Qocalmaqdan qorxub intihar edən qadın

Qocalmaqdan qorxub intihar edən qadın
16 may 2021
# 11:05

Kulis.az Günel Natiqin "Qocalmaqdan qorxaraq intihar edən qadın" adlı yazısını təqdim edir.

Bu yaxında azəri qızı Günelin yeni görüntülərini gördüm. Düzü, səsini eşitməsəydim, tanıya bilməyəcəkdim. Tamamilə yeni qadın şəklində peyda olub. Estetik əməliyyatlar mimikalarını dəyişdirib, daha doğrusu yox edib. Nəinki gözəlləşib, əksinə, təbii gözəlliyini, təravətini əldən verib. Adətən estetik əməliyyatları gəncləşməkdən ötrü edirlər, bizim Günelin yaşının üstünə isə 10-15 yaş gəlib sanki.

“Qocalmısan” sözündən qorxaraq özünü oda yaxanları görəndə tanış bir qadının kədərli həyatını xatırlayıram. Mən o qadını tanıyandan yaşı 35-dən irəli getmədi. Elə bil zaman onun üçün dayanmışdı.

Halbuki zamanın keçdiyini üzündə yaranan qırışlar, yaşlanmış dərisi açıq-aydın göstərirdi.

O isə amansızcasına bunu görməzdən gəlir, yaşın keçdiyini qəbul etmək istəmirdi.

Qocalmaqdan dəhşətli dərəcədə qorxurdu. Bahalı kremlərin onu gəncləşdirəcəyinə inanırdı; bütün qazancını cürbəcür cavanlaşdırıcı vasitələrə sərf edir, amma heç biri onu xilas etmirdi.

Gecə-gündüz üzündəki qırışların fikrini edir, bu qırışların peyda olması barədə müxtəlif lazımsız səbəblər uydurur, onların qocalıqdan deyil, təsadüf nəticəsində əmələ gəldiyinə hamını inandırmaq istəyirdi.

Kremlər onun dərisinə çarə olmadıqda isə plastik əməliyyat fikrinə düşdü. Amma risklər onu qorxudur, əməliyyat üçün pul tapmaq haqqında düşünür, bu fikirlər onu az qala dəli edirdi.

Ciddi-cəhdlə gizləmək istədiyi yaşını xarici görkəmi açıq-aşkar ələ verirdi, o isə hələ də sehrli almanın onu 15 yaşlı qız edəcəyinə inanırdı.

Bütün bu təlaşlar əsəb sistemini sarsıdır, əzab verirdi.

O qadın cavanlığını qaytara bilmək xəyalıyla bütün sonrakı illərini fəlakət kimi yaşadı.

Halbuki problemi gəncliyini itirməsi deyil, yaşını qəbul edə bilməməsi idi. Yaşını qəbul edə bilsəydi, hər yaşda gözəl görünməyin mümkünlüyünə inanardı.

Psixoloji araşdırmalar göstərir ki, orta yaş böhranı insanı 34-42 yaşlarında haqlayır. Bu yaş dövründə insan beyni dəyişikliklərə öyrənməli və yeni mərhələyə hazırlaşmalıdır. Bu yaş dövründə insan həyatın faniliyi haqda bədbin fikirlərə qapılır, etdiklərinin mənasız olduğunu düşünür.

Böhranlı yaş dövrünü konstruktiv keçirib yeni informasiyanı düzgün qəbul edən şəxslər yaşın irəliləməsinin təbii və qaçılmaz olduğunu anlayaraq daxili sakitləşir, həyatdan zövq almağa davam edir, məhsuldar işləyirlər.

Bəziləri isə bu böhrandan çıxıb öz qorxularına üstün gələ bilmirlər.

Yaşının artmasıyla barışa bilməyən bu tip insanda özünə qarşı ikrah hissi baş qaldırır, özü və yaşıyla bağlı hər şeyə kəskin reaksiya verir, yaşlıların əhatəsində olmaqdan qorxur. Bədən ölçülərini ideal formaya salmaq artıq arzuya deyil, zərurətə çevrilir. Yaşla bağlı hər kiçik dəyişiklik onları narahat edir, depressiyaya salır. Bu qorxu dərinləşib panik ataklara çevrilə bilər. Bu psixoloji pozuqluq gerontofobiya adlanır. Gerontofobiya insanı yaşının çiçəkləyən çağında, 30 yaşdan sonra da yaxalaya bilər.

Hətta bu fobiyaya məruz qalanlar qocalıq faktorunu iqnor etmək üçün yaşlılara qarşı aqressiv davranır, onlarla ünsiyyətdən qaçırlar.

Tanıdığım bir qadın bu fobiyaya məruz qaldığının fərqinə varmadan gənc qızlarla ünsiyyətə can atırdı. “Nə işim var yaşlıların yanında”, - deyən qadının 65 yaşı vardı.

Oxuduğum bir əsəri xatırlayıram. Qəhrəman yaddaşını itirir və keçmişini xatırlamağa çalışır. Keçmişin şahidlərindən biri olan qadın artıq həyatda yoxdur. İntihar səbəbini bəlkə də qadınlar anlayar; gəncliyini itirməkdən qorxan 36 yaşlı qadın özünə qəsd edib.

Qocalıqdan qorxan qadınlar üzünün və bədənin gəncliyini qaytarmaq üçün çoxsaylı estetik əməliyyatlara qaçırlar, amma bu heç də həmişə arzuolunan nəticələr gətirmir. Patologiya hardadır? Getdikcə prosedurlar çoxalır, dietlər və baxım vasitələri vərdişə çevrilir, insan bu prosesə elə uyur ki, ağıl və məntiq hissini itirir. Hətta bəzən həyatlarını belə riskə atırlar.

Məşhur aktrisanın estetik əməliyyatlardan sonra necə böyük travma yaşadığının hamımız şahidi olduq. Ətrafdakıların reaksiyaları ona daha bir mənəvi zərbə idi. Özü-özünü aldadan aktrisa ətrafdakı insanları öz gəncliyinə inandıra bilməmişdi.

Halbuki insan qocalmaq qorxmamalı, yaşın irəliləməsini faciə kimi yox, yeni sosial status kimi qəbul etməlidir. Monika Belluçilərin də qocaldığı dünyada yaşlanmaqdan utanmaq lüzumsuzdur. Hər yaş dövrünün öz sevinc və maraqları var. Əsas ruhən, daxilən qocalmaqdan qorxmaq lazımdır. Bu halda isə heç bir estetik prosedur bizi gənc və gözəl göstərə bilməz.

# 2809 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #