Ötən gün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan “Rossiya 1” kanalında canlı video bağlantı vasitəsilə Qarabağda baş verən son hadisələr barədə fikirlərini bildirdi.
Təkcə Azərbaycan deyil, rus və digər ölkələrdən olan xeyli ekspert Ermənistan dövlət başçısının məntiqsiz fikirlər söyləyərək beynəlxalq arenada onlara rəğbət yarada biləcək bir neçə yalanı da öz dili ilə məhv etdiyini bildirir.
Etiraf edim ki, Paşinyan qolunda sarğı, əlində səsgücləndirici İrəvanın küçələrinə düşüb özünə tərəfdar toplayanda, insanlara demokratik çağırışlar edəndə sevinmişdim.
Bu artıq qəbul olunmuş və təsdiqlənmiş bir tendensiyadır ki, insan get-gedə düşməninə oxşayır. Necə ki Azərbaycanda informasiya müharibəsi deyiləndə ağıla gələn iyrənc fotolar, montajlar da bizə erməni “klaviatura pəhləvanları”ndan keçmişdi.
Könül istərdi ki, düşmən də inkişaf etmiş, ağıllı olsun, onunla mübarizə, müharibə aparmaq da xüsusi ağıl tələb etsin. Biz də həm döyüş, həm də efir pultu arxasında daha sanballı ideyalar düşünmək zorunda qalaq.
Paşinyanın hakimiyyətə gəlmə addımları da, içdən-içə regionda çox adamı sevindirmişdi. Təəssüf ki, onun baş nazir kimi ilk qərarları, "andiçmə" şousu ilə yaratdığı provakasiya ümidlərimizi yerlə bir etmişdi.
Ötən gün “Rossiya 1” kanalındakı çıxışından sonra əmin olduq ki, Ermənistanda informasiya müharibəsi adı altında səy-səy fotolar, videolar montaj edən klaviatura cahilləri elə Paşinyanın yetirmələridir.
Erməni dövlət başçısı çıxışında elə komik iddialar qaldırdı ki, bir anlıq hazırda Qarabağda şəhid olan həmyaşıdlarımın kədərini unudub gülməyim gəldi.
Guya ölkəmizə Suriyadan xüsusi döyüşçülər cəlb olunub və bu döyüşçülər yerli sakinlərlə, daha doğrusu, spirtli içki satan dükan sahiblərilə konflikt yaradıb. Müsəlman döyüşçülər spirtli içki satışına etiraz edibmiş.
Paşinyan bununla Qərbi, Rusiyanı və onun sözünə inana biləcək potensialda olan qüvvələri narahat etməyə çalışır ki, guya az sonra azad olunacaq Qarabağda Suriya, və digər qaynar nöqtələrdə olduğu kimi radikal islamçılar hökm verəcək. Əminəm ki, bu sərsəm iddiaya 5-3 ermənidən başqa kimsə inanmaz.
İnsanın intellektuallığı həm də onun yumorundan, yalanından bilinir. Canlı yayında “ekzistensialist” sözündən belə istifadə edərək intellektual obraz yaratmağa çalışan Paşinyan niyə düşünmür ki, artıq “Suriya döyüşçüsü” söhbəti “Bir rus, bir azərbaycanlı, bir erməni” cümləsi ilə başlayan lətifələr kimi köhnəlib.
Birincisi, “Muzdlu döyüşçü” mifi Qarabağ işğal olunan illərdə yaranmışdı. Öncə ermənilər bunu onlara qan udduran döyüşçülərimizin gözünün odunu almaq üçün deyirdilər, sonra bu amil əks təbliğata çevriləndə bizim üstümüzə yıxmağa çalışdılar.
İkincisi, Suriya, Livan və digər ölkələr bir əsrdir azərbaycanlıların deyil, ermənilərin daha çox yaşadığı ölkədir. Məhz bu ölkələrdən Qarabağa zaman-zaman haylar axışıb.
Bütün dünya bilir ki, Azərbaycan müsəlman ölkəsi olmasına rəğmən Ermənistandan daha sivildir və burada hər kəs öz zövqünə uyğun yaşaya bilir. Hətta spirtli içki, dini ehkamlar mövzusunda da Ermənistan daha mühafizəkar ölkədir, nəinki Azərbaycan.
Dünənki video bağlantılarda bizi daha çox sevindirən məqamlardan biri də Nikolun məntiqsiz iddialarına qarşılıq olaraq Prezident İlham Əliyevin səsləndirdiyi soyuqqanlı, səlis fikirlər oldu.
Diqqətə alaq ki, hər iki dövlət başçısı uzun illərdir Ermənistana mənəvi və hərbi yardım edən Rusiya teleməkanında çıxış edirdi. Elə aparıcıların hər iki dövlət başçısına verdiyi suallardan da həmin televiziyanın jurnalistika qaydalarına, bitərəflik prinsipinə qəti məhəl qoymadığı görünürdü.
Mürəkkəb situasiyaya rəğmən İlham Əliyevin rus telekanalında ermənipərəst qüvvələrin bütün suallarını aydın cavablandırması, dünya ictimaiyyətini çaşdıra biləcək iddiaları deşifrə etməsi informasiya müharibəsində ikiqat qalibiyyətdir.
Bu informasiya qalibiyyəti hazırda Azərbaycanın Qarabağdakı ədalətli döyüş nailiyyətlərinin məntiqi inikasıdır.