Getsin, gəlməsin!

Getsin, gəlməsin!
10 sentyabr 2021
# 14:52

Kulis.az Covid-19 xəstəliyi keçirən yazıçı Səfər Alışarlının bu mövzuda yazdığı “Getsin, gəlməsin!” yazısını təqdim edir.

Xəstəliyi keçirmiş Azərbaycan vətəndaşı kimi Covid haqqında yazdım. Bəlkə kimlərəsə faydası oldu. Dünyanın quyruğu uzundur. Bir də görürsən, oturduğun yerdə elə müşkülə düşürsən ki, az qalırsan, baş götürüb qaçasan. Qaçmaq, əslində, çətin deyil. Çətin məsələ “hara” qaçmaqdır.

Dostoyevski deyirdi ki, insanın dar ayaqda getməyə mütləq bir yeri olmalıdır. Bəzi sprinterlər üçün bəri başdan deyim ki, qaçmağa yer yoxdur. Rəhmətlik Vaqif Səmədoğlu demişkən, bir siqaret o yana, bir çinovnik bu yana, küçə ilə bərabər şəhər və ölkə də qurtarır. Ona görə çalışın oturduğunuz yerdə özünüzə elə etibarlı sığınacaq düzəldəsiniz ki, hər azğın xəstəlik, hər heyvərə, hər ağzıgöyçək asanlıqla ora girə bilməsin.

Gecənin narahatlığında immun zəifliyi özünü büruzə verməyə başladı. Bilmirəm, xəstəlik ertəsi gün bütün şiddətilə şığıdı, ya bir-iki gün sonra ciddi fəsadlarını göstərdi. Dəqiq yadımda deyil. Bədənim məşhur Oblonskilərin evini xatırladırdı. Hara əl atırdım, aşkar fiziki xaosla qarşılaşırdım. Xəyalən nəyimi müayinə edirdimsə, funksional yararsız çıxırdı. Hətta yıxılana balta vuran insafsızlarsayaq ürəyim də özünü büruzə verməyə başlamışdı. Əzalarım sürətlə işğal olunurdu. Müqavimət çox zəif idi. Qızdırma qalxır, bədəndə su quruyur, qan təzyiqi aşağı düşür, başağrısı və bütün əzələlərdə şiddətli ağrılar bir an səngimir. Təngənəfəslik, öskürək və ümumi halsızlıq da öz yerində. Hələ biliksizlik üzündən soyuq suya qarışdırıb içdiyim böyürtkən mürəbbəsinin qanda şəkəri qaldıraraq ayaqlarımın altını sutkalarla yandırmasını demirəm. Soyuq kompres qoyurdum, yenə xeyri olmurdu.

Əlqərəz, böyük bir buketdir: adamı fərdiləşmiş ölüm təhdidi yox, bəşəriyyətə qarşı belə açıq-aşkar, kütləvi qəsdin hansısa ölkələr, alimlər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilməsi və onlarla ən yüksək səviyyələrdə aparılan rəzil sövdələşmələr peşman edib ruhdan salır. Əslində isə adamı yataqda xəstəlikdən daha çox ictimai, tibbi, sosial kimsəsizlik əzir, hər şeydən əlini üzür. Basabasda bir sıra mənəvi dəyərlər sanki küsüb evdən gedir. Yataqdakı qızdırma və ağrıların içindən başqa vaxt addımbaşı rastlaşdığın təmtəraqlı tibb müəssisələri, özəl klinikalar, TƏBİB-in adından hər gün mənasız rəqəm və şərhlərlə özünü ekrandan reklam edənlər adama qorxunc kabus cildində görünür. Özünə söz verirsən ki, sağalıb ayağa dursan, bu monstrla mübarizəyə səfərbərliyin artırılması üçün əlindən gələn hər şeyi edəcəksən.

Mən xəstələnəndən bir həftə sonra müalicə oluna-oluna yaxma verdim, nəticənin pozitivliyinə şübhə etmirdim. Elə də oldu. Sahə həkimi 20 gün ərzində yalnız bir dəfə “pozitiv”ə görə zəng vurub dedi ki, vəziyyətin pisləşəcəyi təqdirdə mütləq xəstəxanaya getməliyəm.

Mən sənin xəstəxanalarını, orada işləyən həkimlərini tanımırammı? Ya oradakı soyğunçu bespredeldən xəbərim yoxdur?! Orada adamın temperaturunu da pulsuz ölçmürlər, kimdir mənə bahalı iynələr vurub, sistemlər köçürüb gecə-gündüz çarpayımın böyründə duran? “Karantin” deyib heç kimi yanıma buraxmayacaqsınız. Yaxşı yer olsaydı, başıma at təpmişdi evdə yarımpeşəkar müalicə ilə məşğul olam?!

Həyətdə böyük ailəyik: son aylarda 3 nəfərimiz xəstəliyə yoluxaraq evdə müalicə olunmuşdu, mənimlə bərabər daha 7 nəfər də bu dəfə ilişdi. Mikromühitdə əsl epidemiya! Böyük bir palatalıq kontingent öz-özünü müalicə etməyə məcbur olaraq əlində-ovcunda olan son qəpiklərə qədər hamısını qəsəbə apteklərinə verib dərman almağa məcbur oldu. Poliklinika 7 nəfərə iki torbanın dibində “vitamin” adlanan 5-6 çeşiddə həblər göndərdi. Ancaq əsas müalicəedici dərman və birbaşa venaya vurulan sistem inqriendlərini hər kəs özü üçün apteklərdən baha qiymətlərə aldı.

Yarımcan halda girirsən aptekə, siyahını uzadırsan özü heç yerdə görünməyən milli sahibkarın işçisinə, o da üzünə ağıllı ifadə verərək rəfə, kompüterdə baxır, kalkulyatoru şaqqıldada-şaqqılda seçib gətirir və səliqə ilə torbaya doldurub burnunun altında mızıldanır: 161 manat 20 qəpik! Ucadan deməyə qorxur, bilir ki, qiymətlər fantastik şişirtmədir. Ucadan deməyə qorxur ki, birdən Allah eşidər. Məbləğdən oğurladığı burnundan gələr. Beləcə, 20 gün ərzində hər birimiz ən azı 3, 4 dəfə! Məşhur mahnıda deyildiyi kimi, neylərsən, bala, mənə neylərsən?!

Uzaqda yaşayan, Covid üzrə təcrübə keçmiş həkim dostum ciyərlərimin rentgen plyonkasına baxıb vəziyyəti orta ağır olaraq qiymətləndirdi və bəzi dərmanlar yazdı, dəyərli məsləhətlər verdi. Ən başlıcası, zəng vurub vəziyyətimlə hər gün maraqlandı. Onun hər zəngi, mesajı, məsləhəti məni sanki dəhşətli xəstəliklə mücadilədə təklikdən, tənhalıqdan qurtarırdı. Ancaq əsas işi qonşumuzda bu sahə üzrə ixtisaslaşmış tibb bacısı gördü. Göydə Allah, yerdə o xanımın tibbi, insani fədakarlığı olmasa, indi bizim qəsəbədə çoxları öz həyatı ilə vidalaşmışdı.

Bütün dualarım o xanımladır!

Yeri gəlmişkən, mən Covidin morq təcəssümatını son “Sifət möcüzələri” povestimdə yazmışam. Onda həmyaşıdım əmim oğlunu itirdim və xəstəliyim günlərində onun Sumqayıt yolundakı Olimpiya Mərkəzi Xəstəxanasında bir gecənin içində necə öldüyünü aylar keçmiş faktiki olaraq gördüm, hiss etdim, dərk etdim.

Məsləhət və yardım ümidilə zəng vurduğum həkimlərin, tanış-bilişin bildiyi sanki bircə söz vardı: “SATURASİYA!” Hər kəs belə deyirdi: qəflətən saturasiyan düşər, sonra heç nə ilə xilas etmək mümkün olmaz. Ona görə mütləq xəstəxanaya getməlisən! Son günlər adlarını eşitdiyim Adil İsmayılov, Dilavər Əzimli, Tahir Abbaslı, Səməd Səmədovun, əmim oğlunun, tanımadığım neçə-neçə dəyərli insanın gedib qayıtmadığı xəstəxanaya. Saturasiya! İmkanım olsa, bəzi adamlarda onu həqiqətən aşağı salardım... Dövlət adından əhaliyə beləmi tibbi xidmət göstərərlər?

Dediyim kimi, xəstəliyin əsas fəsadlarından biri də bədəndə yaranan ağrılı halsızlıqdır. Kürək üstə uzanmaq olmaz, ciyər ətə yapışır, yalnız böyrü üstdə uzana bilərsən, o da əgər böyrəklərində problem yoxdursa. Bəzən ciyərdən gələn bəlğəm o qədər yapışqan olur ki, onu əlüzyuyandan 5 atmosfer su təzyiqi qoparıb apara bilmir. Sanki əzələlərinə davamlı şəkildə neştər soxurlar. Bu halda insanın gücü yalnız ilan kimi mələməyə, zarımağa çatır. Hələ ciyər çatışmazlığından boğulmağı da bunun üzərinə əlavə etsən, insan çarpayıda faktiki olaraq meyitdir. Bu vəziyyətdən onu yalnız peşəkar tibbi yardım xilas edə bilər. İndi mən sizdən soruşuram: Azərbaycan tibb müəssisələrində pulu olmayan hansı xəstəyə ciddi yardım göstərən personal var?

Yoxdur.

Yoxdur, qardaşım...

Bir dostum danışırdı, Covid diaqnozlu xəstə qohumunu təcili yardım maşını guya Bakıdakı xəstəxanalarda yer olmadığı üçün, Qubaya, Naftalana aparmaq istəyirmiş. Haqqını alandan sonra lazım olan yerə apardı. İçəridə “karantin” qadağası altında nələrin baş verdiyindən cəmiyyətin xəbəri yoxdur. “Yeni Klinika”-da üç-dörd nəfər julikin həbs edilməsi məsələni həll etmədi. Ancaq Bakının 8 km qəsəbəsində yerləşən Ağ ciyər Xəstəlikləri ET İnstitutu göz önündə, bəzi qapıları da açıqdır. Gedin, Azərbaycan tibbinin ən biabırçı sifətlərindən birinə onun həyətində, koridorlarında baxın və görün, xalq milli, mədəni inkişafın hansı səviyyəsindədir.

Sanitar arvadlar və tibb bacıları dəhlizlərdə nümayişkaranə car çəkirlər ayda 264 manat maaş aldıqlarını. Guya xəstələri qəbul etməyə həkim tapılmır. Ancaq get həkim kimi işə düzəlmək istə, deyəcəklər nazirlik belə gəldi, qanun elə getdi, imtahan mərkəzi belə, baş həkim elə...

Hanı bizim səhiyyəmizin rəhbərləri?!

Dostlar, siz TV ekranından düşün, istənilən xəstəxananın həyətinə, koridoruna gedin. Orada yarım gün ərzində bir həkim yüzə yaxın xəstəni dəhlizdə süründürür. Qəbul edəndə də başdansovdu yola salır. Dövlət tibbi sığorta stollarının arxasında oturdulmuş modellər xəstələrə özəl tibb müəssisələrinə müraciət etməyi məsləhət görür.

Hansı haqla?

Həkim tapılmır ölkədə?

Problem xəstəliyə aid dərmanların təkcə bahalığında deyil, həm də onlardan hansılarınınsa dəhşətli iyindədir. Bu dərmanların çoxu əhaliyə vurulan vaksin kimi Rusiya istehsalıdır: zəhərli, iştaha küsdürən iy burun deşiklərində, dəri məsamələrində, ağız boşluğunda, yataqda-filanda hər yerdə həftələrlə qalır və tibbin keçmiş “nailiyyətlərini” bir an belə unutmağa imkan vermir.

Mənim müşahidələrim göstərir ki, Covid-ə yoluxanların mütləq yarısı evdə müalicə olunmağa üstünlük verir. Onlar obyektiv səbəblər üzündən xəstəxanada “karantin” qadağaları altında öz həyatlarını tibbi personala etibar etməkdən çəkinirlər. Burasını başa düşdük. Əgər belədirsə, nəyə görə Səhiyyə Nazirliyi səyyar yardım briqadaları yaratmır? Niyə o briqadalar hər bir xəstəyə heç olmasa iki-üç gündən bir evində baş çəkib ona tövsiyə və məsləhətlər vermir? Dərman istəmirik, eləcə məsləhət istəyirik. Hərçənd, dərman verməyə də borclusunuz. Niyə pandemiya ilə mübarizəyə özəl tibb müəssisələri məcburi qaydada cəlb edilmir? Onlar döş qəfəsinin adi rentgen plyonkasını 35 manata çıxarırlar, onlar ən kiçik tibbi əməliyyatı minlərlə manata eləyirlər. Nədən bu xalqa ağır pandemiya günlərində xidmət etməməlidirlər?

Mən ötən əsrin 60-cı illərinin uşağıyam. Kəndlərdə səyyar tibb briqadalarının səhərdən axşama qədər evbəev gəzib traxomaya, vərəmə, qurda, qripə qarşı necə mübarizə apardıqlarını yaxşı xatırlayıram. Kadr, dərman, maşın-filan çatışmazlığında bizim səhiyyəmiz bunu edə bilirdi. Ancaq bu gün dövlət büdcəmizdən xalqa layiqli tibbi xidmət üçün ayrılan yüz milyonların qarşılığında belə xidmət yolverilməzdir.

Bütün bunlar iyulda olmuşdu.

Getsin, gəlməsin!

# 4051 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #