Bizə əl atan qoca müəllim

Bizə əl atan qoca müəllim
13 avqust 2020
# 11:07

Beşinci sinfə təzə keçmişdim. Artıq mənə dərs deyən müəllimlərimin sayı birdən, ikidən artıq idi. Sovet hökuməti təzə dağılmışdı, müəllimlərin maaşı aşağı idi, yaşayışları da ağır. Cavan kişi müəllimlərin çoxu başqa işlərdə çalışırdılar. Onların arasında bazarda kartof satanı da vardı, taksi sürəni də. Qoca kişi müəllimlər isə hələ də məktəbdə idilər, onların getməyə yeri, halı yox idi.

Nənəm bizə dərs deyən yaşlı müəllimlərdən biri haqqında gedib-gəlib xəbərdarlıq edirdi.

“O kişidən özünü qoru, heç vaxt onunla tək qalma, birdən uşaqlar sinifdən çıxandan sonra tələb edər ki, sən qalasan, nəbadə tək qalasan. Qızlardan biri də səninlə qalsın!”

Bunu özü də təkcə mənim nənəm demirdi. O biri qızlara da anaları bu tapşırığı verirdi. Biz aramızda bu barədə pıçıldaşır, müəllimimizin qızların yanına, sinəsinə əl atmağı xoşladığını deyib hırıldaşırdıq, sonra ciddiləşib bir-birimizi diqqətli olmağa, o kişinin toruna düşməməyə çağırırdıq.

Elə o vaxtdan bu mənim yaddaşımda travma kimi qalıb, qızıma hazırlıq müəllimi axtaranda da, ancaq qadın müəllimlərin üzərində dayandım.

Bu münasibət vicdanlı, peşəsinə vicdanla yanaşan, peşə etikasını gözləyən müəllimlərə haqsızlıqdır. Hətta qadın müəllimlərlə də problemlərin olacağından heç kim sığortalanmır.

Azərbaycanda bir dəfə 16 yaşlı oğlan şagird müəllimənin evində öldürülmüşdü. Müəllimənin gənc oğlu anasının yanına fərdi hazırlığa gələn şagirdi qısqanclıq zəminində qətlə yetirmişdi, guya anası ilə şagirdinin arasında intim münasibətlər olduğuna görə. Ancaq bizim ölkədə qadın müəllimlər haqqında bu cür əhvalatlar çox azdır. Ona görə valideynlər uşaqlarını qadın müəllimlərə daha çox etibar edirlər.

Bizim valideynlərimiz, analarımız, nənələrimiz ola bilsin ki, şorgöz müəllimimin haqqında çox şey bilirdilər, amma bizə də üstüörtülü özümüzü qorumağı tapşırırdılar. Təsəvvür edin, uşağı məktəbə göndərirsən, hər an təcavüzə uğrayacağı qorxusunu bilirsən, ancaq bunun qarşısını almaq üçün heç nə eləmirsən. Sadəcə ortada şayiələr dolaşır. Hamı pıçıldaşır, xısınlaşır.

Niyə o kişinin qarşısında hamı susurdu? Çünki ağsaqqal imici vardı. Sovet dövründən qalan təbliğat var idi. Müəllim müqəddəsdir, ona dəymək olmaz. Filmlərdə, hekayələrdə, şeirlərdə biz müəllimi başqa cür tanıyırdıq, eləcə də nənələrimiz, analarımız. Cəbiş müəllim obrazımız vardı, biz müəllimi o obrazda görürdük. Ona görə bizdə bir stereotip yaranmışdı.

Balaca qızlar niyə ağsaqqal tərbiyəsizlərə qarşı çıxa bilmir?

Çünki onlar daima eşidiblər ki, böyüyə hörmət etmək lazımdır, müəllimin sözü qanundur, müəllim nə deyirsə haqlıdır, sənin üçün hər şeyin yaxşısını o, bilir. Xaraktercə zəif, özünü qoruma instinkti az olan uşaqlar tora tez düşürlər və utancaq, “böyük qarşısında boynu qıldan incə olan” körpələr asanlıqla qurbana çevrilirlər.

Uşaqlıqdan müəllimi hökmlü görmüşük. O, ancaq hökm edib. Uşaqlara hər addımda çatdırmaq istəyib ki, sənin taleyin mənim əlimdədir. İstəsəm sənin qiymətini kəsərəm, istəsəm səni məktəbdən qovduraram, istəsəm sinifdə saxlayaram, istəsəm döyərəm, söyərəm, tək ayağı üstündə saxlayaram və s.

Bu qorxularla böyüyən uşaq özünü necə müdafiə etməlidir? Hələ bunun abrına qısılmaq tərəfi də varsa...

Biz qız uşaqlarına abrına qısılmağı da öyrətmişik. Avtobusda qız uşaqlarına əl atırlar, abırlarına qısılıb, utanıb dinmirlər, məktəbdə elə, yolda elə! Çünki özlərinin günahlandırılmaq ehtimalları böyükdür. Qəbahət özlərində olmasa belə, onlara əyri-əyri baxılacağını bilirlər.

“İnək göz eləməsə, kələ sıçramaz”- deyimini eşidə-eşidə böyüyüblər.

Deyirik, bir çox qız uşaqları təhsildən kənarlaşdırılır. Qısqanc, ürəyi qara atalar qızlarını məktəbdən çıxardır. İndi bu hadisə, bilirsiz, nə qədər körpənin təhsil arzularını öldürəcək? Bu hadisədən sonra Lerikin həmin kəndində, hətta qonşu kəndlərdə ata-analar narahat olacaqlar, onlar məktəbə, müəllimə etibar etməyəcəklər. Etibar etməyənlərin sayı artacaq! Bir dana bir naxırın adını batırır, aydındır, bizim çox vicdanlı, insan kimi insan, müəllim kimi müəllim, Cəbiş müəllimdən seçilməyən pedaqoqlarımız var. Bəs insanlar necə əmin olsun ki, uşaqlarının qarşısına “əməli dillərə dastan olan” həmin lerikli müəllim kimisi çıxmayacaq?

Düşünürəm ki, Təhsil Naziri müəllimin rolunu, hökmünü azaltmalıdır. Bu gün valideynlərlə də hökmlə danışan müəllimlər var. Bir dəfə qızımın ibtidai sinif müəlliməsi məni özümdən elə çıxartdı ki, ona dedim:

“Bu məktəbin pilləkənləri elə düşürsüz ki, elə bil təyyarənin pilləkənləri ilə düşürsüz, ölkənin də bütün taleyi sizdən asılı imiş, xaricdən diplomatik görüşlərdən qayıdırsız, Qarabağ problemini də yoluna qoymusuz, biz hər şeyimizi sizə borcluyuq!”

Biz ondan asılı idik, bəli. Onun qarşısında əzilib-büzülməyimizi, yaltaqlanmağımızı, bayramlarda yaxşı hədiyyələr verməyimizi güdürdü. Çünki biz hər gün 4-5 saat uşağımızı ona, ögey ananın əllərinə əmanət edirdik. Gözümüz geridə qalırdı. Valideyn yaltaqlanmaq yarışına çıxırdı ki, özü olmayanda uşağı ilə xoş davransın, üstünə qışqırmasın, təhqir eləməsin, qiymətini qəsdən aşağı salmasın, digər uşaqlardan ayırmasın.

Ancaq müəllimin vəzifəsi idi, uşaqlarla mehriban davransın, onlara elm, sevgi versin. Bizim yanımızda uşağımızla mehriban olduğu kimi, biz gedəndən sonra da uşağımızla mehriban olsun.

Xüsusən qiymət yazmaq məsələsində bir çox müəllim təhdid yağdırır, hətta valideynləri hədələyir.

Bir dəfə müəllimlərdən biri valideyn qrupunda yazdı ki, “indi mənə necə hörmət edirsizsə, uşaqlarınıza da o hörməti edəcəm, sabah qiymətlərini mən yazacam e!”

Bizim insanlarımızın çoxunun əlinə cüzi hakimiyyət düşəndə, ondan sui-istifadə edir. Məhz əllərindəki kiçik hakimiyyətdən bu cür sui-istfadə edib, iyrənc əməllər törədə də bilirlər.

Arzulayıram ki, Təhsilin Onlayn forması pandemiyadan sonra da - həmişəlik qalsın, inkişaf etdirilsin. Könüllü surətdə kim istəyir uşağını klassik məktəbə göndərsin, kim istəyir onlayn məktəbdə oxutsun.

Uşaqlarım onlayn dərs keçəndən mən nə qədər ruhi sakitlik tapmışam. Keçən dərs ili başımıza gələn hadisədən sonra uşaqlarımın evdə, gözümün qabağında dərs keçməklərinə lap sevinirdim.

Keçən il oğlum məktəbdəki şəraitsizlik ucbatından, Kimya kabinetinin metlax döşəməsinin üstündə dim-dik saxlanan su borusuna ilişərək yıxılmışdı, bud sümüyü sınmışdı. Biz hələ də bunun altını çəkirik, hələ də müalicədəyik.

Martda oğlum yıxıldı, apreldə Elina özünü pəncərədən atdı. Elina özünü atdığı dövrdə məktəbli bir oğlan da yoldaşları tərəfindən öldürülmüşdü. Bu il martın 12-də, oğlum yıxılan günün bir ili tamam olanda düşündüm ki, Pandemiya keçən il başlasaydı, oğlum yıxılmamışdı, biz bu qədər acıdan keçməmişdik, uşağımın bir ayağı o birisindən qısa qalmamışdı. Elina da özünü atmamışdı. Elina keçən il apreldə özünü atmışdı. Düzdür, Pandemiya da özü ilə bir sürü problemlər gətirdi, adamlar işsiz qaldı, canları ilə əlləşdilər, həyatlarını itirənlər oldu. Ancaq onlayn Təhsil barədə təsəvvürlər ağlımızın ucundan belə keçə bilməzdi. Pandemiyadan sonra insanlar müsbət şeylər də öyrəndilər.

Uşaqlarım gözümün qabağına onlayn dərs keçəndə düşünürdüm ki, onlar bütün bu hadisələrdən sığortalanır. Müəllimlər ekran qarşısında özlərini çox mədəni aparırdılar, onlara valideynlərin kənar gözü vardı deyə, ikiqat bilikli görünməyə çalışır, hər bir uşağa ayrı-ayrı diqqət göstərirdilər.

Axı valideyn eşidir, valideyn kənardan izləyir. Deyəcək ki, niyə mənim uşağımı dərsdən kənarda saxladın, dindirmədin?

Onlayn təhsil müddətində uşaqlarla müəllimlər bir-birini daha yaxından tanıdılar. Utancaq uşaqlar ev mühitində ürəkləndilər, onların qırışığı açıldı, aktivləşdilər.

Mənə elə gəlir ki, məktəblərdəki rüşvəti azaltmaq (hərçənd bu çətindir, müəllimlərdən birinin ad günündən valideynlər şəkillər paylaşmışdı. SMS icazə ilə evdən çıxıb, uşaqlarını da götürüb müəllimənin evinə getmişdilər), bədbəxt hadisələrdən sığortalanmaq, məktəblərdəki, yollardakı, avtobuslardakı, metrolardakı sıxlığı aradan götürmək məqsədilə onlayn təhsil barədə düşünmək olar.

Yuxarı sinif şagirdləri üçün lap əlverişli olardı. Onsuz da yuxarı sinif şagirdlərinin yarısı adını məcburi köçkün məktəbinə yazdırır, məktəbə getmir, hazırlığa gedir. Yarısı da direktorlarla dil tapır, dərsə getmirlər.

Onlayn təhsil qısqanc atalara da imkan verəcək ki, ürəklə qızlarını oxutsunlar. Onlar 6-cı, 7-ci sinifdən sonra uşaqlarını məktəbdən çıxartmayacaqlar.

Bir çox valideyn şəhərdə kirayə ev tuta bilmir, yaxud uşağını təkbaşına şəhərə buraxmağa ürək eləmir. Xüsusən qızlar öz kəndlərindən kənara çıxmadan, yüksək səviyyədə təhsil alıb, elə öz kəndlərində insanlara xidmət edəcəklər. Müəllimə, əczaçı, mühasib, psixoloq olacaqlar.

Çox istedadlı uşaqlar ucqar kəndlərdə yaşaya-yaşaya böyük şəhərlərin ən yaxşı məktəblərində təhsil ala bilərlər. Əlbəttə, internet problemləri də həll olunmalıdır. İnanın, bütün yeniliklər əvvəlcə adamın gözünü qorxudur, sonra insan həyatında vazkeçilməz olur.

Xəstə, hamilə, qucağı körpəli analar qalırlar məktəb yollarında. Niyə belə edirlər? Nə məcburdur ki, onlar bir aylıq, iki aylıq çağalarını qoltuqlarına vurub yağışda, qarda, qızmar günəşin altında məktəbli uşaqlarının dalınca düşürlər? Bir saat, yarım saat boyu onları məktəb çıxışında gözləyirlər? Çünki onlar zəmanədən şikayətçidirlər, gündə bir söz eşidirlər. Çünki 10 yaşlı Nərminlər oğurlanır, zorlanır, yandırılır. 17 yaşlı, psixikası yetərli qədər sağlam olmayan şagird təcavüzə uğrayır, hamilə buraxılır. Sonra da həmin müəllim cəmi bir il müddətinə həbs olunur, demək olar ki, cəzasız buraxılır.

Sizi inandırım ki, psixikanın sağlam olub-olmamasının burda rolu yoxdur. O qoca qurd təcrübəsiz, köməksiz körpə quzunu öz zəhmi ilə ram edə, başına nə desən gətirə bilərdi. O vəziyyəti təsəvvür etmək belə dəhşətlidir. Özünüzü o qızcığazın yerinə qoyun. Təsəvvür edin, hələ hər şeyi tam anlamayan, insanlara güvənən balaca qızsınız. Həmişə səndən hörmət tələb edən, hökmlə danışan, taleyinin ovuclarında olduğu fikrini təlqin edən, səndən qolu zorlu, səndən güclü və təcrübəli bir adamın qəfil toruna düşürsüz, siz düşdüyünüz vəziyyətdən şoka girirsiz, nə baş verdiyini anlayana, necə cavab verməli olduğunuzu götür-qoy edənə qədər iş-işdən keçir və sizin bütün həyatınız məhv olur. Allah bilir ölkədə həyatı bu cür məhv olan nə qədər sərçəcik var! Onlar bütün əzablarını içlərində tək-tənha çəkməyə, susmağa, susmağa, susmağa məcburdurlar!

# 4497 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #