#

Adam ömürdən utanır

Adam ömürdən utanır
7 yanvar 2020
# 06:46


Bu gün Azərbaycan poeziyasının ən gənc əfsanəvi siması Mikayıl Müşfiqin anım günüdür. Heç yadımdan çıxmaz, Müşfiqin yaşını ötəndə utanmışam ömürdən.

Bəli, adam ömürdən də utana bilir. Müşfiqi hələ də qısqananlar tapılır. Əlbət, şair həmişə qısqanılmalıdır həm də. O, büsbütün işığıyla, nəğməsiylə, hətta yaraşığıyla da dipdiridir, hələ də ədəbiyyat çayxanalarında onun arxasıyca danışırlar, qadınların onu niyə sevməsindən gap edirlər. Deməli, öz mistik enerjisiylə hələ də aramızdadır. Azərbaycan şairlərinə sevilməyi, arxasıyca danışılmağı öyrədən yeganə şairdir o.

Onunla eyni dövrdə yaşamaq istəmişəm hərdaim. Uzun-uzadı gecələri dayanmadan əzbərə şeirlər demək, mübahisələr etmək istəmişəm. Eyni dövrdə yaşasaydıq, mütləq dost olardıq deyə düşünmüşəm. Amma o, indi də mənim dostumdur. Çox yəqin, o da məni özünə dost hesab edər. Şair yalnız öz nəğməsiylə, özünün nəğməsiylə yenidir, öz intonasiyası, özünün dili ilə gerçək şairdir.

Sevilən şairlərin hamısının öz nəğməsi var. Bu, mütləq belədir. Öz nəğməsi olmayan şairləri sevilən görmədim heç. Məni ən çox alıb götürən nəğmələrdən biri də Müşfiqindir. O, azərbaycancadan daha çox, müşfiqcə yazıb şeirlərini. "Bir misra"nın səltənəti müstəvisində mənə ən cazib görünən şairlərdən biridir Müşfiq. Söhbətə baxın:

"Gümüş topuğunda xal, sənə qurban..."

Və ya:

"Vay o qəlbə ki, boşdur..."

Yaxud:

"Ana dedim, bir ürpəriş hasil oldu canımda..."

Və:

"Asılaydı sözlərim
könlünün qulağından bir qızıl tana kimi,
günəş doğana kimi..."

Və də:

"Gözlərin misaldır axan çaylardan..."

Ya da:

"Şəklindəki sulara baxaraq ləzzət almaq..."

Ən adi sözləri yanaşı düzüb bundan ötə nə etmək olar axı bir misrada? Sadəcə, möhtəşəmdir. Başqa, heç nə.

"Gözlərin misaldır axan çaylardan" misrasını başqa necə yazmaq olar axı? Axı bu, azərbaycanca deyil, azərbaycancadan daha artıqdır. Bir dil özündən daha artıq belə ola bilər yalnız.

Xülasə, alnında güllə yeriylə doğulan mübarək dost, Allah ruhunu şad etsin. Sən bizə gerçək şair xarakteri miras qoyub həm də vaxtında ölə bilməyi öyrətmisən. Şair gərək vaxtında ölməyi də bacarsın. Yoxsa, elə şair demiş, "... sən də indi hər kəs kimisən" olub gedir. Yaşın sayı ömürdən artıq çıxdıqca, şairin də əməlli-başlı zayı çıxır. Yerlə çarpışan, göylə əlləşən dostlar da yavaş-yavaş ağıllaşıb bir-iki dəfə ölürlər, sonra, daha heç vaxt ölmürlər.

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən
bir az fikrə gedərkən
fikrim, hissim, xəyalım o qədər yüksəldi ki...
Mənə öylə gəldi ki,
bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...

Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!
Seyr edəlim qol-qola bu zümrüd çəməndə, gəl...

Ruhundan öpürəm, ey əziz.

06.01.2020

# 4569 dəfə oxunub

Oxşar xəbərlər

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
# # #