Qarabağ dələduzları

Qarabağ dələduzları
28 sentyabr 2021
# 12:54

Vətən hamı üçündür. Yaxşı, pis, aqil, nadan – vətənin hüzurunda fərq eləməz. Bir ananın, bir ailənin övladı sayaq.

Bu mənada, Şuşaya səfər zamanı “Məni aparmadılar” deyənləri başa düşə bilmədim. Biri yazır, Şuşa haqqında iki poema yazmışam, biri yazır, otuz ilin jurnalistiyəm, biri yazır, tarixçiyəm...

Nə olsun?

Yəni doğrudanmı düşünürsünüz ki, Azərbaycan vətəndaşlarından kiminsə Şuşaya getmək üstünlüyü var, kiminsə yoxdur? Mən elə düşünmürəm. Mənə görə, kimliyindən asılı olmayaraq hər kəsin o torpaqları arzulamaq və oranı görmək ixtiyarı və haqqı var.

Van minut!

Məsələnin mənəvi tərəfini anlamamış deyiləm. Tutalım, Vasif Quliyevin, Hikmət Sabiroğlunun, Kərim Kərimlinin Şuşaya getməsinin xüsusi mənası olduğunu bilirəm. Bu cür istisnalardan söhbət getmir.

Söhbət özündə bütün siyahılarda baş olmaq haqqını tanıyan və bunu çəkinmədən bəyan edən “ali irq”in nümayəndələrindən gedir.

Əslində, heç bundan da getmir...

Daha ağır, daha dəhşətli məsələdir məni narahat edən.

İl uzunu yüz məzhəbə qulluq edən və bundan zərrəcə utanmayan adamlar xüsusi günlərdə və həssas vətən-millət mövzularında elə aktivlik göstərirlər, baxıb məəttəl qalırsan.

Özünümü aldadır bunlar, bizimi, bilmək olmur.

Türklərdə bu vəziyyət ironikləşdirilərək üçcə kəlmə ilə gözəl ifadə olunur: Vətən-Millət-Sakarya!

Bəli, kim bu həssas mövzularda spekulyasiya və manipulyasiya ilə məşğul olarsa, bu üçcə kəlməni deyib oyundan kənar saxlayırlar.

Bəs bizdə?

Bizdə dələduzluğun vətənpərvərlik mövzusunda at səyirtdiyi meydan həddindən artıq genişdir.

O gün ev alğı-satqısı ilə məşğul olan və kasıb-kusubu aldadıb son qəpiyini əlindən alan bir tanışımın yaşadığı küçədə xatirə-lövhəsini açdığını gördüm, əlim üzümdə qaldı.

Dəhşətli burasıdır ki, adamlar bu tədbirə canfəşanlıqla yığışmışdılar.

Hətta bu primitiv əyalət “maşennik”inin çıxışına ürəkdən əl də çalırdılar.

Bəli, Vətən-Millət-Sakarya elə-belə söhbət deyil.

Təbii ki, bizdə də Qarabağ, Şuşa, şəhidlər, qazilər, bayraq...

Necə edək, bu həssas mövzularda dələduzluq edənləri tanıya bilək.

Deyəcəm, kitab oxuyaq, intellektimizi artıraq, predmet və hadisələrin çoxlu alternativlərini görüb müqayisəli təhlillər apara bilək və adamları tanıyaq, mənə acığınız tutacaq. Ona görə demirəm, susuram.

Özünüz düşünün, görün Vətən-Millət-Qarabağ söhbəti olan yerdə dələduzlardan necə qorunmaq olar?

Mənim kimi piyada adamların yox, cümlə cahan başbilənlərinin fikridir ki, dələduzlar həssas mövzulara qarışqa şirəyə daraşan kimi daraşırlar.

Dəyərlərimizi həm də dəyərsizliyə alət olmaqdan qorumalıyıq.

O dəyərləri sakit, səssiz, pafossuz, qəlbimizin dərinliyində, hay-küy salmadan sevməliyik və əksini görəndə ən azı şübhə etməliyik. O dəyərlərimizə sevgimiz əməllərimizdə çiçək açmalıdır.

Vətən təkcə işğaldan azad olunan ərazilər və müqəddəslərin basdırıldığı məzarlıq deyil. Həm də küçədir, yoldur, iş otağımızdır... Vətən həm də sağ adamlardır! Unutmayaq...

Mən bir yaşı tamam olan qələbəmizdən həm də bunu istəyirəm!


# 4603 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #