İnsan olmaq qadağandır!

İnsan olmaq qadağandır!
9 may 2020
# 13:34

Kulis.az sənətşünas alim, tənqidçi Aydın Talıbzadənin “Koronavirus dövrünün bədbin karnavalı və yaxud insan olmaq qadağandır!” məqaləsini təqdim edir.

Nə vaxt ki dünya dəli olur, quduzluq azarına tutulub qudurur, nə vaxt ki insanları İnternetin sayt və portallarında mumiyalaşdırmaq istəyirlər, virtual türmələrə soxub zombiləşdirmək istəyirlər, onda bəşəriyyətin ən “dəli” nümayəndələri, yəni teatr adamları bir anlığa dayanıb düşünürlər: məgər biz Ejen İoneskonun personajlarıyıq ki, ictimai psixozun təlqininə uyub kərgədanlaşaq? Məgər biz Mirzə Cəlili, Samuel Bekketi, Edvard Olbini, Slavomir Mrojeki, Harold Pinteri oxumamışıq?

Mən koronavirusa yoluxmuş zamanın və bu problemlə bağlı yayımlanan informasiyaların mozaikasını diqqətlə nəzərdən keçirib pandemiya müəllifinin əməl məntiqini, onun məqsədini və ideyasını anlamağa çalışıram. Bunu anlamağa çalışanda görürsən ki, “quş qripi”, “donuz qripi” koronavirus pandemiyasının məşq variantları kimi yozulur. Qorunmaq, qurtulmaq, xilas olmaq naminə camaatı maskalamaq, aşkar və bəraətli şəkildə potensial təhlükə obyektlərini sıradan çıxarmaq, qırmaq, məhv etmək: əvvəlcə quşları, sonra donuzları, sonra insanları...

Koronavirus müəllifinin və ya müəlliflərinin niyyətindən də bu aydınlaşır ki, onlar qlobal masştabda legitim müşahidə sistemi və legitim dünya köləliyi yaratmağa iddialıdırlar.

Razılaşaq ki, hər hansı bir pandemiya cəmiyyətə psixoz qanadlarında gəlir. Psixoz pandemiyanın körüyüdür. Psixoz mübtəlalıq formasıdır, dəliləşmək həddidir. Sən virusa yoluxmaya bilərsən, amma psixoz mütləq sənin içinə sirayət eləyəcək, səni mübtəla eləyəcək. Hər bir nəsnənin, ideyanın, konseptin mübtəlası, yəni məcnunu, dəlisi olmağın sonucu ya faşizmdir, ya kommunizm. Beyinlərdə koronavirus artıq mübtəlalıq həddinə çatmış vəziyyətdədir. Maskalı-maskalı gəzmək getdikcə bəzi insanların xoşuna gəlir, şakərinə çevrilir: hətta onlar üzündə maska olmayan adamlara acıqlı, hədələyici nəzərlərlə baxırlar.

Mass-medianın bədbin karnaval janrında ifa etdiyi koronavirus pandemiyası haradasa üsyan, inqilab və silahsız müharibə arasında mövqelənir. Soruşacaqsınız ki, niyə bədbin karnaval? Ona görə bədbin karnaval ki, ev dustaqlığına məhkum edilmişlərin hər biri üzbəüz binaların pəncərələrində əyləşib məəttəl-məəttəl, çarəsizcəsinə, axmaq bir Pyero təbəssümü ilə bir-birini seyr edirlər. ”Koronavirus” inqilabı və ya müharibəsi hər hansı bir dövlətin, siyasətin, rejimin və ya hər hansı bir ölkənin əleyhinə yox, insanın, onun mahiyyətinin əleyhinədir, olmaq, yaşamaq instinktinin əleyhinədir. Bu zaman faşist düşərgələrinin virtual versiyada qayıtması aktuallaşa bilər.

Ona görə biz teatr-onlayn mövzusunu müzakirə etməməliyik: bu, abrakadabradır. Biz insan mövzusunu, öz evində dustaq olmuş, “koronavirus” adlı virtual xəbər blokuna yerləşdirilmiş insanın vəziyyətini müzakirə etməliyik. Ola bilsin ki, çox yaxın zamanlarda onu İnternet sitələrinə diri-diri “hörsünlər”, onu sistemin köləsinə, çipli robotuna çevirsinlər.

Hərçənd mən ümid edirəm ki, biz çox yaxın zamanlarda koronavirusun bu antikarnaval yürüşünə “kifayətdir!” deyəcəyik. Düzü, başqa çarəmiz də qalmır. Çünki koronavirus teatr adamları üçün aktiv ünsiyyət zonası saxlayan “festival” adlı sonuncu ümidi də onların əlindən alır.

Amma şər deməsən, xeyir gəlməz. Koronavirus bir anın içində hamını bərabərləşdirdi, evində dustaq edib bərabərləşdirdi, kommunizmlə faşizmi bir nöqtədə düyünlədi.

Darısqal məhbus məkanında isə düşüncələr üçün həmişə vaxt çoxalır.

Koronavirus postmodern müharibə variantıdır: koronavirus postmodernin binalarına, rəsmlərinə, musiqisinə, dəblərinə, romanlarına oxşayır.

Hərçənd o da bir həqiqətdir ki, insanlar evlərində həbsxana rejimində yaşayarkən təbiət öz əzəli rahatlığına qovuşub. Təbiət insanlardan, onların basqınından dincəlməyə başlayıb, əcayib bir fasilə fürsəti yaxalayıb. Bu arada 2010-cu ildən üzü bəri cütləşdirilmək məqsədilə saxlanılan pandalar Honkonq zooparkını boş görüb, seyrçisiz görüb, nəhayət ki, özlərinə gəliblər və bir-birinə sarınıb xoşbəxt sevgi günləri yaşayıblar.

Yəni bu dünyada heç nə əvvəlcədən bəlli deyil: xeyirlə şər sərhədisə şəffafdır; iblis də hər zaman tanrının yanındadır.

Hətta insanlar koronavirus dönəmində də təbiəti çirkləndirmək şakərini tərgitməyiblər: istifadə edilmiş maska qalaqları ilə bir daha təbiəti pat vəziyyətinə salıblar.

Bununla belə mən hesab edirəm ki, koronovirus çağlarında “evdə qal” prinsipilə yaşayıb monitor önündən çəkilməyən insanlarda yenidən teatr tamaşalarına qəribə bir maraq, bir vurğunluq oyana bilər. Çünki adamlar canlı ünsiyyətə susayacaqlar, real təmas məkanları axtaracaqlar.

Postkoronovirus dönəmində bir çox dəyərlər yenidən reviziya olunacaq. İnsanlar anlayacaqlar ki, gözəllik dünyanı xilas etməyəcək, ələlxüsus, yalançı, yapmacıq gözəllik; anlayacaqlar ki, gözəllik batindədir, insanın beyninin içindədir, insan ağlının oyunudur. Anlayacaqlar ki, onları uzun müddət amerikansayağı şoularla, reklamlarla hərifləyiblər, maymaq yerinə qoyublar, xalqa, millətə yox, rəngsiz, məğmun çoxluğa, daima dəb dalınca qaçan marafonçuya çeviriblər, onları düşünmək həzzindən məhrum ediblər. Anlayacaqlar ki, komfort təbiəti öldürür, insanı robotlaşdırır, texnikadan asılılıq həddini maksimuma çatdırır, hissləri kütləşdirir.

Bir də, nəhayət, onu anlayacaqlar ki, həyatda, XX əsrin ən böyük fransız romantiki Antuan de Sent Ekzüperinin dediyi kimi, “insan ünsiyyətindən üstün zinət yoxdur”. Yeri gəlmişkən, teatr gərək bu imkandan yetərincə bəhrələnsin, toplum içrə itirdiyi mövqelərini bərpa eləsin, mədəniyyətin avanqardında sıralanmaq, seyrçiləri tamaşaçı salonlarına qaytarmaq fürsətini qaçırmasın.

İndisə məsələnin məğzinə dönək və açıq mətnlə söyləyək ki, “teatr-onlayn” sözbirləşməsi absurd, mənasız bir ifadədir və bu terminin bildirdiyi nəsnələr teatrın mahiyyətinə, poetikasına, estetik hüsnünə kökündən ziddir.

Teatr onlayn olmur: bu, bir aksiomdur.

Teatr-onlayn bütün hallarda kamera vasitəsilə lentə alınmış tamaşanın nümayişindən başqa bir şey deyil və ola da bilməz.

Teatrın onlayn rejimdə şoping predmetləri kimi təqdim edilməsi hissiyyatsız, reaksiyasız, lal bir kukla ilə evlənməyə bənzər. Yaponiyada artıq çoxları öz şəxsi, intim həyatlarında gerçək qadını kuklaya dəyişiblər. Kukla ilə evlənmək ya da koronavirusla yaşamaq nümunəsi ictimai psixoz yaratmaq kanalıdır ki, anormanı norma kimi təqdim və təlqin etsin. Cavanların böyük bir qismi bədənlərinə tatu döydürürlər, dodaqlarına, qulaqlarına, burunlarına həlqə taxırlar, pirsinq elətdirirlər. Bu, ağlın, müasirliyin bildiricisi deyil, psixoz əlamətidir, kərgədanlaşmaq, sürüləşmək variantıdır, şəxsiyyətin devalvasiyasını, idrak böhranını müşaiyət edən faktorlardır. Koronavirusu da mən bu zəncirdə görürəm, postmodern fraktallıq kimi görürəm: koronavirus pandemiya kimi sitatlaşdırılır, psixoz kimi qara komediya janrında və ya bədbin karnaval modusunda ifa edilir.

Əlbəttə ki, koronavirus pandemiyası xəstəlikdən daha çox psixozdur və bu pandemiyanın yalnız bir şüarı var: insan olmaq qadağandır! Mümkün ki, müasir dünyanı idarə etməyə iddialı məxluqlardan biri pis tanrı missiyasını boynuna götürüb və dünyanı insanlardan boşaltmaq istəyib. Maska al, evdə qal, fikrə dal, yaşa soxulcan kimi, səsini çıxartma, yoxsa səni tapdalarıq.

Ona görə də milyonların taleyini biryolluq həll etmək üçün koronavirus hədəsi ilə şəhərləri qısa bir müddətdə boşaldıb səssiz-səmirsiz qəbiristanlıqlara oxşatdılar.

Ən qəribəsi budur ki, teatr həməncə diz üstə çökdü, onlayn olmağa razılaşdı. Teatr - onlayn həyatdan məhrum bir nəsnədir. Onlayn teatr teatrın tabutudur, içində balerina heykəlciyi gizlədilmiş qutu-sandıqçadır: qapağını qaldırırsan, balerina fiquru rəqs etməyə başlayır. Bu, elə onlayn baletin primitiv variantı deyilmi?

Ancaq daha qəribəsi budur ki, teatr mövcud olduğu tarix boyunca permanent böhran vəziyyətindədir, ya bu gün ölər, ya sabah. Amma teatr ölmür, burdan ora dığırlanır, ordan bura və təzədən enerji toplayıb öz fantastik ömrünü davam etdirir. Koronavirus adlanan pandemiya isə birbaşa onun hülqumunu sıxır, nəfəs borusunu qapadır.

Məsələ bu ki, teatr hava ilə yox, ünsiyyətlə nəfəs alır, ünsiyyətdən qidalanır, seyrçi salonundan gələn enerjini sinerjiyə döndərib yaşayır. Bu möcüzəli təmas itdikdə teatr da yox olur. Odur ki, “teatrın ölümü” problemi də həmişə aktualdır. Lakin heç bir tarixi dönəmdə onun ölüm faktı fiksə edilməyib. Teatr daima yaşayır. Soruşulur nə üçün?

Bu sualın çoxdan axtardığım cavabını deyəsən özüm üçün dəqiqləşdirmişəm. Səbəb, mahiyyət, məna ondadır ki, teatr incəsənət deyil, teatr bədii praktikadır. O nəsnəni ki, biz incəsənət adlandırırıq, onun stabil konstantları mövcuddur və artefaktların yaradılma prinsipləri dəyişməzdir: təsviri sənətdə, heykəltəraşlıqda, musiqidə, kinoda, memarlıqda... Skopasın heykəllərini qədim yunan necə görübsə, biz də təqribən elə o cür görürük. Antik yunan teatrının tamaşalarını görmək şansı isə sıfırdır. Biz o tamaşaların hazırlandığı “inqridiyentləri” təqribi şəkildə bilirik, di gəl ki, onların birləşdirilməsi, hansı nisbətdə götürülməsi qaydalarından xəbərsizik. Bir də antik tamaşaların olması üçün qədim yunan seyrçilərinin olması mütləq şərtdir. Skopasın heykəli üçünsə bunun heç bir önəmi yoxdur.

Deməli, o nəsnə ki, su kimi buxarlanır, zamanla bərabər çay kimi axır, hava kimi dəyişir, o, incəsənət sayıla bilməz. Ol səbəbdən teatr anındaca gerçəkləşən bədii praktika kimi dəyərləndirilməlidir. Hər bir tamaşa hər bir teatr seansında yeni seyrçilərlə birlikdə gerçəkləşən məşqdir, bədii təcrübədir. Belə ki, hər bir seansa yığılmış seyrçi tərkibindən, seyrçi enerjisindən asılı şəkildə tamaşanın aurası, atmosferi və qavrayışı dəyişir, başqa-başqa olur. Hətta onu da deyim ki, əgər bir teatr salonunda üç yüz yer varsa, deməli, avtomatik şəkildə bir tamaşa üç yüz nəfərin gözünə paylaşıb üç yüz tamaşaya dönüşür. Dediklərim geniş spektrdə həm dramatik, həm də posdramatik teatr hadisələrini özündə qapsayır. Belə ki, bütün təzahür modifikasiyalarında tamaşa spiritik seansın, ritualın, şaman ayininin inversiyasıdır. Bu zaman yalnız bir müddəa təkzib edilməzdir ki, spiritik seans, ritual, ayin, tamaşa seyrçinin birbaşa iştirakı olmadan mümkünsüzdür.

Odur ki, teatr-onlayn fiksiyadır, cəfəngiyyatdır: “yutub”da seyrçilər tamaşaya baxmırlar, dəyişən videokadrları, tamaşadan görüntüləri izləyirlər, harada ki, canlı tamaşa prosesinin özü yoxdur. Kameranın obyektivinə səhnədən nə düşürsə, sürbədən yerə tökülən ölü quşlar kimidir. Nədən ki, kamera prosesin canlı ünsiyyət materiyasını, iştirakçılar və seyrçilər arasında enerji dövriyyəsini, təmas flüidlərini lentə yansıda bilmir: seyrçiyə tamaşanın canlı bədəni əvəzinə onun meyitini göstərir... Ona görə də onlayn teatr mövzusu ciddi müzakirə mövzusu deyil.

Amma mən düşünürəm ki, postkoronavirus dönəminin teatrı Huh peyğəmbərin gəmisinə bənzəyəcək. Bu “gəmi”də teatr adamları İNSANI, insan qürurunu, onun ləyaqətini, azad yaşamaq, azad danışmaq, dünya vətəndaşı olmaq hüququnu müdafiə etməyə çalışacaqlar. Əgər susqun çoxluğu – İnternet kölələrini – bu “gəmiyə” toplamağı bacarsalar...

# 6166 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #