Hər yerdə dərc olunan mənasız yazarlarımız

Hər yerdə dərc olunan mənasız yazarlarımız
14 sentyabr 2021
# 12:26

Yazıçılar arasında xüsusi bir tayfa var ki, gündə azı 5 qəzetdə, 3 jurnalda, 2 saytda yazıları çap olunur.

Məsələn, "525-ci qəzet"i açırsan, görürsən ki, şablon cümlələrlə dolu iki səhifəlik bir məqaləsi gedib, açırsan "Ədəbiyyat" qəzetini görürsən 1 səhifə yeni şeirləri çap olunub, "Ulduz" jurnalında yeni hekayəsi , “Azərbaycan” jurnalında ssenarisi, "Kulis"də essesi...

Ay qardaş, "Topaz" qəzetini əlinə alırsan, görürsən ki, orda da futbol oyunlarını analiz edib, hələ 100 faizlik bir kupon deyib.

Yalan demirəm, ədəbi mühitin içində olanlar bu adamları bilir, çox yaxşı da tanıyır.

Hər gün e, hər gün hardasa ya yeni şeirləri, ya yeni hekayələri, ya da yeni romanından bir hissə çap olunur.

Bu adamlar heç yorulmurlar. Bütün tədbirlərdə də iştirak edirlər, söz demək üçün, çıxış etmək üçün ürəkləri gedir.

Təəssüf ki, heç kimin qəlbini qırmamaq üçün ad çəkmək istəmirəm.

Soruşa bilərsiniz ki, heç kimin qəlbini qırmaq istəmirsənsə, bəs, bu yazını niyə yazırsan?

Ona görə yazıram ki, artıq bu adamların özlərini aldatdığını və bu aldanışla özlərini həqiqətən ciddi bir imza saydığını görürəm. Bu düşüncəylə də həqiqətən özlərindən istedadlı olan yazıçılara qarşı təkəbbürlü davranış sərgiləyirlər.

Məsələn, elə bilirlər ki, Prezident təqaüdü almaq, ya da hansısa qəzetdə çap olunmaq böyük uğurdu. Hələ hansısa sayta müsahibə vermisənsə, bundan o yanası yoxdu.

Ey gözəl insanlar, vallahi belə deyil, billahi belə deyil.

Bilmirəm, siz həqiqətən istedadsız olduğunuzun fərqində deyilsiniz, ya artıq necəsə özünüzü aldatmısınız. Bilmirəm, bəlkə sizi aldadıblar, ya da, ümumiyyətlə, sizin üçün istedad ədəbiyyat yaratmaq üçün əhəmiyyətsiz bir faktordur. Bilmirəm.


Şəxsən mən axırıncı dəfə hansı qəzetdə, hansı saytda şeirlərim, ya yazım dərc olunub xatırlamıram. Təbii ki, əməkdaşı olduğum Kulis saytını nəzərdə tutmuram. İnanın mənə, burada yazdığım yazıların da bir çoxunu redaktorumuzun qorxusundan yazıram, mənə zorla yazı yazdırır.

Hə, yadıma düşür, sonuncu dəfə 2 il qabaq “Ədəbiyyat” qəzetində şeirlərim dərc olunmuşdu. Nə yalan deyim, Peterburqa getməyə hazırlaşırdım deyə pula ehtiyacım var idi və qonorar almaq üçün “Ədəbiyyat” qəzetinə şeirlərimi göndərdim. Sağ olsun, qəzetin baş redaktoru Azər Turan da yaxşı qonorar yazdı.

Hətta yadıma düşür, Azər bəyə söz vermişdim ki, Peterburqdan qəzet üçün yazılar da yazıb göndərəcəm. Söz verdiyim yazıların qonorarını da bəri başdan aldım. Sonra heç o söz verdiyim yazıları da yazmadım.

Bir dəfə Azər bəylə söhbət edəndə mənə dedi ki, niyə bizə yazılarından, şeirlərindən göndərmirsən? Dedim, vallah həvəs olmur. Masasındakı qəzeti əlinə alıb havaya qaldırdı, qəzeti açıb mənə tərəf çevirdi və bir müəllifin yazısını göstərib dedi, siz yazılar göndərmirsiniz deyə, məcbur belə yazıları veririk də…

Hə…

Ya da elə “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin özü. Hər dəfə deyir ki, yazılarımdan göndərim, qonorar da verir, amma sonuncu dəfə “525”də nə vaxt çap olunduğum yadıma düşmür. Yəqin ki, azı 4-5 il olar.

Onsuz da bir yazı göndərməsək də, Rəşad müəllim qonorarımızı kəsmir.

Ya da “Ulduz” jurnalı. "Ulduz" jurnalında şeirlərim ilk və hələ ki, elə son dəfə 2014-cü ildə çap olunub. Jurnalın baş redaktoru Qulu Ağsəslə demək olar hər fürsətdə görüşürük, çay içirik, pivə içirik, araq vururuq, nərd atırıq. Hər dəfə görüşün sonunda Qulu Ağsəs deyir ki, şeirlərini göndər, jurnalda çap eləyək, yaxşı qonorar yazaq, mən də hər dəfə deyirəm ki, yaxşı, sabah mütləq göndərəcəm. Və təbii ki, yenə də göndərmirəm. Artıq hər dəfə Qulu müəllim o sözü deyəndə, özü də bilir ki, nə mən şeirləri göndərəsiyəm, nə o şeirlər “Ulduz” jurnalında çap olunası. Elə nəzakət xətrinə bu cümlələrlə sağollaşırıq.

İşin zarafat hissəsini qoyaq bir qırağa, yenidən ciddiləşək.

Bu hər gün hardasa yazısı, şeiri, hekayəsi çap olunanlar var ha, mənə maraqlıdır, görəsən, onlar özləri anlamır ki, yazdığın hər şeyi mətbuatda dərc etmək elə ən çox da mətbuata və oxucuya hörmətsizlikdi? Yazdığın hər “zibil”i hansısa qəzetdə, saytda, jurnalda dərc etməsəniz də olar. Vallah olar, billah olar.

Yəni doğrudanmı sizə istedadsız olduğunuzu gərək kimsə deyə? Özünüz bunu anlamağa çətinlik çəkirsiniz?

İllərdi mətbuatın hər küncündən, bucağından çıxırsınız, hər yerdə varsınız, amma həm də heç bir yerdə yoxsunuz. Bir cümləniz, bir misranız belə yoxdu insanların yaddaşında.

Cəsarətiniz çatırsa, elə çevrənizdəki adamlardan, lap elə dost-tanışlarınızın birindən bir cümlənizi, bir misranızı xatırlamağını istəyin. Dostlarınız belə həyəcandan özlərini itirib kəkələyəcək, çünki nə bir cümləniz, nə də bir misranız yoxdu.

Sizin missiyanız elə qəzet köşələrini, jurnal səhifələrini doldurmaqdan ibarətdi. Bəs, bu qəzetlər, jurnallar çap olunmalıdı, ya yox? Heç olmasa buna vasitə olduğunuz üçün yenə də sizə təşəkkür edirəm.

# 5458 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #