Meyxanaçıları nə bədbəxt edir: din, yalançı əxlaq, yoxsa narkotika?

Meyxanaçıları nə bədbəxt edir: din, yalançı əxlaq, yoxsa narkotika?
8 aprel 2021
# 10:58

Sovetdən üzü bəri meyxanaçılara münasibət birmənalı olmayıb. Meyxana sənətini birbaşa Şərqlə və onun mühafizəkar adət ənənələri ilə bağlasaq, burada dərhal yadımıza ən yaxın qonşumuz İran və Türkiyə düşəcək. Xüsusilə İran ona görə xatırlanacaq ki, qəzəl, muğam istiqamətində çox ən çox yaxınlığımız olan məmləkət məhz elə İrandır. Lakin, məsələ burasındadır ki, uzun illik tarixi şeir, musiqi məclisləri olan İranda belə meyxana pərvəriş tapmayıb. Bu səbəbdən də meyxana məhz azərbaycanlılara və bizə məxsusdur.

Şeir və muğam gecələrindən fərqli olaraq meyxana gecələrinə yığılan kütlə əsasən az savadlı, yoxsul adamların içərisindən çıxıb. Lakin, bu kəsimin içərisində də şübhəsiz ki, fitri istedadı ilə seçilənlər olub. Məhz bu fitri istedad sahibləri təb gəldikcə meyxana deməklə məşhurluq qazanaraq meyxanaçı statusuna yiyələniblər. Bir məqamı da qeyd edək ki, meyxanaçıların uzun müddət senzuraya məruz qalmasına səbəb, həm də elə kasıb təbəqəni təmsil etməsindən irəli gəlib.

Meyxanaçılar bir qayda olaraq xalqın içindən çıxırlar. Ətraflarına yığılan kütləyə onları sevdirən də məhz bu sadəlik, xalq arasından çıxmaq, onlarla həmsöhbət olmaq səbəbidir.

Sovet dövrü onların üslubundan, həyat tərzindən irəli gələn qadağalar vardı. Çünki meyxana həm də bədahətən sənət növü olduğundan indinin özündə belə efirdə hər hansısa qeyri etik sözün işlənməməsinə heç kim zəmanət verə bilmir. Bu gün meyxanaçıları müasir dövrlə ayaqlaşmağa, kostyum, qalstuk kimi rəsmi geyimlərlə efirə çıxmağa səy göstərsələr də xalq arasında onlar yenə də xalqdan biridirlər. Bir çox meyxanaçılar, hətta il uzunu saqqalda olmaqdan narahat olmurlar. Onlar misal üçün müğənnilər qədər məşhur olsalar da, sənət etibarı ilə müəyyən oxşarlıqları olsa da, bir meyxanaçı üçün xarici görünüş xanəndə qədər əhəmiyyətli deyil.

Digər tərəfdən isə efir sanki meyxananın mistikasını pozur, sehrini tələf edir. Bəlkə bu səbəbdəndir ki, həqiqi meyxanadan, kəndlərdə qurulan mağarlardan, siqaret dumanına qarışmış ağrılı, iniltili, kefli meyxana gecələrinin içərisindən qopub çıxmış meyxanaçılar, efirə düşməklə əvvəlki təblərini, cazibələrini itirirlər.

Məsələnin digər bir tərəfi də ondan ibarətdir ki, meyxana sanki bir bədbəxtliklə də müşayiət olunur. Bu bədbəxtlik meyxanaçının ömrünün müxtəlif məqamlarında mütləq özünü göstərir. Andeqraund həyatı ilə meyxana öz müəlliflərini xoşbəxt edə bilmir. Meyxananın ən istedadlı nümayəndələri Nizami Rəmzi, Məşədibaba, Aydın Xırdalanlı, Bayram Kürdəxanılı, Vüqar Biləcəri faciəvi şəkildə öldülər.

Bəlkə bu enerjinin özü onları zərərli vərdişlərə qədər aparıb çıxardır. Bəlkə əsəb dözmür, ona görə gedirlər. Bədahətən, anında deyilən, yerinə oturan qafiyələr və bunun yaratdığı daxili təlatümə hər insan beyni düşüncəsi davam gətirə bilmir. Bədəndən çıxan enerjinin yeri nə ilə isə dolmalıdır. Yəqin ki, bu yerdəyişmə olmasa insan ruhi müvazinəti itirər. Meyxanaçılar sanki bunu hiss edirlər. Özlərini sakitləşdirmək üçün müxtəlif sakitləşdirici vasitələrdən istifadə onları nisbətən toxtatsa da, sonunda həm də məhvə sürükləyir. Meyxanaçıların bir çoxunun dinə istiqamət alması da, həmin ruhi sakitliyi, rəvanlığı axtarmalarından irəli gəlir. Ümumiyyətlə, Kərbəla aşiqi olan meyxanaçıların şiə hüznü həm də onların həyatına hopur. Meyxanaçıların böyük əksəriyyəti Kərbəla, Əli aşiqidirlər.

Din aşiqi olan bu istedadlı yeniyetmələr dində ona görə hüzr tapa bilmirlər ki, içlərindəki yaradıcılıq eşqi ilə istedad onlara tam olaraq dinə sarılmalarına imkan vermir. Din onları cəzb etsə də, daxili azadlıq hissi, yaradıcılıq ehtirası onları narahat edir.

Məsələ budur ki, bir sıra zərərli vərdişlərin yaratdığı xəstəliklərdən ölməyənlər də Nizami Rəmzi kimi avtoqəzada həyatını itirir, ya da Məşədibaba kimi intihar edir. Yəni həqiqi meyxanaçı yaşaya bilmir. Loru dillə desək, gora salamat baş apara bilmirlər. Ya zəlzələdən, ya vəlvələdən gənc yaşda dünyasını dəyişir.

Bunun adı nədir?

Tale, qismət, seçim, qəzavü-qədər, narkotika, təb, yoxsa ən əsası istedadın gətirdiyi ağırılıq, enerji?

Meyxanaçıların yaşayış və düşüncə tərzinə nəzər yetirəndə, onların deyişmələrindəki ritmə aludə olanda bu cur həyat tərzi ilə əlli il yaşamağın əslində möcüzə olduğunu anlayırsan.

İnsan isə o zaman çox yaşayır ki, heç nə hiss eləməsin. Siqaret, içki, əlavə şeylərdir. İnsanı həyat özü öldürür. Yazmağı anlamayıb yazanlar çox yaşayır, anlayıb yazanlar isə...

Meyxanaçılar sənətə sevgidən gəlirlər. Bu sevgi isə onları məhv edir. Müqayisə uğurlu görünməsə də, şam və pərvanə məsələsi meyxana və meyxanaçılara da xeyli aiddir. Ona görə erkən və faciəvi ölümdən qorxanlar qaçır.

Qaçanlar həm də bilir, hiss edirlər ki, bu yolun sonu yaxşı deyil, xoş olmayacaq. Onlar sənətdə ölümə toxunan məqamları və yerləri intuitiv şəkildə hiss edirlər. Bunu hiss edib qaça bilənlər xilas olurlar, qaça bilməyənlərə isə ölüm sığal çəkir.

# 5731 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #