Boş yerə çığıran Nüşabə, qaqaşlıq edən Fazil

Boş yerə çığıran Nüşabə, qaqaşlıq edən Fazil
10 sentyabr 2020
# 15:09

Əksər izləyicilər bilir, bilməyənləri də buradan agah edək ki, Yutubda “trend” adlı bölüm var və bu bölümdə ölkədə həftə ərzində ən çox baxılan videolar yer alır. Bu ayrı problemdir ki, Yutubun trendinə Azərbaycanda hələ ki ya yumor, zarafat layihələri, ya bayağı kliplər, ya da kriminal xəbərlər düşür.

Film, serial kontekstində isə bu bölümdə daha çox türk seriallarını görürük: “Menajerimi ara”, “Sen çal kapımı”... Yox bir, “Qaç, bi dənə siqaret al”.

Belə günlərin birində Azərbaycanın Yutub trendində yeni bir yerli serialın boy verdiyini gördük: “Fazil və Nüşabə”. Serialın adının uğurlu olub olmamasına özünüz qərar verin.

“Fazil və Nüşabə” serialının rejissoru və baş rol ifaçısı tanınmış aktyor, ssenarist Kənan Yusifdir. Digər baş rolda isə - Fazilin aşiq olduğu, Fındıq Qəzənfərin qızı Nüşabə rolunun ifaçısı Sanura Cəfərovadır. Ssenari müəllifləri isə az sonra söz açacağım Pərviz Arif, Elvin Paşa və Rəşad Nağı Mustafadır.

Serialın ilk bölümünün nümayişindən bəlli olur ki, mövzu kasıb oğlan – varlı qızdır. Bu mövzu daha çox klassik dramatizmə, yəni dram janrına dartınsa da, “Fazil və Nüşabə” komediya serialıdır. Səbəb yəqin ki, Azərbaycanda daha çox marağın komediyaya olmasıdır.

Serialın hələki yalnız ilk bölümü ilə tanış olduğumuzdan əvvəlcə diqqətçəkən müsbət məqamlardan başlayaq.

Türk seriallarının həm TV həm də Yutubda trendləri zəbt etdiyi zamanda bir Azərbaycan serialının onlarla eyni siyahıda olması yaxşı hadisədir.

İkinci sevimli situasiya isə bəlli kollektivlərin ürəkdən aşağı, dizdən yuxarı zarafatlarla zəlil günə qoyduğu komediya plastımızın bu serialda qismən də olsa, paça eyhamlarından arınmasıdır. Bu günə qədər ssenaristlərin ayıb yerdən girib tamaşaçıda çarəsiz qımıltı yaradan həmin situasiyalara bu serialda az rast gəlirik.

Serialda reklam saniyələri ustalıqla verilib. Hətta ekran işinin 14:42-ci dəqiqəsində reklamın postmodern formasını görürük, Nüşabə 7 bacının bir qardaşı olan Fazilə cehizlik almaq üçün məkan məsləhət görür. Fazil isə cavab verir ki, Nüşabə, bu nə reklam idi soxdun dialoqun arasına? Hərçənd ardınca Fazil “mən də bilirəm, orada sərfəli şərtlər var”, deyərək az əvvəlki unikal fəndin kəsərini azaldır, amma hər halda bu yeniliyə görə kollektivə təbrik düşür.

Serialda digər diqqətçəkən məqam ssenari müəlliflərinin incə oyunlarıdır. “Fazil və Nüşabə”nin elə ilk saniyələrindən ssenari müəllifləri diqqətimi çəkdi və serialın sonuna göz atdım. Serial sahəsinə gələn bu yeni kollektiv ssenariyə yeni nəfəs gətirə bilib. Dramaturgiya, gedişat, tərz köhnə olsa da, replikalar, zarafatlarda xeyli təzə çalarlar var. Bu qəbildən olan falçı, market, park səhnələrini yetərincə uğurlu saymaq olar.

Serialda ən çox güldüyüm an isə sonluqdur. Nəhayət ki, Kənan Yusifin Küçük Əmraha bənzəməsi və ona addımbaşı edilən dodaq zarafatı ciddi müstəvidə komediyaya yatırıldı. Belə ki, Fazil serialın sonunda sentimental sözlərlə ayrılıq ab-havası yaradır. Asta addımlarla Nüşabədən uzaqlaşdıqda isə planladığı kimi Nüşabə yumşalır və arxadan üzr istəyərək onu səsləyir. Bu an Fazil astadan “bu variant həmişə işə yarayır” deyir, ardınca isə, “Fazil, Əmrah rejiminə düş” deyib, qaşların və dodaqlarını sallayaraq Nüşabəyə sarı dönür. Bu an biz həqiqətən də Fazilin yerində səksənlərin Küçük Emrahını görürük.

Gallery

Serialda baş rol ifaçısı olan aktrisa Sanura yetərincə fərqli obrazdır. Bu xanım bədii film arenasında individual estetikası ilə vizual fərqlilik yarada bilər. Lakin bu serialda onun yerinə burnu əməliyyatla standartlaşdırılmış, dodaqları və sinəsi dolğulu, daha çox “qaqaş zövqü”nə hesablanmış, ara küçə oğlanlarının “maska” dediyi bir obraz olsaydı, daha effektiv nəticə əldə etmək olardı. Nüşabə rolunun ifaçısı isə daha dramatik və faciəvi rollarda partlayış yarada biləcək bir obrazdır.

Serialda tamaşaçını yoran (“tamaşaçı” əvəzinə “məni” də yaza bilərdim, lakin bu iradı bir neçə tamaşaçıdan eşitdiyimə görə ümumiləşdirməyə cəsarət etdim) daha bir məqam isə Nüşabənin səbəbsiz yerə daim ifrat əsəbi olmasıdır. Əsəbini çığırmaqla biruzə verə Nüşabə bir yerdən sonra bizi əldən salır. Onsuz da yetərincə bezgin qadın səsi eşidən Azərbaycan kişisi yəqin ki, bu küyün altında bir az da yazıq olur. Aktrisa o qədər səmimi əsəbiləşir ki, bəzi yerlərdə onun göyçək siması gərilir və ortaya serialın estetikasına zidd olan kifir görüntü çıxır. Ümid edirəm ki, həmin irad heyətə bu yazıdan əvvəl də bildirilib və biz artıq serialın növbəti bölümlərində qeyd olunan mənfi məqamlarla rastlaşmayacağıq.

Sözü gedən qeyri-estetik situasiyanın baiskarı kimi təkcə aktrisanı görmək də düzgün deyil. Bu yalnız aktrisanın deyil, həm də rejissorun problemidir. Həmin məqama kənardan diqqət edən rejissor və köməkçisi çığırtının ifrata vardığını müşahidə etməli idi.

Aktyor oyunu müstəvisində digər arzuolunmaz məqam isə Fazilin bu günə qədər rastlaşdığımız komik obrazlardan fərdi performans etibarı ilə fərqlənməməsidir. Serialda nə qədər komik situasiyalar olsa da, biz aktyor oyununda xüsusi məqamları az hallarda görürük, daha doğrusu, bu obrazın özünəməxsusluğu, individual jestləri yoxdur. Fazilin həddindən ziyadə qaqalıq etməsi, qaqaş tonunda danışması bəzi hallarda pafos əndazəsini aşır.

Səhv etmirsəmsə, “Fazil və Nüşabə” ölkədə sırf Yutub üzərindən yayıma hesablanmış ilk peşəkar seriallardandır. Ümid edirəm ki, bu kimi uğurlu kollektivlər analoji kommersiya proyektlərini davam etdirəcək, televiziya sahəsində komediya filmlərinə göstərilən sponsor marağı Yutub yayımına hesablanmış yerli seriallar, filmlərə də təsirini göstərəcək, nəticədə sosial şəbəkə üzərindən serial, film istehsalı çarxı işə düşəcək.

# 13949 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #