görə, əlimizdə mövzu üzrə gərəkən məlumatlar olmadığından müzakirələr əsəbi, ittiham atmosferində keçəcək, konflikt həll olunmaycaq, ancaq gördüklərimiz (gördüklərimiz, şahidi olduqlarımız isə bütün gerçəkliyin az faizini təşkil eləyir) barədə ümumi, təxmini fikirlər yürüdəcəyik.
Bütün hallarda məsələ ilə bağlı bəzi fikirlərimi bölüşmək istəyirəm.
Ümumiyyətlə, rusdillilərlə rus dili bilgilərinə sahib olanları ayırmaq lazımdır.
Sadə desəm, rusdilli olmaq bir azərbaycanlının yalnız rusca danışmasıdır, rus mədəniyyətinə bağlılığıdır, ancaq bu dildəki medianı, ədəbiyyatı izləməsidir, özünü bu ortamda, mədəniyyətdə rahat hiss etməsidir. Lakin bununla belə rusdilli qrup marginaldır.
Çünki problem ondadır ki, onlar rus millətinə məxsus deyillər, üstəlik, Rusiyaya da lazım deyillər. Rus mədəniyyətinin genetik, milli kodlarından, rus ruhundan məhrumdurlar və ən azı antropoloji xüsusiyyətlərinə görə ruslara yaddırlar.
Başqa cür desək, həm bizim, həm rus cəmiyyətində yad element kimidirlər.
Biri də var, rus dilinə mükəmməl sahib olan, amma milli mədəniyyətin yetişdirdiyi adamlar. Mən şəxsən, onlarla belə adam tanıyıram. Və həmişə o fikirdəyəm ki, Axundovu, Hacıbəylini Azərbaycan dilində oxuyub dərk etməyən adam toplumu, ölkəni, milli mədəniyyətimizi hiss edə bilməz.
Yaxın qonşularımızın dilini – nəinki rus, həmçinin, gürcü, erməni, fars dilini öyrənməyin vacibliyini istisna eləmirəm. Lakin əcnəbi dilin daşıyıcısı olmaq funksionallığa xidmət etməli, özlüyündə əhəmiyyət daşımalıdır: bilgi almaq, informasiya mübadiləsi, millətlərarası dialoq üçün və s.
Yoxsa, kafedə və ya dükanda Azərbaycan vətəndaşı Azərbaycan dilini pis bildiyi üçün rusca və ya dilimizi eybəcərləşdirərək danışırsa, bu, hər şeydən əvvəl onun öz şəxsinə hörmətsizliyidir.
İldönümü ərəfəsində olduğumuz İkinci Qarabağ müharibəsi təsdiqlədi ki, liberal dünyagörüşü, özəlliklə, Qərbdə sadəcə görüntüdür.
Avropa ölkələrindən ötrü milli maraqları hər şeydən üstündür. Ona görə bu mürəkkəb geosiyasi dünyada varolmağın, qorunmağın əsas şərtlərindən biri dilimizə sahib çıxmaqdır.
Sonda bir məsələni vurğulamaq yerinə düşər yəqin. Ara-sıra rus dilinin həddən artıq önəmini arqumentləşdirmək məqsədilə Qarabağ Müharibəsi zamanı rusdillilərin apardığı informasiya müharibəsi qabardılır.
Nəzərə almaq lazımdır ki, rus dili o qədər də geniş bir coğrafiyanı əhatə eləmir. Müharibədə ingilis, alman, ispan dili bilənlər hər kəs öz çapında informasiya müharibəsinə qoşuldu.
Amma bu, faktdır ki, sərt həqiqətlərin dünyaya çatdırılmasında, məhz dövlət başçısının müxtəlif əcnəbi telekanallara verdiyi müsahibələr, keçirdiyi görüşlər müstəsna rol oynadı.