Cinsi terrorla üz-üzə

Cinsi terrorla üz-üzə
3 aprel 2021
# 09:01

Qərbin gender bərabərliyi, seksual azlıqların haqları uğrunda mübarizəsi akademik azadlığın, müzakirə və mübahisə mədəniyyətinin məhdudlaşdırılması, ayrı-ayrı intellektualların ifadə azadlığının pozulması bahasına başa gəlir. Milsalçün, bir neçə il əvvəl Oxford Universitetinin tələbələri məşhur professor, hüquq filosofu Con Finnisi işdən çıxartdırmaq üçün petisiya açdılar. Çünki o, 1994-cü ildə yazdığı məqaləsində eynicinsli nikahlara qarşı olduğunu qeyd etmişdi. Yəni alternativ fikrə dözümsüz yanaşan Ləğv və ya Boykot mədəniyyətinin tərəfdarları normal polemika aparmaq yerinə, kimlərisə eynilə repressiya illərində olduğu kimi cəmiyyətdən təcrid etməyə çalışırlar.

Budur, artıq həmin “proqessiv kəsim” rejissorlara eynilə nasizm, sosializm quruluşlarında olduğu kimi liberallaşma adı altında didaktik intonasiyada nəyin doğru olub-olmadığını diktə edir. Bunun nəticəsi olaraq, hələ ötən ilin avqustunda Berlin kinofestivalında təşkilatçılar cinsiyyət prinsipini-ən yaxşı qadın və ən yaxşı kişi rolları üzrə nominasiyaları ləğv etdi. Əvəzində “ən yaxşı baş rola görə" və “ikinci planda ən yaxşı rola görə” mükafatları təsis olundu. Beləliklə, üç ən nüfuzlu festivaldan biri seksual azlıqların, onların tərəfdarlarının basqısı altında neytral gender statusuna keçməklə aktrisa və aktyorların hüququnu pozdu və festival idbar liberalizmin manipulyasiyasına özünü təslim elədi.

Festival təşkilatçılarının bu qərarını dəstəkləyənlərin arqumenti odur ki, əgər rejissor nominasiyasında cinsiyyət prinsipi yoxdursa, onda nədən aktyor oyununa görə belə bir bölgü tətbiq edilməlidir?

Birincisi, aktrisa və aktyor rejissordan fərqli olaraq yalnız öz roluna cavabdehdir, cinsindən asılı olaraq, personajının duyğularını, düşüncələrini, hansısa ekstremal situasiyalarda davranışlarını, münasibətini və s. göstərir. Biz müxtəlif hekayələrdə qadın və kişi yanaşmasını, xarakterini, toqquşmasını görürük. Bu mənada dünya kinosunda onlarla dahiyanə sənət əsəri yaradılıb. Homoseksual olan Almodovarın kinokonsepsiyasının əsasında qadın təbiətinin araşdırılması dayanır. O müsahiblərinin birində deyir: “Ömrümdə iki vacib məktəbim olub - anam və həyat hekayələrini dinlədiyim qadınlar. Və mən özümü qadınlar (transgender, homoseksuallıq vasitəsilə yox! -S.S.) vasitəsilə dərk edirəm”.

Qısacası, yeni qayda kişi və qadın cins konsepsiyasını silməklə əslində, birtərəfliliyə yol verərək, seksual azlıqların hüquqlarını önə çəkir. Halbuki, Berlin də daxil olmaqla digər kinofestivallarda LGBT mövzusunda çəkilən filmlər üçün xüsusi mükafatlar mövcuddur. Berlində bu Teddi, Venesiyada Kvir Şir, Kannda isə Kvir Palma (kvir seksual azlıqları ifadə edir. Amerika müstəqil kinosunda 1990-cı illərdə meydana gələn Yeni Kvir kinosu homoseksuallarla bərabər transseksualların, biseksualların, transvestitlərin həyat tərzini təsvir edir, problemlərini qaldırır, onların müsbət obrazlarını yaradır, homofobiyaya qarşı mübarizə aparır və s). Bir halda ki, məlum movzuda filmlərə ayrıca mükafat təyin olunub, o zaman seksual azlıqları təmsil edən aktyorları üçün də mükafat təsis etmək mümkün deyildimi?!

Diktatura tonallığında formalaşan ləğv mədəniyyətinin (bura əsasən, sol liberllar, gender aktvisitləri, feministlər daxildir) terror səviyyəsində təzahürləri ayrı-ayrı hadisələrdə özünü daha ikrahdoğurucu şəkildə büruzə verir. Örnəyi, məşhur Amerika aktrisası Skarlett Yohansson bir neçə il əvvəl LGBT-in təzyiqi ilə kriminal avtoritet olmuş, transgender kişi (qadından kişiyə çevrilən) Dante Gillin rolundan imtina edib. LGBT-in fikrincə, bu rolu ancaq transgender aktyor oynamalıdır. Trampın hakimiyyətə gəldiyi ilk illərdə ona qarşı aksiyalarda etiraz səsini cəsarətlə ucaldan Yohansson liberalların basqısı ilə geri çəkilərək üzrxahlıq edir. Eyni problemi Oskar mükafatçısı olmuş aktrisa Holli Berri də yaşayıb. O da bir filmdə transgender roluna razılıq verib, sonradan sosial şəbəkələrdə edilən hücum nəticəsində imtina etməli olub. Hücumçuların fikrincə, cisgender (bioloji cinsi gender identikliyi ilə üst-üstə düşən adam) nümayəndəsi kimi Berrinin bu rolu oynamağa haqqı yoxdur. Çünki o bu rola razılıq verməklə transgender aktyorların haqqına girir, belə obrazları ancaq tarnsgenderlər oynamalıdır.

Kinoda kastinq deyilən anlayış var. Yəni rejissorlar onların hekayəsinə uyğun gələn obrazı tapanadək istənilən onlarla aktyoru sınaqdan keçirirlər. Hətta dəfələrlə belə təcrübə olub: peşəkarlar arasında istədikləri obraza uyğun oyunçu tapmayanda rejissorlar qeyri-peşəkarlarla işləyiblər. Elə milli kinomuzda onlarla belə nümunələr (Həsən Seyidbəylinin “Sən niyə susursan”, Lətif Səfərovun “Qızmar günəş altında” filmləri və s.) var. Ona görə “transgenderi məhz transgender aktyor oynamalıdır” iddiası savadsızlıqdır, travmatik keçmişin, natamamlıq kompleksin təzahürüdür. Başqa cür desək, məsələ obraza uyğunluq, onunla yüklənə bilmək, onun daxili dünyasını ifadə etmək bacarığı, faktura, səs, baxış, kamerayla ünsiyyət və s. nüanslardır. Amma elə rollar var ki, onun öhdəsindən məhz peşəkarlar gələ bilər. Bu mənada Berri və ya Yohasson transgenderi həqiqi transgenderdən daha istedadla, təbii oynaya bilər. Lakin fakt bundan ibarətdir ki, Qərbin politkorrektliyi rejissorun haqqına girərək seçim imkanını və yaradıcı azadlığını əlindən alır.

Yaxud, 2024-cü il üçün “Oskar”a namizəd olan filmlərə irqi, etnik, seksual və başqa azlıqlar, o cümlədən qadınlara qarşı yönəlmiş təzyiqlərlə mübarizə məqsədilə yeni qaydalar müəyyənləşdirilib. Bu qaydalara görə birinci və ya ikinci planda oynayan aktyorlardan ən azı biri irqi və ya etnik azlığın nümayəndəsi olmalıdır. Əks təqdirdə yerdə qalan truppanın ən azı 30 faizini qadınlar, irqi, etnik, seksual azlıqlar və ya fiziki məhdudiyyətli şəxslər təşkil etməlidir.

Cəfəng bir situasiya ortaya çıxır: amerikalıların vaxtilə qaradərililərə sərgilədiyi ayrı-seçkiliyin, qəddarlığın cəzasını niyəsə sənət daşımalıdır. Halbuki, söhbət kinodan gedirsə, həqiqi kino sənəti həmişə hər cürə ideoloji buxovu, konyunkturanı rədd edib, axına qarşı gedib. Lakin 21 əsrdə mütəşəkkil cinayətkar dəstəsi kimi formalaşan qrupların təzyiqi ilə sənət buxovlanır, rejissorun düşüncə azadlığına müdaxilə olunur, onlar kimi düşünməyənlər linçlənir.

Bir neçə ilə əvvəl isə BBC One və Netflixin birgə istehsalı olan “Troyanın süqutu” serialında Axilles roluna qaradərli aktyor Devid Qyasi çəkildi. Qeyd edirəm, bu seçim aktyor istedadına yox, irqi balansı qorumaq üçün idi. Axı amerikalıların qəddarlığına niyə qədim yunan mədəniyyəti cavabdehlik daşımalıdır? Bu ona bənzəyir ki, Martin Lüter Kinq haqda çəkilən filmdə qəhrəmanı ağdərili aktyor oynasın.

Başqa bir məsələ, niyə rejissor nominasiyasında cinsiyyət prinsipi nəzərə alınmır? Ona görə ki, rejissor müəllifdir, o kişi, qadın, uşaq, qoca, homoseksual, transgender, manyak, psxixopat – mövzusuna uyğun olaraq hər cür xarakteri, obrazları, həyatları və s. dərindən araşdırmalı, onları dərk etməlidir. Bundan başqa rejissor bütün filmə cavabdehdir, dramaturgiyaya, obrazlara, seçdiyi ifadə vasitələrinə, rəng həllinə, montaja və s. Yəni bu zaman rejissor cinsindən, yaşından, kimliyindən, sosial statusundan asılı olmayaraq bütün obrazlarının yerinə düşünməyi bacarmalıdır. Bu, başqa mövzudur ki, son nəticədə istədiklərini əsərində ifadə edə bilirmi? Ona qalsa amerikalı rejissor Ketrin Biqelounun İraq hadisələrindən bəhs edən “Fırtınalar hakimi” müharibə dramı xaraktercə daha çox kişi filmidir.

Yuxarıda dediyim kimi sənətə sərt müdaxilə diktatura rejimlərinin davranışını xatırladır. Misalün Mussolini dönəmində İtaliyada “Bəyaz telefonlar kinosu” tendensiyası hökm sürürdü. “Bəyaz telefonlar kinosu” filmlərdə bəyaz telefonlardan istifadə ilə bağlıydı, maddi təminatın ifadəsi, cəmiyyətdə yüksək statusun sumvolu sayılırdı. Sözügedən tendensiya mühafizəkar yönlü idi, ailə dəyərlərini, sosial ierarxiyanı təbliğ edirdi, qayğısız həyatı, zənginliyi göstərirdir. Gerçəkdə isə yoxsulluqdan, diktaturadan əziyyət çəkən cəmiyyət varıydı. Yaxud Hitler Almaniyasında meydana gəlmiş “Degenerativ sənət” modernist cərəyanları rədd edir, sənətdəki yenilikləri təhlükəli sayırdı.

Məsələnin başqa tərəfi-neytral gender prinsipi dalğasında heteroseksuallara, heteronormativ leksikona duyulan aqressiya, nifrət və bunun publik ifadəsidir. Təkcə bu fakt cinssizləşdirmə terrorundan qorunmaq üçün mühafizəkarlığı zəruriləşdirir.

# 2667 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #