Mədəniyyətin gücü, yoxsa gücün mədəniyyəti?

Mədəniyyətin gücü, yoxsa gücün mədəniyyəti?
28 yanvar 2021
# 09:01

Kulis.az hər dördüncü gün “Bir sual, bir cavab” adlı layihədən şair, yazıçı, publisist Aqşin Yeniseyin yazılarnı təqdim edir.

Növbəti yazı: Mədəniyyətin gücü, yoxsa gücün mədəniyyəti?

Tələbəlik. Yataqxana illəri. Otaqda mişar daşından oyub düzəltdiyimiz bir pilətəmiz vardı; üstündə dadsız yeməklərimizi bişirir, ucuz paltarlarımızı qurudurduq. Həftədə, ən azı, bir dəfə yanıb-tökülən spiralını dəyişdirməkdən çərləmişdik.

Kasıblıqla zənginliyin ortaq olduğu, bəlkə də, yeganə bədbəxtlikdir bu: əşyalara həddən artıq çox vaxt xərcləmək. Birində tamahına dur deyib vacib olmasa da imtina edə bilmədiyin, o birində zəhlən getsə də ehtiyac üzündən ata bilmədiyin əşyalara.

Hətta lazımsız əşyaları toplamaq kimi psixoloji bir xəstəliyi də olmalı insanlığın. Səhv etmirəmsə, elmi adı dispozofobiyadır. Tör-töküntü krallığı...

O vaxt diqqətimi çəkən bir məsələ vardı; həftə səkkiz, mən doqquz aldığımız metal spiral qutularının üstündə həmişə erotik görkəmli qız şəkilləri olurdu. “Nə əlaqə?” - deyib beynimi yorardım. Bəlkə, maarifpərvər şirkət bu spirallar vasitəsilə yol tapdığı kasıb mətbəxlərdə həm də arzuolunmaz hamiləliyin qarşısını almağın yollarından birini – spiral qoydurmağı – təbliğ edirdi. Yaxud istehsal etdiyi spiralların qutusuna erotik “Əsli”lərin şəkillərini vurmaqla öz məhsulunun istiliyinin gücünü ehtirasının şiddətindən od tutub yanan “Yanıq Kərəm”in atəşi ilə əlaqələndirirdi.

O sualın çavabının izinə illər sonra Samuel Fillips Hantinqtonun “Mədəniyyətlərin Toqquşması və Dünya Düzəninin Yenidən İnşası” kitabında düşə bildim; müəllifin mədəniyyətin get-gedə hər şeyi udacağı öngörüsünü oxuyanda.

Modern dünyada erotizm iqtisadi ehtiras yaradacaqdı.

Artıq “Min bir gecə” nağıllarında kişiləri başdan çıxarıb ayaqlarını öpdürən gözəl qızlar bu dəfə “Min Bir Gecə” avtomobil salonunda onların özlərini başdan çıxaran metal avtomobillərin radiatorunu-zadı öpəcəkdilər. Bundan sonra bizim səmimi seksual duyğularımıza reklam çarxlarında idman geyimli bakirə qızların qabaqlarına qatıb hellətdikləri qara traktor təkərləri də şərik olacaqdı. Daha arvadın səni zibil atmağa yataq geyimində çıxan milli Bovariyə deyil, evə yeni aldığın və gedib-gəlib baxdığın xəkəndazın üstündəki sarışın saçlı qıza qısqanacaqdı və s.

Modern dünyanın “Kamasutra”sı kişi ilə qadının deyil, qadınla tozsoranın, kişi ilə soyuducunun seksual münasibətlərindən bəhs edəcəkdi.

Belə də oldu.

Hantinqton məşhur kitabında iddia edir ki, mədəniyyət siyasətin ərazilərini işğal etməkdədir. Yeni çağ gücün mədəniyyətinin deyil, mədəniyyətin gücünün hegemonluq çağı olacaq. Daha əvvəlcə İsgəndər, arxasınca ellinizm gəlməyəcək, əvvəlcə ellinizm gələcək və bizi İsgəndərin ayağına aparacaq.

Bu mədəni işğalın təməli Qərb və kommunist bloklar arasındakı “Soyuq müharibə”də populyar mədəniyyətin siyasət (hərbi-siyasi güc) üzərindəki qansız qələbəsi ilə qoyulub və geri dönüşü olmayan qlobal bir prosesə çevrilib.

Mədəniyyət artıq “Neon ilan” oyunundakı qarşısına çıxan balaca ilanları yeyərək böyüyən ilan kimi önünə çıxan hər şeyi udur. Udmasa belə hər şeyi özünün bir ünsürü, bir xidmətçisi, alıcısı, təbliğatçısı olmağa həvəsləndirir. Mədəniyyət öz imkanları ilə brendinin alıcısını da brendə çevirir, ən azı, onda belə bir fors yaradır. “Coca-Cola” sənsən!”, “iPhone” sənsən!”, bir sözlə, “Brend sənsən!” Modern mədəniyyət hər şeyi əşyalaşdırır. Özünü dünyaca məşhur marka kimi hiss edən insanları cibindəki, üstündəki, evindəki brendin səviyyəsinə “ucaltmaqla” onlarda artıq şöhrət sahibi olduqları xoşbəxtliyini yaradır. Mədəniyyət özü ilə bərabər səni də məşhurlaşdırır.

No description available.

Var-yoxunu onu rahat məşhurlaşdırsın deyə əlində gəzdirdiyi, yeznəsindən başqa kimsənin zəng vurmadığı “iPhone 12”-yə verərək özünü kəsə yolla mədəniyyətin ən son model brendi zənn edən milyonlar, əslində, qlobal şirkətə çevrilən modern dünyanın seçicilərdir. Onlar hansı markanı seçirlərsə, dünyanı da o marka idarə edir. Biz bunu ABŞ-da son seçkilərdə gördük. “Facebook”un, “Twitter”in dünyanın supergücünü təmsil edən bir dövlətin prezidentini “yalqızlaşdırması”, əslində, mədəniyyətin siyasət üzərində gücünü göstərirdi. Eyni güc vaxtilə Obamanı prezident etmişdi.

Tanrılar öz itaətkar bəndələrini artıq brendlərin, markaların səcdəgahına təhvil verib. Marduklara, Markslara deyil, markalara sitayiş edir modern mömin. İqtisadiyyat sənətin gözəllikləri ilə maskalandıqca, artıq sənətin xidmətçisinə çevrilir. Bu gün bazara çıxan istənilən ideya, istənilən məhsul sənətin bayrağının altından keçmədən hədəfinə çata bilməz. Günümüzün siyasətçiləri artıq futbol komandalarıdır, rejissorlardır, yazıcılardır, oyun proqramçılarıdır, reklam agentləridir, ralli pilotlarıdır və s. Bunlar olmadan bir ölkənin siyasətdə uğuru yalnız mövsümi xarakterli ola bilər. Bu gün iqtisadiyyat kimi, siyasət də estetikləşməyə məcburdur. Ərdoğanın siyasi çıxışlarında şeir deməsini qəribçiliyə salanlar yaşadığı dünyadan xəbərsiz olanlardır. Siyasi fikri şeirin estetik gözəlliyi ilə paketləyib alıcısına çatdırmaq modern bir yanaşmadır. Bu həm də mədəniyyətin gücünün siyasətin gücünü arxa plana keçirməsidir.

Necə ki, hələ 1960-cı illərdə Teodor Adorno deyirdi ki, mədəniyyətdən danışmaq, istər-istəməz siyasi iqtidardan danışmaqdır. Eyni zamanda, günümüzün məşhur anlayışı multikulturalizmdən (çoxmədəniyyətlilikdən) söz açmaq post-modern kolonializmdən söz açmaqdır.

Baxmayaraq ki, Avropa Parlamenti 1996-cı ildə “irq” sözünün bütün rəsmi mətnlərdə işlədilməsini qadağan edib, bu, çoxmədəniyyətlilik anlayışının siyasi deyil, mədəni hegemonluğu ifadə etdiyi gerçəkliyini şübhə altına ala bilməz. Çoxmədəniyyətlilik böyük mədəniyyətin balaca mədəniyyətləri bağrına basması yox, öz peykinə çevirməsidir. Çoxmədəniyyətlilik post-kolonial mədəniyyətlərə “yumşaq güc” tətbiqidir. Məsələn, Azərbaycanı cəzalandırmaq istədikdə Ermənistan filminə mükafat verəcəyin tədbirə bu ölkəni, ümumiyyətlə, dəvət etmirsən! Onu mədəni kimliyi olmayan bir ölkə kompleksinə salmaqla cəzalandırırsan! Yaxud, İran mədəniyyəti keçmişindən ayrılmasın deyə, mükafata tamarzı İran rejissorlarının adət-ənənə nostaljisi üzərində lentə aldıqları filmlərə Qərbin ən nüfuzlu mükafatlarını verirsən.

Çünki Qərb düşüncəsinə görə, modernizm Qərbin, az qala, milli dəyəridir. Yalnız Qərb və onun gizli müstəmləkələri modern mədəniyyət yaradıcıları ola bilərlər. Digərləri ekzotikdirlər və ekzotik olaraq da qalmalıdırlar. Qərb, xüsusilə müsəlman Şərqin modern sifətini sevmir. Sən onun üçün muğam oxuyan, yallı gedən ekzotik mədəniyyət mənsubusan və onun iradəsini qəbul etmədiyin müddətdə belə də qalacaqsan. Müsəlman modern mədəniyyət yarada bilməz, onun geridəqalmışlığı isə ən nüfuzlu mükafata layiqdir.

Məsələn, Qərbi qıcıqlandıran Türkiyə onun iradəsini qəbul etmək bir yana, onun iradəsinə qarşı özbaşına modern osmanizmə can atan Türkiyədir. Klassik osmanizm bu gün Qərbin “heyran olduğu” qürub gözəlliyidir. Aşağıda bu heyranlığa aid örnəklər göstərəcəyəm.

Bəzən Qərbin muğama heyranlığından danışırlar. Qərbin, tutaq ki, Alim Qasımovun muğamına verdiyi dəyər, adı müasir olan İran kinosuna verdiyi dəyərin eynisidir. Əslində, bizi modern mədəniyyətin problemlərindən, mövzularından uzaq premodern xalqlar olduğumuzla kiçiltməkdir. Eyni bəh-bəhi Afrika xalqlarına münasibətdə də görə bilərik. Saksofon çalan Afrika sakini milli vuvuzelasını əlinə almayana qədər özü çalıb özü oynayacaq.

Ona görə də pakistanlı intellektual Rəşid Arain hesab edir ki, post-modernizm kolonial uzaqgörənlik və cəhalət üzərində qurulub. Digərlərinin də modernləşməsinin qarşısını almaq üçün onları yenidən ayrılmaq istədikləri keçmişlərinə bağlamaq. Post-modernizm, bir növ, Qərb modernizminin kamuflajdır. Post-kolonial ölkələri premodern dövrə qaytarmaq cəhdidir.

Orxan Pamukun Osmanlı İstanbuluna duyulan nostalgiya ilə dolu romanları, Elif Şəfəqin miniatür nəsri, Amin Maalofun “Şərqin limanları”, “Səmərqənd” kimi Orta əsrlər Şərq həyatına qayıdan əsərləri, əslində, imperialist maraqlarını çoxmədəniyyətliliklə ört-basdır edən siyasi Qərbin gizli sifarişidir. Və gördüyümüz kimi, ən böyük tiraja və ən nüfuzlu mükafatlara layiqdirlər. Çünki gələcəyə çağıran mədəniyyətin gücünü deyil, keçmişə haraylayan gücün mədəniyyətini təbliğ edirlər.

“Müasir adlandırılan mədəniyyətdə başqalarının fəallaşması ilə bağlı olan postmodernizm, onların (həmin başqalarının) modernlik və modernizmdəki uğurlarından xəbərsiz kimi görünür”. – Bunu da Rəşid Arain deyir.

# 4806 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #