Arif Quliyevin videosuna görə təşəkkür elədiyim həkim

Arif Quliyevin videosuna görə təşəkkür elədiyim həkim
28 aprel 2021
# 12:37

Bir iş yoldaşım var, adı Elcandı. Foto-redaktordur. Gülərüz, sakit baxışlı, həlim oğlandır. Özü də çox gəncdir. Mənimlə müqayisədə lap uşaqdır, amma kifayət qədər təmkinli, anlayışlı və istiqanlıdır.

Onunla hər qarşılaşanda həm diksinir, həm də sarsılıram. Səbəb reanimasiyada anama baxan tibb işçisi ilə dəhşətli dərəcədə oxşarlığıdır.

İndinin özündə də Elcanla rastlaşanda düşüncəmdəki yaddaş kamerası işə düşür.

Səhv etmirəmsə, Elcanın işə gəlişi ilə anamın koronavirusdan vəfatı eyni vaxta düşüb.

Anam reanimasiyaya, intensiv şöbəyə düşəndən sonra onunla bütün əlaqələrim kəsildi. Həmin tibb işçisi isə anamla ünsiyyətdə olmuş, onunla söhbət etmiş, ölən gününə qədər başının üstündən çəkilməmişdi. Adı şərti olaraq Vüqar olan tibb işçisi ilə davamlı əlaqə saxlayırdım, günün istənilən vaxtında zəng vursam, mütləq mənə vəziyyət barədə məlumat verməyə, çətinlikləri, riskləri izah etməyə çalışırdı.

Sonralar anamın vəziyyəti pisləşməyə başladı. Ölümünə bir gün qalanda, bütün ümidlər tükənəndə Vüqardan xahiş etdim ki, anamın son görüntüsünü çəkib mənə atsın. Etiraz etdi.

Birincisi, bunun etik olmadığını, tibbi qaydalara zidd olduğunu əsas gətirdi, digər tərəfdən, bildirdi ki, əgər anama bir şey olsa, bu foto məndə ömürlük travma yaradacaq. Hətta bu travmanın daha pis nəticələri ola biləcəyini bildirdi.

Anam dünyasını dəyişəndən sonra Vüqara - gələcəyin yaxşı həkimi olacaq bu gəncə çox əsəbiləşdim. Onu qınadım.

Anamın öləcəyini bilə-bilə bir şəkil nə idi onu mənə qıymadı?

Bəs insanlıq?

Bəs empatiya hissi?

Bir neçə gün əvvəl Xalq artisti Arif Quliyev də koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildi. Onda da eynilə anamdakı kimi doxsan faiz ağciyər zədələnməsi, intensiv şöbə və süni aparata qoşulma faktı vardı.

İnsanlara daim gülüş bəxş edə-edə qocalan, çox ağır, məşəqqətli həyat keçirən, komediya pərdəsinin ardında dərin, ağır bir dram gəzdirən bu insan indi ölümlə çarpışır. Hər birimiz onun sağ qalması üçün dualar etdiyimiz bir məqamda sosial şəbəkələrdə əvvəlcə üzü üstə uzadılmış iki fotosu, bir neçə saatdan sonra isə yarım dəqiqəlik videosu yayıldı.

Videoda həkim, tibb bacısı Arif Quliyevi danışdırmağa, danışdırdıqca da videosunu çəkməyə çalışırdı. Ağzında maska, qolları iynələrdən qapqara olmuş aktyor sözlərə rabitəsiz cavab verir, o tərəf-bu tərəfə çevrilərək canını qoymağa yer axtarırdı.

İzləyicilər arasında koronovirus səbəbi ilə yayılan artıq neçənci videoda səhiyyə işçilərinin soyuqluğundan çox vecsizlik, insan ölürsə, sanki belə də olmalıdır, ölməlidir, koronadır də, lazımdırsa, lap onun iniltili videolarını da yaymaq olar yanaşması vardı.

Korona insanlığa da yoluxub sanki!

Bir insanın xəstəliyinə, hətta ölümünə belə tibb işçisinin, bir insanın bu qədər laqeydliyinə səbəb nədir görəsən?

Üstəlik bu insan ömrünün böyük hissəsini teatr, kino sənətinə həsr edibsə...

Arif Quliyevin şəkillərini ilk görəndə uzun zaman özümə gələ bilmədim. Üzüqoylu uzandırılmış aktyorun ağzındakı maska, boynuna, başına bağlanan rezin qayışlar, əllərinin üstündəki çoxsaylı iynə, sistem borucuqları onun necə əziyyət çəkdiyindən xəbər verirdi.

Və bu mənzərə mənə dərhal anamı xatırlatdı. Anam da yəqin ki, eyni qayışlarla bağlanıb, eyni cür uzandırılıb, əlləri, qolları iynələrlə o cür deşik-deşik edilib.

Bu şəkli görəndən sonra anamın son şəklini göndərməkdən imtina edən həkimi anladım və qəlbən ona təşəkkür etdim.

Nə yaxşı o, Arif Quliyevə baxan tibb bacısından fərqli olaraq bunu etməmişdi.

# 5296 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #