Biz niyə "kayırmak" bilmirik?

Biz niyə "kayırmak" bilmirik?
13 yanvar 2020
# 10:57

Keçənlərdə çox sevdiyim "Uykusuzlar klübü" verilişinin qonağı Alim Qasımov, Fərqanə Qasımova və Yavuz Bingöl idi.

Türkiyəyə konsert üçün gedən və hamını heyrət içində qoyan Alim Qasımov və qızının Okan Bayülgenin verilişinə çıxması özü bir yenilikdən xəbər verirdi.

Bu Okan Bayülgenin televiziyada iki tərzi var: ciddi və çılğın. Ortası yoxdur. Bəzən öz qonaqlarına qeyri-adi sualları ilə seçilir, bəzən də yumor atını sakit-sakit, ciddiyyətlə səyirdir.

İnsafən, Bayülgen Alim Qasımova çox böyük dəyər verdiyini bildirdi. Hətta ata-qız münasibətindən ortaya çıxan sənət onu heyrətə gətirdi. Və bu heyrəti ifadə etmək üçün dedi ki, Alim Qasımov öz qızını və ansamblındakı ifaçıları "kayırmır".

Bu "kayırmak" sözü Alim Qasımovu çaşdırdı və özünü saxlaya bilməyib Yavuz Bingöldən Bayülgenin dediyi kəlmənin mənasını soruşdu.

"Kayırmak"ın isə tərəf tutmaq, onu himayəyə almaq və s. kimi mənalarda işlənir.

Alim Qasımov bu açıqlamadan məmnun qaldı və veriliş eyni tempdə davam etdi.

Bizim xalq isə bu "kayırmak" hissəsini əldə bayraq tutaraq o boyda sənətçinin Bayülgenin verilişinə çıxmağını, məşhur aparıcının isə qəsdən o sözü işlətməsini bəyan edərək böyük bir müzakirə açdılar. Müzakirənin nəticəsi də nə olsa yaxşıdır? Türkiyədə yaşayanlar bizim dilə, bizim insanımıza yuxarıdan aşağı baxır, bu ölkəni ciddiyə almır və s. ilaxır.

Bizim tanınmışların çoxu türk verilişlərində olub. Aşağılamağı qoyuram kənara, ancaq türk aparıcılarının "bu nə bilir filan şey nədir" janrında "azeri" qonağını sıxma-boğmaya saldığının dəfələrlə şahidi olmuşuq.

Aparıcı Beyaz dostumuz Gündüz Abbasovu, Esen Yelenler Elməddin Cəfərovu bu cür küncə sıxışdırmaq cəhdlərində bulunublar, lakin hər ikisi peşəkarcasına onların yumor tələsinə düşməyib.

Və bizdə türklərin azərbaycanlıları tələyə salması qorxusu qalıb. Ona görə də heç bir günahı olmayan Bayülgenin də qəsdən "kayırmak" sözünü işlədib Alim Qasımovu pis vəziyyətə qoyması düşünülür.

Biz türk qardaşlarımızla dəfələrlə üz-üzə gəlmişik, bizə yuxarıdan aşağı münasibəti görmüşük, ancaq heç vaxt bu münasibətin dərinliyini araşdırmamışıq. Seriallarında "pulunu azeriden gizlə", kafelərində "ofisiant aranıyor, azeri istemiyoruz" sözlərini tez-tez eşitmiş və görmüşük. Həmişə filmlərində xain, kələkbaz, rüşvətxor kimi təqdim olunmuşuq. Hər dəfə də bu münasibətdən xoşlanmadığımızı dilə gətirmiş, qarşı tərəfdən də üzr istəmələrini tələb etmişik.

Həmişə fikir vermişəm: əzilən, aciz xalqlarda bu cür komplekslər boy qaldırır. “Mənim danışığımı lağa qoyar”, “Onun dilindən danışmasam, savadsız damğası yeyərəm” və s.

Biz bu komplekslərdən nə qədər ki, əziyyət çəkəcəyik Bayülgenin "kayırmak" sözünü öz sözümüz kimi təhqiramiz başa düşəcəyik.

Halbuki verilişə diqqətlə baxanda Türkiyədəki nəhəng sənətçilərlə məzələnən Okan Bayülgeni olduqca kübar və mədəniyyətli, eyni zamanda Alim Qasımova heyrət ediləcək sayğıyla yanaşdığının şahidi oluruq.

Əziklik və üçüncü dünya ölkəsi komplekslərimizdən qurtulmağa çalışsaq, qarışqanı filə çevirməz, bu qədər hay-küy salmarıq. Əmin olun ki, Alim Qasımovun Okan Bayülgenin verilişinə çıxması və o cür şahanə duruşu çox önəmli, ciddi məsələdir.

Kaş bütün sənət adamlarımız, yazarlarımız Okan Bayülgenin aparıcılıq etdiyi verilişlərdə qonaq olsun. Bəlkə yumor hissi yerə-göyə sığmayan Bayülgenin yanında öz komplekslərimizdən qurtularıq...

# 3896 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #