Feministlərin küçə tamaşası - Bu qadınlar nə istəyir?

Feministlərin küçə tamaşası - Bu qadınlar nə istəyir?
9 mart 2021
# 14:16

El dili ilə desək, insan dünyaya bir dəfə gəlir. İnsanın yaşamaq, həyatdan, təbiətdən zövq almaq hüququ var. Heç kimə bunu qadağan etmək, o biri dünyadan misallar çəkib təsəlli vermək olmaz. Kim nə deyir desin, torpaq qaradır, torpağın altı isə ondan da qara, zülmətdir.

Bu yazını yaza-yaza mətnin o üzündən gələn video səsləri eşidirəm. Bu dünən 8 mart günü küçəyə çıxıb qadın azadlığı haqqında aksiya edən qadınların səsidir. “Bizimdir hür küçələr”, “mənim bədənim, mənim seçimim, mənim azadlığımdır” şüarları səslənir.

Nə istəyir bu qadınlar, yaxud da onlar kimdirlər?

Qadın olduğumdan mütləq yuxarıda verdiyim suala cavab tapmaq üçün birinci gərək özümdən başlayım.

Qadının bir çox məqamlarda dominant olduğu ailədə böyümüşəm. Ömrümün uşaqlıq dövrü Qarabağ müharibəsi illərinə düşüb. Sonrakı dövrlərdə isə müharibənin tör-töküntülərini yığışdırmaqla məşğul olmuşam. Bu yır-yığış bu günə qədər davam edir. Ömür isə yavaş-yavaş yerin altına, qara rəngə doğru yaxınlaşır.

Bakıya köçdüyümüz vaxt yeniyetməliyimin də başlanğıcına təsadüf edirdi. Anam və atam hər ikisi işləyirdilər. Atam mühafizəkar deyildi, anam isə onun tam əksiydi. Baxmayaraq ki, 16 yaşından iş həyatı, aylıq qazancı olub. Dəblə ayaqlaşıb, geyim- keçimindən, bər-bəzəyindən qalmayıb. Nəinki mən, mənimlə yaşıd olan rəfiqələrimin analarının gənclik rəsmlərinə baxanda təəccüblənməmək olmur. Onların həmin dövrdə küçəyə, kinoteatra, dərsə geyindiyi qısa ətəkləri biz indi ürək edib evdə belə geyinə bilmərik. Yəni anam da belə mühitdə böyüyüb, təhsil alıb, işləyib. Ancaq niyəsə məhz mənim üzərimdə güclü təsiri olub. Saç kəsmək, rəngləmək, hətta onu açıq qoymaq belə yasaqlanıb. Məktəbdə keçirilən bayram məclislərinin bir-ikisini çıxsaq, heç birinə qəti şəkildə buraxılmamışam. Hətta “Son zəng” tədbirinin bədii hissəsinə belə gözümdə yaş getdiyimi xatırlayıram. Bütün bu haqq-hesabın, əndirəbadi sualların cavabını o vaxtı anam bir kəlmə ilə verirdi: Olmaz!

Olmaz sözü sonralar da məni davamlı olaraq izləməyə, təqib etməyə davam edirdi. Bunun bir rəfiqə ilə gəzməyə çıxmağı, bir oğlanla sevgili olub telefonla danışmağı, qaş almağı, dodaq boyamağı da vardı. Lakin, cavab həmişəki kimi idi: Olmaz!

Sonralar anamla münasibətlərimiz mülayimləşəndə dənizə və yaxud da Mətanət İsgəndərlinin saat 19-da olan konsertinə getməyin icazəsini alanda cavab bir az zarafatyana və ironik olurdu. “Ər evinə gedəndən sonra ərinlə hara istəsən gedərsən”.

Mən və mənim kimi qızlar analarımızın qadağalarından, təhər-töhmətindən sonra həmin ər evinin nə demək olduğunu həsrətlə, intizarla gözləməyə başladıq. 21-22 yaşımız olmamış ər evinə gedib çıxdıq. Və məlum oldu ki, orada bizi analarımız deyən kimi dənizdə bikini ilə çimmək, konsertlərə getmək və s. əməllər gözləmir. Ər evi ata evinin bir az başqa, daha rəsmiləşmiş formasıydı. Hətta hər şey oradakı qayda-qanunlar daha sərtləşmiş və ögey idi. Ata evində qadın ata, ana, qardaş, dayı, əmi adını düşünürdüsə, ər evində bunların üzərinə ərin atası, anası, qardaşı, əmisi və dayılarının adını düşünmək məsuliyyəti gəldi.

Yenə özümdən misal çəkməli oluram. Misal üçün mən həmişə gecə saat 11-də tək küçədə, parkda, dəniz kənarında gəzintinin həsrətini çəkmişəm. Amma bu heç vaxt mümkün olmayıb. Qırx yaşım var, ancaq bu şansı mənə ömrümdə bir dəfə də olsun nə ata, nə qardaş, nə də ki, həyat yoldaşı verməyib. Səbəb isə çox sadədir. Yenə də həmin sehrli söz: Olmaz!

Bu olmazlar əlbəttə ki, bir günün içərisində əmələ gəlməyib və bizim ata-analarımızın günahı da deyil.

Bu olmazların arxasında illər, əsrlər, dövrlər, buxara papaqlı kişilər, qoçular, çarşablı sözbaz xalalar, diri-diri qızları qəbirə basdıran adamlar var.

Dəmir kimi tökülmüş bu mentallıq bu günümüzə qədər öz-dəsti xətti ilə geniş, uzun-uzadı dövr keçib. Hər şey ətə qana, cana, düşüncəyə hopub.

Deməli problem bir adamın, bir ailənin, bir qadının problemi deyil. Məsələ xeyli geniş və köklü-köməclidir.

Oxumuş, bir balaca təhsil alıb, intellekt qazanmışlar qadın azadlığı, ümumiyyətlə, insan azadlığını kölgələyən, onların qarşısını alan məsələlərdən halidirlər. Və onlar çox gözəl anlayırlar ki, tək onların etirazı ilə iş aşmayacaq.

Bunu kimlərsə taleyi ilə barışmaq da adlandıra bilər, hardasa, müəyyən mənada haqlıdırlar da. Amma biri var məsələnin dərinliyini, vəziyyətin çətinliyini anlayıb, həyatla, yaşayışınla barışasan, uyğunlaşasan, uyğun zamanın yetişməsini gözləyənlərdən, prosesin müsbətə doğru irəliləməsinə xidmət edənlərdən olasan, biri də var bunun tam əksi.

Və nəhayət gələk dünən küçələrə çıxıb etiraz edən qadınlara. Nə ötən il, nə də bu il bu etirazlar məndə heç bir ciddi maraq və təsir oyatmadı.

Əvvəla ona görə ki, reputasiya çox önəmli məslədir. Küçəyə çıxıb əlinə etiraz kağızları götürən qadınların öz həyatları mənə və ya başqasına nə dərəcədə örnək ola bilər?

Kənddən şəhərə gəlmək, 200, 300, 400 balla universitetə daxil olmaq və dərhal da “pub”lara, “Tarqovı”ya axışmaq, bir evdə dörd beş oğlan və qızla qalmaq, səhərə qədər siqaret çəkib pivələmək, Cim Carmuşun, Aleksey Balabanovun, Ray Andersonun filmoqrafiyasındakı filmlərə ordan-burdan baxmaq, Çarlz Bukovskini dahi hesab edib, onun aforizmlərindən qırıldatmaq, uzun saçlı, əli, sinəsi döyməli, “kefkom” tələbə oğlanlarla intim münasibətdə olmaq və bütün bunlar hələ azadlıq və feminizm kimi ciddi bir cərəyanın adı altında küçələrə səpələnmək hələ nümunəvi olmaq, azadlıq sözünün anlamını dərk etmək deyil.

Üstəlik onların küçələrə çıxışındakı seksizm, polislərə “sən kimsən?”, “sən mənə yaxın dura bilməzsən” kimi başqasını hüququnu tapdalayacaq, onlara nifrət və qəzəblə müraciət etmək qəti şəkildə yolverilməzdir. Həmin qadınların aksiyasına baxan zaman neytral mövqedə dayanan biri kimi oradakı təhrikedici, qıcıqlandırıcı məqamları dərhal hiss etdim və burdan o tərəfi mənə artıq qeyri-səmimi, hətta riyakar təsir bağışladı.

Elə isə bu qadınları küçələrə çıxmağa vadar edən səbəblər nələrdi?

Onların hər gün qətlə yetirilən qadınlara görə küçələrə çıxması, qadın azadlığı deyib çığırışması mənim üçün inandırıcı gəlməyə bilər. Amma bütün hallarda hər kəsin öz həqiqəti var. Eləcə də küçədə aksiya edən xanımların.

Ailədə despot münasibətlərlə qarşılaşmaq, daim qadağalara məruz qalmaq işin ən ağrılı tərəfidir. Sizi əmin edirəm ki, hər bir azərbaycanlı, müsəlman qadını kimi onların hamısı bu münasibətlə üz-üzə qalıb. İnsana tanış olan, amma yaşanmayan hislər, arzular, istəklər isə günün birində mütləq hardansa, necəsə özünü biruzə verir. Xarakter, genetik amillər, mühit isə onları intellekti artırmağa, oxumağa, xüsusilə oxuduqlarını anlamağa yox, digər yola - çığırışmağa doğru çəkib.

Onlar olmazlarla, qadağalarla daim üz-üzə gələn, onların üzərinə kor-koranə, savadsız şəkildə gedən, ailələrindən uzaq düşən, azadlığı acgözlüklə mənimsəyən qadınlardılar. Onların etirazı isə küçə tamaşasından başqa bir şey deyil. təəssüf ki, bu tamaşalar cəmiyyətin qanayan yarasına məlhəm yox, zərbədir.

# 3877 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #