Bəs bu Bəşir hayandadır?

Bəs bu Bəşir hayandadır?
5 aprel 2021
# 11:42

Sizin də qulağınızı bu cümlə dabaq edib: “Ayə, çəkilin, Bəşir gəlir?”

Bir çoxunuz da söhbətin nədən getdiyini bilmədən Bəşiri elektron dünyanın interpoluna – “Google”a vermisiz... Yəqin ki, sonda bunca mənasız situasiyanın trend olması sizi də əsəbiləşdirib.

Bəşirin həşirindən xəbərsiz olan yurdumun gözəl insanlarına bildirim ki, “Ayə, çəkilin, Bəşir gəlir” bir zamanlar cənub toylarından birində deyilmiş meyxananın misrasıdır.

Bəşir toyun keçirildiyi rayonun yerli həvəskar meyxanaçılarından idi. Meyxanaçılar başqa rayonlara toya gedəndə, həmişə belə edir, yerli meyxanaçıları dəvət edir, çünki belə olanda toyda bir canlanma başlayır, yerli meyxanaçı hər nə qədər zəif olsa da, azarkeşlər onu alqışlayır və s.

Həmin toyda da rəhmətlik Vüqarın durduğu yerdə qəfil açdığı adi bir rədifin bu gün trend olması bir neçə yöndən ağrılıdır. Bunca problemləri – xüsusən də sosial-ictimai sferada uçurumları olan bir ölkənin sosial şəbəkə plastında minlərlə insan “Ayə, çəkilin Bəşir gəlir”ə qulaq asması, onu axtarması vahiməlidir.

Hərdən mənə elə gəlir ki, haradasa bir neçə adam oturub zarafatlaşır, mərcləşirlər ki, mən filan mövzunu Azərbaycanda gündəm eləyə bilərəm. Məsələn, həmin adamlardan biri illər əvvəl gülüş xətrinə deyilmiş mənasız bir meyxananı mızıldayırmış, soyuq kofedən bir qurtum alıb qarşısındakı ilə mızıldadığı meyxananın son misrasını trend edəcəyindən mərcə girir və mərci udur...

Hamının Bəşiri axtarması, həm də, Bəşirin fərdi faciəsinə çevriləcək. Bəşir kimi meyxanaçılardan Azərbaycanda minlərlədir. Amma o xəbərsizdir ki, bu gün onu şəxsi keyfiyyətlərinə, sənətinə görə yox, küyə düşüb axtarırlar. Küy, kütlə çox amansızdır, təkcə nifrət etdiyini deyil, sevdiyini də yeyir. Bir də ayılırsan ki, dünənə qədər heç bir məziyyəti olmasa da, cəmiyyətin başda oturtduğu həmin gəncin ümidli gözləri hansısa qəsəbənin şoran torpağında salınmış ağacsız bir qəbiristanlıqdan sənə saplandı.

Daha bir bəla isə tufanlı proseslər dəryasının vurub mantar qırıntısı kimi mazutlu sahillərə çıxardığı mətbuatımızdır...

Sanballı proseslərə qoşulmağa cəsarət, dəyanət, intellekt tapmayan media əsasının ucuyla yerdə mənasız dairələr çəkən qocalar kimi ölümünü gözləyir. Hərdən də qulağının hardansa çaldığı sədaya bu cür nabələd reaksiyalar verir:

“Nə?"

"Bəşir?"

"Hayandadı?”

# 4039 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #